Məhkəmə qərarları › İş №1(007)-66/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-66/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-66/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənova Vəfa Oruc qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1987-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləmiş, Lənkəran şəhəri M.F.Axundov küçəsi, ev 24-də qeydiyyatda olan, Lənkəran Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci naddəsinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 19 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, cəza müddətinin sonu 27 iyul 2024-cü il tarixədək müəyyən edilmiş, cəzanın icrası ilə əlaqədar Bakı şəhər probasiya idarəsinin qeydiyyatında olarkən hazırkı işlə bağlı 18 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 iyul 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 05 fevral 2025-ci il tarixdə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və haqqında axtarış elan edilmiş, 18 mart 2025-ci il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib, saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,333 qram psixotrop maddə metamfetamin əldə etmiş, üzündə saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 18 iyul 2024-cü il tarixdə saat 14:30 radələrində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon polis idarəsinə aparılmış, həmin idarədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,333 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən psixotrop maddə metamfetamini falqada yandırıb tüstüsünü çəkmə yolu ilə qəbul etməyə başlamışdır. 01 dekabr 2022-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Suraxanı Rayon Məhkəməsinin 09 may 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 19 gün hissəsindən vaxtından əvvəl azad olunmuşdur. Bundan sonra o, Bakı şəhəri Nizami rayonunda yerləşən “8-ci km” bazarında meyvə satışı ilə məşğul olmağa başlamışdır. 18 iyul 2024-cü il tarixdə saat 11 radələrində həmin bazarın yaxınlığında üzdən tanıdığı “Niko” ləqəbli şəxsdən 15 manata özü istifadə etmək üçün bir büküm psixotrop maddə metamfetamin almış və əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoymuş və bu barədə heç kimə bir söz deməmişdir. 18 iyul 2024cü il tarixdə saat 14:30 radələrində o, Nizami rayonu M.Əliyev küçəsi ilə tək piyada bazara gedən zaman iki nəfər ona yaxınlaşıb özlərini Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin polis işçiləri olduqlarını bildirmişlər. Polis işçiləri ondan adını və soyadını soruşmuşlar. O da, polis işçilərinə anket məlumatlarını demişdir. Polis işçiləri üzərində şəxsi axtarış keçirilməsi üçün onu saxlayaraq rayon polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyib polis işçiləri ilə birlikdə Nizami rayon polis idarəsinə getmişdir. Polis idarəsinin xidməti otaqlarının birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilmişdir. Sonra təhqiqatçı izah etmişdir ki, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacaqdır. Onun üzərində vəkilin və polis işçilərinin iştitakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilməsi başlanmış, bundan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümü və həmin şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, həmin bükümdə olan maddə psixotrop maddə metamfetamindir, onu “8-ci km” bazarının yaxınlığında üzdən tanıdığı “Niko” ləqəbli şəxsdən özü istifadə etmək üçün 15 manata almışdır. Həmin büküm təhqiqatçı tərəfindən açılmış və bükümün içində ağ rəngli maddə aşkar olunmuşdur. Bundan sonra bir ədəd büküm təhqiqatçı tərəfindən bütün iştirakçıların yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib edilmiş və zərfin üzərində möhürlü kağız yapışdırılmış, zərfin üzəri və tərtib olunmuş protokolu digər iştirakçılarla birlikdə o da imzalamışdır. O, psixotrop maddə metamfetamini öz istifadəsi üçün alıb özündə saxlamış, həmin maddənin satışı ilə məşğul olmamışdır. Polis işçiləri tərəfindən saxlanılan və üzərində şəxsi axtarış aparılan zaman fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmanlıq çəkdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 18 iyul 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə həmin gün ondan və həmin bölmənin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 18 iyul 2024-cü il tarixdə saat 14:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olan kişi cinsli şəxsi görüb yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün Nizami rayon polis idarəsinə dəvət etmişlər və o, etiraz etməyərək onlarla birlikdə getmişdir. Xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Bundan sonra vəkilin iştikarı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bundan sonra əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü və həmin şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxarıb xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı şübhəli şəxsin üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, bildirmişdir ki, bir ədəd bükümdə psixotrop maddə metamfetamin vardır. Təhqiqatçı tərəfindən bütün iştirakçıların yanında həmin bir ədəd büküm açılmış və onun içindən ağ rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdə olan maddə psixotrop maddə metamfetamindir, özünə məxsusdur, onu istifadə etmək üçün 18 iyul 2024-cü il tarixdə “Niko” ləqəbli şəxsdən Nizami rayonunda yerləşən “8-ci km” bazarının yaxınlığında 15 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmadığından protokol düzgün yazıldığı üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan və üzərində şəxsi axtarış aparılan zaman fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2, Şahid1la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 18 iyul 2024-cü il və 05 sentyabr 2024-cü il tarixli protokollardan görünür ki, 18 iyul 2024-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı tərəfindən, RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli bilinərək ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq idarəyə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməsinə dair etirazının olub-olmaması soruşulmuş və o, üstünə şəxsi axtarış keçrilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarış başlanmazdan əvvəl üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olub-olmadığı soruşulmuş və hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təkifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə, ağ rəngli, spesifik iyə malik, kristal formasında olan narkotik vasitəyə və ya psixotrop maddəyə bənzər kütləni, sol yan cibindən göy rəngli üzərində “Redmi” yazısı olan mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamnaı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütləni 18 iyul 2024-cü il tarixdə “Niko” adlı üzdən tanıdığı şəxsdən Nizami rayonu “8-ci km” bazarının yaxınlığında 15 manata aldığını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı aparılmış videoçəkiliş diskə köçürülmüş və tərtib olunmuş protokola əlavə edilmişdir. Protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Protokol iştirakçılara ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 05 sentyabr 2024-cü il tarixdə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 29-30, 111) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 19 iyul 2024-cü il tarixli 6/3711 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 162” dairəvi möhür əksləri olan, Təqsirləndirilən şəxs aşkar olunmuş maddə; İştirakçılar: imza Təqsirləndirilən şəxs, imza İ.A.Abbasov; “imza” Şahid2; “imza” Şahid1; Tərtib etdi: “imza” T.M. Şükürov” yazıları qeyd edilmiş bir ədəd zərfdəki: - 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,333 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,333 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,283 qram qalıq qalmışdır. (i.v. 38-41) - 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə “Cavid” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 18 iyul 2024-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 85) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 01 avqust 2024-cü il tarixli 5282 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 112-113) - 06 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən bir ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etməsi zamanı aparılmış videoçəkilişin görüntüsü olan bir ədəd DVD disk cinayət işi üzrə maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman psixotrop maddəyə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində Bakı şəhəri Nizami rayon polis idarəsinin əməkdaşının təklifi ilə psixotrop maddəni könüllü surətdə təhvil verməsi Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndinin tətbiq edilməsinə məqsədəmüvafıq hesab edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,333 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonra qalıq 0,283 qram metamfetamin Bakı şəhəri Nizami rayon polis idarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb etmədiyindən maddi sübut qismində tanınmamış və sahibi Təqsirləndirilən şəxs qaytarılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs bir ədəd bükümdə təmiz çəkisi 0,333 qram psixotrop maddə metamfetaminin mənbəyini müəyyən edilməsi istintaq yolu ilə mümkün olmamış, həmin narkotik vasitə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün cinayət işindən material ayrılmış və yoxlanılması üçün Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə göndərilmişdir. (i.v. 115-120) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni əldə etdiyi mənbə, şəxslə bağlı ayrıca icraata cinayət işi ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün qismən etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 18 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 20) - 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 71-72) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 20 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 73-74) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin 18 mart 2025-ci il tarixli və 3 saylı istintaq təcridxanasının 19 mart 2025-ci il tarixli məktublarından görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 18 mart 2025-ci il tarixdə tutulmuşdur; -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 iyul 2024-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Əliyev X1 Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci naddəsinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 19 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. (i.v. 80-81, 97-99, 102-110) Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarı ilə onun barəsində təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin Azərbaycan Respublikası CMnin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi, Lənkəran Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmü üzrə çəkilməmiş 02 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan cəzaya müvafiq qaydada birləşdirilməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə cinayətlərin residivinin müəyyən edildiyini nəzərə alaraq, həmin halı Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, cinayətlərin residivi baxınından təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Lənkəran Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş və çəkilməmiş 02 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməsi nəzərdə tutulan müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 18 iyul 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə 18 mart 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış psixotrop maddə məhv olunmalı, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında, xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Lənkəran Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmü üzrə çəkilməmiş 02 (iki) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami rayon polis idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,283 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 89 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 164 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar