Məhkəmə qərarları › İş №1(007)-69/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-69/2021

13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-69/2021 13.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1992-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ndə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 11 sentyabr 2020-ci il tarixdə saat 23:15 radələrində Şahid adına olmaqla, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Volkswagen Jetta” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Q.Qarayev prospekti istiqamətində sağdan üçüncü zolaqla saatda 60 km sürətlə hərəkətdə olarkən ünvan 3 ünvanının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yol hərəkətinin iştirakçısı kimi hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməmiş və yol hərəkəti qaydalarını pozub yolun hərəkət hissəsini sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ yan hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya baş beyin toxumasının hər iki alın, gicgah və təpə paylarına, qişalarına, sol gicgah əzələsinə və kəllənin dərialtı yumşaq toxumasına qansızma, ənsə nahiyəsinin əzilmiş yarası, burun və sol qulaq qanaxması ilə müşayiət olunan ənsə-sol təpə-sol gicgah sümüyünün kəllə əsasına keçən, basılma xarakterli sınıqları, sağ İ, İİ, İİİ, İV, V və sol İ, İİ, İİİ qabırğaların fərqli xətt üzrə çoxsaylı sınıqları, sağ kürək nahiyəsi, hər iki bazu oynağının arxa səthi, sağ kürəkaltı nahiyə, sağ diz oynağının iç səthi, sol diz oynağının ön səthinin qançırları, sol budun arxa səthi, sol baldırın iç səthinin sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan xəsarətlər yetirmiş və nəticədə Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisədən əvvəl idarə etdiyi “Volkswagen Jetta” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Q.Qarayev prospekti istiqamətində soldan üçüncü hərəkət zolağı ilə saatda 60 kilometr sürətlə hərəkətdə olmuşdur. Kifayət qədər aralıdan diqqətini cəlb etmişdir ki, ondan sağdakı üçüncü hərəkət zolağında, yəni sağ səkinin kənarında bəlkə “İsuzu”, bəlkə “Ford”, bəlkə də başqa markalı, adətən şəhərdə ərzaq daşımaqla məşğul olan orta ölçülü bir yük avtomobili dayanmışdır. Həmin avtomobil öz hərəkət zolağında tam hərəkətsiz dayandığına və onun hərəkəti üçün heç bir təhlükə yaratmadığına, aralarında boş bir hərəkət zolağı olduğuna görə o, həmin avtomobilin yolda dayandığını görəndən sonra da sürətini azaltmadan yoluna davam etmişdir. O, həmin yük avtomobilinin bərabərliyinə çatmağa təxminən 20-25 metr, bəlkə də maksimum 30 metr qalmış bir piyadanın iti sürətlə qaçaraq yolu sağdan sola keçmək istədiyini görmüş və hərəkət istiqamətini dəyişmədən dərhal ayağını tormoza atmışdır. Lakin belə başa düşmüşdür ki, ayağının tormoza çatdığı anla piyadanın vurulması eyni vaxtda baş vermişdir. Zərbədən piyada bir qədər irəliyə sağa atılmış, orta zolağa düşüb hərəkətsiz qalmışdır. O, tez avtomobildən düşüb piyadaya yaxınlaşmışdır ki, arxadan gələn başqa avtomobillər piyadanın üzərindən keçməsinlər. Dərhal bu barədə təcili tibbi yardıma məlumat vermişdir. Bir dəqiqə keçməmiş təcili tibbi yardım maşını gəlmişdir. Onlar piyadanı müayinə edib artıq keçindiyini bildirmişlər. İstintaq zamanı ifadəsini oxumuş, piyadanı 10 metr məsafədən deyil, 20-25 metr məsafədən gördüyünü, piyadanın yolu yavaş yerişlə deyil, iti yerişlə keçdiyini, yolun kənarında yük avtomobili dayandığını deyərək, ifadəsinin düzgün yazılmadığına görə etiraz etmişdir. Müstəntiq ona kömək edəcəyini bildirdiyi üçün ona inanıb ifadəsini imzalamışdır. Sonradan iş Nizami RPİ-nin İŞ-dən prokurorluğa göndərilmişdir. Prokurorluğun müstəntiqi onu dindirməmiş, heç bir araşdırma aparmamış, əvvəlki verdiyi ifadəsini çıxardıb ona imzalatdırmışdır. Onun heç bir günahı yoxdur. Məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, 2019-cu ildən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi, 3-cü dərəcəli müfəttiş vəzifəsində çalışmışdır. 11 sentyabr 2020-ci il tarixdə saat 23:15 radələrində faktiki mülkiyyətində olan, lakin adına sənədləşdirmədən etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Volkswagen Jetta” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakıxanov qəsəbəsi istiqamətindən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Q.Qarayev prospekti istiqamətində sağdan üçüncü zolaqla 60 km/saat sürətlə hərəkətdə olmuşdur. Rüstəmov küçəsi, ev 73 ünvanının qarşısında sağ tərəfində markası və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil olmuş, sağ tərəfdə yerləşən beton səkinin üzərindən yolu sağdan sola doğru adi yerişlə keçən sonradan adını bildiyi piyada Zərərçəkmiş şəxs təxminən 10 metr məsafədən görmüş, əyləcə basaraq avtomobilin sükanını sola doğru çevirmək istəmiş, lakin, yolun sağından 7 metr məsafədə Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ yan tərəfi ilə vurmuş, sonuncu avtomobilin sağ yan güzgüsü və alın şüşəsinə dəyərək yerə yıxılmışdır. Dərhal avtomobildən düşərək Zərərçəkmiş şəxs yaxınlaşmış, sonuncunu yerdə hərəkətsiz vəziyyətdə görüb digər avtomobillər tərəfindən vurulmaması üçün avtomobillərin sürücülərinə sağdan birinci zolağı tutmağı işarə etmiş, TTYS-na zəng edib həkim dəvət etmiş, lakin, hadisə yerinə gəlmiş həkimlər Zərərçəkmiş şəxs öldüyünü bildirmişlər. Bundan sonra o, hadisə yerində qalıb polis əməkdaşları tərəfindən aparılan araşdırmada iştirak etmiş və sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçmişdir. Hadisə baş verərkən avtomobilində əlavə yük və sərnişin olmamış, hadisə zamanı ayıq olmuş, yol şəhər işıqları ilə işıqlandırılmış, piyada Zərərçəkmiş şəxs gördüyü anda avtomobili dayandırmaq imkanında olmadığını düşündüyü üçün baş vermiş hadisədə özünü günahkar hesab etməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı X2 izahatında bildirmişdir ki, oğlu Zərərçəkmiş şəxs avtoyuma məntəqəsində işləmiş, 11 sentyabr 2020ci il tarixdə, saat 22 radələrində evə gəlib yenidən işə gedəcəyini bildirib çıxıb getmişdir. 12 sentyabr 2020-ci il tarixdə məhkəmə-tibbi ekspertizasının Nizami rayon şöbəsindən ona zəng edilərək Zərərçəkmiş şəxs avtomobil ilə vurulması nəticəsində ölməsi və meyitinin ekspertizanın meyitxanasında olması barədə məlumat verildikdə həmin yerə getmişdir. Bundan sonra Ziyadın Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə vurulması nəticəsində öldüyünü öyrənmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir. Hazırda onunla barışmışdır, Təqsirləndirilən şəxs heç bir şikayəti, iddiası və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İttiham tərəfinin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin baş eksperti X4 məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19.11.2020-ci il tarixli, 8/1982 nömrəli rəyini müdafiə edərək bildirmişdir ki, təhqiqat tərəfindən verilən məlumatlara əsasən piyadanın adi yerişlə vurulmaya qədər 7 metr məsafə qət etməsi, avtomobilin 60 km/saat sürətlə hərəkətdə olması, piyadanın avtomobilin qabaq tərəfi ilə vurulması, yol şəraiti nəzərə alınmaqla rəy vermişdir. Bütün bu məlumatlara əsasən “Volkswagen Jetta” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Tərəfindən rəy verilərkən ayıq vəziyyətdə olan piyadanın adi yerişlə hərəkət sürətinə uyğun tədqiqat aparılmışdır. Piyadanın sərxoş olması vəziyyətində isə onun hərəkət sürəti ayıq vəziyyətə uyğun hərəkət sürətindən kiçik olduğundan, sərxoş vəziyyətdə olduğu şəraitdə onun yolun hərəkət hissəsinə daxil olduğu andan vurulmaya kimi qət etdiyi məsafəyə sərf olunan vaxt ayıq vəziyyətdə olan piyadanın həmin məsafəyə sərf etdiyi vaxtdan böyük olacaqdır. Belə vəziyyətdə isə sürücünün hadisənin qarşısını almaq imkanı daha da artmış olacaqdır. Ona görə də piyadanın sərxoş vəziyyətdə olması rəyin nəticəsinə təsir etməyəcəkdir. Piyadanın hərəkət hissəsinə daxil olduğu anda avtomobil ilə piyadanın arasında 10 metr məsafənin olması real deyildir. Belə ki, avtomobilin 60 km/sürətlə hərəkətdə olması və piyadanın ayrıcı zolaqdan yolun hərəkət hissəsinə daxil olduğu andan vurulmaya qədər 7 metr məsafə qət etməsi nəzərə alınmaqla qeyd edilir ki, piyada hərəkət hissəsinə daxil olduğu anda avtomobil ilə piyadanın arasında 10 metr məsafənin olması şəraitində piyada yolu keçərkən 42 km/sürətlə hərəkətdə olmalı idi, lakin piyadanın belə sürətlə hərəkətdə olması qeyrimümkündür. İttiham tərəfinin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 bildirmişdir ki, 12.09.2020-ci il tarixdə cinayət işi başlanılmış, 14.11.2020-ci il tarixdə cinayət işi onun icraatına daxil olmuşdur. Cinayət işi onun icraatına daxil olana qədər İstintaq Şöbəsinin müstəntiqi və prokurorluğun başqa müstəntiqi araşdırma aparmışdır. Təqsirləndirilən şəxs həmin ifadələri orada da vermişdir. Təqsirləndirilən şəxs ali təhsilli şəxsdir, müdafiəçinin iştirakı ilə ifadə vermiş, ifadəsini özünə təqdim etmiş, ifadəsini oxuyub imzalamışdır. Hadisənin şahidi təqsirləndirilən şəxs özüdür və təqsirləndirilən şəxsin ifadəsinin düzgünlüyünü müəyyən etmək məqsədi ilə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında 12.09.2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2/14582 saylı, 12.09.2020-ci il tarixli aktdan görünür ki, 12.09.2020-ci il tarixdə saat 01:00 radələrində müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən olunmuşdur. - nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-V seriyalı, 335208 nömrəli, 07.09.2020-ci il tarixli etibarnamədən görünür ki, “Volkswagen Jetta” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid tərəfindən həmin avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. - zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 12.10.2020-ci il tarixli qərardan görünür ki, X2 Zərərçəkmiş şəxs hüquqi varisi kimi tanınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin meyitin ekspertizasına dair 30.09.2020-ci il tarixli, 123 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin toxumasının hər iki alın, gicgah və təpə paylarına, qişalarına, sol gicgah əzələsinə və kəllənin dərialtı yumşaq toxumasına qansızma, ənsə nahiyəsinin əzilmiş yarası, burun və sol qulaq qanaxması ilə müşayiət olunan ənsə-sol təpə-sol gicgah sümüyünün kəllə əsasına keçən, basılma xarakterli sınıqları, sağ İ, İİ, İİİ, İV, V və sol İ, İİ, İİİ qabırğaların fərqli xətt üzrə çoxsaylı sınıqları, sağ kürək nahiyəsi, hər iki bazu oynağının arxa səthi, sağ kürək altı nahiyə, sağ diz oynağının iç səthi, sol diz oynağının ön səthinin qançırları, sol budun arxa səthi, sol baldırın iç səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər həyatidir, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 11 sentyabr 2020-ci il tarixdə piyada qismində olarkən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini daşıyır və baş vermiş ölümlə səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasına və qişalara qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanadakı müayinəsindən 10-12 saat əvvələ uyğun gələ bilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0.6%0 qatılıqda etil spirti aşkar olunmuşdur ki, bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19.11.2020-ci il tarixli, 8/1982 saylı rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Volkswagen Jetta” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş 11.11.2020-ci il tarixli, 016-103876-1220 nömrəli məktubdan görünür ki, DİN BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs 04.12.2014-cü il tarixdə 04.12.2024-cü il tarixədək qüvvədə olan “BC” kateqoriyalı AE 907687 nömrəli sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum olunanlar siyahısında yoxdur. “Volkswagen Jetta” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil 27.08.2019-cu il tarixdən Şahid adında qeydiyyatdadır. Qeyd olunan avtomobilin etibarnamə əsasında 07.09.2020-ci il tarixdən 04.12.2024-cü il tarixədək Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə DİN BDYPİ-nin mərkəzi informasiya sistemində məlumat mövcuddur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında 20.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. - Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 24.09.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 18.12.2020-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması nəticəsində Zərərçəkmiş şəxs canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilmiş bədən xəsarəti yetirməsi, zərərçəkmiş şəxsin aldığı xəsarətlərdən hadisə yerində ölməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 21-ci bəndində qeyd olunmuşdur ki, bu qəbildən olan işlər üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin heç bir şikayətinin və tələbinin olmamasını, onunla barışmasını, iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, cinayətin obyektini yol hərəkəti və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tam ödədiyindən və barışdığından ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirlər. Ona görə də Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasına əsasən əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar