Məhkəmə qərarları › İş №1(007)-650/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-650/2023

27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-650/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X38 oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X7 nümayəndəsi və vəkili-fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X7, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X17, X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir Rusiya Federasiyasının ərazisində yaşayır. Həmçinin Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün tez-tez ölkəyə də gəlib-gedir. Dövlətə, millətə bağlı Azərbaycan Respublikası vətəndaşıdır. O, ümumiyyətlə X5 öncədən tanımamışdır. X8 təxminən 2021-ci ildən etibarən ondan şikayət edir, guya onun həmin şəxsin ticarət işinə maneə olduğunu bildirir. Guya həmin şəxsin əmisi oğlanları ilə arasındakı maddi problemlərin yaranmasına səbəb o, olmuşdur. Lakin “FUD SİTİ” mağazasında olan rəhbər şəxslər də həmin şəxsin şikayətlərini araşdırmış, qeyd etdiklərinin böhtan olduğu öz təsdiqini tapmışdır. Əmisi oğlanları belə onun bu işə heç bir aidiyyatının olmadığını bildirmişlər. X33 müxtəlif yalanlarla ətrafındakı şəxslərə böhtan atıb batmış biznesini ayağa qaldırmağa çalışır. Öncədən müxtəlif məzmunlu videolar çəkərək ona göndərib onu həbs etdirəcəyi ilə hədələmişdir. Yəni, təsəvvür edin ki, hər gün müxtəlif yerlərdən ona zəng edərək Eldəniz Verdiyevin ondan şikayətçi olduğunu bildirmişlər. Artıq sözün əsl mənasında o, həmin şəxsin əlindən bezmişdir. Buna görə də, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına tərəfindən şikayət ərizələri ünvanlanmışdır. Hazırda iş araşdırma məhələsindədir. Belə ki, cavabdeh 10 dəqiqə 25 saniyəlik video çəkərək “Mən, X2 şəhərində yaşayıram 25 ilə yaxındır, bu gün bir canlı çıxış etmək istəyirəm. Buradan aidiyyəti qurumlara, o cümlədən Respublikanın Prezidenti İlham Əliyev cənablarına, vitse-prezident Mehriban xanım Əliyevaya, DTX naziri Əli Nağıyev cənablarına, DİN naziri Vilayət Eyvazov cənablarına, Respublikanın Baş Prokuroru Kamran Əliyev cənablarına, həmçinin burada qeyd etmək istəyir ki, meyvətərəvəz bazasının rəhbəri nüfuzlu iş adamı Qod Nisanov cənablarına. Bu video çıxışı çəkməkdə məqsədim bu müraciəti mediaya çıxarmaq, sosial şəbəkələrdə paylaşmaq, ictimailəşdirməkdir. Həm də bu oğurluq faktını mənə törədənləri Sizlərə tanıtmaqdır. Ramin Niyazov kimilərini, Mahir Babayev kimi kriminalları 10 milyonluq Azərbaycan xalqı tanısın. 2020-ci ildə mənim Moskvada böyük bir problemim yaranıb və bu gün də mənim həyatım təhlükə qarşısındadır, o cümlədən ailəmin həyatı təhlükə qarşısındadır. İki ildir qatı kriminal ünsür Ramin Niyazovun adamlarının təhdidləri, təqibləri altında yaşayırıq. Mənimlə hal-hazırda düşmənçilik aparan X12r. Ramin Niyazovun atası Qobustan Təcridxanasında ömürlük həbs cəzası çəkən və X39 ləqəbi ilə tanınan Mübariz Niyazovdur. Ramin Niyazov mənim biznesimi qohumlarımın əli ilə oğurlayıb, indi də hər vasitə ilə məni susdurmaq, səsimi kəsmək, məhv etmək istəyir. Onun əlaltısı, keçmiş polis işçisi olmuş, polisdən qovulan Etibar adlı şəxsdir. Etibar polisdən qovulandan sonra Moskvaya gedib və Raminin kriminal dəstəsinə qoşulub. Dəfələrlə Raminin əlaltısı Etibarın təhdidlərinə məruz qalmışam. Məni öldürməklə, yox etməklə hədələyib. Etibarla olan telefon danışıqlarımızı çıxarsanız, siz də şahid ola bilərsiniz. X1r. Ramin Niyazov əlaltısı Etibarın əli ilə mənim bazaya girişimə qadağa qoydurdular. Ondan sonra məni bazaya çay içmək adı ilə çağırıb, bazanın zirzəmisinə saldırdılar. İki saat söhbətdən sonra İlham Rəhimovun kürəkəni Araz müəllim buraxdırıb. Mən zirzəmidə olarkən mənim pasportumu kserekopiya eliyib X28 əli ilə Azərbaycan Respublikasına göndərir və girişimə qadağa qoydurur. Ondan sonra mənim pasport şəklimi böyüdürlər bazanın ərazisində “Cinayətkar axtarırıq” adı ilə bütün insanlara göstərirlər. X37 cənabları, şəxsən sizdən kömək istəyirəm. Siz Alicənab, çox hörmətli, nüfuzlu, ədalətli bir rəhbərsiz. Mənim başıma gələn bu oğurluq, çirkin oyunlar sizin yaratdığınız meyvə-tərəvəz bazasında baş verib. Halhazırda Ramin Niyazovun kriminal dəstəsi sizin rəhbəri olduğunuz meyvə-tərəvəz bazasında məskunlaşıb, iyrənc əməllərlə məşğuldurlar. Ramin Niyazov adlı bu kriminal sizin ad və nüfuzunuzdan istifadə edərək “FUD SİTİ” meyvə-tərəvəz bazasında bacarıqlı iş adamlarını əzir, qorxuzur, təhdid edir, bizneslərinə əl qoyur, ya da hər nə yollasa, şərik olur. Ramin Niyazov hər yerdə sizin adınızdan, Alek Yusibovun adından istifadə edir. Özünü sizə ən yaxın adam kimi hamıya deyir. İki gün öncə də Bakıda çox ciddi bir orqanda Ramin Niyazovla mənim üzləşməm zamanı Sizinlə çox yaxın olduğunu vurğuladı. Və qeyd etdi ki, pulum çoxdur, əlim hər yerə çatır. Mənim arxamda Qod Nissanov dayanır. Mənimlə heç kəs bacara bilməz deyir. Mənim başıma gələn bütün bu çirkin əməllər, biznesimin oğurlanmağı Ramin Niyazovun əli ilə baş verib. Atası ömürlük yatan bu kriminal ünsür X29 sizə məxsus “FUD SİTİ” bazasında öz kriminal dəstəsi ilə sözün hər cür mənasında at oynadır. Buna dur deyən yoxdur. Mənə məxsus biznesi oğurlayaraq balalarımın çörək pulunu, çörək haqqını, mənə çatacaq 3 milyon dollar pulu mənimsəyir. Ala bilmirəm. Deməli, mən 2002-ci ildə öz qohumlarımı Bəhman və Bəhruz Verdiyev qardaşlarını aparmışam Moskvaya işləməyə. Təbii ki, öz ata-analarının xahişi ilə. Bu qardaşlar 17 il mənimlə bir yerdə çalışıblar, işləyiblər, 10 il maaş alıblar, 7 il də bu “FUD SİTİ” meyvə-tərəvəz bazası açılanda mən onları öz biznesimə şərik etmişəm. Bu qardaşlar Bəhman və Bəhruz Verdiyev qardaşları mənim bunlara olan inamımdan istifadə edib arendadan yığılan 2 milyon dollar pulu oğurlayıblar və özlərini sığortalamaq üçün çıxıblar Ramin Niyazova. Ramin Niyazova zəng tapşırığı bizim Gəncə şəhərindən gedib. Sabiq icra başçısı Elmar Vəliyevin baş mühasibi işləmiş Vəfa Məlikova zəng edir Ramin Niyazova öz kürəkənini mənim əmimoğlu X30 Niyazova tapşırır ki, onu qoru. Ondan sonra Ramin Niyazov qardaşları yanına çağırır, hər şeyi öyrənir, ondan sonra da belə demək olar ki, mənim müsibətli günlərim başladı. Mən bu işləri oğurluq hadisələrini biləndən sonra qardaşları yanıma çağırdım, haqq-hesab çəkmək istədim, onlar mənə heç nə göstərmədilər və əvəzində mən qarşımda Ramin Niyazovu gördüm. Ramin Niyazov mənə güc tətbiq edərək 17 ilə qurub qaldırdığım 3 milyon dollar aborotu olan biznesi beləcə əlbir olub oğurladılar. Özünə məxsus 2/33 nömrəli “sklada” bu qardaşları yerləşdirərək şərik oldular. Alek Yusibovla mən və Ramin üçlükdə olan 3-cü görüşümüzdə mən Alekdən məni kim tutdurub zirzəmiyə saldırıb soruşduqda Alek and içdi ki, xəbərim yoxdur. O görüşdə Alek mənim biznesimin Ramin tərəfindən oğurlandığını bildirdi. Qod Nisanov cənabları, xahiş edirəm durdurun bu kriminal dələduz ünsürü. X37 cənabları Ramin Niyazov mənim işlətdiyim “skladı” məndən zor gücünə alıb qatı radikal, dindar Emin Cahangirova verib. Emin Cahangirov hal-hazırda vətən xaini kimi həbs olunub. X25 himayəsi altında olan ən yaxın adamıdır. Ramin indi etdiyi bütün çirkin əməlləri Eminin üstünə yıxır. Eminə və Mahirə aid səsyazılarında mənim biznesimi oğurlayanın Ramin Niyazov olduğunu deyirlər. Bu deyənlər Ramin Niyazovun ən yaxın adamlarıdırlar. Bu adamlar İranın Hüseyni terror təşkilatı ilə mütəmadi yardımlar edir. Qasım Süleymani öldürüləndə 1 il yas saxlayıblar. Bu pul köçürmələrini də X35 həyata keçirdir. Bütün bu cinayətlər meyvə- tərəvəz bazasında baş verir. Amid Əliyev hal-hazırda 2/22-ci skladda oturur. Sklad qatı kriminal olan Mahir Babayevə aiddir. Vətən xaini olan X34 Niyazovun sağ əlidir. Emin və Amid Raminə arxayın olub mənim skladda qalan malımı satıb 100 min dollar pulumu mənimsəyiblər, ala bilmirəm. X31, 7 ilə işlətdiyim 2/22 nömrəli sklad Ramin Niyazov sizin adınızdan istifadə edərək yerin sahibi, kriminal ünsür Mahir Babayevdən hədə-qorxu yolu ilə almışdır. Adını da qoydular ki, yer hal-hazırda həbsdə olan Emin Cahangirova verilməsə, yeri əlindən alacayıq. Bu barədə, bir çox söhbətlər barədə məndə danışıq, səs yazıları var. Dediklərimi bu adamların öz dilindən, səs yazılarına qulaq asmaqla da eşitmək olar. Mahir Babayevi mən sonralar tanımışam. Bu 90-cı illərdən qalan tək-tük kriminallardandır. Hal-hazırda 2/22 nömrəli sklad buna məxsusdur. Həmin skladda qoyduğum 125 min dollar xərci Mahir Babayevdən ala bilmirəm. Öz haqqımı istəyəndə məni güllələməklə hədələyir. Mahir Babayevin də özünün kriminal dəstəsi var. Hətta bu kriminal Mahir Babayev bir danışığımızda mənə guya ki, məsləhət görür. Deyir, mənim çörəyimi oğurlasaydılar, mən limonkanı götürüb Alek və Raminin başına ataram. Onları da, özümü də öldürərəm. Başqa bir danışıqda deyir. Dəmiri götürüb başlarına ataram. Mahir Babayev vətən xaini kimi həbsdə olan Emin Cahangirovla çox yaxın münasibətdə olub. Dəfələrlə İrana, Suriyaya, İraqa uçmuşlar. Bu kriminallar “FUD SİTİ” bazasından bəhrələnərək Hüseyni təşkilatına mütəmadi yardımlar edirlər. Hörmətli hüquq-mühafızə orqanları. Sizə müraciət edirəm. Çağırın, araşdırın, bu qədər silah-sursat Mahir Babayevdə hardandır. X26, mənim sizə hörmətim tamdır və Sizin ədalətinizə inanıram. Sizdən xahiş edirəm, Ramin Niyazovun bu kriminal əməllərinə son qoyasız. O, sizin yaratdığınız bazada hər cürə çirkli oyunlardan çıxır və Azərbaycanlı iş adamlarına böyük problemlər yaradır, bizneslərinə əl qoyur” məzmunda çıxış edərək yalan olduğunu bilə-bilə onu ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham etmişdir. Qeyd olunan videonu “youtube” sosial şəbəkəsində Azinforum.az xəbər saytına məxsus youtube kanalında yaymışdır (https://youtube.com/watch?v=rX88piMnJCw&si=LsbRD3butLt6İDNM). Bundan başqa o, həmin videonu həm azərbaycan dilində, həm də rus dilində bir çox şəxslərə göndərmişdir. Belə ki, tərəfindən şikayətə əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi Eldəniz Verdiyev istifadəsində olan +**********4 mobil nömrə ilə “whatsapp” sosial şəbəkəsindən istifadə edib yuxarıdakı məzmunda danışdığı videonu X21 istifadəsində olan ***-***-**-** mobil nömrəyə, Gəncəvi Məmmədovun istifadəsində olan +**********0 mobil nömrəyə göndərərək şərəf və ləyaqətini alçaldan, onu ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham edən məlumatları yaymışdır. Qeyd olunan həmin videoları həmçinin ona və X18 da göndərmişdir. Xüsusilə nəzərə çatdırmaq istəyir ki, Eldəniz Verdiyev qeyd edilən videoları kütləvi informasiya vasitələrində yaymazdan öncə yalnız “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə müəyyən şəxslərə göndərmişdir. Məhz buna görə də, tərəfindən şərəf və ləyaqətin müdafiəsi və vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edilmişdir. Hazırda mülki iş həmin məhkəmənin hakimi Fuad Fərhadovun icraatındadır. Buna baxmayaraq, Eldəniz Verdiyev qanunsuz əməllərinə davam etmiş, qanuvericiliyin tələblərini kobud şəkildə pozaraq onu xüsusilə ağır cinayət törətməkdə ittiham etdiyi videoları, məqalələri kütləvi informasiya vasitələrində yaymışdır. Bu da bir daha təsdiqləyir ki, Eldəniz Verdiyev AR CM-nin 147.1 və 147.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilməlidir. X19 “BakuPost” xəbər saytının youtube kanalında 12 dəqiqə 54 saniyə video (https://youtu.be/F9fl-p7vJBİ?si=wi6jzE-2wtbC 2Qu) yayımlayaraq onu yenidən xüsusilə ağır cinayət törətməkdə ittiham etmişdir. Bundan başqa X8 onun barəsində müxtəlif informasiya saytlarında da yalan, yalnış, şər, böhtan xarakterli məlumatlar yaymışdır. Belə ki, Eldəniz Verdiyev tərəfindən gundemxeber.az (link: https://gundemxeber.az/gundemxeber/82788-rusiyada-yasayan-azerbaycanli-s-adamininheyati-tehlukede-qod-nisanovdan-komek-steyir-fotofakt.html), veteninfo.az (link: https://veteninfo.az/rusiyada-yasayan-azerbaycanli-is-adaminin-heyati-tehlukede-qodnisanovdan-komek-isteyir-fotofakt), xalqxeber.az (link: https://xalqxeber.az/society/98229rusiyada-yashayan-azerbaycanli-sh-adaminin-heyati-tehlukede-qod-nisanovdan-komeksteyir-fotofakt.html), azinforum.az. (Hnk: https://azinforum.az/manset/az%C9%99rbaycanli-is-adami-son-car%C9%99-kimi-qodnisanovdan-kom%C9%99k-ist%C9%99yib-ail%C9%99mi-xilas-edin/) və digər xəbər saytlarında “Azərbaycanlı iş adamı son çarə kimi Qod Nisanovdan kömək istəyib: “Ailəmi xilas edin”, kimi başlıqda xəbərlər yaymışdır. Xəbər saytlarında yayılmış məlumatlar eyni məzmunlu olmaqla bundan ibarətdir: “25 ilə yaxındır ki, Rusiya paytaxtı Moskva şəhərində yaşayan və orda iş adamı kimi tanınan X8 olduca çətin vəziyyətlə üzləşib. Bu barədə o, Azərbaycanın hüquq-mühafizə orqanlarına, eləcə də Moskvadakı “Food City” meyvə və tərəvəzin topdan satış bazarının sahibi, tanınmış iş adamı, əslən Azərbaycandan olan X27 müraciətində bildirib. Eldəniz Verdiyev müraciətində olduqca dəhşətli məqamlara toxunub və araşdırılması vacib olan məsələlər barədə danışıb. Onun çıxışından məlum olub ki, “Food City” bazarında onun timsalında azərbaycanlı iş adamlarının bizneslərini mənimsəyən, onlara bilərəkdən problem yaradan kriminal ünsürlər fəaliyyət göstərirlər. Bu kriminal ünsürlərin fəaliyyətini dayandırmaq üçün azərbaycanlı iş adamlarının ümid yerlərindən birinə çevrilmiş, onlara iş imkanı yaratmış, bizneslərinin inkişafı üçün əlverişli şərtlər təqdim etmiş Qod Nisanovdan kömək istəyən Eldəniz Verdiyev bildirib ki, sözügedən bazarda Ramin Niyazov, Mahir Babayev kimi şəxslər cinayətkar əməllərinə müxtəlif don geyindirərək məhz Qod Nisanovun adından istifadə edirlər. Belə ki, 2020-ci ildə bu şəxslər X15 böyük problemlər yaradıb, özünün və ailəsinin həyatı ciddi təhlükə ilə üzləşib. İş adamı 2 ildən artıqdır ki, Ramin Niyazovun adamlarının təhdidi və təqib altında yaşayır. Onunla düşmənçilik aparan X7 atası Qobustan həbsxanasında ömürlük həbs cəzası çəkən və “gəncəli qanuni oğru Mübariz” ləqəbi ilə tanınan Mübariz Niyazovdur: “Ramin Niyazov mənim biznesimi qohumlarımın əli ilə oğurlayıb, indi isə hər vasitədən istifadə edərək məni məhv etməyə çalışır. Onun bu işdə əlaltısı isə sabiq polis əməkdaşı, polis orqanlarından xaric edilən Etibar adlı şəxsdir. Etibar polisdən qovulduqdan sonra Mokvaya gedərək Ramin Niyazovun kriminal dəstəsinə qoşulub. Dəfələrlə onun təhdidlərinə məruz qalmışdır, onu hətta öldürməklə hədələyib. Onunla olan telefon danışıqlarımızı təqdim etməyə hazıram. Sifarişçi isə Ramin Niyazovdur. Məhz o, Etibarın əli ilə mənim meyvə bazasına girişimə qadağa qoydurub, ancaq bununla da kifayətlənməyərək daha sonra məni çay içmək adı ilə çağırıb bazanın zirzəmisinə saldırıb. 2 saata yaxın davam edən söhbətdən sonra bazanın zirzəmisindən məni tanınmış iş adamı İlham Rəhimovun kürəkəni olan Araz müəllim sərbəst buraxdırıb. Ramin Niyazov zirzəmidə saxlandığım müddətdə pasportumun surətini çıxartdıraraq Azərbaycana göndərib və hansısa vasitə ilə ölkəyə girişimə qadağa qoydurub. Bundan sonra isə həmin şəkli böyütdürərək bazanın ərazisində “Cinayətkarı axtarırıq” adı altında nümayiş etdirib”. X11 həm həyatı təhlükə altına düşüb, həm də işgüzar nüfuzuna ciddi ziyan dəyib. O, baş verənlərin bütün təfərrüatı ilə danışaraq iş adamlarına öz dəstəyini heç bir zaman əsirgəməyən, onların problemlərinin həllinə daim yardımçı olan Qod Nisanovdan kömək istəyib: “Siz ədalətli rəhbərsiniz, sahibi olduğunuz meyvə-tərəvəz bazasında iş adamı kimi çalışdığım müddətdə bunun dəfələrlə şahidi olmuşam. Müraciətimin bir ünvanı olaraq Sizi seçməyim də təsadüfi deyil. Çünki mənim başıma gətirilən çirkin oyunlar, oğurluq sizin yaratdığınız, rəhbəri olduğunuz meyvə-tərəvəz bazasında baş verir, bu insanlar həm də Sizin böyük zəhmət hesabına qoruduğunuz nüfuzunuza ciddi ziyan vurmağa çalışırlar. Bu cinayətkar dəstə hazırda da Sizin rəhbəri olduğunuz ticarət bazasında məskunlaşıb və iyrənc əməllərlə məşğuldur. Onlar Sizin adınızdan sui-istifadə edərək iş adamlarını qorxudur, biznesini əlindən alır və ya təhdid yolu ilə bizneslərinə şərik olurlar. Bütün bunlardan xəbərdar olduğunuz təqdirdə iş adamlarının qəniminə çevrilmiş bu mütəşəkkil dəstəyə qarşı qanun çərçivəsində bütün zəruri tədbirləri görəcəyinizə tam əminəm. Ramin Niyazov hər yerdə Sizin, Oleq Yusifobun adından istifadə edir və hətta Bakıda nüfuzlu bir orqanda mənimlə üzləşmədə də Sizinlə yaxın olduğunu iddia edib. Ramin Niyazov hətta “Pulum çoxdur, əlim hər yerə çatır” deyərək qanunsuz əməllərini vurğulamaqdan çəkinməyib. Açıq şəkildə “Mənim arxamda Qod Nisanov dayanır, mənimlə heç kəs bacara bilməz” deyə iddia etdi. Başıma gələn bütün çirkin əməllər məhz onun əli ilə baş verib. Bu cinayətkar dəstə Sizin sahibi olduğunuz bazada qanunsuz əməllərlə məşğuldur, mənə çatacaq 3 milyon dolları açıq şəkildə mənimsəyir. Mən illərlə zəhmət hesabına əldə etdiyim vəsaiti onlardan ala bilmirəm”. İş adamı bütün bu proseslərdə öz qohumu olan şəxslərin də iştirakçı olduğunu bildirib: “2002-ci ildə öz qohumlarım Bəhram və Bəhruz Verdiyev qardaşlarını valideynlərinin xahişi ilə Moskvaya öz yanımda işləməyə aparmışam. Bu qardaşlar 17 il mənimlə birgə işləyiblər. 10 il maaş alaraq fəaliyyət göstəriblər, son 7 il Moskvada “Food Sity” açılanda onları öz biznesimə şərik etmişəm. Bu qardaşlar mənim onlara olan inamımdan sui-istifadə edərək icarədən toplanan 2 milyon dollar pulu mənimsəyiblər. Özlərini sığortalamaq üçün Ramin Niyazovla əlaqə saxlayıblar. Ona isə tapşırıq Gəncə şəhərindən gedib. Belə ki, sabiq icra başçısı Elmar Vəliyevin baş mühasibi işləmiş X41 Niyazova zəng edərək öz kürəkəni, mənim isə əmim oğlu olan Bəhman Verdiyevi “tapşırıb”, onu himayə etməsini istəyib. Bu zəngdən sonra Ramin Niyazov mənim əmim oğlu olan bu qardaşları yanına çağırıb və mənim müsibətli günlərim bundan sonra başlayıb. Mənə məxsus olan vəsaitin mənimsənildiyini, oğurlandığını bildikdən sonra qardaşlarla məsələni müzakirə etmək istədim. Onlardan topladıqları və mənə məxsus olan vəsaitin aqibətini soruşanda “meydana” Ramin Niyazov gəldi. Məlum oldu ki, Ramin Niyazov mənim öz şərikimə çevirdiyim əmim oğullarının əli ilə mənə çirkin plan qurub. Ramin Niyazov mənə güc tətbiq edərək 17 ilə qurduğum 3 milyon dollar dövriyyəsi olan biznesimi mənimsədi, oğurladı, mənə arxa çevirmiş və biznesimin oğurlanmasında Ramin Niyazova dəstək vermiş əmim oğullarını özünə məxsus olan 2/33 nömrəli anbara yerləşdirərək şərik etdi. X20 “Food Sity”də iş adamlarına qənim kəsilən bu cinayətkar dəstəni durdurmağı xahiş edib. O, ümid etdiyini bildirib ki, Qod Nisanov bütün həyatı boyu böyük əziyyət hesabına əldə edilən vəsaitin oğurlanmasına, cinayətkar dəstə tərəfindən mənimsənilməsinə, beləliklə bütöv bir ailənin həm həyatı, həm də yaşayışının təhdid altına düşməsinə imkan verməyəcək: “Ramin Niyazov mənim işlətdiyim anbarı məndən zor gücünə olaraq qatı dindar kimi tanınan Emin Cahangirova verib. Emin Cahangirov hazırda “vətən xaini” kimi həbs olunub. (Söhbət bu ilin yanvarında Azərbaycan mətbuatında barəsində “iranı təbliğ edən daha 2 nəfər həbs edildi - CASUS ŞƏBƏKƏSİ” başlığı ilə dərc olunan xəbərdə həbs edildiyi yazılan Emin Cahangirovdan gedir-red.) O, Ramin Niyazovun ən yaxın adamıdır, indi Ramin etdiyi bütün cinayətkar əməlləri Emin Cahangirovun üstünə yıxmağa cəhd edir. Eminə və Mahirə aid səs yazılarında mənim biznesimi oğurlayan şəxsin məhz Ramin Niyazov olduğu deyilir. Bunu deyənlər Raminin ən yaxın adamlarıdır, İranda fəaliyyət göstərən “Hüseyniyyun” qatı dini qruplaşmaya mütəmadi olaraq maddi yardım edirlər, (Söhbət 2016-cı ilin əvvəlində Tohid İbrahimbəyli adlı azərbaycanlı radikal şəxsin İranın Qum şəhərində yaratdığı “Hüseyniyyun” qruplaşmasından gedir-red.), general Qasım Süleymani öldürüləndə bir il ona yas saxlayıblar. Bu pul köçürmələr də X36 vasitəsilə həyata keçirilib. Bütün bu cinayət əməllər məhz həmin meyvə-tərəvəz bazasında baş verir. Amid Əliyev hazırda həmin bazadakı 2/22 nömrəli anbarda oturur. Anbar qatı kriminal ünsür kimi tanınan Mahir Babayevə məxsusdur. Emin və X42 arxayın olaraq mənim anbarda qalan 100 min dollar dəyərindəki malımı sataraq mənimsəyiblər. Bu vəsaiti, anbara çəkdiyim 125 min dollar xərci də onlardan ala bilmirəm. Onu da xatırladım ki, Ramin Niyazov 7 il ərzində mənim istifadəmdə olan 2/22 nömrəli anbarı məhz sizin adınızdan istifadə edilərək yerin sahibi, kriminal ünsür Mahir Babayevdən hədə-qorxu yolu ilə alıb. İddia etdilər ki, əgər anbar hazırda həbsdə olan Emin Cahangirova verilməsə, yeri əlindən alacaqlar. Dediklərimi sübut edəcək səs yazıları var. Həmin səs yazılarında bu faktları məzh həmin şəxslər özləri təsdiqləyirlər. Mahir Babayev 90-cı illərdən qalan azsaylı kriminallardan biridir. Hazırda bazadakı 2/22 saylı anbar ona məxsusdur. Bu anbara çəkdiyim 125 min dollar xərci də ondan ala bilmirəm. Öz haqqımı istəyəndə məni güllələməklə hədələyir. Mahir Babayevin də öz kriminal dəstəsi var. Törətdiyi cinayət əməlləri barədə öz dili ilə etiraflara dair səs yazısı mövcuddur. Hətta bir danışığımızda Mahir Babayev mənə “Mənim çörəyimi oğurlasalar mən “limonka”nı götürüb Oleq və Raminin başına ataram, onları da, özümü də öldürərəm” deyə “məsləhət” verir, məni cinayətə sövq edir. Mahir Babayev “vətən xaini” kimi hazırda həbsdə olan Emin Cahangirovla çox yaxın münasibətdə olub, dəfələrlə İrana, Suriyaya, İraqa gediblər. Bu kriminallar Sizin bazanızdan bəhrələnərək “Hüseyniyyun” kimi radikal birləşmələrə maddi yardım göstərirlər”. İş adamı əmindir ki, hüquq-mühafizə orqanları bu şəxslərin bu qədər silah-sursatı harda əldə edilməsini araşdırsa, ortaya bir çox dəhşətli faktlar çıxacaq. Eldəniz Verdiyev bildirib ki, başına gətirilən bütün bu dəhşətli oyunlar Qod Nisanovun adından istifadə edən cinayətkar dəstənin əslində öz cinayətkar fəaliyyətinə başqa don geyindirməyə çalışmasıdır: “X37! Mən əminəm ki, uzun illər Rusiyadakı azərbaycanlı iş adamlarına hər cür dəstək verən, onların iqtisadi cəhətdən daha da möhkəmlənməsinə yardımını əsirgəməyən, daha yaxşı iş şəraiti yaratmaq üçün bütün imkanlarını səfərbər edən bir şəxs kimi Sizin adınızdan istifadə edilərək mənə qarşı törədilən çirkin əməllərin sahibləri qanun qarşısında cavab verəcəklər. Çünki söhbət təkcə mənim şəxsimdən getmir, mənim 17 illik əziyyətim bir qrup şəxs tərəfindən mənimsənildiyi kimi, işgüzar nüfuzum da ciddi zədə alıb. Hər şeydən əvvəl isə ailəm ciddi təhdid altındadır və mən əminəm ki, ailə dəyərlərinə hörmət edən biri kimi Siz bir insanın öz ailəsi ilə təhdid olunmasına imkan verməyəcəksiniz”. Onun tərəfindən xəbər saytlarında yayılan məlumatlar şikayətə əlavə edilmişdir. Hazırda həmin videolar və məqalələr ətrafında olan bir çox şəxslərdə mövcuddur. Video və xəbər saytlarındakı məlumatlar kütləvi informasiya vasitələri ilə yayıldığı üçün onun tanışları, qohumları arasında şərəf və ləyaqəti alçaldılmışdır. Ümumiyyətlə videonun və məqalələrin məzmunun da göründüyü kimi cavabdeh Eldəniz Verdiyev onu dəfələrlə “qatı kriminal ünsür, vətən xaini,” adlandırmış, onu oğurlamaqda, əmlakını məhv etməkdə, onu ölümlə hədələməkdə, İran İslam Respublikası ilə əlaqəsinin olduğunda ittiham etmişdir. Yəni yayılmış məlumatların məzmunundan da göründüyü kimi o, sözün əsl mənasında onu dünyanın ən qatı cinayətkarı kimi təqdim etmiş, ona böhtan atmışdır. X16 ittihamları, böhtanları ilə onun əlaqəsi yoxdur. Yayılmış məlumatlar onda mənəvi sarsıntılar, gərginlik yaratmışdır. Təsəvür edin hazırda bir çox şəxs həmin videodakı ittihamları dinləyib, onun oğru, vətən xaini, qatı cinayətkar olduğunu zənn edə bilər. Eldəniz Verdiyevin məqsədi öz ifadəsində də qeyd etdiyi kimi on milyon Azərbaycan xalqının qarşısında onu rəzil edərək qorxmağına, ona heç bir əsas olmadan külli miqdarda pul ödəməyinə nail olmaqdır. Eldəniz Verdiyev yalan olduğunu bilə-bilə həmin məlumatları xəbər saytları vasitəsi ilə yayaraq onu xüsusilə ağır cinayət törətməkdə ittiham edib ona böhtan atmışdır. Kütləvi informasiya vasitələri ilə yayılmış məlumatlardan da göründüyü kimi həmin şəxs onu xüsusilə külli miqdarda əmlakı oğurlamaqda (AR CM-nin 177.4-cü maddəsi), xüsusilə külli miqdarda əmlakı mənimsəməkdə (AR CM-nin 178.4-cü maddəsi), qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğunda (AR CM-nin 144.2.3), mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya şəzdirməkdə (AR CM-nin 228.3-cü maddəsi), terrorçuluğu maliyyələşdirməkdə (AR CM-nin 214-1-ci maddəsi) ittiham edir. Yuxarıda qeyd edilən maddələrin sanksiyalarından da məlumdur ki, həmin cinayətlər ağır və xüsusilə ağır cinayətlər hesab olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndimə əsasən, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Qeyd edilən məlumatların yayıldığı kütləvi informasiya vasitələrindən biri də, azinforum.az xəbər saytıdır. Azinforum.az xəbər saytının hüquqi ünvanı Nizami rayonu, Nizami Abdullayev küçəsi, ev 4/43-dür. Buna görə də, şikayət Bakı səhəri Nizami Rayon Məhkəməsinə verilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.1971-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan, Gəncə şəhəri, Əziz Əliyev küçəsi, ev 461 ünvanında yaşayan X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2-ci maddələri ilə cinayət işinin başlanılması və onun cinayət məsuliyyətinə cəlb olunaraq həmin maddələrin sanksiyalarında nəzərdə tutulan ən ağır həddə cəzaya məhkum edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, xüsusi ittiham qaydasında şikayət vermiş X17 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X8 məhkəmənin hazırlıq iclaslarında iştirak etməmişlər. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsinin, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarının müdafiəsi üçün məhkəmə qərarına əsasən dəvət olunmuş vəkilin iştirak etdiklərini nəzərə alaraq, məhkəmə həmin şəxslərin iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X7 nümayəndəsi (vəkil) Nümayəndə şikayətin dəlillərini müdafiə etmiş, şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 vəkili Müdafiəçi yol verilmiş prosessual pozuntuların nəzərə alınaraq, şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olmadığından, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası CPM-nin 37-ci maddəsinin tələbləri baxımından qeyd edir ki, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin ərizəsi əsasında CM-nin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 293.3.7-ci maddəsinə əsasən isə şikayət onu vermiş şəxs tərəfindən imzalanmalıdır. Hazırda icraatının mümkünlüyü məsələsi yoxlanılan şikayət X17 tərəfindən deyil, onun etibarnamə əsasında nümayədəsi (vəkili) Nümayəndə tərəfindən imzalanmışdır. Hansı ki, xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməsi ilə bağlı icraatın başlanması üçün yazılı şikayətin olması xüsusi şərtdir, belə şikayət məhz onu verən şəxs tərəfindən imzalanmalıdır, xüsusi ittiham qaydasında şikayətin nümayəndə (vəkil) tərəfindən imzalanması nəzərdə tutulmamışdır. Şikayətin səlahiyyəti olan şəxs tərəfindən verilməməsi, imzalanmaması və s. kimi hallar isə şikayətin icraata götürülməsini istisna edən prosessual məsələlərdəndir, imperativ normadır. Azərbaycan Respublikası CM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Məhkəmə xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması məsələsini yoxlayaraq qeyd edir ki, şikayətə görə, X3 Eldəniz Nəriman oğlunu yalan olduğunu biləbilə müvafiq məlumatları xəbər saytları vasitəsi ilə yayaraq onu xüsusilə ağır cinayət törətməkdə ittiham edib ona böhtan atmaqda ittiham edərək cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət olunmasının əsası da, şikayətdə qeyd olunduğu kimi, məlumatların yayıldığı kütləvi informasiya vasitələrindən “birinin də” “Azinforum.az” xəbər saytı olması, həmin saytın hüquqi ünvanının isə ünvan 3kin, nəzərə alınmalıdır ki, “Azinforum.az” xəbər saytının sözügedən məlumatları yayan ilk mənbə olması barədə şikayətdə məlumat qeyd olunmamış, buna dair sübut şikayətə əlavə edilməmişdir. Göründüyü kimi, şikayət verənin özü də bundan əmin deyil, ona görə həmin mənbəni məlumatların yayıldığı kütləvi informasiya vasitələrindən “biri də” kimi təqdim etmişdir. Belə olan halda, cinayət hesab olunan əməlin məhz Bakı şəhəri Nizami rayonunun yurisdiksiyasına aid olan yerdə törədildiyi barədə qənaətə, hüquqi nəticəyə gəlinməsi üçün əsas yoxdur. Ehtimal olunan cinayət əməllərinin törədilmə vaxtı barədə də mötəbər sübutlar təqdim edilməmiş, xüsusi ittiham qaydasında şikayətdə isə ümumiyyətlə belə tarix və vaxt barədə məlumat göstərilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, böhtan və yalan hesab olunan cinayət əməlləri barədə məlumatı ilkin yayan mənbə, kütləvi informasiya vasitəsi məlum olmadığına görə, şikayətə əlavə edilən xəbər saytından çıxarışda əksini tapan xəbərin yayılma tarixinin cinayətin törədildiyi tarix və vaxt kimi qəbul edilməli olduğuna da əsas yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz X8 tərəfindən törədilməsi, bunun nə ilə təsdiq edildiyi də müəyyən deyildir, şikayətdə qeyd olunduğu və təqdim olunan saytdan çıxarışlarda göstərildiyi kimi, xəbər saytları müvafiq məlumatları “25 ilə yaxındır ki, Rusiya paytaxtı Moskva şəhərində yaşayan və orda iş adamı kimi tanınan X4 Azərbaycanın hüquq-mühafizə orqanlarına, eləcə də Moskvadakı “Food City” meyvə və tərəvəzin topdan satış bazarının sahibi, tanınmış iş adamı, əslən Azərbaycandan olan Qod Nisanova müraciəti” başlıqlı məqalələrdə yaymışlar. Lakin, müraciət müəllifi kimi qeyd olunan X4, böhtan və yalan hesab olunan məlumatların yayılmasının sifarişçisi olması, bu məlumatların məhz onun tərəfindən yayılması barədə sübutlar mövcud deyildir. Həmçinin, müəyyən edilmişdir ki, X6 məxsus olduğu iddia edilən müraciət, xəbər saytlarında yayılmış məlumatlar hüquq-mühafizə orqanlarına da ünvanlanmışdır və X8 həmin müraciətində digər hallarla yanaşı ona qarşı yol verilən, qanunsuz və ya cinayət hesab etdiyi əməllərlə bağlı hüquqi müstəvidə tədbir görülməsini xahiş etmişdir. Yuxarıda istinad olunan Plenum Qərarına görə isə, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Belə olan halda, həmin məlumatların ilk olaraq hüquq-mühafizə orqanlarına verilməsi, yoxsa kütləvi informasiya vasitələrində yayılması da müəyyən deyildir, əks halda məlumatların kütləvi çıxış şəklində yayılması halında onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsinin istisna edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma; 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma; təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma – həmin maddələrdə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Lakin, xüsusi ittiham qaydasında şikayətdə müvafiq xəbər saytında yayımlanan müsahibədə səslənmiş, ümumilikdə təqdim edilmiş ifadələrin, məlumatların məhz hansının X7 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan, məhz hansının onu ağır və xüsusilə ağır cinayətdə ittiham edən böhtan xarakterli yalan məlumat olduğu şikayətin əsaslandırıcı və nəticə hissələrində əksini tapmamış, hansı maddənin tövsifedici əlaməti olmaqla onun təsiri altına düşməsi göstərilməmişdir. Belə nöqsana yol verilməsi isə gələcəkdə şikayətin məhkəmənin icraatına qəbul edildiyi halda istər müvafiq ekspertiza keçirilərkən, istərsə də araşdırmanın sonunda yekun məhkəmə aktı çıxarılarkən ziddiyyətli halın yaranmasına səbəb olacaq haldır. Bundan əlavə, xüsusi ittiham qaydasında şikayətin verildiyi tarixi (il, ay və gün) göstərilsə də, həmin hissədə qanunvericilin tələbinə tam əməl etməyib şikayətin verildiyi yer göstərilməmişdir. Bununla da, X7 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məhz Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid olması öz təsdiqini tapmamaqla yanaşı, onun məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə də uyğun deyil, həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə, şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X7, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 Azərbaycan Respublikası CMnin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarının təmin edilməsi üçün məhkəmənin qərarı əsasında müdafiəçi dəvət edilmiş, ərazi üzrə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi şikayət və ona əlavə edilmiş sənədlərlə tanış olmuş, məhkəmənin hazırlıq iclasında iştirak etmişdir. Vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət üçün, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatına 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X7, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 hüquqlarının müdafiəsi üçün 10 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi 60 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar