Məhkəmə qərarları › İş №1(007)-68/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-68/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-68/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 06 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi və Bakı şəhəri 07 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1974-cü ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mədən 14, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 may 2023-cü il tarixdə, saat 06:04 radələrində Şahid1 mülkiyətində olan, etibarnamə əsasında idarə etdiyi “QAZ 33021 yük” markalı **-FD-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 113 ünvanında “Koroğlu” metrostansiyası istiqamətindən, şəhərin mərkəzi istiqamətinə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozub, yəni idarə etdiyi avtomobillə yola bitişik ərazidən yola çıxmamışdan əvvəl həmin yol ilə nəqliyyat vasitələrinin yaxınlaşmadığına əmin olmalı, yol ilə nəqliyyat vasitələrinin yaxınlaşdığı vəziyyətdə həmin nəqliyyat vasitəsinə yol verməli olduğu halda həmin tələbləri pozub, avtomobilin sükanını sola döndərib hərəkətinə davam edərkən, həmin yol ilə arxadan düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Yamaha” markalı 99-B-972 qeydiyyat nişanlı motosikletlə toqquşması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ bud sümüyünün orta 1/3nin və sol bazu sümüyünün orta 1/3-nin qapalı, qəlpəli yerdəyişmiş sınıqları, sol mil sinirinin parezi, sol gözətrafı nahiyəsinin qançırı və sıyrığı, sol gözün ağlı qişasının qansızması, sol alın-gicgah nahiyyəsinin, sağ çiyin qurşağının ön sətinin, sol budun yuxarı 1/3-nin ön-bayır nahiyəsinin, hər iki diz nahiyəsinin və sağ ayağın baş barmağının arxa sətinin sıyrıqlarından ibarət ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almasına, eləcə də “Yamaha” markalı 99-B-972 qeydiyyat nişanlı motosikletin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs 5.240 manat maddi ziyan dəyməsinə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə üzü şəhər istiqamətində köməkçi yolla “Qaz 33021 yük” markalı, **-FD-*** qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən X9 inzibati binasının yanında avtomobili saxlayaraq, yanında sərnişin oturacağında oturmuş Nizami MTKB-də süpürgəçi işləyən həyat yoldaşı Şahid1m avtomobildən düşürmüş, daha sonra idarə etdiyi avtomobillə yolun sağ kənarıda təxminən 5 km/saat sürətlə hərəkətə başlayaraq, sola dönmə işıqlarını yandıraraq dönmə əməliyyatı apararaq sükanı sola döndərib, hərəkət zolağına çıxmaq istədikdə anidən idarə etdiyi avtomobilin sol qanadına nəyinsə dəydiyini hiss etmiş, dərhal avtomobili saxlayıb baxdıqda idarə etdiyi avtomobilin sol qapı və sol qanad hissəsinə motosikletin dəydiyini başa düşmüşdür. Motosikletin sürücüsü qəza nəticəsində xəsarət aldığından o və avtomobilin yaxınlığında olan həyat yoldaşı Aynurə xəsarət almış motosiklet sürücüsü Teymura yaxınlaşaraq birlikdə ona köməklik göstərmiş, ətrafa toplaşmış şəxslər təcili tibbi yardıma və polisə hadisə barədə məlumat vermişlər. Bir az sonra hadisə yerinə polis əməkdaşları və TTYB gəlmiş, Teymur 1 saylı Şəhər Klinik xəstəxanasına aparılarkən, o da TTYB ilə xəstəxanaya getmişdir. Orada Teymura tibbi yardım göstərilmişdir. Teymurun əməliyyat və digər xərclərinə görə təxminən 3000 manat pul xərcləmişdir. Hal-hazırda Teymurla barışmaq istəsə də, onun anası və özü ondan 10.000 manat pul tələb edirlər. Belə ki, zərərçəkmiş şəxsin anası ondan 10000 manat pulu motosiklet üçün, 250 manat kirayə haqqı üçün, 150 manat telefonun krediti üçün, 300 manat yemək üçün pul tələb etmiş, əks halda şikayət edəcəyini bildirmişdir. Sığorta şirkəti tərəfindən onlara 1500 manat pul vermiş, lakin onlar götürməmişlər. Özü İİİ qrup əlildir. Himayəsində 1 azyaşlı uşağı var. Hazırda dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. Törətdiyi əməldən peşmandır. İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Bütün bunları nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 06 radələrində “Yamaha” markalı 99-B-972 qeydiyyat nişanlı motosikletlə Nərimanov rayonu, Heydər Əliyev prospketi ilə köməkçi yolla, yolun sağ hissəsi ilə təxminən 60 km/saat hərəkət sürətlə moteskleri idarə edərək üzü şəhər istiqamətində getmiş, bu zaman Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən X9 inzibati binasının yanından keçərkən yolun sağ hissəsində dayanmış yük avtomobili anidən yolun hərəkət hissəsinə çıxıb, hərəkət edərkən, onun idarə etdiyi motosklet həmin yük avtomobilin sol qabaq hissəsi ilə toqquşmuşdur. Aldığı zərbədən huşunu itirmiş, 1 saylı şəhər Klinik xəstəxanasında özünə gəldikdə xəsarət aldığını başa düşmüşdür. Hadisə vaxtı qolu və ayağı qırılmışdır. Bildiyinə görə hadisə yerindən onu 1 saylı şəhər Klinik xəstəxanasına TTYB aparmışdır. Ancaq təqsirləndirilən şəxs ondan xahiş etmiş, bu səbəbdən həmin xəstəxanada deyil, Travmatologiya xəstəxanasına aparılıb orada əməliyyat olunmuşdur. Hadisəni törədən Təqsirləndirilən şəxs xəstəxanaya bir neçə dəfə gəlib onunla maraqlanıb, barışmaq istəsə də, Yaşar ona vurduğu fiziki və maddi ziyanları ödəmədiyi üçün onunla barışmamışdır. Yaşar 3.800 manat əməliyyat xərcini ödəməyini bildirsə də, bu həqiqətə uyğun deyil. Belə ki, o, “Travmatologiya xəstəxanasında” dövlət hesabına sığortasına görə pulsuz əməliyyat olunmuş, Təqsirləndirilən şəxs ancaq həkimə 500 manat pul vermiş və əlavə olaraq da 500 manat xərc çəkmişdir. Ümumilikdə 1000 manat xərc çəkmişdir. Yaşar ancaq bir neçə dəfə onun yanına yemək və dərman alıb gəlmişdir. O, motosikleti 4800 manata almış, lakin yol nəqliyyat hadisəsi nəticəsində motosiklet tam yarasız hala düşdüyündən ona 6.000 manat ziyan dəymişdir. Ümumilikdə təxminən ona 11.000 manat maddi ziyan dəymişdir. Xəstəxanadan çıxdıqdan sonra Təqsirləndirilən şəxs onun sonrakı taleyi ilə maraqlanmamış, hətta 2-ci əməliyyatı sığorta ilə etdirmişdir. Bu səbəbdən hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində əri Təqsirləndirilən şəxs idarə etdiyi “Qaz 33021 yük” markalı avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə üzü şəhər istiqamətində köməkçi yolla hərəkətdə olarkən Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən X9 inzibati binasının yanında avtomobili saxlamış, o, işə getmək üçün avtomobildən yerə düşdükdən sonra əri hərəkətə davam etmişdir. Qısa bir müddətdən sonra səs eşidib əri tərəfə baxdıqda ərinin idarə etdiyi avtomobillə bir motoskletin toqquşduğunu, oraya yaxınlaşdıqda isə mokosikletin sürücüsünün yerdə uzandığını və xəsarət aldığını görmüş, dərhal əri Təqsirləndirilən şəxsla motosklet sürücüsünə yaxınlaşaraq birlikdə ona köməklik göstərmişlər. Ətrafa toplaşmış şəxslər təcili tibbi yardıma və polisə hadisə barədə məlumat vermiş, bir az sonra hadisə yerinə polis əməkdaşları və TTYB gəlmiş, Teymuru 1 saylı Şəhər Klinik xəstəxanasına aparmış, əri Yaşar da TTYB ilə xəstəxanaya getmişdir. Səhəri gün Teymurun anası oğlunun 1 saylı Şəhər Klinik xəstəxanasında əməliyyat olunmağını istəmədiyindən və Teymurun özünün istəyi ilə onu 1 saylı Şəhər Klinik xəstəxanasından Travmatologiya xəstəxanasına köçürmüş, orada Teymur əməliyyat olunmuşdur. Teymurun əməliyyat və digər xərclərinə görə təxminən 3.800 manat pul xərcləmişlər. Hal-hazırda Teymurla barışmaq istəsələr də, onu anası və özü ərindən 10.000 manat pul tələb edirlər. Ərinin də o qədər maddi imkanı olmadığından onlarla barışa bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Elit ticarət mərkəzində “Moto bazaar” adlı mağazanın müdiridir. Mağaza motosiklet satışını həyata keçirir. 2020-ci il buraxlışlı “Yamaha” markalı, 99-B-972 qeydiyyat nişanlı motosikleti işlənmiş halda 2022-ci ildə Zərərçəkmiş şəxs kreditlə satmış, həmin motosiklet X4 mülkiyyətindədir. Buna baxmayaraq xx.xx.2021-ci il tarixli etibarnamə ilə o, X4 adına olan bütün daşmar əmlakına sərəncam vermək hüququ və bütün dövlət idarələrində onu təmsil etmək hüququna malikdir. Hal-hazırda Zərərçəkmiş şəxs “Yamaha” markalı 99-B-972 qeydiyyat nişanlı motosikletə görə olan kreditini ödədiyi üçün Teymur Babayev ona nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə vermişdir. Lakin həmin motosiklet yarasız olduğu üçün X8 Zərbəliyevin motosikletin qeydiyyat şahadətnaməsini sonuncunun adına keçirə bilməmişlər. Onu bildirmək istəyir ki, “Yamaha” markalı 99-B-972 qeydiyyat nişanlı motosikletə xx.xx.2023-cü il tarixdə yük avtomobilinə toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi görə dəymiş ziyan Zərərçəkmiş şəxs dəymişdir. Hadisə ilə əlaqədar olaraq onun heç bir şikayət və tələbi yoxdur. Həmçinin qeyd etdi ki, həmin model motosikletin yenisi 4950 manat təşkil edir. Motosikletin təmir edilməsinə 6000 manat xərc tələb olunması mümkündür, belə ki, qeyd olunan motosikletin ayrı-ayrı ehtiyat hissələri baha olduğundan onun təmir xərci yeni motosiklet ilə müqayisədə daha baha başa gəlir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 458 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunan xəsarətlər - sağ bud sümüyünün orta 1/3-nin və sol bazu sümüyünün orta 1/3-nin qapalı, qəlpəli yerdəyişmiş sınıqları, sol mil sinirinin parezi, sol gözətrafı nahiyəsinin qançırı və sıyrığı, sol gözün ağlı qişasının qansızması, sol alm-gicgah nahiyyəsinin, sağ çiyin qurşağının ön sətinin, sol budun yuxarı 1/3-nin ön-bayır nahiyəsinin, hər iki diz nahiyəsinin və sağ ayağın baş barmağının arxa sətinin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyatı hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi Təkrari ekspertizalar şöbəsindən verilmiş tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, T 564/2023 saylı rəydən görünür ki, xx.xx.2023cü il tarixli, 458 saylı rəyin nəticəvi təsviri hissəsinə uyğun tərtib edilmişdir. Vətəndaş Zərərçəkmiş şəxs aşkar edilmiş bədən xəsarətləri - sağ bud və sol bazu sümüyünün orta 1/3- nin qapalı, qəlpəli yerdəyişmiş sınıqları, sol mil sinirinin parezi, sol gözətrafınm qançırı və sıyrığı, sol gözün ağlı qişasının qansızması, sol alın-gicgah nahiyyəsinin, sağ çiyin qurşağının ön sətinin, sol budun yuxarı 1/3-nin ön-bayır nahiyəsinin, hər iki diz nahiyəsinin və sağ ayağın baş barmağının arxa sətinin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyatı hadisəsi zamanı yarana bilərdi, dərəcəsinə görə sağ bud və sol bazu sümüyünün qapalı, qəlpəli, yerdəyişmiş sınıqlar, sol mil sinirinin parezi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz ətrafının qançırı və sıyrığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1385 nömrəli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “QAZ 33021” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Yamaha markalı 99-B-972 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olması Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən cinayət hesab edilir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə və ya islah işləri və ya azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan əlavə cəza ilə yanaşı azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddələrinin sanksiyalarında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan M/V 058712 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İ Qarabağ Müharibəsi veteranıdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlikdən İİİ qrup əlildir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş qohumluq məlumatları haqqında çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X5 adında 1 azyaşlı uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, İİİ qrup əlil olmasını, İ Qarabağ Müharibəsi veteranı olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış Təhlükəsizlik şəhər xidmətinin kamerası tərəfindən qeydə alınmış hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, “Qaz 33021 yük” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs və “Yamaha” markalı, 99-B-972 dövlət qeydiyyat nişanlı motosikiletin sahibi Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia MPMnin 149 və 150-ci maddəsinin tələblərinə cavab vermədiyindən MPM-nin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmalı və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il (bir il) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 128 manat (bir yüz iyirmi səkkiz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış “Qaz 33021 yük” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs və “Yamaha” markalı, 99-B-972 dövlət qeydiyyat nişanlı motosikiletin sahibi Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınmış Təhlükəsizlik şəhər xidmətinin kamerası tərəfindən qeydə alınmış hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 216 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar