Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-68/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi ev 9-da qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 57, mənzil 16-da yaşayan, 10 sentyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 iyul 2022-ci il tarixdə saat təxminən 14:30 radələrində texniki cəhətdən saz vəziyyətdə olan “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus “Daewoo Gentra minik” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ilə Babək prospekti istiqamətində 10 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və tələblərə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub ünvan 1 ünvanının qarşısında idarə etdiyi avtomobilin sol arxa hissəsi ilə piyada Zərərçəkmiş şəxs vuraraq sonuncuya sol bayır topuğun qapalı sınığı xəsarətlərindən ibarət ehtiyatsızlıqdan sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilmiş bədən xəsarəti yetirməklə bağlı yol-nəqliyyat hadisəsini törətdikdən sonra “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 37-ci mədəsinin 4-cü hissəsinin tələblərini pozaraq təcili tibbi yardım maşını çağırmalı, zərərçəkən şəxs həyat üçün təhlükəli xəsarət aldığı hallarda yaxınlıqdakı tibbi müəssisəyə aparmalı və həmin müəssisədə şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyat sənədini təqdim etməklə, özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, hadisə haqqında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının gəlməsini gözləməli olduğu halda bunlara riayət etməyərək yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 1(007)- 68/2023 nömrəli qərarı ilə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi nəzərə alınaraq, o, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə (həmin maddənin qeydinə əsasən) cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına həmin hissədə xitam verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 iyul 2022-ci il tarixdə saat 14:30 radələrində taksi kimi idarə etdiyi “Daewoo Gentra” markalı **-ZN-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ilə Babək prospekti istiqamətində hərəkət edərək E.Süleymanov küçəsindən sola, yaşayış binalarının həyəti istiqamətində təxminən 10 km/saat sürətlə dönən zaman E.Süleymanov küçəsi, 53 ünvanında yolun solunda olan səki ilə düzünə hərəkət edən, sonradan tanıdığı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxa sol qanad hissəsi ilə vurmuşdur. O, dərhal saxlayaraq avtomobildən düşüb həmin piyadaya yaxınlaşmış, ondan xəsarət alıb-almamasını soruşmuş və xəstəxanaya aparmasını təklif etmişdir. Ağanəsir ona heç bir xəsarət almadığını, çıxıb getməsini demişdir. Buna görə idarə etdiyi avtomobilə minərək oradan çıxıb getmişdir. Hadisədən təxminən iki saat sonra Nizami rayon polis idarəsindən onu dəvət etmiş və həmin şəxsin xəsarət aldığını ona bildirmişlər. Hadisə zamanı o, avtomobili təxminən 10 km/saat sürətlə idarə etmiş, Ağanəsiri yolun solunda olan səki ilə piyada, düzünə hərəkət edərkən görmüşdür. Hadisə bir anda baş verdiyindən Ağanəsiri vurmamaq üçün heç bir tədbir görə bilməmişdir. Təqsirləndirilən şəxs X2 ifadəsində daha sonra Zərərçəkmiş şəxs səhhəti ilə maraqlandığını, ona dəymiş ziyanı tamamilə ödədiyini, ondan üzrxahlıq edib səmimi peşmançılığını bildirdiyini, zərərçəkmiş şəxsin onunla barışdığını, ona qarşı heç bir tələbi, şikayəti və iddiası olmadığını göstərmiş, həmin halları, əməlindən səmimi peşman olduğunu, özünün birinci Qarabağ müharibəsində iştirak etdiyini, müharibə veteranı olduğunu, səhhətində ciddi problemlər olduğunu, miokard infarktı keçirdiyini göstərmiş, həmin halları nəzərə alaraq hadisə yerindən qaçması ilə bağlı barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 11 iyul 2022-ci il tarixdə saat təxminən 14:30 radələrində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ilə ünvan 2 ünvanında yolun sol kənarında piyadalar üçün nəzərdə tutulmuş səki ilə hərəkətdə olan zaman həmin istiqamətdə sonradan tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo Gentra” markalı **-ZN-*** dövlət nömrə nişanlı avtomobili ilə qəflətən onun qarşısında sol tərəfə dönərək yaşayış binaları istiqamətinə hərəkət edən zaman avtomobilin sol yan tərəfi onun sağ tərəfindən vurduğu üçün müavizətini itirərək yerə yıxılmış, avtomobilin sol arxa təkəri onun sol ayağının üzərindən keçmişdir. Təqsirləndirilən şəxs avtomobili saxlamış və sol yan şüşəsini endirib başını bayıra çıxararaq, avtomobilin yoluna çıxdığı üçün günahın onun özündə olduğunu demişdir. O isə “Əliyə çox şükür, ölüm-itim olmadı” deyərək nə səbəbə onu günahkar çıxardığını soruşmuşdur. Buna görə aralarında sözlə mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs avtomobildən düşüb onun yanına gəldikdə adlarını bilmədiyi şəxslər də ətrafdan qaçaraq köməyə gəlmişlər. Təqsirləndirilən şəxs avtomobilində özündən başqa bir nəfər cavan oğlan və xanım da olmuşdur. Həmin cavan oğlan da avtomobildən düşüb onun yanına gəlmişdir. O, hadisənin şokundan özündə heç bir ağrı hiss etmədiyi üçün xəsarət almadığını zənn etmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs ondan üzr istəməməkdə davam etmiş, aralarında bununla bağlı mübahisə yaranmışdır. Həmin vaxt oğlu Əbdülxaliq onun yanında olmuşdur, onlar hadisə yerindən aralanıb birlikdə yaşadıqları ünvana gedən zaman yolda ayağından şiddətli ağrı hiss etdiyi üçün təkrar yerə yıxılmışdır. Təsadüfən yoldan keçən avtomobilin sürücüsü onun yıxıldığını görüb saxlamış və onu avtomobilinə mindirib yaşadığı ünvana aparmışdır. Evdə olan zaman hadisə haqqında həyat yoldaşına danışdıqda o, dərhal DİN-nin 102 zəng mərkəzinə hadisə haqqında məlumat vermişdir. Bundan sonra evə çağırdıqları təcili-tibbi yardım maşını gələrək onu 3 saylı şəhər klinik xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər onu müayinə etdikdə müəyyən olmuşdur ki, sol bayır topuğu sınmışdır. Həkimlər ayağına gips qoyaraq onu evinə yola salmışlar. Bir müddət müalicəsi davam etmiş və sağalmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid zərərçəkmiş şəxs (atası) Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 02 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyatimtahan şöbəsinin 23 iyul 2022-ci il tarixli 016-91748-1222 saylı məktubundan görünür ki, həmin idarənin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdə (12 iyul 2031-ci il tarixədək etibarlı olan) BB 308022 nömrəli “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v. 24) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 15 iyul 2022-ci il tarixli 592 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol bayır topuğun qapalı sınığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 11 iyul 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (i.v. 26-27) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 iyul 2022-ci il tarixli 8/1832 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Daewoo Gentra” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 28-31) - 07 sentyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə yol-nəqliyyat hadisəsi yerini əyani olaraq göstərmiş, ifadəsində göstərilən qaydada izah vermişdir. (i.v. 54-57) - 02 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 263.1 və 263-1.1-ci maddələri ilə cinayət işi başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo Gentra minik” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və sahibinə təhvil verilməsi nəzərə alınmışdır. (i.v. 87-93) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli; zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli Qərarına əsasən mənası universal xarakter daşıyan CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yolnəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək və istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 264-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 23) - 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 79-80) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işinin icraatına xitam verilməsini, o cümlədən onun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edərək birinci Qarabağ müharibəsinin veteranı olmasını, miokard infartından əziyyət çəkməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret müəyyən edilmiş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, təqsirləndirilən şəxsə əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini dəyişdirməmək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulmamış, həbsdə saxlanılmamışdır. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, təqsirləndirilən şəxs dəymiş maddi ziyanı ödəmiş və onlar barışıq əldə etmişlər; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut qismində tanınmış avtomobilin məhkəməyədək icraat zamanı sahibinə qaytarılması nəzərə alınmalıdır; CPMnin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351, 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo Gentra minik” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəməyədək icraat zamanı sahibinə təhvil verilməsi nəzərə alınsın. Məhkəmə məsrəfi olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi 180 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-68/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-68/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver