Məhkəmə qərarları › İş №1(007)-67/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-67/2025

28.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-67/2025 28.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs3, müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1997-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixdə saat 16:40 radələrində, "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən 3 saylı filialının 2 saylı Poçt şöbəsində müştəri qismində olarkən poçt şöbəsinin müdiri Zərərçəkmiş şəxs2 xidməti otağında namaz qılmasına sonuncunun razılıq verməməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini poçtda olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, ictimai yer olan həmin poçt şöbəsində digər müştərilərin narahatçılığına səbəb olmaqla poçtun normal iş rejimini pozaraq poçt şöbəsinin müdiri Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun yaxasından tutub üzərində zor tətbiq etməklə hədələmiş, həmin vaxt poçt şöbəsindəə müştəri qismində olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslər onu sakitləşdirərək küçəyə çıxarmalarına baxmayaraq, 2-3 dəqiqədən sonra o, öz qərəzli hərəkətlərini davam etdirib, yenidən həmin poçt şöbəsinə daxil olaraq bir qədər əvvəl qanunsuz hərəkətlərinin qarşısını alıb onu sakitləşdirən Zərərçəkmiş şəxs3 ünvanına nalayiq ifadələr işlədərək üzərində zor tətbiq etməklə hədələmiş, bu zaman poçt şöbəsində olan müştəri Zərərçəkmiş şəxs1 ona yaxınlaşıb qolundan tutmaqla sakitləşdirərək onun tərəfindən ictimai qaydanın pozulmasının qarşısını alarkən sonuncuya müqavimət göstərməklə zor tətbiq edib qəsdən yumruqla Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən vuraraq, yerə yıxmaqla sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid baş beyin silkələnməsi, sol alın və sağ yanaq nahiyələrinin şişkinlik halında əzilmələri, alt dodağın selikli qişasının qansızması və əzilmiş yarası, boynun ön səthinin aşağı nahiyəsinin və sağ əlin İİİ barmağının arxa səthinin sıyrıqlarından ibarət xəsarətlər yetirərək qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, poçta pul götürmək üçün müştəri kimi daxil olmuşdur. Namazın vaxtı çatdığından işçilərdən xahiş etmişdir ki, namaz qılmağa yer varsa, desinlər. İşçilər müdirdən soruşanda o, qışqır-bağır salmışdır. Poçt müdiri həm əməkdaşına, həm də ona qışqırmışdır. O, müdirə ona qışqırmağına görə iradını bildirmişdir. Müdir ona demişdir ki, “sən kimsən”. Bundan sonra müdir onun yaxasından yapışmış, o da onun yaxasından yapışmışdır. Bu zaman Kamran onları aralamağa çalışmış, onun qolundan sərt tutmuşdur. Arxada Vüsal onları telefonla çəkmişdir. O, poçtdan çıxmış, çöldə ona demişlər ki, Vüsal onu telefonla çəkmişdir. Yenidən pocta qayıdıb Vüsala görüntünü silməsini demişdir. Vüsal üç dəfə fərqli cavab vermişdir. Əvvəl demişdir ki, silmişdir, sonra demişdir ki, onu çəkməmişdir, sonra demişdir ki, “nə istəyirsən”. O, təmkinlə hərəkət etmişdir. Kamran onu aralamağa çalışmışdır. Vüsal onu iki dəfə təpiklə vurmuş, bu zaman o qəzəblənmişdir. Daha sonra özünü qorumaq üçün Kamrana yumruq vurmuşdur. Ona zərbə vurulacağını gördükdə oradan uzaqlaşmışdır. İki gün sonra Bakı şəhəri Nizami RPİnin 25-ci PŞ-nə çağırılmış və izahat yazmışdır. İzahatı oxumamış ona imzalatmışlar. Ona demişlər ki, “oxuma bu sənin xeyrinədir”. O, ekspertizaya getməmişdir. İş materialları ilə tanış olanda izahatının fərqli yazıldığını görmüşdür. Zərərçəkmiş şəxslərlə barışmışdır, onların heç bir şikayətləri yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 13 dekabr 2024-cü il tarixdə saat 16:30 radələrində onun adına xarici dövlətdən gələn pulu götürmək üçün "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən 3 saylı filialının 2 saylı Poçt şöbəsinə getmişdir. Həmin vaxt o, Poçt şöbəsindəə şəxsiyyət vəsiqəsini orada olan əməliyyatçı qadına təqdim etmiş və adına pulun göndərildiyini bildirərək, sənədləşməni gözləməyə başlamışdır. Belə ki, o, ibadət etmiş və həmin zaman namaz vaxtı olduğu üçün əməliyyatçı qadına poçtda namaz qılmağa şəraitin yaradılmasını istəmişdir. Bu zaman həmin qadın Poçt şöbəsinin müdirinin otağına keçmiş və onun istəyini bildirmiş, müdir isə icazə verməmişdir. Buna görə də o, əsəbiləşmiş və icazə verilməməsinə narazılığını bildirməyə başlamış, qadın isə öz işini davam etmiş və reaksiya verməmişdir. Həmin vaxt müdir öz otağından çıxmış və işçisinin yanına keçmiş, o da müdirə narazılığını bildirmiş, müdir də poçtun strateji yer olduğunu, otağında kassa və kamera olduğunu, onu otağa buraxa bilməyəcəyini, ora namaz qılmaq yeri olmadığını demiş, ona irad tutmuşdur. O, bundan daha da əsəbiləşib müdirin ünvanına nalayiq ifadələr işlətmiş, əsəbiləşib vurmaq istəmiş, üstünə hücum çəkmiş, müdirin yaxasından tutmuş, döyməklə hədələmişdir. Bu zaman orada olan müştərilər, eləcə də adını sonradan bildiyi Kamran və dostu Vüsal adlı şəxslər onu sakitləşdirməyə başlamış, ona iradlarını bildirmişlər, özünü namaz qılan kimi aparmasını xahiş etmişlər. Həmin vaxt Vüsal ona o istəsə, öz avtomobili ilə istədiyi məscidə apara biləcəyini demiş, o isə imtina etmiş, namazın vaxtı keçdiyi üçün müdirin otağında namaz qılmaq istədiyini bildirmişdir. Daha sonra onun adına gələn pulun sənədləşməsi bitmiş və o pulu təhvil alıb küçəyə çıxmışdır. Həmin vaxt birdən yadına onun müdirlə mübahisə edən zaman onu sakitləşdirən Vüsal adlı şəxsin onu telefonu ilə çəkdiyi düşmüşdir. Buna görə də o əsəbiləşmiş və dərhal poçta qayıdıb Vüsaldan görüntüləri silməsini tələb etmişdir. Həmin vaxt aralarında mübahisə düşmüş və Vüsalı məsələni araşdırmaq üçün küçəyə dəvət etmiş, lakin Vüsal getmək istəməmiş, videonu sildiyini demişdir. Buna görə də o, Vüsalın əlini dartıb çağırmış, əsəbiləşib nalayiq ifadələrlə söymüş, Kamran da ona iradını bildirmiş, “müdirlə bitirdin indi bizimlə başladın, sənin istədiyin namaz qılmaq olduğu halda bizimlə niyə mübahisə edirsən?” soruşub gedib namazını qılmağını bildirmişdir. O isə Vüsalın qolundan tutub bir daha küçəyə dəvət etmiş və qolundan dartmışdır. Həmin vaxt Vüsal onu özündən itələmiş, əl çəkməyini tələb etmiş, o da Vüsalı döyməklə hədələmişdir. Orada olanlar da ona öz iradını bildirmiş, çıxıb getməyini tələb etmişlər. Həmin vaxt Kamran da onu sakitləşdirmək istəyəndə o əsəbiləşib qəflətən bir dəfə Kamranın çənəsindən yumruqla vurmuş, Kamran da yerə yıxılmışdır. Bu zaman o, Kamranın yanına düşmüş papağını əyilib götürmək istəyərkən Vüsal onu ayağı ilə kənara itələmişdir. Daha sonra Kamran ayağa qalxmış, çətinliklə ayaq üstə dayanmış, o Kamranı yenə də yumruqla vurmaq istəyəndə Kamran üstünə gəlmiş və papağını götürüb oradan qaçıb getmişdir. Həmin dava-dalaş əvvəl ən azı 5 dəqiqə çəkmiş, o çıxıb yenidən qayıtdan sonra isə baş vermiş dava-dalaş ən azı 10 dəqiqə davam etmiş, orada təxminən 10 nəfər olmuş, onlardan heç kimi tanımamışdır. Həmçinin dava-dalaş zamanı onu poçt müdiri, Kamran, Vüsal və ya hər hansı digər şəxs vurmamış və xəsarət yetirməmiş, səhvini başa düşmüş, bütün günahlar onda olmuş, əməlindən peşmandır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, uzun müddət keçdiyindən yaddan çıxan məqamlar ola bilər, istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 13 dekabr 2024-cü il tarixdə, saat 16:40 radələrində o, şəxsi işləri ilə əlaqədar teleqram göndərmək məqsədi ilə "xxxx"un Nizami rayonu, Şirin Mirzəyev küçəsi 64 ünvanında yerləşən 3 saylı poçt filialına getmişdir. Həmin vaxt hüquqi yardım göstərdiyi Zərərçəkmiş şəxs3 da poçta gəlmişdir. Onlar orada işlərini görərkən Coşqun poçtun işçisindən müdirin otağında namaz qılmağa yer istədiyini bildirmişdir. Bu zaman orada işləyən xanım, Coşquna ora buraxa bilməyəcəyini demiş və müdirdən icazə almalı olduğunu demişdir. Buna görə də həmin xanım müdirin otağına getmiş və müdirə Coşqunun istəyini bildirmişdir. Həmin vaxt müdir narazı formada işçiyə cavab vermiş və işçi həmin otaqdan çıxmış, Coşquna icazə olmadığını demiş, həm də müdirin cavabını onlar da artıq eşitmişlər. Bu zaman Coşqun poçtun işçisinə icazə verilməməsinə narazılığını bildirməyə başlamış, qadın isə öz işinə davam etmiş və reaksiya verməmişdir. Həmin vaxt müdir öz otağından çıxmış və işçisinin yanına keçmiş, Coşqun da daha aqressiv olmuş, müdirə narazılığını bildirmiş, müdir də poçtun strateji yer olduğunu, otağında kassa yerləşdiyini, kamera olduğunu, otağa buraxa bilməyəcəyini, poçtun namaz qılmaq yeri olmadığını bildirmişdir. Bu zaman Coşqun nalayiq ifadələr işlətməyə başlamış, müdiri təhqir etmiş, müdir də Coşquna cavab verəndə Coşqun müdirin üstünə hücum çəkmiş, müdirin yaxasından tutmuş, müdir də Coşqunun yaxasından tutmuş, Vüsal telefon vasitəsi ilə Coşqunun videosunu çəkmişdir. O və orada olan müştərilər Coşqunu ayırmış, o Coşquna iradını bildirmiş, özünü namaz qılan kimi aparmasını xahiş etmişdir. Həmin vaxt Coşqun bir qədər sakitləşmiş, Vüsal Coşquna istəsə, öz avtomobili ilə istədiyi məscidə apara biləcəyini demiş, Coşqun isə imtina etmiş, Coşqun məhz müdirin otağında namaz qılmaq istədiyini bildirmişdir. Bu zaman onunla Vüsal öz işlərini davam etdirmişlər, Vüsal ərizələri imzalamış, Coşqun da deyinə-deyinə öz işini bitirmiş və poçtdan çıxıb getmişdir. Təxminən 3-4 dəqiqə sonra Coşqun yenidən poçta qayıtmış və Vüsala yaxınlaşaraq, “sən məni bayaq niyə çəkdin?” deyərək müraciət etmiş, Vüsal isə çəkmədiyini demiş, sonra isə videoya Coşqunu yox, özünün yanındakı dostunu, yəni onu çəkdiyini, videonu da sonradan sildiyini demişdir. Həmin vaxt Coşqun “dostun da məni müdirdən ayırırdı və deməli məni də çəkmisən, mən də videogörüntüyə düşmüşəm” deyərək cavab vermişdir. Həmin vaxt Coşqun Vüsalın əlindən tutub dartaraq çölə dəvət etmiş, lakin Vüsal getmək istəməmiş, videonu sildiyini demişdir. Buna baxmayaraq Coşqun Vüsalın əlindən möhkəm dartıb çağırmış, o da Coşquna iradını bildirmiş, “müdirlə bitirdin indi bizimlə başladığını, sənin istədiyin namaz qılmaq olduğu halda bizimlə niyə mübahisə edirsən” deyərək soruşmuş, gedib namazını qılmağını bildirmişdir. Bun baxmayaraq Coşqun bir daha Vüsalın qolundan bərk yapışıb “sənə demirəm gəl çölə” deyib qolundan dartmışdır. Həmin vaxt Vüsal əlindəki qələmi yerə atıb Coşqunu necəsə vurmuş və özündən aralaşdırmış, Coşqun dava-dalaşı davam etmiş, o Vüsalı kənarlaşdırmağa başlamış, orada olan digər şəxslər də Coşqunu kənarlaşdırmışlar. O Vüsalı fiziki olaraq saxlaya bilmədiyi üçün Coşquna tərəf getmiş və sol əli ilə sağ əlini tutmuşdur ki, Vüsalı vura bilməsin, Coşqunu sakitləşdirərək hərəkətlərinə son qoymasını bildirmişdir. Həmin vaxt Coşqun bir daha Vüsalı dava üçün çölə çağırmış, onlar artıq qapı tərəfdə olmuş, o başını çevirib Vüsala sakitləşməsini deyəndə Coşqun qəfil bir dəfə onun çənəsinin altından yumruqla vurmuş, o da huşunu itirərək, yerə yıxılmışdır. Qısa müddətdən sonra o güclə qismən özünə gəlmiş, ayağa qalxmış və üzündə qan olduğunu görmüşdir. Həmin zaman Coşqunu görmüş və üstünə getmiş, Coşqun isə bir daha yumruqla vurmaq istəmiş, o da özünü qorumuşdur. Həmin vaxt gözləri tam görməmiş, o da Coşqunu yumruqla vurmaq istəmiş lakin yumruq dəyməmiş və Coşqun oradan qaçıb getmişdir. Daha sonra o, 102 xidmətinə zəng vurub şikayət etmişdir. Belə ki, Coşqunun hərəkətləri nəticəsində poçtun iş rejimi pozulmuş, hamı həyəcan içində olmuş, orada gözləyən müştərilər çıxıb getmişlər. Həmin dava-dalaş əvvəl 5-6 dəqiqə çəkmiş, Coşqun çıxıb 3 dəqiqədən sonra yenidən qayıtdıqdan sonra isə baş vermiş dava-dalaş ən azı 7-8 dəqiqə davam etmiş, poçtda təxminən 10 nəfər müştəri olmuş, müştərilərdən heç kimi tanımamışdır. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında barışıq olmuşdur. Ona dəymiş ziyan könüllü olaraq qismən ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu cinayət işi ilə bağlı gələcəkdə də olmayacaqdır, mülki iddiadan imtina edir, 2700 manat maddi ziyanı qəbul etmişdir. Odur ki, ərizəsinin nəzərə alınaraq təqsirləndirilən şəxsin cəzadan azad olunmasını xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Kamran ondan öncə poçta daxil olmuşdur, mübahisə olduğunu görüb o da daxil olmuşdur. Coşqun müdirə demişdir ki, namaz qılmaq üçün otaqdan istifadə etsin. Müdir də çıxıb Coşquna demişdir ki, orada dövlət əhəmiyyətli sənədlər var, namaz qılmaq yeri deyil. Coşqun ona nalayiq ifadələr işlətmiş və demişdir ki, sən kafirsən. Coşqun nə dedisə müdir əsəbiləşib qayıtdı, müdirlə Coşqun əlbəyaxa oldular. Kamran onları ayırmağa çalışmışdır. O, onları 9 saniyə çəkmişdir. Coşqun gəlib yanında dayananda ona demişdir ki, “əsəbiləşmə, istəyirsən gedək səni aparım məsciddə namazını qıl.” Coşqun lazım olmadığını demiş, pulunu götürüb poçtdan çölə çıxmışdır. Sonra Coşqun qayıdıb poçta gəlmiş və ondan videonu silməyini istəmişdir. Coşqun ona demişdir ki, “sən kimsən ki, mənim videomu çəkirsən” O isə demişdir ki, dostu Kamranın videosunu çəkmiş, sonra onu da silmişdir. Coşqun onun qoluna girib demişdir ki, “gəl gedək çöldə danışaq” O, Coşqunu itələmiş, o da stola dəymişdir. Bu zaman Coşqun Kamranın ağzından vurmuş, Kamran yerə yıxılmışdır. Coşqun yenidən vurmağa cəhd etmiş, sonra isə yerdən papağını götürüb qaçmışdır. O, Kamranı xəstəxanaya aparmışdır. Telefonla çəkməkdə məqsədi Kamranı çəkmək olmuşdur, lakin videoda Coşqun da düşmüşdür. Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, görüntülərin olduğu otağa onun daxil olmaq səlahiyyəti yoxdur. 3 saylı poçt filialının rəisi Mircavid Hüseynova məlumat yazmış, akt tərtib eləmişdir. Məlumat vermişdir ki, belə bir hadisə olmuşdur. Orada Coşqun adlı şəxs qadınların yanında “sən kafirsən, içində şeytan oturubdur” kimi nalayiq ifadələr işlətmişdir. Orada ictimaiyyət müdaxilə etmiş və ayrılmışlar. Coşqun onun yaxasından tutmamışdır, o da onun yaxasından tutmamışdır. İctimaiyyətin nümayəndələri Kamran müəllim də orada iştirak edənlərdə biri olmuşdur. Onunla Coşqun arasında hadisə sakitləşmişdir. Özünü yaxşı hiss etməmiş, üzünə su vurmuş, siqaret çəkmişdir. Geri qayıdanda artıq bu hadisə baş vermişdir. Hadisə baş verən ərəfədə o da orada olsaydı, hadisənin qarşısını almaqda müəyyən tədbirlər görərdi. Coşqunla aralarında tutuşma olmamışdır. İşçi gəlib deyib ki, bir nəfər var, namaz qılmaq istəyir. O da demişdir ki, onların paltar dəyişdirdikləri otaqda mümkünsə, qılsın. Çünki həmin gün sulu qar yağdığından bütün əməliyyat zalı su olmuşdur. O, ictimaiyyətdə bir şey olanda reaksiya verən adamdır. Araladılar çıxıb getdi, ara sakitləşdi. Sonra o, çölə çıxmış, qayıdıb gələndə bilmişdir ki, Kamranla Coşqun dalaşmışlar. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxs şəxs Zərərçəkmiş şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs2 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdən başlayaraq "xxxx"un Nizami rayonu, Şirin Mirzəyev küçəsi 64 ünvanında yerləşən 3 saylı poçt filialının 2 saylı poşt şöbəsinin müdiri vəzifəsində işləmişdir. 13 dekabr 2024-cü il tarixdə günortadan sonrakı saatlarında o işdə olan zaman poçtun əməliyyatçısı Şahid2 zalda olan kabinetinin qapısını açmış və müştərilərdən birinin otağında namaz qılmaq istədiyi bildirmiş, o isə icazə verməmiş və paltarların dəyişmə otağında namaz qıla biləcəyini demişdir. Kəmalə isə orada şəxsi əşyalarının olduğunu və bu səbəbdən də orada da namaz qılmağın mümkün olmadığını bildirmişdir. Həmin vaxt o kabinetində baş xəzinəyə təhvil veriləcək artıq pul məbləğini hazırlamış, nominallar üzrə çeşidləmişdir. Daha sonra o işini bitirib pulu təhvil verməyə kabinetindən çıxmış, qayıdanda isə ümumi zalda olan saqqallı bir cavan oğlan, adını sonradan bildiyi Coşqun adlı şəxs onu barmağı ilə çağıraraq ”sən bura gəl ə” demişdir. Həmin vaxt o Coşquna yaxınlaşmış, poçtun strateji yer olduğunu, otağında kassa yerləşdiyini, kamera olduğunu, otağa buraxa bilməyəcəyini, poçtun namaz qılmaq yeri olmadığını demiş, Coşqun isə kabinetində namaz qılmağa icazə vermədiyi üçün onu uca səslə nalayiq sözlərlə söymüş, üstünə hücum çəkib vuracağı ilə hədələmiş, lakin vurmamış, o da Coşquna baş qoşmamışdır. Həmin vaxt orada olan müştərilər, eləcə də adını orada öyrəndiyi Kamran və onun dostu Vüsal adlı şəxs Coşqunu sakitləşdirməyə çalışmış, lakin Coşqun öz əməllərini davam etdirmişdir. Həmin vaxt o Coşqunun hərəkətlərindən çox pis olmuş, təzyiqi qalxmış, orda olan müştərilər Coşqunu küçəyə çıxartmış, o da əl-üzünü yumaq üçün sanitar qovşağa qayıtmışdır. Sonradan o zala qayıdanda ona, Coşqunun poçtdan çıxardılandan təxminən 3-4 dəqiqə sonra yenidən poçta qayıtması və Vüsala yaxınlaşaraq, “sən məni bayaq niyə çəkdin?” deyərək müraciət etməsi, Vüsalın isə çəkmədiyini cavab verməsi, sonra isə videoya Coşqunu yox, özünün yanındakı dostunu, yəni Kamranı çəkdiyini, videonu da sonradan sildiyini deməsi, daha sonra Coşqunun Vüsal ilə mübahisə etməyə başlaması, Kamran da Coşqunu sakitləşdirmək istəyən zaman qəflətən bir yumruq zərbəsi ilə Kamranın üzündən vuraraq yerə yıxması məlum olmuşdur. O zala qayıtdıqda Kamranı görmüş, Coşqunu isə görməmişdir. Belə ki, dava-dalaş əvvəl ən azı 5-6 dəqiqə çəkmiş, həmin vaxt orada təxminən 8 nəfər müştəri olmuş, onlardan heç kimi tanımamışdır. Mübahisə zamanı nə o Coqşunu, nə də ki, Coşqun onu vurmamış, həmçinin Kamran, Vüsal və ya hər hansı digər müştəri Coşqunu vurmamışlar. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi və Zərərçəkmiş şəxs3ı əvvəllər tanımamışdır, Zərərçəkmiş şəxs2 onların rəisi olub, Zərərçəkmiş şəxs1ı poçtdan həmişə məktub göndərdiyindən tanımışdır. Hadisə tam yadında qalmamışdır. X2 verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verəndə o, öz işini icra etmişdir. Hadisə poçtun içində idi deyəsən, içəridən səslər gəlirdi. Hadisə baş verdiyi yer onun iş icra etdiyi yerə yaxın idi. Kimin kimi vurduğunu və ya söydüyünü həmin vaxt görməmişdir. O, sonradan bilmişdir ki, kimsə namaz qılmaq istəyib deyə mübahisə yaranıb. Ona hadisəni sonradan iş yoldaşları danışmışdır. O, adını sonradan bildiyi Coşqunu hadisə baş verəndən sonra görmüşdür. Müstəntiqə nə dediyini xatırlamır. O, hadisəni tam olaraq qızlar danışandan sonra bilmişdir. Tam olaraq hadisəni görməmiş, həmin anda o, abonent yola salmışdır. Coşqun onun yanına gəlməmiş, kimin yanına gəlmişdirsə suallar ona verilsin. Yəqin o vaxt elə ifadə vermişdir ki, ittiham aktına da o formada yazılmışdır. Əsas icraçı, hər şeyə şahid olan Kəmalədir. O, həmin an şöbədə olmuşdur. O, Kəmalənin sözünə əsasən istintaqda o formada ifadə vermişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş X2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, "xxxx" MMC-nin ünvan 4 ünvanında yerləşən 2 saylı poçt şöbəsində əməliyyatçı işləmişdir. 13 dekabr 2024-cü il tarixdə günortadan sonrakı saatlarda o işdə olan zaman iş yoldaşı Kəmalə bir nəfər saqqallı cavan oğlana, adını sonradan bildiyi, əvvəllər tanımadığı Coşqun adlı şəxsə xaricdən gələn pulu ödəməklə məşğul olmuşdur. Həmin vaxt Coşqun poçt şöbəsinin müdirinin xidməti otağında namaz qılmaq istədiyini demiş, Kəmalə isə ona poçtun namaz qılmaq yeri olmadığını demiş və bu barədə müdir Çingiz müəllimə bildirmiş, müdir isə öz otağında icazə verməmiş, paltarların dəyişmə otağında namaz qıla biləcəyini demiş, Kəmalə də paltarların dəyişmə otağında namaz qılmağa etiraz etmiş, çünki orada bütün iş yoldaşlarının paltarları olmuşdur. Buna görə də Kəmalə Coşquna müdirin icazə vermədiyini demiş, Coşqun da ucadan narazılıq etməyə başlamışdır. Həmin səs-küyə müdir otağından çıxmış, Coşqun da barmağı ilə müdiri öz yanına çağırmış, müdiri nalayiq sözlərlə təhqir etmiş və üstünə hücum edərək vuracağı ilə hədələmişdir. Poçtun müdiri poçtun strateji yer olduğunu, otağında kassa və kamera olduğunu, Coşqunu otağa buraxa bilməyəcəyini, poçtun namaz qılmaq yeri olmadığını demişdir. Həmin vaxt orada olan müştərilər, həmçinin adını sonradan bildiyi özünü hüquqşünas kimi təqdim edən Kamran və birlikdə gələn Vüsal adlı şəxslər də Coşquna iradını bildirmiş, özünü namaz qılan kimi aparmasını xahiş etmişlər. Həmin vaxt Coşqun poçtdan çıxıb getmişdir. Bunun üstündən təxminən 2-3 dəqiqə sonra Coşqun yenidən poçta qayıtmış və Vüsala yaxınlaşaraq, “sən məni bayaq niyə çəkdin?” deyərək müraciət etmiş, Vüsal isə çəkmədiyini cavab vermiş, Coşqun Vüsalla mübahisə etməyə başlamış, orada olan müştərilər yenə də Coşquna iradını bildirmiş, əl çəkməsini tələb etmişlər. Həmin vaxt Coşqunu ayıran Vüsal videoya Coşqunu yox, yanındakı dostunu çəkdiyini, videonu da sonradan sildiyini demişdir. Orada olan müştərilər Coşqunu sakitləşdirmək istəsə də Coşqun öz əməllərini davam etmiş, Kamran da Coşqunu sakitləşdirəndə Coşqun qəfil Kamranı bir dəfə yumruqla vurmuş, Kamran da yerə yıxılmışdır. Daha sonra Coşqun poçtdan qaçıb getmişdir. Belə ki, Coşqunun hərəkətləri nəticəsində poçtun iş rejimi pozulmuş, normal işləyə bilməmiş, hamı həyəcan içində olmuşdur. Həmin dava-dalaş əvvəl ən azı 5-6 dəqiqə çəkmiş, Coşqun çıxıb 3 dəqiqədən sonra yenidən qayıtdıqdan sonra isə baş vermiş dava-dalaş ən azı 7-8 dəqiqə davam etmişdir. Hadisə zananı poçtda təxminən 10 nəfər müştəri olmuş, onlardan heç kimi tanımamışdır. Dava-dalaş zamanı Coşqun poçt müdirini və ya poçt müdiri Coşqunu vurmamış, həmçinin Kamran və Vüsal adlı şəxslər də Coşqunu vurmamışlar. İş üzrə Şahid1 məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə Şahid2 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahidlər Şahid1 və Şahid2 istintaqda şahid X1 istintaqda verdiyi ifadəsi ilə oxşar məzmunda ifadə vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs2, Şahid2 və N. Zülfüqarova tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, akt ondan ötrü tərtib olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə 2 saylı poçt şöbəsində saat 16:30-da özünü müştəri kimi təqdim edən tanımadıqları şəxs strateji yer hesab edilən, “kənar şəxslərin girişi qadağandır” lövhəsi olan iş otağında namaz qılmaq istəmiş və burada olmaz deyildiyinə görə şöbədə nalayiq ifadələr və söyüş söyərək insident yaratmışdır. Müştərilər vətəndaş mövqeyi sərgiləyərək onu sakitləşdirmişlər. Sonradan bir nəfər müştərinin üz nahiyəsinə vuraraq getmişdir. Bu hadisə ilə əlaqədar polislər gəlmiş, xəsarət alan müştəri ilə getmişlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 1212 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi, sol alın və sağ yanaq nahiyələrinin şişkinlik halında əzilmələri, alt dodağın selikli qişasının qansızması və əzilmiş yarası, boynun ön səthinin aşağı nahiyəsinin və sağ əlin İİİ barmağının arxa səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə poulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin xüsusiyyətlərinə və lokalizasiyasına istinad edərək qeyd etmək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə əmələ gəlməsi mümkündür. Lakin, bu xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:00-da tutulmuşdur. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rafail Tağıyevin vəsatəti təmin edilməmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. - elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il təvəllüdlü və xx.xx.2025-ci il təvəllüdlü iki övladı vardır. - Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 206 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 №li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Zərərçəkmiş şəxs2 və şahid X1 məhkəmə baxışında verdikləri ifadələri təqsirləndirilən şəxsi müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadələrində göstərdikləri xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin şikayətinin və tələbinin olmamasını, himayəsində iki azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü islah işlərinin dörd gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək mülki iddiadan imtina etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 mülki iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumunu ödəmədiyindən mülki iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmalıdır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, dövlət hesabına təyin edilmiş vəkilin məhkəmədə iştirak etdiyi müddət 8 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 48 (qırx səkkiz) manat (8x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X5 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi müqavilə əsasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü islah işlərinin dörd gününə hesablayaraq üzərində 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi geri qaytarılsın. Təqsirləndirilən şəxs 8 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X5 48 (qırx səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar