Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-69/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1973-cü il tarixdə Qubadlı rayonunun Başarat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, fərdi qaydada işləyən, ikinci qrup əlil, əvvəllər məhkum olunmamış, Qubadlı rayonunun Başarat kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 15-ci məhəllə, Qəhrəmanov küçəsi ev 1A, Yataqxana 3, otaq 74A-da məskunlaşmış, 17 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 avqust 2021-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi və özgə əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 17 iyun 2021-ci il tarixdə saat 18:10 radələrində sərxoş vəziyyətdə, keçmiş arvadı Zərərçəkmiş şəxs icarə götürərək işlətdiyi Bakı şəhəri, Nizami rayonu, “8-ci km bazarı”nda yerləşən “Qarabağ” adlı kafeyə gələrək həmin gün sonuncu ilə telefonla danışarkən övladlarını ona göstərməməsi ilə əlaqədar aralarında yaranmış mübahisəni cüzi səbəbdən bəhanə edərək ictimai yer olan həmin kafedə özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub cəmiyyətə qarşı açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib orada olan müştərilərin gözü qarşısında səs-küy salıb kafenin iş rejimini pozaraq Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlətməklə sonuncuya fiziki zor tətbiq edib qəsdən ayağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən vurmuş və pivə içilməsi üçün nəzərdə tutulmuş şüşə stəkanı qəsdən Zərərçəkmiş şəxs üzərinə ataraq həmin stəkanın sonuncunun sağ qoluna dəyib sınması nəticəsində Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sağ saidin kəsilmiş yarası, hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsək oynağının şişkinlik halında əzilməsi xəsarətini yetirmiş, daha sonra kafedə olan vitrinə düzülmüş müxtəlif növ içkiləri əli ilə vurub yerə salaraq sındırmaqla, stolu təpiklə vurub qırmaqla ümumilikdə Zərərçəkmiş şəxs 1300 manat dəyərində əmlakını qəsdən məhv edib xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə əvvəllər ər-arvad kimi yaşamışlar, lakin rəsmi nikahları olmamışdır. Birgə yaşadıqları müddətdə 08 mart 2005-ci il təvəllüdlü Samirə, 17 may 2007-ci il təvəllüdlü Səyavuş adlı uşaqları olmuşdur. Artıq 8 ildir ki, Ramilə ilə ayrılmışlar, uşaqları onunla yaşayırlar. Ramilə uşaqları ilə maraqlanmadığına görə bununla bağlı aralarında tez-tez mübahisələri yaranmışdır. 17 iyun 2021-ci il tarixdə telefonla danışarkən Ramilə ona qarşı nalayiq ifadələr işlətmiş, bu səbəbdən aralarında telefonda söz ilə mübahisə yaranmışdır. Ona görə Ramilənin işlədiyi kafeyə gələrək onunla bu məsələni aydınlaşdırmaq istəmiş, həm də növbəti dəfə tələb etmək istəmişdir ki, uşaqları ilə maraqlansın. Saat 18 radələrində o, Ramilənin işlətdiyi kafeyə getmiş, orada Ramilə onunla uca səslə danışmağa başlamış, içkili olduğu üçün o, bir dəfə şillə ilə Ramilənin üzündən vurmuşdur. Həmin vaxt kafedə onunla Ramilədən başqa tanımadığı iki nəfər müştəri də olmuşdur. O, Ramiləyə hirsləndiyindən orada olan bir neçə ədəd içkini əli ilə itələyərək yerə dağıtmışdır. Həmin vaxt ola bilər ki, stolun üzərində olan qədəh Ramiləyə tərəf getmiş və onun qoluna dəyərək qolunu kəsmişdir. Onların mübahisəsi təxminən 10- 15 dəqiqə davam etmişdir. Sonradan kafeyə tanımadığı bir adam da gəlmiş və onu sakitləşdirdikdən sonra o, kafeyə gəlmiş polislərlə birlikdə polis şöbəsinə getmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs göstərmişdir ki, törətdiyi əməldən səmimi peşmançılıq çəkir, maddi ziyanı ödəmişdir, Zərərçəkmiş şəxs ilə barışmışdır, himayəsində iki azyaşlı uşağı var, uşaqları özü tək saxlayır, həbs olunarsa uşaqlarına baxan olmayacaqdır, səhhəti ilə bağlı ikinci qrup əlildir. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 8 ildir ki, keçmiş əri Təqsirləndirilən şəxs ilə ayrılmışlar, birgə yaşadıqları müddətdə doğulmuş 08 mart 2005-ci il təvəllüdlü Samirə və 17 may 2007-ci il təvəllüdlü Səyavuş adlı uşaqları onların ayrılmasından sonra Müşviqlə birlikdə yaşayırlar, uşaqlara Müşviq baxır. O, uşaqlarını görmək üçün həftədə 3-4 gün Müşviqin evinə gedib orada qalır. Müşviq spirtli içki qəbul edərkən onunla danışmaq və yola getmək mümkün olmadığından və onu döydüyündən o, Müşviqin evindən çıxıb kirayədə qalır və Nizami rayonu, “8-ci km bazarı”nda “Qarabağ” adlı kafeni icarəyə götürərək orada yemək bişirib satır, həmçinin kafeyə gələn müştərilərə qulluq edir. 17 iyun 2021-ci il tarixdə saat 18 radələrində Müşviq ona zəng edib, sərxoş halda onu söyməyə başlamışdır. O da mobil telefonunu söndürdüyü üçün Müşviq 5-6 dəqiqə sonra kafeyə gəlmişdir. Müşviq sərxoş olduğundan onu nalayiq küçə söyüşləri ilə təhqir edib üzərinə gəlmiş, kafedə stolun üzərində olan bakalı ona tərəf atmış, bakal onun sağ qoluna dəymişdir. Qoluna dəyən bakal sınmış və qolunu kəsmişdir. Daha sonra Müşviq üzərinə gəlib, təpiklə ayağından vurub, iş stolunun üzərini əli ilə dağıdıb stolun şüşəsini və stolun üzərindəki spirtli və spirtsiz içkiləri sındırmışdır. Bu hadisəyə görə kafedə olan tanımadığı iki nəfər müştəri narahat olaraq oradan getmişlər. Bundan sonra kafeyə səs-küyə gələn polis əməkdaşları Müşviqi kafedən çıxarıb 24-cü polis şöbəsinə aparmışlar. Hadisə kafenin içərisində baş vermiş və təxminən 10-15 dəqiqə ərzində davam etmiş, kafenin Müşviq tərəfindən dağıdılıb sındırılmasına görə ona təxminən 1300 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, Müşviq maddi ziyanı ödəmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 04 avqust 2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 17 iyun 2021-ci il tarixli protokoldan və fotoşəkildən görünür ki, 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə - “8-ci km bazarı”nda yerləşən “Qarabağ” adlı kafeyə baxış keçirilmiş, kafedə döşəmənin üzərində çoxlu sayda şüşə və qab qırıntılarının olduğu müəyyən edilmişdir. (i.v. 9-10) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin məhkəmə-tibbi ekspertizaya dair 28 iyun 2021-ci il tarixli 508 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ saidin kəsilmiş yarası, hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsək oynağının şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan kəsilmiş yara iti kənara malik əşyanın (ola bilsin şüşə qəlpəsi) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 17.06.2021-ci il tarixdə alınması mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. (i.v. 21-22) - 24 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. (i.v. 103) - 25 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 221.3-cü maddəsi ilə elan olunan ittiham dəyişdirilmədən saxlanılmış, onun əməlində Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci il maddəsinin tərkibi olmadığından həmin maddə ilə cinayət təqibi üzrə icraatın başlanması rədd edilmişdir. (v. 123-127) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, zərərçəkmiş şəxsi, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) və ya 221.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 17 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi həmin tarixdə tutulmuşdur. (i.v. 54) - 19 avqust 2021-ci il tarixli qərarlardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, müvəqqti saxlama yerindən azad edilmişdir. (i.v. 79- 80, 82-83) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə və qazancından 15% məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, 14 aprel 2015-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. (i.v. 87-88, 90-92) -Sumqayıt şəhəri 22 saylı MKS-nin 06 sentyabr 2021-ci il tarixli 2113 nömrəli və 10 yanvar 2022-ci il tarixli 102 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Qubadlı rayonundan məcburi köçkün kimi Sumqayıt şəhəri, 15-ci məhəllə, Qəhrəmanov küçəsi ev 1A, Yataqxana 3, otaq 74A-da məskunlaşmışdır, ailə üzvləri-08 mart 2005-ci il təvəllüdlü qızı X2 və 16 may 2007-ci il təvəllüdlü oğlu X4 oğlundan ibarətdir. (i.v. 94) -Sumqayıt şəhəri 22 saylı MKS-nin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 95) -Doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X2 08 mart 2005-ci il tarixdə, Əsədov Səyavuş Müşviq oğlu 17 may 2007-ci il tarixdə doğulmuşlar, ataları Təqsirləndirilən şəxs, anaları Zərərçəkmiş şəxsdır. - 13 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik səbəbindən ikinci qrup əlildir. -Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 28 dekabr 2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur, ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədə əksini tapan məlumatlara münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından o, məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurduğu maddi ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, ikinci qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin (həyat yoldaşından ayrıldıqdan sonra onun himayəsində yaşayan azyaşlı oğlunun və qızının) həyat şəraitinə təsirini nəzərə alır, onun təyin olunacaq cəzanı çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə, təyin olunması nəzərdə tutulan, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsini məqsədəuyğun hesab edir, belə qənaətə gəlir ki, bu, cəzanın məqsədini təmin edir. Məhkəmə bu qənaətə gələrkən xüsusilə uşaqların üstün mənafeyini nəzərə alır, qeyd edir ki, məhkəmə iclasında müəyyən olunduğu kimi, ər-arvad olan təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs artıq 8 ildir ki, ayrı yaşayırlar, onların ayrı yaşadıqları müddətdə iki azyaşlı uşaq ataları olan təqsirləndirilən şəxsin himayəsində qalmışlar, onların bütün qayğıları ilə ataları məşğul olur, anaları olan zərərçəkmiş şəxs yalnız müəyyən vaxtlarda Sumqayıt şəhərinə gedərək orada yaşayan uşaqları ilə görüşür, onun ayrıca həyatı, Bakı şəhərində işlədiyi yer vardır, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunduğu halda uşaqların yerləşdirilməsində və saxlanılmasında ciddi çətinliklər yaranacaq və onlar himayədən məhrum olacaqlar. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini, onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmalı, sınaq müddəti ərzində davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməli, üzərinə müvafiq vəzifələr qoyulmalı, təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 2.21-ci bəndinin 5-ci abzasına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 17 avqust 2021-ci il tarixdən 19 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin ediləcək qəti cəza müddətinə hesablanmamalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbin əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməli olan cəzanın şərti hesab edilməsi nəzərdə tutulduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmiş, ona vurulmuş maddi ziyanın tam ödənildiyinə və təqsirləndirilən şəxslə barışdığına dair ərizə vermişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 51 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə, barəsində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 51 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 306 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-69/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-69/2022
21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver