Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-67/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Cəbrayıl rayonunun Soltanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi, ev 142-də yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 1(101)-585/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib, 05 il müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3cü maddəsinə əsasən üzərində qəti olaraq 04 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 28 fevral 2022-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməklə hazırkı işlə bağlı 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda və İTS.GOV.AZ portalından sms vasitəsi ilə göndərilmiş inzibati və cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlığa məhəl qoymayaraq, özünü təcrid qaydalarını pozaraq 30 avqust 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Z.Zeynalov küçəsi döngə 4-də yerləşən nömrəsiz fərdi tikilini tərk edərək içərisində ondan başqa sərnişinlər olan nömrəsini xatırlamadığı xətt maşurutu ilə Bakı Metropoliteni QSC-nin “Qara Qarayev” stansiyasına gəlməklə müəyyən olunmuş qaydalara riayət etməyərək karantin rejimini pozub “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozaraq digər şəxsləri yoluxdura biləcəyi istisna edilmədiyi halda xəstəliyin yayılması üçün real təhlükə yaratmış və həmin gün saat 18:45 radələrində Bakı Metropoliteni QSC-nin “Qara Qarayev” stansiyasında xidmət aparan Bakı Metropolitenində Polis Şöbəsinin PPX-nin əməkdaşı tərəfindən koronavirus (Covid-19) infeksiyasına yoluxduğu halda karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığından saxlanılmışdır. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası ilə birlikdə Bakı şəhəri, Surxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsi, göndə 4-də yerləşən nömrəsiz fərdi tikilidə kirayədə yaşamışdır. 19 avqust 2021-ci il tarixdə axşam saatlarında onunla qonşuluqda yaşayan xalası oğlu Şahid2 yaşadığı evdə olmuşdur. Həmin vaxt səhhətində halsızlıq və hərarəti olmuşdur. O, “Covid-19” virusuna yoluxub-yoluxmadığını yoxlamaq üçün təcili yardıma müraciət etmişdir. Həmin gün həkim briqadası İsmayılgilin yaşadığı evə gəlmiş, ondan yaxma götürüb getmişlər. Həkimlər ondan istifadəsində olan mobil nömrəni istəmişlər, özünün mobil telefonu olmadığından o, həkim briqadasına xalası oğlu İsmayılın istifadəsində olan ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələrini vermişdir. 19 avqust 2021-ci il tarixdə onun pozitiv “Covid-19” xəstəsi olmağı ilə bağlı xalası oğlu İsmayılın mobil nömrəsinə sms gəlmişdir. İsmayıl həmin smsi “WhatsApp” proqramı vasitəsi ilə anası Gülarənin mobil telefonuna göndərmişdir. Anası smsi oxumuş və özünün də oxuması üçün telefonu ona vermişdir. Həmin smsdə göstəririlmişdir ki, onun “Covid-19” virusu ilə bağlı verdiyi testin nəticəsi pozitivdir, o və ailə üzvləri 14 gün ərzində yaşadığı evi tərk edə bilməzlər və tərk etdikləri halda barələrində İnzibati və ya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə araşdırma aparılacaqdır. Sms gələn gündən o, yaşadığı evi tərk etməmişdir. Yalnız 30 avqust 2021-ci il tarixdə saat 18 radələrində o, yaşadığı evdən çıxmış, “Koroğlu” metrostansiyasının yaxınlığında olan istirahət parkına dincəlmək üçün getmək istəmişdir. Nömrəsini dəqiq xatırlamadığı xətt maşurutu ilə “Qara Qarayev” metrostansiyasının yanına gəlmiş, həmin metrostansiyada olan zaman tibbi maskadan istifadə etmədiyi üçün polis əməkdaşı onu saxlamışdır. Ona yaxınlaşan polis əməkdaşı özünü təqdim etmiş, sonra ondan özünü təqdim etməsini tələb etmişdir. O, polis əməkdaşına özünü təqdim etmiş, polis əməkdaşı onun adını portala daxil etmiş, həmin vaxt onun pozitiv “Covid-19” xəstəsi olması məlum olmuşdur. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq çəkdiyini, gəncliyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin PPX-nin 3-cü bölüyünün 1-ci tağımının polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 30 avqust 2021-ci il tarixdə Bakı Metropoliteni QSC-nin “Qara Qarayev” stansiyasında xidmətdə olmuşdur. Həmin gün saat 18:45 radələrində sərnişin qismində stansiyaya daxil olan bir nəfər şəxsin tibbi maskadan istifadə etməməsi diqqətini cəlb etmişdir. O, həmin şəxsə yaxınlaşıb özünü təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini tələb etmişdir. Həmin şəxs ilk öncə özünü təqdim etməkdən imtina etmiş, daha sonra isə özünü ona təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini dəqiqləşdirməkdən ötrü soyad, ad və atasının adını ona təhkim olunmuş portala daxil etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs pozitiv “Covid-19” xəstəsi olduğunu görmüşdür. O, harada yaşadığını və yaşadığı evi hansı səbəbdən tərk etdiyini soruşduqda, Təqsirləndirilən şəxs yaşadığı ünvanı dəqiq deməyərək yaşadığı evi tərk etmə səbəbini də bildirməmişdir. Sonra o, aşkar etdiyi pozitiv “Covid-19” xəstəsi barədə X1 növbətçi hissəsinə telefon vasitəsi ilə şifahi olaraq məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X2 onun övladıdır, birlikdə ünvan 1 ünvanında nömrəsiz fərdi tikilidə kirayədə yaşamışlar. Kirayədə yaşadıqları evin yaxınlığında bacısı oğlu Şahid2 yaşayır. 19 avqust 2021-ci il tarixdə Nurlan xalası oğlu İsmayılın yaşadığı evdə olmuşdur. Həmin vaxt Nurlan özünü yaxşı hiss etmədiyi və hərarəti olduğu üçün təcili yardımın həkim briqadasını yaşadıqları evə çağırmışlar. Həkim briqadası Nurlandan yaxma götürmüş, Nurlan mobil telefon işlətmədiyi üçün həkimlərə İsmayılın istifadəsində olan mobil nömrəsini vermişlər. 19 avqust 2021-ci il tarixdə İsmayılın mobil telefonuna İTS.GOV.AZ saytından Nurlanın verdiyi testin pozitiv xəstə olması barədə sms gəlmişdir. İsmayıl dərhal sms barədə ona məlumat vermiş, sonra isə həmin smsi ona göndərmişdir. O, smsi oxuduqdan sonra Nurlana pozitiv “Covid-19” xəstəsi olduğunu, yaşadıqları evi tərk etməməsini demişdir. O, Nizami rayonu “8-ci km”-də yerləşən “Köhnə maşın bazarı” kimi adlanan ərazidə kafedə ofisiant işlədiyi üçün hər gün işi ilə bağlı səhər saatlarından axşam saatlarına kimi işdə olduğu üçün Nurlana yaşadıqları evi tərk etməməyini tapşırıb hər gün onunla əlaqə saxlamış, evdə olub-olmadığını yoxlamışdır. 30 avqust 2021-ci il tarixdə Nurlanın evi tərk etməsi barədə həmin vaxt məlumatı olmamış, polislər tərəfindən saxlanıldıqdan sonra bilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 iştirakının təmin edilməsi mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Surxanı rayonu, Qaraçuxur qəsəbəsində nömrəsiz fərdi tikilidə ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs onun xalası oğludur. Nurlan onunla qonşuluqda yaşayır. 18 avqust 2021-ci il tarixdə Nurlan onun yaşadığı evdə olmuşdur. Həmin vaxt Nurlanın hərarəti qalxdığı üçün o, istifadəsində olan ***-***-**-** mobil nömrəsindən 103 xidməti ilə əlaqə saxlamışdır. Həkim briqadası onların yaşadığı evə gəlmiş, Nurlandan yaxma götürmüşlər. Sonra həkimlər Nurlanın istifadəsində olan mobil nömrəni istəmişlər. Nurlanın telefonu olmadığı üçün o, öz istifadəsində olan mobil nömrəni həkimlərə vermişdir. Nurlandan yaxma götürəndən təxminən 1 gün sonra onun mobil nömrəsinə İTS.GOV.AZ saytından sms gəlmiş, həmin smsdə Nurlanın verdiyi yaxmanın nəticəsinin pozitiv olması qeyd edilmişdir. O, bu barədə Nurlanın özünə bildirmiş, yaşadığı evi karantin müddətinə tərk etməməsini demişdir. Telefonu dəyişdiyi üçün sms telefonundan silinmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 30 avqust 2021-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 30 avqust 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Şahid3 iştirakı ilə onun istifadəsində olan “Samsung” markalı mobil telefona baxış keçirilən zaman telefonun “WhatsApp” bölməsində olan çoxlu sayda sms olduğu, həmin smslərdən birinin “İTS.GOV.AZ”dan ünvanlandığı müəyyən edilmişdir. Həmin SMS 22 avqust 2021-ci il tarixdə saat 14:55-də daxil olmuşdur. Smsin məzmununda “Hormetli Təqsirləndirilən şəxs. Sizin 19.08.2021-ci il tarixinde COVİD-19 ilə bağlı verdiyiniz testin neticesi POZİTİVDİR. Xahish olunur, siz ve ailə uzvlerinizin yashayısh yerinizi terk etmeyesiniz. Karantin rejimini pozduğunuz teqdirde, Azerbaycan Respublikasının İnzibati Xetalar və Cinayet mecellelerinde nezerde tutulmush qaydada mesuliyyete celb oluna bilersiniz. İD: **********.tel: 1542” mətni əks olunmuşdur. (i.v. 13-14) -“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik hüquqi şəxsin 09 sentyabr 2021ci il tarixli PHŞ/1.1-2-2021-2773 saylı məktubundan görünür ki, xx xxxx 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdə “Covid-19” virus infeksiyasına görə götürülən testin nəticəsi pozitiv olmuş və 14 gün sonra izolyasiya müddəti bitmişdir. (i.v. 24) -Suraxanı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 14 oktyabr 2021-ci il tarixli 09-19/2429 nömrəli məktubundan görünür ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsi, döngə 4-də yerləşən nömrəsiz fərdi tikilidə yaşayan Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdə “Covid-19” diaqnozu təsdiqlənmişdir. (i.v 26) - 14 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı Metropoliteni QSC-nin “Qara Qarayev” stansiyasında qeydə alınmış videogörüntülərin olduğu bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 30 avqust 2021-ci il tarixdə Bakı Metropolitenində Polis Şöbəsinin polis əməkdaşları tərəfindən “Qara Qarayev” metrostansiyasında yoxlanılarkən pozitiv “Covid-19” xəstəsi olması aşkar olunmuşdur, Təqsirləndirilən şəxs həmin görüntüdə pozitiv “Covid-19” xəstəsi olduğunu bildiyini və 30 avqust 2021-ci il tarixdə yaşadığı evi tərk etdiyini bildirmişdir. (i.v. 30) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsinin Komisyon ekspertizalar şöbəsi tərəfindən verilmiş 21 oktyabr 2021ci il tarixli 876/KEŞ nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 19 avqust 2021ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinəsinin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. (i.v. 32-35) - 15 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, bir ədəd DVD disk maddi sübut qismində tanınmışdır. (i.v. 67-71) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5 və 4.6-cı bəndlərinə əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir: onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir; şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir; mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir; ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır; mənzili (evi) tərk etməməlidir; yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır. Həmin Qərarın 7.6-cı bəndinə əsasən karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət qanunvericiliyinə görə, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti insanların normal sağlamlığını təmin edən ictimai münasibətlərdir. Həmin cinayətin obyektiv cəhəti elan edilmiş karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması və ya onların yayılması üçün real təhlükə yaratmaqdan ibarətdir. Əməlin tövsifi üçün xəstəliyin yayılması üsulunun heç bir əhəmiyyəti yoxdur, zəruri əlamətləri kimi karantin elan olunmuş rejim zamanı xəstəliyin yayılması və ya yayılması üçün real təhlükə yaratması hərəkətlərinin mövcudluğu əsas götürülməlidir. Bu cinayətin subyektiv cəhəti təqsirkarın həm birbaşa, həm də dolayı qəsd formasında təqsirini nəzərdə tutur. Təqsirkar özündə yayılan xəstəliyin olmasını, karantin rejiminə riayət olunmasının vacibliyini, buna görə məsuliyyət daşıyacağını bilir, lakin birbaşa qəsdlə onu yaymaq istəyir və ya dolayı qəsdlə orqanizmində olan xəstəliyin yayıla biləcəyinə şüurlu surətdə yol verir. Bu zaman qeyd edilən cinayətin motivi əməlin tövsifi üçün zəruri əhəmiyyət kəsb etməsə də, xəstəliklərin qəsdən yayılması hallarına səbəb kimi intiqam almaqdan, nifrətdən və ya digər şəxsi münasibətlərin pozulmasından ibarət ola bilər. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 139-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 23 fevral 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş (təqsirləndirilən şəxs cinayətin törədildiyi və qətimkan tədbirinin seçildiyi dövrlərdə yetkinlik yaşına çatdığı halda səhvən seçilmiş) yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami rayon polis idarəsinin 02 mart 2022-ci il tarixli 087-6490-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün onun haqqında axtarış elan olunmasına dair qərar icra olunmadan məhkəməyə qaytarılmışdır. -Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2022-ci il tarixli 1(101)-585/2021 nömrəli məktubundan və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 1(101)-585/2022 nömrəli hökmü ilə (05 fevral 2021-ci il tarixdə törətdiyi cinayət əməli ilə bağlı) Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib, 05 il müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 04 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 28 fevral 2022-ci il tarixdən hesablanmışdır. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmiş və hökm qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materialları, verilmiş ittihamla müəyyən edilir ki, Təqsirləndirilən şəxs 30 avqust 2021-ci il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətməzdən əvvəl, 05 fevral 2021-ci il tarixdə törətdiyi digər cinayət əməlinə görə ayrıca istintaqı aparıılmış iş üzrə 28 fevral 2022-ci il tarixli hökmlə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qəti cəzanın təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, bu zaman yenicə yetkinlik yaşına çatdığını, işin faktiki hallarını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, törətdiyi əmələ görə barəsində Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Lakin Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, təyin olunması nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası müvafiq müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 1(101)-585/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə tutulmamışdır, barəsində axtarış elan olunaraq həbs qətimkan tədbiri seçilsə də, digər məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən həmin qərar icra olunmamışdır, ona görə məhkəmə hesab edir ki, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 1(101)-585/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olması nəzərə alınmaqla, hazırkı iş üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Bununla yanaşı məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2 və 66.5-ci maddələrinin müddəalarına uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 28 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, müstəntiqin qərarı əsasında Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X5 məhkəməyədək icraat zamanı iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, həmin müddət 18 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin qərarı əsasında isə, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi Firidun oğlu məhkəmə icraatı zamanı işdə iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, həmin müddət 63 iş saatı müddətinə bərabər tutulduğundan, yuxarıda qeyd olunan əsasla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 1(101)-585/2022 nömrəli hökmü ilə təyin edilmiş 04 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 1(101)-585/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olması nəzərə alınmaqla, hazırkı iş üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Maddi sübut qismində tanınmış bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X3 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs göstərdiyi pulsuz hüquqi yardıma görə 18 iş saatı üçün 108 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi Firidun oğlunun məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərdiyi pulsuz hüquqi yardıma görə 63 iş saatı üçün 378 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-67/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-67/2022
25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver