Məhkəmə qərarları › İş №1(007)-657/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-657/2025

17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-657/2025 17.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilli Müdafiəçi qızının, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.2007-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Yevlax şəhəri, Neftkəməri küçəsində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə X4 və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 23 mart 2025-ci il tarixdə saat 01:17 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 119C nömrəli ünvanda yerləşən Zərərçəkmiş şəxs2 icarəyə götürüb Zərərçəkmiş şəxs1 ilə şərikli işlətdiyi, həmin vaxt bağlı olan köşkə daxil olub oğurluq etmək niyyəti ilə aralarında olan vəzifə bölgüsünə əsasən kənar şəxsin gəlməsi barədə onlara məlumat vermək üçün qrup üzvü Sima Xasanova köşkdən kənarda dayanıb ətrafı müşahidə etmiş, o isə qrup üzvü Səyyarə Məmmədova ilə qeyri-yaşayış sahəsinin giriş qapısının şüşəsini mişar daşı ilə vurub sındıraraq saxlanc yeri hesab olunan köşkə qanunsuz daxil olmaqla orada vitrinin arxasında olan siyirmədən 700 ədəd 1 manatlıq, 4 ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq, 80 ədəd 5 manatlıq, köşkdəki kassadan 92 ədəd 1 manatlıq, 13 ədəd 20 manatlıq, 31 ədəd 10 manatlıq, 47 ədəd 5 manatlıq, siqaret vitrinindən 1 ədədi 3 manat 82 qəpik olmaqla ümumilikdə 114 manat 60 qəpik təşkil edən 30 ədəd nazik “Winston” markalı siqaret qutusu, 1 ədədi 3 manat 82 qəpik olmaqla ümumilikdə 152 manat 80 qəpik təşkil edən 40 ədəd kompakt “Winston” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 27 qəpik olmaqla, ümumilikdə 170 manat 80 qəpik təşkil edən 40 ədəd kompakt “Sobranie” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 27 qəpik olmaqla ümumilikdə 213 manat 50 qəpik təşkil edən 50 ədəd nazik “Sobranie” markalı siqaret qutusunu, 1 ədədi 3 manat 28 qəpik olmaqla ümumilikdə 65 manat 60 qəpik təşkil edən 20 ədəd kompakt “LD” markalı siqaret qutusunu, 1 ədədi 3 manat 46 qəpik olmaqla ümumilikdə 69 manat 20 qəpik təşkil edən 20 ədəd nazik “LD” markalı siqaret qutusunu, 1 ədədi 65 qəpik olmaqla ümumilikdə 14 manat 95 qəpik təşkil edən 23 ədəd alışqan, 1 ədədi 1 manat 45 qəpik olmaqla ümumilikdə 5 manat 80 qəpik təşkil edən 04 ədəd “Snickers” markalı şokoladı gizli olaraq talayıb zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ümumilikdə 3404 manat 25 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhərində avtomobil təkərini qaraltmaqla və dilənməklə çörək pulu qazanır. O, adətən Bakı şəhəri, Nizami rayonu, “Koroğlu" metrostansiyasının yaxınlığında Sima və Kəsiya adlı qızlarla tanış olmuşdur. 23 mart 2025-ci il tarixdə saat 21-22 radələrində o, Sima və Kəsiya ilə “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Alov” parkında söhbət etmişlər. Sonradan məlum olmuşdur ki, Kəsiya onun ləqəbidir, əsil adı Səyyarədir. Onların siqareti olmadığı üçün Səyyarə “Alov” parkında olan köşkün qapısını sındırıb köşkdən siqaret və şokolad oğurlamağı təklif etmişdir. O və Sima Səyyarənin təklifi ilə razılaşmışlar. 23 mart 2025-ci il tarixdə saat 02 radələrində o, Sima və Səyyarə ilə birlikdə köşkün qarşısına gəlmişlər və razılaşmışlar ki, o və Səyyarə köşkə girib oğurluq edəcək, Sima isə kənarda duracaq, kimsə gəlsə onlara xəbər edəcək. Bundan sonra o və Səyyarə köşkün qapısının qarşısına gəlmişlər, Sima isə onlardan 2-3 metr kənarda dayanmışdır. O, köşkün giriş qapısında olan şüşəni Səyyarənin verdiyi daşla qırmış və qırılmamış hissəni isə təpiklə vurub qıraraq köşkə daxil olmuşdur. O, vitrində olan alışqanları götürməyə başlayan zaman Səyyarə köşkün giriş qapısının şüşəsinin qırılmış yerindən daxil olmuş və köşkdə olan kassaya tərəf getmişdir. O, alışqanları götürüb mağazadan çıxmış, Səyyarə isə kassada olan pulları götürmüş və siqaret bloklarını sellofan torbaya yığmağa başlamışdır. Həmin vaxtı o, köşkdən çıxmış və Simanın yanına gəlmişdir. Sima ilə birlikdə ətrafa baxmış, heç kim olmadığı üçün o, yenidən köşkə daxil olmuş və vitrində olan şokoladları götürmüşdür. Bundan sonra o, Səyyarəyə demişdir ki, köşkdən çıxaq, adam gələr. Səyyarə siqaret yığdığı sellofan torba ilə çıxmışdır. Həmin vaxtı o, köşkdən qaçan zaman götürdüyü alışqanlar cibindən yerə düşmüş və şokoladları isə yolda yemişdir. Bundan sonra Sima və Səyyarə demişlər ki, “Suraxanı rayonu, Bülbülə qəsəbəsində olan parka gedək.” O, razılıq vermiş və onlar birlikdə piyada Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən parka getmişlər. Səyyarə əynində olan gödəkcənin altından 1 manat, 5 manat, 10 manat, 20 manat, 50 manatdan ibarət pulları çıxarmış və onlar pulları saydıqda görmüşlər ki, 1500 manatdır. Həmin pulu 3 yerə bölmüşlər və hərəsinə 500 manat düşmüşdür. Bundan sonra Səyyarə göy rəngli sellofan torbadan 9 blok siqaret çıxarmış, həmin siqaretləri bölmüşlər və hərəsinə 3 blok siqaret düşmüşdür. Həmin gecəni parkda skamyanın üzərində yatmışlar və səhər durmuşlar. Bundan sonra o, Sima və Səyyarə Bakı şəhəri, Nərimanov rayonuna gedib siqaret bloklarının birini 30 manata satmışlar. Bundan sonra o, yaşadığı evə getmiş və köşkdən oğurluq etdiyi barədə heç kimə bir söz deməmişdir. 24 mart 2025ci il tarixdə polis əməkdaşları onu bölməyə gətirmişlər. Əməlindən peşmandır, dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, dəymiş ziyanın tam ödənildiyini, heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər və məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə baxışında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 19 may 2023-cü il tarixdə şəriki Zərərçəkmiş şəxs2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zəka Quluzadə ilə subicarə müqaviləsi bağlayaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 119C nömrəli ünvanda yerləşən metronun “Koroğlu” stansiyasının çıxışından “Alov fəvvarəsi” parkında 24kv/metr qeyri-yaşayış sahəsi olan “Alov” köşkünü icarəyə götürüb şəriki Zərərçəkmiş şəxs1la birlikdə müxtəlif növ siqaret, şirniyyat və suların satışı ilə məşğul olmağa başlamışlar. Köşkün giriş qapısı alüminium olsa da, üzəri şüşə, köşkün kənarı isə dəmir və taxta ilə bağlanmışdır. Köşk hər gün saat 06:15-də açılır və saat 23:30-da köşkün giriş qapısı xarici qıfılla bağlanır. 22 mart 2025-ci il tarixdə saat 23:30-da “Alov” köşkü bağlanmışdır. Həmin günü saat 02:20 radələrində ona “Alov fəvvarəsi” parkının mühafizəçisi zəng vurub demişdir ki, sənin işlədiyin köşkün giriş qapısının şüşəsi sındırılıb. O, tez yerindən durmuş və idarə etdiyi avtomobillə köşkün yanına gəlmiş və görmüşdür ki, köşkün giriş qapısının şüşəsi sındırılmışdır. Köşkün yanında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin polis işçiləri durmuşlar. O, özünü polis işçilərinə təqdim edib bildirmişdir ki, köşkü o, işlədir. Bundan sonra o, köşkə baxmış və görmüşdür ki, təxminən 1000 manat dəyərində müxtəlif növ siqaret qutuları və təxminən 1500-2000 manat civarında pul oğurlanmışdır. Bundan sonra o, polis işçiləri ilə birlikdə videomüşahidə kamerasının videogörüntüsünə baxan zaman görmüşdür ki, bir oğlan və bir qız köşkün giriş qapısının şüşəsini daşla sındırıb, köşkə daxil olurlar və köşkdən pul, müxtəlif növ siqaret, alışqan və şirniyyat oğurlayırlar. Həmin yerdə polis işçisi onun ərizəsini almış, o, bu barədə izahat yazmış və polis işçisi köşkə baxış keçirib protokol tərtib etmiş və protokol düzgün yazıldığı üçün imzalarla təsdiq etmişlər. Səhəri günü o və şəriki Zərərçəkmiş şəxs2la mağazada oğurlanmış əşyaları müəyyən etmək üçün yoxlama aparmışlar və müəyyən etmişlər ki, vitrinin arxasında olan sürmədən 700 ədəd 1 manatlıq, 4 ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq, 80 ədəd 5 manatlıq, köşkdəki kassadan 92 ədəd 1 manatlıq, 13 ədəd 20 manatlıq, 31 ədəd 10 manatlıq, 47 ədəd 5 manatlıq, siqaret vitrinindən 1 ədədi 3 manat 82 qəpik, ümumilikdə 114 manat 60 qəpik təşkil edən 30 ədəd nazik “Winston” markalı siqaret qutusu, 1 ədədi 3 manat 82 qəpik, ümumilikdə 152 manat 80 qəpik təşkil edən 40 ədəd kompakt “Winston” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 27 qəpik, ümumilikdə 170 manat 80 qəpik təşkil edən 40 ədəd kompakt “Sobranie” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 27 qəpik, ümumilikdə 213 manat 50 qəpik təşkil edən 50 ədəd nazik “Sobranie” markalı siqaret qutusunu, 1 ədədi 3 manat 28 qəpik, ümumilikdə 65 manat 60 qəpik təşkil edən 20 ədəd kompakt “LD” markalı siqaret qutusunu, 1 ədədi 3 manat 46 qəpik, ümumilikdə 69 manat 20 qəpik təşkil edən 20 ədəd nazik “LD” markalı siqaret qutusunu, 1 ədədi 65 qəpik, ümumilikdə 14 manat 95 qəpik təşkil edən 23 ədəd alışqan, 1 ədədi 1 manat 45 qəpik, ümumilikdə 5 manat 80 qəpik təşkil edən 04 ədəd “Snickers” markalı şokolad oğurlanmış və 54 manat dəyərində köşkün giriş qapısının şüşəsi sındırılmışdır. Ona və şəriki Zərərçəkmiş şəxs2 köşkdən pul, müxtəlif növ siqaret, alışqan və şirniyyat oğurlanması nəticəsində 3404 manat 25 qəpik ziyan dəymiş və köşkün giriş qapısının şüşəsini 54 manat verib şüşə alıb yerinə qoymuşlar. Məhkəmə baxışında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 istintaqda digər Zərərçəkmiş şəxs1 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal rayon Mühafizə Polis İdarəsinin Mülki Mühafizə Xidmətinin mühafizəçisi vəzifəsində xidmət edir. O, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti metronun “Koroğlu” stansiyasının çıxışında “Alov fəvvarəsi” parkının yaxınlığında olan X2 digər mühafizəçi Şahid2lə birlikdə saat 23-dən saat 07-dək mühafizə edirlər. 23 mart 2025-cil tarixdə saat 02:16 radələrində o, digər mühafizəçi Şahid2lə birlikdə xidmət aparan zaman görmüşlər ki, “Alov fəvvarəsi” parkının yaxınlığında yerləşən “Alov” marketin giriş qapısının şüşəsi sındırılıb. Bundan sonra Şahid2 mobil telefonu postda qaldığı üçün onun istifadəsində olan ***-***-**-** nömrə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti zəng mərkəzinə və Bakı şəhəri Yasamal rayon Mühafizə Polis İdarəsinə zəng vurub məlumat vermişdir. Bundan sonra Şahid2 “Alov” marketi işlədən şəxsin nömrəsini tapıb ona zəng vurub ona da məlumat vermişdir. Bundan sonra hadisə yerində durub gözləmişlər və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin polis işçiləri gəlmişlər. Bundan sonra o və digər mühafizəçi Şahid2lə birlikdə xidmət yerinə qayıdıb getmişlər. Onlar “Alov” marketin giriş qapısının şüşəsinin sındığını görmüşlər, ancaq qapının şüşəsinin kim tərəfindən və neçə sındırıldığını görməmişlər. Onlar köşkün giriş qapısının sındırıldığını və ya köşkdən oğurluq olmasını görməmişlər. Sadəcə köşkün giriş qapısının şüşəsinin sındığını görüb məlumat vermişlər. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid2 istintaqda Şahid1 ilə oxşar məzmnda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, oğurluq hadisəsinin görüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Hadisə yerindən götürülmüş bir ədəd mişar daşı maddi sübut qismində tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübtların saxlanılması otağına təhvil verilmişdir. - 01 ədəd diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs və Səyyarə Məmmədova köşkün qarşısına gəlmiş, Səyyarə Məmmədova əlində olan mişar daşını Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs həmin mişar daşını köşkün şüşə qapısına vurub sındırmış, qırılmayan hissələrini isə ayağı ilə vurub qırdıqdan sonra köşkə daxil olmuşlar. Təqsirləndirilən şəxs vitrində olan alışqanları götürüb gödəkcəsinin cibinə qoymuş, Səyyarə Məmmədova isə vitrinin arxasına keçmiş, kassadan pulları götürüb gödəkcəsinin altına qoymuş, Təqsirləndirilən şəxs vitrində olan şokoladları götürüb gödəkçəsinin cibinə qoyub köşkün qapısından çölə çıxmış, Səyyarə Məmmədova sellofan torba götürüb siqaret bloklarını sellofan torbaya yığmış, Təqsirləndirilən şəxs köşkə qapıdan daxil olmuş, vitrində olan şokoladları götürüb gödəkcənin cibinə qoyub köşkdən çıxmışdır. Səyyarə Məmmədova əlində sellofan torba ilə köşkdən çıxıb qaçaraq getmişdir. - X3 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-693/2025 saylı, xx.xx.2026-cı il tarixli hökmündən görünür ki, cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 01 ədəd mişar daşının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-nin 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, habelə cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, o cümlədən cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 25 mart 2025-ci il tarixdə 1 gün tutulması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Yevlax rayonu, Yevlax şəhəri, Neftkəməri küçəsində yerləşən fərdi evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; iş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli hökmü ilə iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 01 ədəd mişar daşının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsinin qərara alınması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət cəmi 24 iş saatı müddətinə bərabər olmaqla, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 264 (iki yüz altmış dörd) manat (24x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın və cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Yevlax rayonu, Yevlax şəhəri, Neftkəməri küçəsində yerləşən fərdi evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 01 ədəd mişar daşının Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli hökmü ilə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsinin qərara alınması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 24 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 264 (iki yüz altmış dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar