Məhkəmə qərarları › İş №1(007)-66/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-66/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-66/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanov Ramil Firdun oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib ibtidai istintaq zamanı 1 gün şübhəli şəxs qismində tutulması nəzərə alınmaqla üzərində 2 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla və şübhəli şəxs qismində tutulduğu 3 gün müddət nəzərə alınmaqla üzərində 1 il 4 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,015 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 16 sentyabr 2022-ci il tarixdə saat 07:30 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, ünvan 4anında yerləşən 25-ci Polis Şöbəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellolan bükümdə 1,015 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və daxilində narkotik vasitə heroin izləri olan 01 ədəd boruşəkilli predmet aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi aşağıda göstərilən sübutlarla təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində olan ağrılara görə bir ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. 16 sentyabr 2022-ci il tarixdə ünvan 3 ünvanının qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik maddələrin istifadəsində şübhəli olduğunu bildirərək 25-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində xidməti otaqların birində üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan kütləni və 01 ədəd narkotik vasitənin qəbulunda istifadə etdiyi kağızdan düzəlmiş borunu təqdim edərək həmin bükümdə “kakos” adı ilə tanıdığı narkotik maddə olan heroin olduğunu, həmin narkotik vasitə olan heroini ‘'Ayla” şadlıq sarayının yaxınlığında sosial şəbəkə vasitəsilə tanıdığı, amma şəxsən tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş və qanunla dövriyyəsi qadağan olunmuş başqa əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin narkotik vasitə onun iştirakı ilə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra qeyd etmişdir ki, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış keçirilərkən ona heç bir təzyiq göstərilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən ona nisbətən yüngül cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi çıxışında ibtidai istintaq və məhkəmə baxışı zamanı hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, əməlini etiraf edərək törətdiyi əməldən səmimi peşman olmasını, cavanlığını, şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona nisbətən yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 16 sentyabr 2022-ci il tarixdə saat 07:30 radələrində ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Nizami rayonu Ə.Vəliyev küçəsi 4 ünvanının qarşısında saxlanılaraq 25-ci Polis Şöbəsinə dəvət edilmiş, polis şöbəsində bütün prosessual qaydalara riayət edilməklə və müdafiə hüququ təmin olunmaqla onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs oğu əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan kütləni və 01 ədəd boru şəklində predmeti təqdim edərək, sellofan bükümdə olan kütlənin «kakos» kimi tanıdığı maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni sosial şəbəkə vasitəsi ilə tanımadığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 Zabit oğlu və həmin şöbənin əməliyyat müvəkili Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə vermişlər. İbtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 sentyabr 2022-ci il tarixli 6/5243 saylı rəyindən görünür ki, “Təhqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Rcspublkası DİN Zərlər üçün N165” möhür əks olan, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd təmiz çəkisi 1,015 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İbtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 5757 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 16 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə saat 08:00-da Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əlindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd selofan bükümü və boru şəklində predmeti çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən qeyd olunan hallar təsdiq olunmuşdur. Sübutların qiymətləndirilməsi haqqında 22 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 1,015 qram olan narkotik vasitə heroin və onun üzərində axtarış aparılmasını özündə əks etdirən 1 ədəd “CD” diski maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,965 qram heroin Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 1 ədəd “CD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “heroin” olan maddə narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini cəzanın məqsədləri baxımından ədalətli və qanuni hesab edir. Məhkəmə bu qənaətə gələrkən onu əsas götürür ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətməzdən əvvəl 27 fevral 2022-ci il tarixində Abşeron rayonu ərazisində, 15 avqust 2022-ci il tarixində isə Bakı şəhəri Sabunçu rayonunun ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər törədib müvafiq məhkəmələrin hökmləri ilə cəzaya məhkum olunmuşdur. Qeyd olunan hal Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2022ci il tarixli 1(012)-370/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2022-ci il tarixində qanunsuz olaraq 0,479 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla daşıdığına görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, onun ibtidai istintaq zamanı 1 gün şübhəli şəxs qismində tutulması nəzərə alınmaqla üzərində 2 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 1(008)-215/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2022ci il tarixində qanunsuz olaraq 0,691 qram çəkidə narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşıdığına görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəza Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla və şübhəli şəxs qismində tutulduğu 3 gün müddət nəzərə alınmaqla üzərində 1 il 4 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin başlanğıcı 14 iyul 2023-cü il tarixindən hesablanmışdır. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixində cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami rayon prokurorunun 17 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilərək həbsdən azad edilmişdir. Müstəntiqin 17 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 1(007)-466/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Yenə həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixində hazırkı cinayəti Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Buna görə də məhkəmə hesab edir ki, CM-nin 66.5-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. CM-nin 15.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət az ağır cinayət hesab olunur. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 01 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, onun hazırkı və əvvəlki cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanıldığı müddətlər ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmünün çıxarıldığı 14 iyul 2023-cü il tarixindən hesablanmalı, CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CPMnin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,965 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut olan “CD” disk iş materiallarında saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 88 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına 34 saat hüquqi yardım göstərmiş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 34x6=204 manat pul dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 gün və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə müəyəən edilmiş şübhəli şəxs qismində tutulduğu 3 gün, cəmi 5 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 1 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 88 manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,965 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına 34 saat hüquqi yardım göstərmiş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 204 manat pul dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar