Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-68/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-texniki təhsilli, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən 8 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784H saylı bağ evində qeydiyyatda olan və yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 noyabr 2023cü il tarixdə, saat 01 radələrində xalası Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 37A, beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 51 nömrəli mənzilin arxa hissəsi olan daş hasardan aşıb həyətə qanunsuz daxil olaraq, oradan mənzilin eyvanına qalxıb yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz daxil olub qonaq otağında olan 500 manat dəyərində bir ədəd “LG” markalı plazma televizoru, 25 noyabr 2023-cü il tarixdə, saat 18:30 radələrində həmin mənzilin giriş qapısının daxili qıfılını əvvəllər həmin mənzildə yaşayarkən xalası Zərərçəkmiş şəxs alıb özündə saxladığı açarla açıb yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz daxil olaraq qonaq otağında olan 100 manat dəyərində bir ədəd kombi radiatorunu, yataq otağında olan 100 manat dəyərində bir ədəd kombi radiatorunu, digər yataq otağında olan 100 manat dəyərində bir ədəd kombi radiatorunu və mətbəxdə olan 100 manat dəyərində bir ədəd kombi radiatorunu, 29 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində qeyd edilən mənzilin giriş qapısının daxili qıfılını özündə saxladığı açarla açıb yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz daxil olaraq yataq otağında olan kamotun sürməsindən dəyəri olmayan iki ədəd dəmir yol idarəsinə məxsus medalı, hər biri 125 manat, ümumilikdə 500 manat olan bir ədəd “Copart”, bir ədəd “Rolex” və iki ədəd “Bwulgiri” markalı, ümumilikdə dörd ədəd qadın üçün qol saatını, digər yataq otağının kitab rəfindən 100 manat dəyərində 30 ədəd qaşıq və çəngəli, dəhlizdə şkafdan 250 manat dəyərində olan bir ədəd qadın üçün qolsuz norka şubanı və hər biri 150 manat, ümumilikdə 600 manat olan dörd ədəd qadın üçün ayaqqabını, 02 dekabr 2023-cü il tarixdə, saat 18:30 radələrində qeyd edilən mənzilin giriş qapısının daxili qıfılını özündə saxladığı açarla açıb yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz daxil olaraq mətbəxdə olan 1200 manat dəyərində bir ədəd “LG” markalı soyuducunu və 600 manat dəyərində bir ədəd “LG” markalı paltaryuyanı, 05 dekabr 2023-cü il tarixdə saat 17:30 radələrində həmin mənzilin giriş qapısının daxili qıfılını özündə saxladığı açarla açıb yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz daxil olaraq yataq otağından 1200 manat dəyərində bir ədəd qaçış aparatını, 11 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində göstərilən mənzilin giriş qapısının daxili qıfılını özündə saxladığı açarla açıb yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz daxil olaraq eyvandan 1000 manat dəyərində bir ədəd “Beyaz” markalı kombi aparatını və 13 dekabr 2023-cü il tarixdə, saat 18 radələrində həmin mənzilin giriş qapısının daxili qıfılını özündə saxladığı açarla açıb yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz daxil olaraq qonaq otağından 500 manat dəyərində bir ədəd ayaq masaj aparatını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 6850 manat, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, anasıgilə 85.000 manat pul vermişdir. Həmin puldan ona 80.000 manat qaytarmışlar, 5000 manat hissəsi isə qalmışdır. O, dələduzluqla bağlı axtarışda olduqdan sonra ona həmin məsələni bağlamaq üçün pul lazım olmuşdur. Anasıgildən pulu istəyəndə ona demişlər ki, məhkəmə prosesi bitəndən sonra həmin pulu ödəyəcəklər. Daha sonra isə zənglərinə cavab verməmişlər, 5000 manatını qaytarmamışlar. Oğurluq etməkdə məqsədi həmin 5000 manatın əvəzini çıxmaq olmuşdur, çünki anasının ona 5000 manat borcu olmuşdur. Belə ki, o, Nizami rayonunda yerləşən Tofiq Abbasov küçəsində xalası Kəmalə xanımın evinə girmiş, mənzilə qapıdan daxil olmuş, qapını açarla açmışdır. Bir neçə dəfə həmin evə gəlib-getmişdir. İttiham aktında sadalanan əşyaların hamısını oğurlamışdır. Oğurladığı əşyaları internetdə elan verməklə satmışdır. Əməlindən qismən peşmandır, çünki onu anası və xalası aldadaraq pulunu verməmişlər. O, oğurluq etdiyi evdə əvvəllər yaşamışdır, ona pul borclu olduqları üçün əşyaları oğurlamışdır. Anasının saxladığı 5000 manat pul Kəmalə xanımın evində olmuş, evin əşyaları isə xalasına məxsus olmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri özünün ifadəsi ilə yanaşı aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində bacısı qızı Şahid2 ona mobil telefonla zəng vurub bildirmişdir ki, hazırda ona məxsus Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 37A, 51 nömrəli mənzilin giriş qapısının qarşısındadır və mənzilin giriş qapısını açarla açıb içəri daxil olmaq istəyən zaman mənzilin giriş qapısını içəridən qardaşı Təqsirləndirilən şəxs açmış və mənzildən ona məxsus bəzi məişət əşyalarını oğurlayaraq satdığını bildirmişdir. Şahid2 ona demişdir ki, “qardaşı Təqsirləndirilən şəxs mənzildədir, təcili mənzilə gəl”. O, mənzilə gələn zaman mənzilin giriş qapısı bağlı olmuş və bacısı oğlu Təqsirləndirilən şəxs da mənzildən çıxıb getmişdir. O, özündə olan açarla mənzilin giriş qapısını açıb mənzilə daxil olmuş və mənzildən oğurluq hadisəsinin baş verdiyini aşkar etmişdir. O, mənzilə gəldikdən sonra müəyyən etmişdir ki, bacısı oğlu Təqsirləndirilən şəxs ona məxsus məişət əşyalarını oğurlamışdır. Bacısı oğlu Təqsirləndirilən şəxs ona məxsus mənzilə eyvandan daxil olmuşdur. Ona məxsus mənzilin giriş qapısının açarı ondan və bacısı Şahid1 başqa heç kimdə yoxdur. Təqsirləndirilən şəxs mənzil açarı olmuş və onun açarı necə əldə etməsini bilmir. Bundan başqa, o, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 4, 168 nömrəli mənzildə qeydiyyatda olmaqla həmin ünvanda qızı Cəmilə Məmmədli ilə birlikdə yaşayır. Onun mənzilinə bacısı oğlu Təqsirləndirilən şəxs icazəsiz daxil olub qonaq otağından 500 manat dəyərində bir ədəd “LG” markalı plazma televizoru və 500 manat dəyərində bir ədəd ayaq masaj aparatını, mətbəxdən 1200 manat dəyərində bir ədəd “LG” markalı soyuducunu və 600 manat dəyərində bir ədəd “LG” markalı paltaryuyan aparatını, yataq otağından 1200 manat dəyərində bir ədəd qaçış aparatını, 100 manat dəyərində 30 ədəd qaşıq və çəngəli, 2 ədəd qiymətsiz “nümunəvi dəmir yolu işçisi” nişanını, mənzilin otaqlarında olan bir ədədi 100 manat ümumilikdə 400 manat dəyərində 4 ədəd “kombi” radiatorlarını, eyvandan 1000 manat dəyərində bir ədəd “Beyaz” markalı kombi aparatını, yataq otağında dolabın içindən bir ədədi 150 manat ümumilikdə 600 manat dəyərində 4 ədəd qadın ayaqqabısını, bir ədədi 125 manat ümumilikdə 500 manat dəyərində 4 ədəd qadın qol saatını (həmin qol saatlarının birinin markası “Copart”, birinin markası “Rolex” və ikisinin markası “Bvlgari” olmuşdur və 250 manat dəyərində bir ədəd qadın üçün qolsuz norka şubanı oğurlanmışdır. Qeyd olunan əşyalardan başqa heç nə oğurlanmamışdır. Mənzildən oğurluq olması ilə bağlı ona ümumilikdə 6850 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, buna görə də təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Bacısı Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 37A, 51 nömrəli mənzil vardır. O, mənzilini satdıqdan sonra bacısı Kəmaləyə məxsus mənzildə sonuncu ilə birlikdə yaşamışdır. Oğlu Təqsirləndirilən şəxs onu və bacısı Kəmaləni bezdirdiyi üçün həmin evdən çıxıb kirayə yaşamışlar. Bacısı Zərərçəkmiş şəxs məxsus mənzilin açarı yalnız onda və bacısı Zərərçəkmiş şəxs olmuşdur. Oğlu Təqsirləndirilən şəxs həmin mənzilə heç bir aidiyyəti olmamışdır. 15 dekabr 2023-cü il tarixdə, saat 21:00 radələrində bacısı Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 37A, 51 nömrəli mənzilə qış paltarlarını götürmək üçün qızı Şahid2 ilə birlikdə getmişdir. Mənzilin giriş qapısını açmaq üçün açarı qızı Şahid2 vermiş və Suğra mənzilin giriş qapısını açmaq istəyən zaman mənzilin giriş qapısını içəridən oğlu Təqsirləndirilən şəxs açmış və qızı Şahid2 oğlu Təqsirləndirilən şəxs soruşmuşdur ki, “xalası Zərərçəkmiş şəxs məxsus mənzildə nə edirsən”. Təqsirləndirilən şəxs demişdir ki, gedəcək yeri olmadığı üçün xalası Zərərçəkmiş şəxs məxsus mənzilə yaşamaq üçün girmişdir. Bundan sonra oğlu Təqsirləndirilən şəxs qızı Şahid2 pul istəmişdir. Qızı Şahid2 pulu olmadığını bildirmişdir. Oğlu Təqsirləndirilən şəxs demişdir ki, mənzildən 4050 manat dəyərində məişət əşyalarını satmışdır. Bundan sonra o və qızı Şahid2 oradan uzaqlaşmış və qızı Şahid2 bacısı Zərərçəkmiş şəxs zəng vurub demişdir ki, hazırda ona məxsus mənzilin çöl tərəfində durub, mənzilin giriş qapısını açarla açıb içəri daxil olmaq istəyən zaman mənzilin giriş qapısını içəridən qardaşı Təqsirləndirilən şəxs açmış və Təqsirləndirilən şəxs dediyinə görə mənzildən bəzi məişət əşyalarını oğurlayaraq 4050 manata satmışdır. Daha sonra baçısı Zərərçəkmiş şəxs gəlmiş və onlar birlikdə mənzilə baxış keçirən zaman oğlu Rüfət artıq orada olmamışdır. Mənzildən Təqsirləndirilən şəxs 1 ədəd “LG” markalı televizoru, 1 ədəd “LG” markalı soyuducunu, 1 ədəd “LG" markalı paltaryuyanı, 1 ədəd qaçış üçün idman alətini, 1 ədəd ayaq üçün masaj aparatını, 4 ədəd radiatorı, 1 ədəd “Beyaz” firmasına məxsus kombi aparatını, 4 cüt qadın üçün ayaqqabını, 4 ədəd qadın üçün qol saatını oğurladığını aşkar etmişlər. Daha sonra qızı Şahid2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng vurub oğurluq hadisəsi barədə məlumat vermişdir. Mənzilə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları gəlib baxış keçirmişlər. Bundan sonra polis işçiləri bacısı Zərərçəkmiş şəxs ərizə və izahat yazmaq üçün 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Oğlu Təqsirləndirilən şəxs mənzilin eyvanının dəmir barmaqlığından mənzilə daxil olmuşdur, sonradan mənzilin giriş qapısını hansısa yolla əldə etdiyi açarla evin qapısını açıb-bağladığını bilmir və oğlu Təqsirləndirilən şəxs mənzilin əşyalarını oğurlayaraq satmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 Qabulla oğlu ifadəsində göstərmişdir ki, 1998-ci il tarixdən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 57 nömrəli ünvanda yerləşən mağazanı icarəyə götürüb köhnə sovet əşyalarının alışı və satışı ilə məşğul olur. 2023-cü ilin noyabr-dekabr ayında əvvəllər tanımadığı bir nəfər cavan oğlan mağazaya gəlib, ona köhnə sovet vaxtına adi bir ədəd “nümunəvi dəmir yolu işçisi” nişanını gətirib satmaq istədiyini bildirmişdir. O, həmin nişana baxmış və həmin şəxsdən soruşmuşdur ki, “bu kimə məxsusdur?” Həmin şəxs özünü Rüfət kimi təqdim etmiş və demişdir ki, “atasına məxsusdur, atası rəhmətə gedibdir, özü tək yaşayır, pulu olmadığı üçün əşyalardan bəzilərini satır”. O, həmin nişana baxmış və demişdir ki, 25 manata alar. Rüfət onunla razılaşmış və o, 25 manat pul verib Rüfətdən bir ədəd nişanı almışdır. Rüfət ona demişdir ki, evdə köhnə nişan tapsa, yenə gətirib satacaq. O, Rüfətə razılıq vermiş və Rüfət çıxıb getmişdir. Təxminən bir həftədən sonra Rüfət yenə mağazaya gəlmiş və özü ilə köhnə sovet vaxtına aid bir ədəd “nümunəvi dəmir yolu işçisi” nişanı və sellofan torbadan qaşıq, çəngəl və 3 ədəd xurustal stəkan gətirib satmaq istədiyini bildirmişdir. O, həmin nişana baxmış və görmüşdür ki, nişanın aşağı hissəsində rəngi pozulubdur. O, Rüfətə demişdir ki, nişanın rəngi pozulduğu üçün 10 manata alar, qaşıq, çəngəl və xurustal stəkanı isə o, almır. Rüfət həmin nişanı 10 manat satmağa razılaşmış və demişdir ki, “sellofan torbada olan qaşıq, çəngəl və xurustal stəkan sənin yanında qalsın, gəlib götürəcəm”. O, Rüfətə 10 manat verib nişanı almış və Rüfət bir ədəd sellofan torbada olan qaşıq, çəngəl və xurustal stəkanı onun mağazasına qoyub getmişdir. Rüfət gəlmədiyi üçün o, Rüfətin mağazaya qoyduğu sellofan torbanı atmışdır. O, həmin əşyaların oğurluq olmasını bilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-128/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 ay 22 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-nin 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir”. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talayaraq xeyli miqdarda ziyan vurmaqla oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 8 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 28 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 168 (bir yüz altmış səkkiz) manat (28x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 28 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 168 (bir yüz altmış səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-68/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-68/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver