Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-68/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Yusifov (Tanrıverdiyev) Rəhman Əliabbas oğlunun, onun müdafiəçisi-Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1961-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, xx xxxxxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Yusifov (Tanrıverdiyev) Rəhman Əliabbas oğlunun Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yusifov (Tanrıverdiyev) Rəhman Əliabbas oğlu ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, zərərçəkmiş şəxsin üzərində zor tətbiq etməklə müşayiət edilən qərəzli hərəkətlər, xuliqanlıq etmişdir. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 11:20 radələrində arvadı X1 əvvəllər vəkili olmuş, “Verdiktum” Vəkil bürosunun vəkili Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən Nizami Rayon Məhkəməsində olmasını bilib, sonuncu ilə məhkəmənin inzibati binasının həyətində görüşərək, Zərərçəkmiş şəxs guya arvadı Zənifə Tanrıverdiyev ilə aralarında qeyri-rəsmi intim münasibətinin olmasını bəhanə edib, ictimai yer olan məhkəmənin həyətyanı sahəsində Zərərçəkmiş şəxs ilə mübahisə etməklə heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla yüksək səslə nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək yumruq və başı ilə sonuncunun sifət nahiyəsinə, ayağı ilə isə ayaq nahiyəsinə zərbələr endirərək Zərərçəkmiş şəxs alt dodağın selikli qişasının sağ yarısının kiçikölçülü qansızması, sağ baldırın ön-iç səthinin hematoması və sıyrığı, sağ baldırın ön-iç səthinin sıyrığı ilə nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Yusifov (Tanrıverdiyev) Rəhman Əliabbas oğlu Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Yusifov (Tanrıverdiyev) Rəhman Əliabbas oğlu ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X2 ilə nikahları 2007-ci il tarixdə rəsmi qeydə alınmışdır, birgə nikahlarından övladları olmamışdır. Hər bir ailədə olduğu kimi Zənifə ilə aralarında xırda narazılıqlar olsa da, ciddi narazılıq və problemləri olmamışdır. 2019-cu ilin aprel ayının 2 və ya 3-də Zənifə ilə telefon vasitəsi ilə əlaqə saxlamış, Zənifə ona işdən çıxdığını və evə gələcəyini desə də, aradan 30-40 dəqiqə keçsə də, evə gəlmədiyindən o, Zənifənin işlədiyi Qara Qarayev adına uşaq xəstəxanasına getmişdir. O, orada Zənifə ilə rastlaşmış, nə üçün onu aldatdığını dedikdə, Zənifə işə yoxlayıcıların gəldiyini, ona görə evə gələ bilmədiyini demişdir. Zənifəyə ona zəng edib əvvəlcədən məlumatlandırmadığına görə iradını bildirmişdir. Həmin gündən sonra onun Zənifə ilə arasında olan münasibətlər pozulmuş və əsəbləşib nikahın ləğv olunması ilə bağlı Qeydiyyat şöbəsinə müraciət etmişdir. Sonradan o, boşanmaq fikrindən yayınmış və Zənifə ilə barışmaq istəmişdir. Lakin həmin müddətdə artıq müraciəti əsasında o və Zənifə 5 saylı “Asan” xidmətə psixoloqun yanına dəvət edilmişlər. 2019-cu ilin aprel ayının əvvəllərində 5 saylı “Asan” xidmətə gedib psixoloqla ilk olaraq o, görüşüb söhbət etmişdir. Sonra isə Zənifə dəvət olunmuşdur. Zənifə psixoloqun yanına gedəndə özü ilə vəkili kimi təqdim etdiyi, onun əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyinin olmadığı, sonradan adını bildiyi Faiq adlı şəxslə gəlmişdir. O, vəkil Faiqin Zənifə ilə söhbətindən və hərəkətlərindən hiss etmişdir ki, onların kişi və qadın kimi çox yaxın münasibətləri olmuşdur. Belə ki, Faiq Zənifəyə müraciət edərkən ona “xanım” deyə yox, Zənifə deyib çağırmış və onunla çox mehriban münasibətdə olmuşdur. O, hiss etmişdir ki, Zənifə onunla boşanmaq fikri olmasa da, vəkil Faiq nə olursa-olsun Zənifəni onunla boşandırmağa çalışmışdır. Buna görə də o, əsəbləşib Faiqə iradını bildirmişdir. Faiq isə ona “Zənifə bilər, mən bilərəm” demiş, bu, onu əsəbləşdirmiş və bu şəbədən də aralarında mübahisə yaranmış, o Faiqi əli ilə itələmişdir. Orada olan, adını bilmədiyi mühafizə xidmətinin əməkdaşı onu sakitəşdirmişdir. Bundan sonra Zənifənin ona qarşı olan münasibətlərinin soyuqlaşmasını hiss etmiş və Zənifənin hərəkətlərindən onun Faiqlə yaxın əlaqədə olmasından şübhələnmişdir. Buna görə də Faiqin telefon nömrəsini Zənifənin telefonundan götürüb onunla dəfələrlə əlaqə saxlayıb ailəsini dağıtmağa çalışdığına, yəni Zənifə ilə onu boşandırmağa çalışdığına və “Asan” xidmət mərkəzində olarkən ona “Zənifə bilər, mən bilərəm” sözünü deməsinə görə iradını bildirmiş, bir dəfə də Faiqin işlədiyi Vəkil Bürosuna gedib onunla mübahisə etmişdir. Zənifə son zamanlar yaşadığı evə gəlməmiş, Zənifənin ona məlum olmayan ünvanlarda gecələməsi də onda şübhə yaratmışdır. Faiqin onun ailəsinə müdaxilə etdiyinə görə ona qarşı kin-küdürəti yaranmış və o, Faiqə arvadı Zənifə ilə telefon danışıqlarının olduğunu bildiyini, həmin danışıqları ona göstərməsini xahiş etmişdir. Lakin Faiq onunla görüşlərdən yayınmışdır. xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində Faiqlə telefon vasitəsi ilə danışıb onun Bakı şəhəri Nizami Rayon Məhkəməsində olacağını bilib məhkəməyə gəlmiş, məhkəmənin inzibati binasının qarşısında saat 10-11 radələrində görüşüb arvadının ondan boşanmasına səbəbkar olduğuna görə iradını bildirmişdir. Faiq ona Zənifə ilə aralarında olan danışıqları göstərməyib, onunla kobud danışdığı üçün aralarında mübahisə yaranmış və Faiq DİN-nin 102 xidmətinə zəng edib polis dəvət etmişdir. Polis əməkdaşları gəlib onları 25-ci Polis Şöbəsinə aparmışlar. O, açıq ürək əməliyyatı keçirmişdir, şəkər xəstəliyi də vardır, Faiqə qarşı fiziki zor tətbiq etməmiş, ona xəsarət yetirməmiş, habelə zəng edib ona hədə-qorxu gəlməmişdir. Faiqlə aralarında yaranmış narazılıq, mübahisələr şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, Faiq onun ailə işinə müdaxilə edib, Zənifə ilə onun boşanmağına səbəbkardır. Xuliqanlıq əməlini törətmədiyinə görə barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Zənifə Tanrıverdiyevə ilə qardaşı SənanTanrıverdiyevin vasitəsi ilə 2019-cu ilin aprel ayında tanış olmuşdur. Sənan bacısı Zənifə ilə birlikdə onun işlədiyi ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Verdiktum” Vəkil Bürosuna gəlmiş, Zənifənin əri Rəhmanla son zamanlar aralarında narazılıqların olduğunu, onun Rəhman tərəfindən döyüldüyünü, bu səbəbdən də Zənifənin Rəhmanla nikahını ləğv etdirmək istədiyini demiş, vəkil kimi ondan, Zənifənin hüquqlarını müdafiə etməyini xahiş etmişdir. O, Zənifə ilə şifahi olaraq söhbət etmiş, söhbət zamanı Zənifə əri Rəhman tərəfindən dəfələrlə döyülüb, söyülüb təhqir olunduğu üçün ondan boşanmaq istədiyini demişdir. O, Zənifənin boşanmaq fikrinin qəti olmadığını hiss edib Zənifəyə təklif etmişdir ki, bir həftə düşünsün və əgər fikri qəti olarsa, yenidən ona müraciət etsin, müqavilə bağlayaraq ondan sonra hüquqlarını lazımı instansiyalarda müdafiə edər. Zənifə onunla razılaşmış və qardaşı ilə bürodan çıxıb getmişdir. Təxminən bir həftə sonra Zənifə yenidən onun işlədiyi Vəkil Bürosuna gəlib ona müraciət etmiş və qəti olaraq əri Rəhmanla boşanmaq istəyində olduğunu, onunla bir vəkil kimi müqavilə bağlamaq istədiyini bildirmişdir. O, etiraz etməmiş və Zənifə ilə nikahın ləğv edilməsinə dair müqavilə bağlayıb, onun hüquqlarını müdafiə etməyə başlamışdır. İlk öncə Zənifə əri Rəhmanın hərəkətləri barədə Polis İdarəsinə şikayət etdiyini, lakin şikayətinin tam, hərtərəfli və obyektiv aparılmadığını, bu səbəbdən də araşdırmanın düzgün və obyektiv aparılması məqsədi ilə şikayət etmək lazım olduğunu bildirdiyi üçün o, onlayn qaydasında dəqiq xatırlamadığı araşdırmanı aparan təhqiqatçının hərəkətləri barədə DİN-ə şikayət etmişdir. Bir neçə gün sonra Zənifə Tanrıverdiyevə ona müraciət edib onunla müqavilə bağlamamışdan öncə Rəhmanla birgə nikahlarından övladları olmadığı üçün Qeydiyyat şöbəsinə müraciət etdiklərini, bununla bağlı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 5 saylı “Asan” xidmətə dəvət olunduğunu, psixoloqla söhbətləri olacağını deyib, ondan xahiş etmişdir ki, psixoloqla söhbətdə o da iştirak etsin. O, Zənifənin hüquqlarını müdafiə edən bir şəxs kimi etiraz etməmiş və 2019-cu ilin aprel ayında 5 saylı “Asan” xidmətə getmişdir. Orada ilk öncə psixoloq Rəhmanı dəvət edib onunla söhət etmiş, sonra Rəhman otaqdan çıxdıqda Zənifə Tanrıverdiyevanı dəvət etmişdir. Zənifə xanımın xahişi ilə o da onunla birikdə otağa daxil olmuşdur. Otaqda söhbət edən zaman Rəhman icazəsiz otağa daxil olub arvadını onunla boşanmağa sövq edən və bu işləri arvadına öyrətməkdə onu günahlandırıb, onunla mübahisə edib, əli ilə onu itələdiyi üçün orada olan şəxsiyyətləri ona məlum olmayan mühafizə xidmətinin əməkdaşları Rəhmanı ondan ayırıb otaqdan çıxartmışlar. O, Rəhmanın hərəkətlərinə məhəl qoymamış, heç bir yerə şikayət etməmiş və həmin gün oradan çıxıb işləri ilə məşğul olmuşdur. Bundan bir neçə gün sonra Rəhman onun işlədiyi “Verdiktum” Vəkil bürosuna gəlib arvadı ilə barışmaq ərəfəsində olduğunu, lakin o, arvadına öyrətdiyi üçün arvadının ondan boşanmaq istəyində olduğunu deyib, onunla mübahisə etmiş, əl-qol atmışdır. Həmin vaxtı orada olmuş iş yoldaşları Rəhmanı Bürodan çıxararaq sakitləşdirib yola salmışlar. O, yenə də Rəhmanın barəsində şikayət etməmişdir. 2019-cu ilin təxminən avqust və ya sentyabr ayında Zənifə Tanrıverdiyevanın qardaşı Sənan ona müraciət edib Zənifənin əri Rəhmanla boşanmaq fikrindən yayındığını, əgər mümkündürsə Zənifə ilə bağladığı müqaviləyə xitam verilməsini xahiş etmişdir. O da etiraz etməmiş və Zənifənin gəlib bununla bağlı ərizə yazmasını, bundan sonra müqaviləyə xitam veriləcəyini izah etmişdir. Zənifə də Büroya gəlib hüquqlarının onun tərəfindən müdafiə olunmasına dair aralarında bağlanmış müqavilənin ləğv edilməsi ilə bağlı ərizə yazmışdır. Buna əsasən həmin müqavilə ləğv edilmişdir. Sonradan bilmişdir ki, Zənifə əri tərəfindən döyülüb, təhqir olunduğuna görə Azərbaycan Respublikası Ombudsmanına müraciət etmiş, oradan Zənifəyə hüquqlarını müdafiə etməsi üçün Gülsabah adlı vəkil təyin etmişlər. Lakin onunla Zənifə arasında müqavilə ləğv edildikdən sonra Rəhman yenə də ondan əl çəkməmiş, işlədiyi Vəkil Bürosuna gəlmiş, ona dəfələrlə zəng edib arvadında onunla boşanmaq fikrini onun yaratdığını demiş, ailənin dağılmasında onu günahkar bilmiş, Gülsabah adlı vəkillə arvadını tanış etdiyini bildirib onu söyüb təhqir etmiş, onu öldürəcəyi, övladını yetim qoyacağı ilə hədələmişdir. xx xxxx 2020-ci il tarixdən etibarən Rəhman ona zəng edib onunla görüşmək istədiyini bildirsə də, görüşlərə ona məlum olmayan səbəblərdən gəlməmişdir. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Rəhman ona zəng edib onunla görüşmək istədiyini bildirdikdə, ona saat 10-11 radələrində Bakı şəhəri Nizami Rayon Məhkəməsində işinin olacağını, əgər istəyirsə ora gəlməsini və orada görüşüb söhbət etməyi Rəhmana təklif etmişdir. xx xxxx 2020-ci il tarixdə o, Nizami Rayon Məhkəməsinə gəlmiş və saat təxminən 10:50 radələrində məhkəmənin inzibati binasından həyətə çıxanda orada Rəhmanı görmüşdür. Rəhman onu görüb yaxınlaşıb, yenidən onu arvadı Zənifə ilə yaxın münasibətdə olmaqda, arvadı ilə münasibətlərinin soyuqlaşmasına səbəbkar olduğunu deyib, onu nalayiq sözlərə söyərək təhqir edib, əl və ayaqları ilə bədəninin müxtəlif nahiyələrindən vurub ona xəsarət yetirmişdir. Bu hadisəni görən məhkəməni mühafizə edən, sonradan adını bildiyi Azər adlı polis əməkdaşı gəlib Rəhmanı ondan aralamışdır. Sonra o, DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Az sonra hadisə yerinə 25-ci Polis Şöbəsinin əməkdaşları gəlib onları şöbəyə aparmışlar. Xəsarət aldığı üçün həmin gün təhqiqatçının qərarı ilə məhkəmə-tibbi ekspertizasında ekspert müayinəsindən keçmişdir. Təqsirləndirilən şəxs konkret olaraq yumruqla onun başının arxa, ayağı ilə isə sağ ayağından vurub ona xəsarət yetirmişdir. Hadisə məhkəmənin inzibati binasının qarşısında həyətdə baş verməklə, təxminən 30 dəqiqə davam etmişdir. Rəhman ona fiziki zor tətbiq eməklə yanaşı, ona nalayiq sözlərlə söyüb təhqir edib, səs-küy salmışdır. Həmin vaxt məhkəmənin inzibati binasının qarşısında tanımadığı, şəxsiyyətləri ona məlum olmayan məhkəməyə dəvət olunmuş şəxslər olmuş və səs-küyə məhkəmənin inzibati binasının mühafizəsini təmin edən polis əməkdaşı çıxıb hadisənin şahidi olmuşlar. Həbelə hadisə məhkəmənin inzibati binasına quraşdırılmış müşahidə kamerasının görünüş əhatəsində olmuş və qeydə alınmışdır. O, Təqsirləndirilən şəxs fiziki zor tətbiq etməmiş və ona heç bir xəsarət yetirməmişdir. O, yalnız Rəhmanın onun istiqamətində atdığı əl və ayaq zərbələrindən yayınmağa çalışmışdır. O, Təqsirləndirilən şəxs ilə barışmamışdır, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Mühafizə İdarəsində xidmət edir, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında xidmətdə olmuşdur. Saat təxminən 11 radələrində binanın birinci mərtəbədə olarkən həyətdən səs-küy eşidib binadan həyətə çıxanda, məhkəmənin inzibati ərazisinə, yəni qapıdan həyətə daxil olduqda sol tərəfdə, həyətin sol uzaq küncündə iki nəfərin sözlə mübahisə etdiklərini görmüşdür. O, həmin şəxslərə yaxınlaşmış və xahiş etmişdir ki, məhkəmənin inzibati ərazisindən çıxıb küçədə aralarında yaranmış anlaşılmazlığı aradan qaldırsınlar. Həmin şəxsər qapıdan küçəyə çıxandan sonra o, yenidən məhkəmənin inzibati binasının birinci mərtəbəsinə qayıdıb xidmətini davam etdirmişdir. Mübahisə edən şəxslərdən birini, yəni vəkil Zərərçəkmiş şəxs işlə əlaqədar tez-tez məhkəməyə gəlib getdiyi üçün görmüş, lakin onunla heç bir münasəti olmamışdır. Digər şəxsi isə tanımamış, yalnız baş vermiş mübahisədən sonra bilmişdir ki, həmin şəxsin adı Rəhman, soyadı isə Tanrıverdiyevdir. Rəhmanla Faiq arasında aparılan danışıqlardan başa düşmüşdür ki, Rəhman Faiqi arvadına mesaj yazmaqda günahlandırır. Faiq Rəhmana onun arvadına mesaj yazmadığını və yalnız işlə əlaqədar münasibətləri olduğunu demişdir. Onların arasında baş vermiş narazılıq və mübahisənin dəqiq səbəbi ona məlum olmamış, hansı məzmunda mesajın yazılmasından xəbəri olmamışdır. Rəhmanla Faiqi məhkəmənin həyətindən küçəyə çıxardıqdan 5-10 dəqiqə keçmiş məhkəməyə işlə əlaqədar gəlmiş Nizami RPİ-nin X8 əməkdaşı Şəhriyar onu həyətə çağırıb məhkəmənin qarşısında iki nəfərin mübahisə etdiyini, əlbəyaxa olduqlarını deyib, onların barəsində müvafiq tədbir görülməsini demişdir. O, həyətə çıxanda görmüşdür ki, Faiqlə Rəhman məhkəmənin həyətində yenə mübahisə edirlər. Onlara yaxınlaşdığı vaxt Rəhmanın yumruqla Faiqin sifətindən vurduğunu, Faiqin isə Rəhmanı əli ilə itələdiyini görüb onların hər ikisini sakitləşdirməyə çalışmışdır. Onların sakitləşmədiyini görərək məcbur olub Nizami rayon Mühafizə İdarəsinə zəng edib hadisə barədə məlumat vermişdir. Az sonra Mühafizə İdarəsinin əməkdaşları gəlib Faiqlə Rəhmanı 25-ci Polis Şöbəsinə apamışlar. xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə və dava-dalaş ümumilikdə təxminən 15-20 dəqiqə davam etmiş, həmin vaxt ətrafda tanımadığı, işlə əlaqədar məhkəməyə gəlmiş şəxslər olmuşlar. Məhkəmə iclasında Şahid2, Şahid1 ifadəsində göstərilənlərə uyğun ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakt üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Hadisə yerinə baxış keçirilməsi barədə xx xxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 11- 12) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 537 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs alt dodağın selikli qişasının sağ yarısının kiçikölçülü qansızması, sağ baldırın ön-iç səthinin hematoması və sıyrığı, sağ baldırın öniç səthinin sıyrığı olmuşdur, qeyd edilən xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə alınmaları mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə istinad edərək demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyil. (i.v. 18-19) -Bakı şəhəri Nizami rayon prokurorluğunun xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 288-ci maddəsinin tərkibi müəyyən edilmədiyindən toplanmış materialın həmin hissəsi üzrə cinayət işinin başlanması rədd edilmiş, xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində ünvan 5 ünvanında yerləşən Nizami Rayon Məhkəməsinin həyəti və qarşısında Təqsirləndirilən şəxs ilə “Verdiktum” Vəkil Bürosunun vəkili Zərərçəkmiş şəxs dalaşmaları faktında qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq cinayətlərinin tərkibinin olub-olmamasının müəyyən edilməsi məqsədilə toplanmış material həmin hissədə araşdırmanın davam etdirilməsi üçün Bakı şəhəri Nizami RPİ-nə göndərilmişdir. (i.v. 38-45) -Baxış keçirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi X5 tərəfindən götürülmüş bir ədəd DVD disk ********* saylı cinayət işi üzrə cinayətin izlərini, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasının 1-ci mərtəbəsində, giriş qapısından sol tərəfdə yerləşən otaqda olan monitorda xx xxxx 2020-ci il tarixdə saat 11:05:00-dən 11:26:00-dək olan müddət ərzində məhkəmənin inzibati binasında quraşdırılmış müşahidə kameraları vasitəsi ilə qeydə alınmış görüntülərə şahid Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Müşahidə kamerasının yaddaş daşıyıcısında olan “10.118.40.150_033_İP Camera 32-**********0500- **********2200” adlı qovluğa baxış keçirildikdə videogörünütün xx xxxx 2020-ci il saat 11:05:00-dan saat 11:21:59-dək olan müddət ərzində qeydə alındığı müəyyən edilməklə, görüntüdə məhkəmənin həyəti qeydə alınmışdır. Həyətdə skamyalarda vətəndaşların əyləşməsi, təmizlik işləri aparan şəxslərin həyəti təmizləmələri, həyətə girişdə qapının sol kənarında bir neçə şəxsin dayanması müşahidə olunur. Saat 11:05:15-də Zərərçəkmiş şəxs əlində çanta ilə məhkəmənin həyətindən giriş qapısı istiqamətində hərəkət etməsi, həmin vaxt Təqsirləndirilən şəxs qapıdan həyətə daxil olub, Zərərçəkmiş şəxs istiqamətində gəlməsi qeydə alınmışdır. Hər iki şəxs görüşüb, bir müddət üzbəüz dayanıb söhbət etdikdən sonra, giriş qapısından sol tərəfə, həyətin uzaq küncünə keçib söhbət etmiş, saat 11:09:30-da onlar sağa doğru hərəkət edib həyətdə söhbətlərini davam etdirmiş, saat 11:17:37-də əlləri ilə bir-birilərinin sinələrindən itələməyə başlamış, daha sonra iti addımlarla irəli, sonra geriyə doğru hərəkət edib dayanmış, saat 11:19:20-dən başlayaraq əlləri ilə bir-birilərinə zərbə endirməyə çalışmış, 11:20:13-də polis əməkdaşı həmin şəxslər istiqamətində hərəkət edib, onlara yaxınlaşaraq, onları həyətdən küçəyə çıxartmağa çalışmış, lakin Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs yenə də sakitləşməyib mübahisə etmiş, saat 11:21:52-də hər iki şəxs polis əməkdaşının müşayiəti ilə məhkəmənin həyətini tərk etmişlər. “10.118.40.150_040_İP Camera 40-**********2200- **********2600” adlı qovluğa baxış keçirdikdə videogörüntünün xx xxxx 2020-ci il saat 11:22:00-dan saat 11:25:59-dək olan müddət ərzində qeydə alındığı aşkar edilmişdir. Görüntüdə məhkəmənin inzibati binasının qarşısındakı küçədə Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs dayanıb emosional şəkildə danışmaları, daha sonra bir-birilərinə əl atmaları, saat 11:24:39-da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifətinə başı ilə zərbə endirməyə çalışması, sonuncunun arxaya çəkilməklə, sağ əli ilə Təqsirləndirilən şəxs sifətindən, ayağı ilə ayağına zərbə endirməsi, bundan sonra onların bir-birilərinin yaxasından tutub dartmaları, saat 11:25:12-də başqa bir polis əməkdaşının onlara yaxınlaşıb onları ayırıb aparması əks olunmuşdur. “10.118.40.150_032_İP Camera 32- **********2600-**********2700” adlı qovluğa baxış keçirdikdə videogörüntünün xx xxxx 2020-ci il saat 11:26:00-dan saat 11:26:59-dək olan müddət ərzində qeydə alındığı müəyyən edilmişdir. Görüntüdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs yenidən məhkəmənin həyətində, giriş qapısının qarşısında üzbəüz dayanmış vəziyyətdə söhbət etmələri, yanlarında polis geyimində bir nəfər şəxsin, kənarda isə mülki geyimdə olmuş şəxslərin dayanıb Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs baxmaları müşahidə olunur. Görüntünün 11:26:12 saniyəsində Təqsirləndirilən şəxs sol əli ilə Zərərçəkmiş şəxs sifətindən yumruqla vurması, həmin vaxt sonuncunun da sağ əli ilə Təqsirləndirilən şəxs istiqamətində zərbə atması, daha sonra polis əməkdaşının Təqsirləndirilən şəxs məhkəmənin inzibati ərazisindən küçəyə doğru çıxarması, həmin vaxt Təqsirləndirilən şəxs qəflətən sol çiyni üstə arxaya dönüb əli ilə arxadan asta addımlarla hərəkətdə olan Zərərçəkmiş şəxs, sonuncunun da Təqsirləndirilən şəxs əl ilə sifəti istiqamətində zərbə endirməsi və ardınca onların küçə istiqamətində getmələri, hərəkətdə olarkən yenə də birbirilərinə əl atmaları müşahidə olunur. Baxış iştirakçısı Təqsirləndirilən şəxs görüntülərdə məhkəmənin həyətində və həyətin qarşısındakı hissədə mübahisə edib dalaşan şəxslərin özünün və Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. (i.v. 69-70) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə tövsif edilmiş, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, bir ədəd CD disk maddi sübut kimi tanınmışdır. (i.v. 130-136) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Yusifov (Tanrıverdiyev) Rəhman Əliabbas oğlunun Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Yusifov (Tanrıverdiyev) Rəhman Əliabbas oğlunun əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə təqsirləndirilən şəxs Yusifov (Tanrıverdiyev) Rəhman Əliabbas oğlunun ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Yusifov (Tanrıverdiyev) Rəhman Əliabbas oğluna ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Yusifov (Tanrıverdiyev) Rəhman Əliabbas oğlunun aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs Yusifov (Tanrıverdiyev) Rəhman Əliabbas oğlunun barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 47-48) -Qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 96-97) -Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 arasında olan nikahın Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi əsasında pozulması xx xxxxxx 2021-ci il tarixdə qeydə alınmışdır. Nikah pozulduqdan sonra kişiyə Yusifov soyadı verilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən xx xxxx 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Yusifov (Tanrıverdiyev) Rəhman Əliabbas oğlunun Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında təqsirləndirilən şəxs Yusifov (Tanrıverdiyev) Rəhman Əliabbas oğlunun cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Yusifov (Tanrıverdiyev) Rəhman Əliabbas oğlunun cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən xx xxxx 2003-cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Yusifov (Tanrıverdiyev) Rəhman Əliabbas oğlunun barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə təqsirləndirilən şəxsə əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Yusifov (Tanrıverdiyev) Rəhman Əliabbas oğlu hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Bununla bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Yusifov (Tanrıverdiyev) Rəhman Əliabbas oğluna cərimə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd DVD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Yusifov (Tanrıverdiyev) Rəhman Əliabbas oğlunun Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, ibtidai istintaqda təqsirləndirilən şəxsə dövlət hesabına vəkil təyin edilmiş, 6 saylı Vəkil Bürosunun vəkili X6 ibtidai istintaqda iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmişdir. İş materiallarına əsasən vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı olmuşdur, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə dəvət olunmuş həmin müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işinin məhkəmə icraatı dövründə isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmiş, o, məhkəmə iclasına buraxılmışdır, ona görə həmin hissədə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Yusifov (Tanrıverdiyev) Rəhman Əliabbas oğlu Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Yusifov (Tanrıverdiyev) Rəhman Əliabbas oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd DVD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Yusifov (Tanrıverdiyev) Rəhman Əliabbas oğluna ibtidai istintaq zamanı 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X3 “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 180 (bir yüz səksən) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-68/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-68/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver