Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-687/2025 24.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X4, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər- X5 və X1, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin müdafiəçisi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X5 və X1 barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanması, onların əməllərinə Azərbaycan Respublikası CM-nin 147.2 və 296-cı maddə üzrə hüquqi qiymət verilməsi və s. barədə X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 və X1 barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanması, onların əməllərinə Azərbaycan Respublikası CM-nin 147.2 və 296-cı maddə üzrə hüquqi qiymət verilməsi və s. barədə X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, 1. 2016-cı ildə onun Vəli Əhmədovla tanışlığı avtomobil alqı-satqısı məqsədilə olmuşdur. Cavabdehə məxsus 2012-ci il buraxılışlı “Range Rover” Sport (3.0 dizel) markalı nəqliyyat vasitəsi 55.000 ABŞ dollarına təklif edilmiş, aralarında olan razılaşmaya əsasən 50.000 ABŞ dolları nağd ödənilmiş, nəqliyyat vasitəsi üzrə qalan 8.500 manat məbləğində kredit borcunun onun adına keçirilməsi və həmin borcun tərəfindən tam ödənilməsi barədə bankla birlikdə zəruri sənədlər rəsmiləşdirilmişdir. Avtomobil DYP-də alqı-satqı müqaviləsinə əsasən adına rəsmiləşdirilmişdir. 2. Daha sonra 2017-ci ildə, Vəli Əhmədov özünü tikinti-təmir işləri ilə məşğul olan şəxs kimi təqdim edərək ona təmir xidməti təklif etmişdir. Aralarında barter razılaşması müzakirə olunmuş: Belə ki, tərəfindən Bakı şəhərində planlaşdırılan restoranın "tamir edilməsi" Vəli Əhmədovdan xahiş olunmuşdur. Təmir işlərinin müqabilində dayısına məxsus Gəncə şəhərində yerləşən təxmini 580 m2 qeyri-yaşayış sahəsini cavabdehə verməyi, cavabdehin isə təmiri 395.000 manat dəyərində yerinə yetirməyi nəzərdə tutulmuşdur. X11 aralarında Bakı şəhərində yerləşən restoranın təmirinin onun tərəfindən görülməsi, əvəzində isə Gəncə şəhərində dayısına məxsus 580 m2 qeyri-yaşayış sahəsinin ona verilməsi barədə barter razılaşması olmuşdur (yəni təmir haqqı nağd pulla yox, hazır obyektlə ödənilməli idi). Cavabdeh dəfələrlə "usta haqqı" adı ilə əlavə vəsait tələb edilməsi kimi hallar aralarında olan danışıqların pozulmasına səbəb olmuş nəticədə onunla razılaşmaları pozulmuşdur. Təmiri öz hesabına etməli olmuşdur. Bildirmək istəyir ki, 2020-ci ildən etibarən Vəli Əhmədov müxtəlif orqanlara şikayətlərində və izahatlarında qərəzli, bilərəkdən barəsində yalan məlumatlar yaymışdır. Odur ki: Vəli Əhmədovla aralarında Bakı şəhərində yerləşən restoranın təmirinin onun tərəfindən görülməsi, əvəzində isə Gəncə şəhərində dayısına məxsus 580 m2 qeyri-yaşayış sahəsinin ona verilməsi barədə barter razılaşması olmuşdur (yəni təmir haqqı nağd pulla yox, hazır obyektlə ödənilməli idi). X13 polisə və digər orqanlara verdiyi şikayətlərdə və izahatlarında əksinə yazır ki, guya onunla ilkin olaraq, restoranın təmiri ilə bağlı tanış olmuşdur. Ələvə olaraq Vəli Əhmədov şikayət ərizələrində və izahatlarında qeyd etmişdir ki, guya tərəfindən restoranın təmiri tam şəkildə edilmişdir və guya tərəflərindən ona pul müqabilində Gəncə şəhərində yerləşən qevri-yaşayış sahəsinin dəyəri onun gördüyü işlərdən baha olduğuna görə, şikayət ərizəsində qeyd etmişdir ki, guya ona təmir işlərinin sonunda obyektin dəyərini tam bağlanması üçün üstəlik ona özünə məxsus “Range Rover” markalı avtomobil də vermişdir. Lakin o, nəticədə guya aldatmış, nə pul vermiş, nə də qeyri-yaşayış sahəsi vermişdir. Bütün bunlar tamamilə yalandır və həqiqətə uyğun deyil. Əgər hər şey onun dediyi kimi olmuş olsaydı, nəyə görə həmin avtomobil üzrə kredit borcunu o özü bağlamışdır? Əksinə, onun "mənə maşını borcu bağlamaq üçün əlavə verdiyi" iddiası mövcud kredit ödənişləri ilə məntiqən ziddiyyət təşkil edir və bir daha sübut edir ki, avtomobil barterin predmeti olmayıb, tərəfindən pul qarşılığında alınıb, kredit də məhz buna görə onun tərəfindən ödənilib. Vəli Əhmədovun əsassız yalan böhtan xarakterli şikayyət ərizəsinə əsasən Nəsimi RPİ-də araşdırma başlanmışdır. (2020-2022): Məsələ 2 il ərzində araşdırılmış, o demək olar ki, hər gün çağırılmış, dəfələrlə üzləşdirmələr aparılmış, iş bir neçə dəfə CPM 39.1.1 (cinayət tərkibinin olmaması) ilə dayandırılmışdır. Daha sonra barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işinin başlanılmasına səbəb isə istintaqda bibisinin həyat yoldaşı Cəbrayılov Xanhüseynin yalan ifadəsi olmuşdur. Həmin ifadə ondan gizlədilmiş, onunla üzləşdirmə aparılmamışdır. Bu ifadədən yalnız iş Qaradaq rayon Polis İdarəsinə göndərildikdən sonra xəbər tutmuşdur. Həmin şəxs sonradan ona bildirmişdir ki, guya "oxuyub-yaza bilmədiyini", məzmunun "istintaq tərəfindən yazıldığını" demişdir. O, hesab edir ki, onun dedikləri yalandır. O, Vəli Əhmədovla əlbir şəkildə bilərəkdən yalan ifadə vermişdir. Əlavə hüquqi və faktoloji əsaslandırma (xronologiya və məntiqi ziddiyyətlər) A) Xronologiya: 2016 - avtomobil pul ilə alınır, kredit onun tərəfindən ödənilir, DYP-də avtomobil alqı-satqı müqaviləsinə əsasən onun adına rəsmiləşdirilir. 2017 (sonu) - Restorana dair icarə müqaviləsi bağlanır; təmir/barter mövzusu bundan sonra gündəmə gəlir. Nəticə: Vəli Əhmədovun "tanışlıq təmir əsasında olub, maşın da barterin tərkibi idi" bəyanatı xronoloji baxımdan mümkün deyil - çünki maşının alğı-satqısı 2016-cı ildə başa çatmış, restoranın təmiri üzrə münasibətlər isə yalnız 2017-ci ilin sonunda formalaşmışdır. B) Məntiqi ziddiyyət: Əgər maşın guya barter predmeti idisə və o maşın müqabilində 580 m2 obyekt verməli idisə, nəyə görə həmin maşın üzrə Vəli Əhmədovun kredit borcunu o özü ödəmişdir? Barter münasibətində pul/kredit ödənişinin onun tərəfindən edilməsi məntiqlə uzlaşmır. Əksinə, kreditin onun tərəfindən tam ödənilməsi alqı-satqının real olduğunu sübut edir. C) İlk şikayətlərdə yalanın təzahürü: Vəli Əhmədov ilk izahat və şikayətlərindən başlayaraq "tanışlıq təmir üzərində qurulub, maşın barterə daxildir, obyekt tam təmir edilib və üstəlik maşın verilib" kimi bilərəkdən yalan tezisləri dövriyyəyə buraxmışdır. Bu saxta narrativ sonradan bütün müraciətlərində təkrar olunmuş, onun şərəf və ləyaqətinə ağır zərbə vurmuş, 5 il ərzində azad hərəkətinə və işgüzar nüfuzuna real ziyan yetirmişdir. D) Sübutlar: 2016-cı il avtomobil alqı-satqısı üzrə bank sənədləri, kreditin köçürülməsi və ödəniş qəbzləri, DYP-də alqı-satqı müqaviləsi və qeydiyyatı; 2017-ci ilin sonu icarə müqaviləsi (obyekt üzrə hüquqi münasibətlərin daha sonrakı tarixdən başlandığını göstərir); Vəli Əhmədovun ilk şikayət və izahatlarının surətləri (yalan narrativin başlanğıcdan mövcudluğunu göstərir); CPM 39.1.1 ilə dayandırma qərarları; Nəsimi RPİ-də keçmiş üzləşdirmələr, çağırışlar və protokollar; Bibisinin həyat yoldaşının ilk və sonrakı izahatları; Şahid izahatları və digər sübutlar. E) Maşının girov statusu və bankın rolu: Alınan avtomobil kreditli olduğuna görə girov (zalog) predmetidir və girov müqaviləsinə əsasən mülkiyyət hüququnun müəyyən elementi bankın xeyrinə məhdudlaşdırılmışdır. Faktiki-hüquqi baxımdan satış bankın razılığı və iştirakı ilə həyata keçirilmişdir: bank Vəli Əhmədovdan notarial və bank sənədlərini (satışa razılıq, ödənişlərin qəbulu haqqında arayışlar) almış, ondan isə ödənişlərin qəbulu və rəsmiləşdirmə üçün zəruri sənədləri qəbul etmiş, DYP-də bank əməkdaşları da iştirak etmişdir. Bu mexanizm göstərir ki, maşını ona "satdığını" iddia edən şəxs formal olaraq girovlu əmlak üzərində sərəncamı yalnız bankın yazılı razılığı ilə verə bilərdi; belə razılıq və ödəniş faktı mövcuddur. İstintaq dövründə bankın üçüncü şəxs qismində cəlb edilməsi barədə dəfələrlə verdiyi vəsatətlər baxılmamış və ya əsassız rədd edilmiş, bu da onun müdafiə hüququnun məhdudlaşdırılmasıdır. F) İnstansiyalar üzrə müraciətlərin tarixi və nəticələri: 2020 - material Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən cinayət tərkibi olmadığı yazılı cavabla təsdiqlənmişdir; Sonradan material Nəsimi RPİ-də 2 il ərzində dövr etdirilmiş, dəfələrlə dayandırılıb-yenidən başlanmışdır; Bu müddətdə bibisinin həyat yoldaşı Vəli Əhmədovla əlbir şəkildə ona qarşı yalan - ifadə vermiş, sonradan onu polis orqanlarında təkzib etmişdir; Bütün bunlara baxmayaraq, şikayətlər prokurorluğa təkrar-təkrar ünvanlanmış, 5-6 dəfə material CPM 39.1.1 ilə dayandırılmış, lakin yenə də eyni məzmunda müraciətlər davam etmişdir. G) 48 saat saxlanma faktı və nəticəsiz ittihamlar: Nəsimi RPİ-də o 48 saat müddətinə şübhəli şəxs qismində saxlanılmışdır, bu barədə protokol tərtib edilib. Lakin iş məhkəməyə göndərilməyib, çünki heç bir sübut mövcud olmayıb. Bu fakt özü- özlüyündə ittihamların əsassızlığını göstərir. H) Məhkəməyə müraciət etməkdə legitim maraq və zərurət: Mütəmadi çağırışlar, prosessual pozuntular, yaş fərqinə istinad edilərək "böyüyə inanmaq" yanaşması və faktlardan yayınma onun şəxsi və ailə həyatını, işgüzar fəaliyyətini və əsas hüquqlarını illərlə məhdudlaşdırmışdır. Bu səbəbdən məhkəmədən qəti qərarla onun hüquqlarını müdafiə etməyi, yalan və böhtan xarakterli müraciətlərin dayandırılmasını və dövlət orqanlarının yanlış yönləndirilməsinin qarşısını almağı xahiş edir. Məhkəmədən Vəli Əhmədov və Xanhüseyn barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanmasını, onların əməllərinə Azərbaycan Respublikası CM-nin 147.2 və 296 üzrə hüquqi qiymət verilməsini, gələcəkdə onun barəsində eyni məzmunda yalan və böhtan xarakterli məlumatların yayılmasının qarşısının alınması, Bankın girov sahibi kimi rolunun və razılığının tanınması, istintaq dövründə bankın üçüncü şəxs qismində cəlb olunmaması ilə bağlı prosessual pozuntuların məhkəmə qərarında qeyd edilməsini, qətnamənin surətinin DİN və Prokurorluğa göndərilməsini, eyni məzmunda əsassız müraciətlərin qadağan edilməsinin icrasına nəzarət üçün tədbirlərin göstərilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X6 şikayəti müdafiə edib, şikayətin məzmununa uyğun izahat verərək, məhkəmədən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilərək baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 bildirmişdir ki, X4 bildirdikləri cəfəngiyatdır. Xanhüseyn Eminin bibisinin yoldaşıdır. Onun Xanhüseynlə heç bir münasibəti olmamışdır. Eminin atası Xanhüseynin Yeni Bakıda olan evini hesabı bağlamaq üçün ona təklif etmişdir. O, razı olmamışdır. 2016-cı ildə Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Emin saxta sənədlərlə onu aldatmışdır. Onun “Range Rover” markalı avtomobilini əlindən almışdır. Ona Gəncədə əmisinin binasında qeyri yaşayış sahəsinin sənədini vermiş, sonra gecə gəlib sənədləri ondan almışdır ki, obyekti Araz marketə icarəyə verir. O da sənədləri vermişdir. Qaradağda Əli adında müstəntiq 9 ildən sonra bir adamı şahid kimi üzünə qoyub, guya həmin şəxsin yanında Emin ona pul verib. Əsassız olduğundan şikayətin məhkəmə baxışına təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 bildirmişdir ki, Vəli, Eminin atası Elman və o bir yerdə olan zaman Elman ona demişdir ki, “Masazırda evin var, onu mənə ver, mən pulu 6 ay içində sənə qaytaracam”. O, razılaşmışdır. Elman getmiş, 10-15 dəqiqədən sonra gəlib demişdir ki, lazım deyil. Bununla da söhbət bağlanmışdır. Qalan söhbətlərin hamısını Vəli müəllimdən eşitmişdir. Başqa sözü yoxdur. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin müdafiəçisi Müdafiəçi izahatında bildirmişdir ki, vətəndaş Əhmədov Vəli ona qarşı dələduzluq edilməsi faktı ilə bağlı aidiyyəti orqanlara şikayət verib və həmin orqanlar tərəfindən ərizə üzrə başlanmış 2 cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar vardır. Həmin qərardan tərəflər narazı qaldığı halda aidiyyəti üzrə məhkəmə və yaxud yuxarı orqana şikayət edə bilər.Yəni bu işin bir tərəfidir. Digər tərəfdən xüsusi ittiham qaydasında verilmiş ərizədə CM-nin 147.2 və 296-cı maddəsi ilə hüquqlarını müdafiə etdiyi X9 və X3 barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanmasını, onların əməllərinə Azərbaycan Respublikası CM-nin 147.2 və 296 üzrə hüquqi qiymət verilməsini, gələcəkdə onun barəsində eyni məzmunda yalan və böhtan xarakterli məlumatların yayılmasının qarşısının alınması, Bankın girov sahibi kimi rolunun və razılığının tanınması, istintaq dövründə bankın üçüncü şəxs qismində cəlb olunmaması ilə bağlı prosessual pozuntuların məhkəmə qərarında qeyd edilməsini, qətnamənin surətinin DİN və Prokurorluğa göndərilməsini, eyni məzmunda əsassız müraciətlərin qadağan edilməsinin icrasına nəzarət üçün tədbirlərin göstərilməsi üçün qərar qəbul edilməsi xahiş olunmuşdur. Məlumat üçün nəzərə çatdırır ki, cinayət prosessual qanunvericiliyə əsasən xüsusi ittiham qaydasında şikayət yalnız xüsusi ittiham qaydasında təqib olunan əməllər üzrə verilir. CMnin 296-cı maddəsində nəzərdə tutulmuş əməl ictimai ittiham qaydasında təqib olunan cinayət əməlidir və xüsusi ittiham qaydasında təqib olunan əməllə bir icraatda baxıla bilməz. Bu faktın özü xüsusi ittiham qaydasında verilmiş ərizənin icraata qəbul edilməsini istisna edir. Digər bir tərəfdən “xahiş edirəm” hissəsində cəza tələbi yoxdur, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs cinayət işinin başlanmasını tələb edir. CPM-nin tələbinə əsasən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs hansı cəzanın verilməsini ərizədə göstərməlidir. Digər bir tərəfdən burada böhtandan ümumiyyətlə söz gedə bilməz. Əsassız olduğundan şikayətin məhkəmə baxışına təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət qanunvericiliyinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində; ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində; təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə xüsusi ittiham qaydasında şikayətdə aşağıdakıların göstərilməsi imperativ xarakter daşıdığı halda X6 tərəfindən müvafiq pozuntulara yol verilmişdir, belə ki, o, -şikayət vermiş şəxs kimi özü haqqında məlumatları tam, yəni doğulduğu ili, yaşayış yerini və məşğuliyyət növünü, vəzifəsini göstərməmişdir; -törədilmiş cinayət barədə məlumatları ümumi şəkildə qeyd etməklə kifayətlənmiş, ehtimal olunan cinayətin məhz hansı tarixdə və ya tarixlərdə törədildiyi, bu zaman cinayətlərin təkrarlığının olub-olmaması müəyyən deyildir. Belə ki, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur; -cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsini, hansı əməlin Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin təsiri altına düşməsini, böhtan xarakterli bu əməlin harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği barədə göstərməmişdir; -xüsusi ittiham qaydasında şikayətin nəticə hissəsində barələrində xüsusi ittiham qaydasında şikayət verməklə cinayət işi başlanmasını xahiş etdiyi şəxsləri “Vəli Əhmədov” və “Xanhüseyn” kimi göstərmiş, həmin şəxslərin soyad, ad və ata adlarını tam göstərməmiş, X5 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilindikləri halda həmin şəxslərin hər birinə təyin edilməli olan cəzanın növünü və həddini göstərməmiş, xahiş etməmişdir; -barələrində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxslərin əməlinə eyni zamanda Azərbaycan Respublikası CM-nin 296-cı maddəsi ilə hüquqi qiymət verilməsini xahiş etmişdir, hansı ki, Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir, bu baxımdan nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş əməl üzrə cinayət təqibi xüsusi ittiham qaydasında deyil, ictimai ittiham qaydasında həyata keçirilir; -şikayətin verilmə yerini göstərməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmamaqla zəruri və mötəbər hesab olunacaq sübutlarla da müşayiət edilmir, ona görə həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Ona görə də xüsusi ittiham qaydasında şikayət vermiş X4 “Vəli Əhmədov və Xanhüseyn barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanması, onların əməllərinə Azərbaycan Respublikası CM-nin 147.2 və 296 üzrə hüquqi qiymət verilməsi və s.” barədə şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət cəmi 09 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı hər iş saatı üçün 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 99 (doxsan doqquz) manat (9x11) məbləğində, əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X4 “Vəli Əhmədov və Xanhüseyn barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanması, onların əməllərinə Azərbaycan Respublikası CM-nin 147.2 və 296 üzrə hüquqi qiymət verilməsi və s.” barədə şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 və X2 məhkəmədə 09 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 99 (doxsan doqquz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan 20 gün müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-687/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-687/2025
24.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver