Məhkəmə qərarları › İş №1(007)-661/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-661/2023

29.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-661/2023 29.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, fərdi qaydada işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi ev 94V, mənzil 48-də qeydiyyatda olmaqla yaşamış, 06 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 sentyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, 25 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Maşın Bazarı” adlanan ünvanda tanışı X2 600 manat pul müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq 17,96 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 2 ünvanına daşımaqla həmin narkotik vasitənin bir hissəsini üzərində, qalan hissəsini isə həmin ünvanda yerləşən özünə aid otaqda gizlədərək saxlamış, onun narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 06 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında olarkən şübhəli şəxs qismində saxlanaraq ünvan 4 ünvanında yerləşən Nizami rayon polis idarəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 5,99 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazrılanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 07 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində onun iştirakı ilə yaşadığı ünvan 6 ünvanına keçirilən baxış zamanı, ona aid otağa daxil olduqdan sonra sağ tərəfdə, divarın küncündə olan digər əşyaların arasında üzərində “Mujde Parfume” yazısı olan 01 ədəd polietilen torbanın içərisindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 11,97 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazrılanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 10 il olar ki, narkotik vasitədən istifadə edir. Təxminən 2023-cü ilin avqust ayının 25-də X9 prospektində yerləşən “Maşın bazarı”nın yaxınlığında görüşüb ondan 600 manat qarşılığında bir bağlamada, təqribən 30 qram çəkidə narkotik vasitə marixuana almışdır. Sonra marixuananı aparıb yaşadığı ünvan 6-də, öz otağında gizlətmişdir. Belə ki, o, narkotik vasitədən gündəlik olaraq götürüb bəzi günlər bir qram, bəzi günlər isə 4 qram istifadə etmişdir. Növbəti günlərdə şəxsi işləri ilə bağlı evə gəlməyəcəyini düşünüb daha sonra da istifadə etmək məqsədi ilə 06 sentyabr 2023-cü il tarixdə həmin narkotik vasitə marixuanadan gözəyarı bir qədər artıq ayırıb sellofan bükümə qoymuş, həmin bükümü də cibinə qoyaraq yaşadığı mənzili tərk etmişdir. 06 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində Nizami rayonu, M.Şərifli küçəsi ev 92 ünvanının yaxınlığında piyada hərəkətdə olarkən bir neçə polis əməkdaşı ona yaxınlaşaraq narotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onlarla birlikdə Nizami rayon polis idarəsinə getməsini təklif etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nin inzibati binasına getmişdir. Orada təhqiqatçıya təhvil verilmiş, daha sonra müdafiəçi dəvət olunmuşdur. İnzibati binanın xidməti otaqlarından birində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axatarış keçirilmişdir. Bu zaman təhqiqatçının təklif ilə o, əynində olan cins şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə narkotik vasitə marixuananı və həmin şalvarın sağ yan cibində olan özünə məxsus olan “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Həmin maddəyə baxış keçirilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar, o cümlədən onun tərəfindən imzalanmışdır. Sorğu zamanı yaşadığı mənzildə də narkotik vasitə marixuana saxladığını və onu təqdim etmək istədiyini bildirmişdir. 07 sentyabr 2023-cü il tarixdə təqribən saat 13 radələrində müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə yaşadığı M.Şərifli küçəsi ev 94V, mənzil 48 ünvanına baxış keçirilmişdir. Baxış zamanı mənzilə daxil olduqdan sonra onun olan sağdan ikinci otağa daxil olmuş, dərhal sağa tərəf baxdıqda küncə yaxın divarın kənarında içərisində narkotik vasitə marixuana olan sellofan paketi təqdim etmiş və narkotik vasitənin həmin paketin içərisində olduğunu bildirmişdir. Həmin paketə baxış keçirən təhqiqatçı tərəfindən onun içərisindən 01 ədəd sellofan bükümdə narkotik vasitə marixuananı, 01 ədəd elektron tərəzini və 01 paket “rızla”, yəni tütün məmulatlarını çəkmək üçün istifadə edilən kağız aşkar edilmişdir. Həmin bir büküm marixuana və elektron tərəzi qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş, imzası ilə protokolu təsdiq etmişdir. Onun üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir. O, heç vaxt narkotik vasitələrin satışını həyata keçirməmişdir. Mənzilindən aşkar edilmiş “rızla” adlandırılan kağızları narkotik vasitə marixuananı qəbul etmək üçün istifadə etmişdir. Mənizilindən aşkar edilmiş elektron tərəzini tutulmazdan bir neçə gün əvvəl almışdır. Onun tərəzini almaqda məqsədi istifadə edəcəyi marixuananı ölçüb çəkisini müəyyən etmək olmuşdur. Lakin aşkar olunub götürülənədək bu məqsədlə həmin tərəzidən istifadə etməmişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq çəkdiyini, bir daha belə əməllərə yol verməyəcəyini, himayəsində bir azyaşlı uşağı olduğunu, ailədə yeganə işləyən şəxs olduğunu, anasının ağır xərçəng xəstəsi olduğunu, eyni zamanda xəstəliyinə görə cərrahiyyə əməliyyatı zamanı anasının bir böyrəyinin götürüldüyünü nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 06 sentyabr 2023-cü il tarixdə “Namiq” adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 da tərkibinə daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyat tədbriləri ilə “Namiq” adlı şəxsin ünvan 6-də yaşayan xx xxxxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Keçirilən əməliyyat tədbirlərinin davamında 06 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində Şahid2 ilə birlikdə ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq ona özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə Nizami rayon polis idarəsinə getməli olduğunu demişlər. Həmin şəxsi Nizami RPİ-nə aparıb aidiyyəti üzrə təhqiqatçıya təhvil vermişlər. Bir qədər sonra onun, Şahid2 və Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakları ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Bu zaman videogörüntülər qeydə alınmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşya və maddələri təhvil verməsi təklif edilmiş, bu təklifdən sonra həmin şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış zamanı içərisində bitki formasında, spesifik iyə malik, narkotik vasitə marixuanaya bənzər maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu, özü istifadə etmək məqsədilə Eyvaz adlı tanışından aldığını, heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Növbəti gün, yəni 07 sentyabr 2023-cü il tarixdə onun, Nizami RPİ-nin NMB-nin əməkdaşları Oktay Abdullayevin, Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakları ilə həmin şəxsin yaşadığı ünvan 6 ünvanına baxış keçirilmişdir. Baxış prosesi videoqeydə alınmışdır. Təqsirləndirilən şəxs mənzilə daxil olduqdan sonra sağdan ikinci otağı göstərərək həmin otağın onun otağı olduğunu bildirmiş, həmin otağa daxil olduqdan sonra sağda divarın küncündən götürdüyü bir ədəd sellofan paketin içərisindən içində narkotik vasitə marixuanaya bənzər maddə olan bir ədəd sellofan bükümü təqdim etmişdir. Bundan başqa sellofan paketin içərisindən bir ədəd elektron tərəzi və bir qutu tütün məmulatlarının istifadəsi üçün nəzərdə tutulmuş kağızlar aşkar edilmişdir. İçərisində narkotik vasitə marixuanaya bənzər maddə və bir ədəd elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs evinə baxış zamanı başqa dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya, maddə və ya predmet aşkar edilməmişdir. Evə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Şahid ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat tədbirləri zamanı özünü səmimi aparmış, ona qarşı da qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Sonradan istintaq orqanının verdiyi əməliyyat tapşırığı əsasında tərəflərindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması barədə məlumat əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2, Şahid1la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X6 və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1-2) - 06 sentyabr 2023-cü il və 10 sentyabr 2023-cü il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs müdafiəçisi 6 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdən sonra o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmişdir. Həmin bükümə təhqiqatçı tərəfindən baxış keçirilmiş və içərisində narkotik vasitə marixuanaya bənzər maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdə olan narkotik vasitə marixuanadır, onu tanışı Eyvazdan öz şəxsi istifadəsi üçün almışdır, narkotik vasitəni satmır, yalnız şəxsi istifadəsi üçün əldə edir. Şəxsi axtarışın davamında Təqsirləndirilən şəxs üzərində başqa əşya, maddə və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş içərisində narkotik vasitə marixanaya bənzər maddə olan büküm kağız zərfə qoyularaq möhürlənmişdir. Kağız zərf iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərə 10 sentyabr 2023-cü il tarixdə baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 31-32, 164) - 07 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanına baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən Nizami RPİ-nin əməkdaşları Şahid1, Oktay Abdullayev və Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakları ilə mənzilin qapısının önündə istintaq hərəkətinin mahiyyəti izah edilmişdir. Mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs sağdan ikinci otağı göstərək öz otağı olduğunu bildirmiş və həmin otağa girən kimi sağda divarın küncündə olan bir ədəd ağ rəngli üzərində “Mujde Parfume” yazısı olan sellofan paketin içərisindən bir ədəd sellofan torbanı, həmin torbanın içərisindən isə içərisində narkotik vasitə marixanaya bənzər maddə olan bir ədəd sellofan bükümü təqdim etmişdir. O, bildirmişdir ki, təqdim etdiyi bükümdə olan maddə narkotik vasitə marixuanadır. Baxış zamanı həmin bükümü çıxardığı sellofan torbanın içərisindən bir ədəd elektron tərəzi və 01 ədəd qutuda tütün məmulatlarının istifadəsi üçün nəzərdə tutulmuş kağızlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kağızlar marixuana istifadə etmək üçündür. Aşkar edilmiş içərisində marixuanaya bənzər maddə olan büküm və 01 ədəd elektron tərəzi sellofan paketə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilən marixuana ona məxsusdur, həmin marixuananı istifadə etmək məqsədi ilə saxlayır, heç vaxt satışını həyata keçirməmişdir. Mənzilə baxış zamanı qeydə alınmış videogörüntülərə 10 sentyabr 2023-cü il tarixdə baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 74-75, 164) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 07 sentyabr 2023-cü il tarixli 3-16- 16-2-7/1257 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X1 aşkar edilmiş maddə və elektron tərəzi...” yazısı və imzalar olan 01 ədəd qəhvəyi rəngli polietilen bağlamadakı 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 4030 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “X3 üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 13,90 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,99 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin qəhvəyi rəngli polietilen bağlamada bir ədəd tərəzinin üzərində cuzi miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın hissəcikləri vardır. Qeyd: Təqsirləndirilən şəxs üzərindən üzərindən aşkar edilmiş marixuananın təmiz çəkisi 5,99 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, 5,89 qram qalıq qalmışdır. (i.v. 80-83) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 sentyabr 2023-cü il tarixli 3-16- 16-2-7/1258 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Hacızadə....evindən aşkar olunmuş narkotik vasitə və elektron tərəzi...” yazısı və imzalar olan ağ rəngli polietilen bağlamadakı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 11,97 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin ağ rəngli polietilen bağlamada 01 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Qeyd: marixuananın təmiz çəkisi 11,97 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, 11,87 qram qalıq qalmışdır. (i.v. 153-155) - 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə “Namiq” adlı şəxslə bağlı əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair 06 sentyabr 2023-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 162) - 10 sentyabr 2023-cü il və 24 oktyabr 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi vasitəsi ilə 06 avqust 2023-cü il tarixdən 07 sentyabr 2023-cü il tarixədək müddətində mövcud olan zənglər və SMS siyahısına, SMS mətnlərinə, əhatə dairəsinə dair "xxxx" MMC tərəfindən göndərilmiş 23 oktyabr 2023-cü il tarixli məktub və həçmin məktuba əlavə edilmiş 01 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs adına qeydiyyatdadır. Bundan başqa iş üçün əhəmiyyətli başqa məlumat müəyyən edilməmişdir. (i.v. 166, 187) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 25 sentyabr 2023-cü il tarixli 6344 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 194-195) - 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən X4 istinad edilən cinayət əməlinin Təqsirləndirilən şəxs və ya qeyriləri ilə birgə törətməsi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, ********* nömrəli cinayət işinin materiallarından X6 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca ********* nömrəli cinayət işi ayrılmış və cinayət ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon polis idarəsinin istintaq şöbəsinə göndərilməsi məsələsinə baxılması üçün Nizami rayon prokurorluğuna göndərilmiş, X3 üzərinə keçirilən baxış zamanı ondan aşkar edilmiş 01 bükümdə 13,90 qram çəkidə olan narkotik vasitə marixuananın 0,1 qramı tədqiqata sərf edildikdən sonra qalıq qalan 13,80 qramı, onun ünvan 9 ünvanında “Azərsu”nun inzibati binasının ərazisində gizlətdiyi 01 ədəd bağlamada 4030 qram narkotik vasitə marixuananın 0,2 qramı tədqiqata sərf edildikdən sonra qalan 4029,8 qramı və 01 ədəd üzərində marixuana izləri olan elektron tərəzi həmin şəxsin barəsində olan cinayət işinə əlavə edilmişdir. (i.v. 212-221) - 31 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin tətbiqi rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, X6 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin rədd edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5,99 qram narkotik vasitə marixuananın 0,1 qramı tədqiqata sərf edildikdən sonra qalan 5,89 qramı, onun yaşadığı mənzildən aşkar edilmiş 11,97 qram narkotik vasitə marixuananın 0,1 qramı tədqiqata sərf edildikdən sonra qalan 11,87 qramı maddi sübut kimi tanınmış, məhkəmənin hökmü və ya digər yekun qərarı qanuni qüvvəyə minənədək saxlanması üçün Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon və onun yaşadığı mənzildən aşkar edilmiş 01 ədəd elektron tərəzi iş üzrə sübut əhəmiyyətinə malik olmadığından təqsirləndirilən şəxsin özünə və ya yaxın qohumlarına təhvil verilməsi qərara alınmışdır. (i.v. 226-237) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 06 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 22) - 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 143-147) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 224-225) -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 12 noyabr 2020-ci il tarixdə doğulmuşdur. (i.v. 252) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzindən verilmiş 04 avqust 2023-cü il tarixli müayinə cavabından görünür ki, X7 (təqsirləndirilən şəxsin anası) “Yumurtalıqda seroz borderline tumor” diaqnozu qoyulmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 06 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 sentyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazıra, yəni 29 dekabr 2023-cü il tarixədək ümumilikdə 03 ay 23 gün həbsdə saxlanılmışdır. Ona görə məhkəmə hesab edir ki, həmin müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış, baxış və götürmə aparılmasının videogörüntülərinin əks olunduğu 02 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. (3-16-16-2-7/1257 nömrəli rəy üzrə ekspertiza iki təqsirləndirilən şəxsə münasibətdə keçirildiyindən 78 manat ekspertiza xərcinin yarı (39 manat) hissəsi, 3-16-16-2-7/1258 nömrəli rəy üzrə tam məbləğ - 78 manat olmaqla, cəmi 117 manat). Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 06 sentyabr 2023-cü il tarixdən 29 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 23 (iyirmi üç) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 07 (yeddi) ay 16 (on altı) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri müvafiq olaraq 5,89 qram və 11,87 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış zamanı qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 117 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar