Məhkəmə qərarları › İş №1(007)-66/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-66/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-66/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1997-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Kürdçülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, Naxçıvan MR, Şərur rayonu, Kürçülü kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində nömrəsiz fərdi evdə yaşayan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 oktyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, 17 noyabr 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, törətdiyi digər cinayət əməlinə görə 11 iyul 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 13 iyul 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Naziliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində məhkumlara qadağan olunmuş mobil telefon aparatı əldə edərək özündə saxlamış, gəzdirmiş və istifadə etmişdir. Belə ki, o, cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Naziliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X3” ilə qadağan olunmuş əşya, daxilində danışıq kartı olan 1 ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Redmi 5” markalı, “MDE1” modelli, **********36027 imei kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, istifadə etmiş və 04 aprel 2023-cü il tarixdə saat 11:30 radələrində Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin 8 saylı dəstəsinin yataqxanasında müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış tədbiri zamanı onun yataq yerində balıncının altında gizlədilmiş həmin mobil telefon aparatı, 3 ədəd elektrik qidalandırıcı, 3 ədəd qulaqcıq aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 aprel 2023-cü il tarixdə saat 11:30 radələrində Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin 8 saylı dəstəsinin yataqxanasında müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış tədbiri zamanı ona məxsus yataq yerində, balıncının altında gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Redmi 5” markalı mobil telefon aparatı, 3 ədəd elektrik qidalandırıcısı və 3 ədəd qulaqcıq aşkar olunaraq götürülmüşdür. Həmin mobil telefon aparatını və digər əşyaları o, həmin tarixdən bir neçə ay əvvəl müəssisədə məhkumlar üçün nəzərdə tutulmuş mətbəxdə soyuducuların altından taparaq, istifadə etmək məqsədilə özündə saxlamış, bu müddətdə həmin mobil telefon aparatını müxtəlif yerlərdə gizlətmişdir. Mobil telefon aparatının daxilində olan, “Azercell” operatoruna məxsus ***-***-**-** nömrəli danışıq kartı vasitəsilə əmisi Şahid5 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla, yaxın dostu Şahid6 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla müxtəlif vaxtlarda danışıqlar aparmışdır. Həmin mobil telefon aparatından məhkum yoldaşlarından heç kimin xəbəri olmamışdır. Mobil telefon aparatı aşkar olunaraq götürülən zaman həmin gün əsəbi olduğu səbəbindən onu sındırmış, həmin an sındırılmış mobil telefon aparatı müəssisə əməkdaşları tərəfindən onun əlindən alınmışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşman olduğunu nəzərə alıb, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Məmməd oğlu ifadəsində göstərmişdir ki, o, Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsində xidmət edir. 04 aprel 2023-cü il tarixdə saat 11:30 radələrində 1 saylı cəzaçəkmə müəssisəsinin 8 saylı dəstəsinin yataqxanasında müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış tədbiri zamanı məhkum Təqsirləndirilən şəxs yataq yerində balıncının altında gizlədilmiş, “Cəzaçəkmə müəssisələrinin X3” ilə qadağan olunmuş əşya, yəni daxilində danışıq kartı olan 1 ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Redmi 5” markalı, “MDE1” modelli, **********36027 imei kodlu mobil telefon aparatı, 3 ədəd elektrik qidalandırıcısı və 3 ədəd qulaqcıq aşkar edilərək götürülmüşdür. Şahidlərin və əməkdaşların iştirakı ilə həmin mobil telefon aparatı zərfə qoyularaq qablaşdırılaraq, bu barədə müvafiq protokol tərtib edilmiş və protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkum Təqsirləndirilən şəxs, mobil telefon aparatı aşkar olunaraq götürülən zaman, onu qəfildən sındırmış, lakin müəssisə əməkdaşları tərəfindən həmin mobil telefon aparatı Təqsirləndirilən şəxs əlindən alınmışdır. Məhkum Təqsirləndirilən şəxs müəssisə əməkdaşlarına verdiyi izahatında, aşkar olunaraq götürülmüş mobil telefon aparatının ona məxsus olduğunu bildirmiş və həmin mobil telefon aparatını məhkumlar üçün nəzərdə tutulmuş mətbəxdə soyuducuların altından tapdığını, gələcəkdə istifadə etmək məqsədilə onu gizlətdiyini, digər məhkum yoldaşlarının həmin mobil telefon aparatından xəbərsiz olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid2 və Şahid4, Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşı Şahid3 iştirakı mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunub tədqiq edilərkən onun digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsilə yaxın dostu, 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş Təqsirləndirilən şəxs ilə cəzaçəkmə müəssisəsində istifadə etdiyi, "xxxx" MMC-yə məxsus ***-***-**-** nömrəli mobil telefonla müxtəlif vaxtlarda danışıqlar aparmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 iştirakı mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsilə məhkum qardaşı oğlu X2 ilə cəzaçəkmə müəssisəsində istifadə etdiyi, "xxxx" MMC operatoruna məxsus ***-***-**-** nömrəli mobil telefonla müxtəlif vaxtlarda danışıqlar aparmışlar. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 21 iyun 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1-2) -Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, müəssisənin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 04 aprel 2024-cü il tarixdə saat 11:30 radələrində müəssisənin 8 saylı dəstəsinin yataqxanasında qəfləti axtarış-baxış tədbiri keçirilən zaman həmin dəstədə qeydiyyatda olan məhkum Təqsirləndirilən şəxs ona məxsus yataq yerində balncın altında gizlədilmiş daxilində simkartı olan “Redmi” markalı mobil telefonu qəflətən götürərək sındırmışdır. Götürülmüş daxilində danışıq kartı olan sındırılmış 01 ədəd “Redmi” markalı mobil telefon aparatı hal şahidlərinin iştirakı ilə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, imzalanmışdır. (i.v. 7-8) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəzaçəkmə müəssisələrinin X1 təsdiq edilməsi barədə” 29 dekabr 2011-ci il tarixli 7 nömrəli Kollegiya qərarından və onun 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon aparatı məhkumlara saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. (i.v. 30- 31) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə kompyuter-texniki ekspertizasının 19 may 2023-cü il tarixli 5/629 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş “Android” əməliyyat sistemi ilə təhciz olunmuş 1 ədəd “Xiaomi Redmi 5” markalı, “MDE1” modelli, **********36027 imei kodlu hissələrə bölünmüş mobil telefon aparatı hal-hazırda işlək vəziyyətdə olmayıb, istifadə üçün yararlı deyildir. (i.v. 44-47) - 09 iyun 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Penitensiar Xidmətin 1 saylı CÇM-dən göndərilmiş materiallara əlavə olunan mobil telefon aparatına müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Zərfin içərisində qara metal korpusu olan, hissələrə bölünmüş, işlək vəziyyətdə olmayan mobil telefon aparatı vardır. Telefonun ön şüşəsi yarıya qədər yoxdur, qalan hissədə isə qırılmış haldadır. Mobil telefonun üzərində olan ekran qırıldığından telefonun imei kodunu məyyən etmək mümkün olmadı. Telefonun arxa metal gövdəsinin yuxarı hissəsində iki ədəd kamera vardır, aşağı hissədə M İ həriflərinə oxşar yazı həkk olunmuşdur. Arxa metal korpusu araladıqda telefonun batareyası və yuxarıda imei 1 “**********36027” yazısı oxunurdu. Baxış zamanı mobil telefonun daxilində aşkarlanmış ayrı bir zərfdə saxlanılan GSM kartının hansı nömrəyə məxsus olmasını öyrənmək məqsədi ilə həmin kart ayrı bir mobil telefona qoyulmaqla “Azercell” rəsmi səhifəsində qeyd edilmiş *137# Yes düymələrindən istifadə etməklə gələn SMS vasitəsi ilə həmin GSM kartının ***-***-**-** saylı nömrəyə məxsus olması müəyyən edilmişdir. Baxış başa çatdıqdan sonra mobil telefon yenidən qablaşdırılaraq möhürlənmişdir. (i.v. 48-51) - 11 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilən məlumatlardan görünür ki, aşkar olunaraq götürülmüş mobil telefon aparatının daxilində olan, "xxxx" MMC operatoruna məxsus ***-***-**-** nömrəli danışıq kartının yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, həmin mobil telefon aparatı sındırılmamışdan əvvəl işlək vəziyyətdə olmuş, məhkum Təqsirləndirilən şəxs həmin mobil telefondan müxtəlif vaxtlarda istifadə etmiş, müəssisə əməkdaşları tərəfindən aşkar olunan zaman, məsuliyyətdən yayınmaq məqsədilə həmin mobil telefonu sındıraraq yararsız vəziyyətə salmışdır. Məhkum Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində istifadə etdiyi ***-***- **-** nömrəli mobil telefon vasitəsilə Şahid5 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla, Şahid6 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla müxtəlif vaxtlarda danışıqlar aparmışdır. (i.v. 117-135) - 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, 1 ədəd “Xiaomi Redmi 5” markalı, “MDE1” modelli, **********36027 imei kodlu hissələrə bölünmüş mobil telefon aparatı, "xxxx" MMC-yə məxsus ***-***-**-** nömrəli danışıq kartı, 3 ədəd elektrik qidalandırıcı və 3 ədəd qulaqcıq iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (i.v. 169) - 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, onun Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmişdir. (i.v. 170-173) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün səmimi etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 317-2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 25 aprel 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, cəzasının əvvəli 27 oktyabr 2021-ci il, cəzasının sonu 27 oktyabr 2023-cü il olan Təqsirləndirilən şəxs həmin müəssisədə cəza çəkdiyi 27 aprel 2022-ci il tarixindən ötən müddət üçün mənfi xarakterizə edilmiş, islah yoluna qədəm qoymadığı qeyd edilmişdir. (i.v. 11-12) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 10 may 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.4-cü maddəsinə əsasən 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 23 sentyabr 2019-cu il tarixdə cəriməni ödəyərək qeydiyyatdan çıxarılmış; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qərarı ilə cinayət əməli Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə 01 il 05 ay müddətinə azadlıqdan məhkrum etmə cəzası təyin edilmiş, 23 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 oktyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 20-23, 40) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının sonu ilə 27 oktyabr 2023-cü il tarixdə azad olunduğundan, baxılan cinayət işi üzrə hazırlıq iclası mərhələsində qətimkan tədbiri məsələsi həll edilmiş, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin ağırlıq dərəcəsi, törədilmə şəraitini və xarakteri nəzərə alınmaqla onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyul 2024-cü il tarixli qərarından görünür ki, müstəntiqin vəsatəti və onunla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 04 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 11 iyul 2024-cü il tarixdən hesablanmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317- 2.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 59.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətsə də, Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərin nəzərə alınmaması ilə bağlı Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq, həmin hal cinayətlərin residivini yaratmır və cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanı çəkərək, cəzasının sonu ilə 27 oktyabr 2023-cü il tarixdə azad olunduğundan, məhkuma hökmlərin məcmusu üzrə cəza təyin edilməsi üçün əsaslar qalmamışdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 56.1.2 və 56.1.3-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində; xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində. Məhkəmə Təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbirinin həlli, cəzaçəkmə müəssisəsinin rejimi və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması məsələləri ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs hazırda həbsdə olması törətdiyi digər cinayət əməli ilə bağlıdır, ona görə baxılan iş üzrə hökmün icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, bununla yanaşı onun digər cinayət işi ilə bağlı 3 saylı istintaq təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalı, təqsirləndirilən şəxsə hökmlərin məcmusu üzrə cəza təyin olunmadığına və əməlincə cinayətlərin residivi müəyyən edilmədiyinə görə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; aşkar olunaraq götürülmüş və maddi sübut qismində tanınmış, hissələrə bölünmüş vəziyyətdə olan 01 ədəd mobil telefon aparatı, 3 ədəd elektrik qidalandırıcı və 3 ədəd qulaqcıq məhv edilməli, "xxxx" MMC-yə məxsus ***-***-**-** nömrəli danışıq kartı və "xxxx" MMC-dən daxil olmuş içərisində iş üzrə sübut əhəmiyyətli məlumatlar olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 iyul 2024-cü il tarixdən hesablansın. Hökmün icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin, onun digər cinayət işi ilə bağlı 3 saylı istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. Maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, hissələrə bölünmüş vəziyyətdə olan 01 ədəd mobil telefon aparatı, 03 ədəd elektrik qidalandırıcı və 03 ədəd qulaqcıq məhv edilsin, "xxxx" MMC-yə məxsus ***-***-**-** nömrəli danışıq kartı və "xxxx" MMC-dən daxil olmuş içərisində iş üzrə sübut əhəmiyyətli məlumatlar olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi hesab olunan 80 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 60 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar