Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-69/2023 13.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili-“İsmayılbəyli və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, "xxxx" MMC-də sürücü işləmiş, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 10/19, mənzil 2-də qeydiyyatda olmaqla yaşamış, 03 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 avqust 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə 01 avqust 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/69 ünvanında yerləşən, sürücü işlədiyi "xxxx" MMC-nin inzibati binasının açarlar olan otağına daxil olub, dolabdan kassa otağındakı kassanın digər açarını götürdükdən sonra kassa otağına qanunsuz daxil olaraq siyirmədən kassanın əsas açarını da götürüb həmin açarlarla kassanı açaraq qanunsuz olaraq saxlanc yerinə daxil olub oradan "xxxx" MMCyə məxsus 46444.00 manat nağd pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 46444.00 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/69 ünvanında yerləşən "xxxx" MMC-də “Ford Tranzit” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi işləmişdir. İşlədiyi müddətdə onun müxtəlif banklara və şəxslərə borcu olmuş, həmin borcları necə qaytacağıı düşünərkən maliyyə şöbəsində kassir vəzifəsində işləyən Şahid1 otağındakı kassadan pul oğurlamaq qərarına gəlmişdir. 29 iyul 2022-ci il tarixdə həftənin 5-ci günü saat 18 radələrində, işçilər şirkətdən getdikdən sonra şirkətdə bütün otaqların qapılarının açıq olmasını bildiyi üçün Şahid1 otağına daxil olmuşdur. Həmin vaxt şirkət tam bağlanmamış, buna görə də siqnalizasiya sistemi qoşulmamışdır. Ruslanın otağında siyirmələrə baxmış və orada birinci siyirmədə kassanın açarını görmüşdür. Kassa açarı digər açarlardan fərqli olduğuna görə onu tanımış, açara baxıb sonra yerinə qoymuşdur. Əvvəllər “Azərbaycan Dövlət Reklam Agentliyi” şirkətində rəisin sürücüsü işlədiyi dövrdə rəisi ilə birlikdə həmin iş yerinə kassa alarkən kassanı satan satıcı kassanın iki açarı olmasını, həmin iki açarı kassaya daxil edərkən kassanın kodunun sıfırlanması və kassanın rahat açılmasını demişdir. Rəisi ilə həmin kassanı alıb iş yerinə qoyarkən hərdən rəisi ona kassadan pul götürmək və ya kassaya pul qoymaq tapşırığı vermiş, o da həmin vaxtlar kassanı açıb bağlamışdır. Beləliklə Şahid1 otağındakı kassanı aça biləcəyinə tam arxayın olmuşdur. Həmin kassanın ikinci açarının təhcizat işlərinə baxan Şahid3 olacağını düşünmüşdür. Çünki şirkətin bütün otaqlarının açarları Urfanda olmuş və dəfələrlə Urfanın şirkətdəki server, kompüter otağını açıb-bağlamasını və digər otaqların açarlarının onda olmasını görmüşdür. Hətta oğurluq etməkdə o qədər qərarlı olmuşdur ki, Ruslanın otağındakı kassanı aça bilməzsə kassanın özünü bütöv götürüb oğurlayıb aparacağını fikirləşmişdir. 01 avqust 2022-ci il tarixdə günorta saat 16-17 radələrində şirkətin əsas, ön tərəfdən giriş qapısından daxil olarkən sağdakı siqnalizasiyanın divarda olan “panel lövhəsinin” üst qapağını orada kimsənin olmamasından istifadə edib çıxartmış, əli ilə altdakı iki nazik kabelini dartıb qoparmış və üst qapağı yenə öz yerinə bərkitmişdir. Bundan sonra şirkətin ətrafında vaxtın keçməsini gözləyərək işçilərin çıxıb getməsini gözləmiş, təxminən saat 17:30 radələrində Şahid3 otağına daxil olmuşdur. Otaqdakı stolun üzərində olan server və ya komputer otağının üç ədəd açarından birini çıxarıb server otağının qapısını açmışdır. Server otağına daxil olmuş, orada kameraların yaddaş batareyasını əvvəldən üzərində olan vintaçanla açmış, yaddaş batereyasını götürmüş və qapağını yenidən yerinə bağlamışdır ki, onun içindən batereyanın çıxarılması bilinməsin. Batareyanı həmin otaqdakı “Haşimi” adlı düyü torbasına qoymuş və sonra kassa otağının yan tərəfindəki dəhlizdə taxta sütunların üzərinə çıxıb, əlindəki vintaçanla siqnalizasiyanı işə salan divardakı cihazının arxa tərəfindəki kabelini (şunurunu) dartıb qırmışdır. Daha sonra əlindəki batareya ilə kassa otağına daxil olmuş, orada da olan siqnalizasıyanı işə salan divarın yuxarısında, soldakı cihazı və sağdakı kameranın arxa tərəfindəki kabelləri yenə də vintaçanla stulun üzərinə çıxmaqla dartıb sındırmışdır. Bundan sonra kassa otağının qapısını örtmüş və üzərindəki açarla bağlayıb orada anbardar Məzahirin getməsini gözləmişdir. Kassa otağında təxminən 10-15 dəqiqə gözləmişdir ki, kassa otağı ilə üzbəüz yerləşən arxa dəmir qapının açılmasını eşitsin. Bilmişdirki, həmin qapını açıb içəri girən anbardar Məzahirdir. Çünki çox vaxt Məzahir ofisi bağlayıb getmişdir. Bir qədər sonra Məzahirin kiminləsə telefonla danışmasını, təxminən siqnalizasiyanın işləmədiyini ona deməsini eşitmişdir. Bir-iki dəqiqə sonra ofisin ön qapısının açılıb bağlanması səsini eşitmiş və Məzahirin artıq çıxıb getməsini düşünmüşdür. Bunu dəqiqləşdirmək üçün Məzahirə zəng etmiş, ondan Sumqayıt şəhərinə malın gedib- getməyəcəyini soruşmuşdur. Məzahir bu barədə artıq ona həmin gün deməsini, işçiləri Elbrusun malı aparmasını və getmək lazım olmadığını bildirmişdir. Məzahirin səsinin ofisdən gəlmədiyini və beləliklə onun ofisdən çıxıb getdiyini dəqiqləşdirmiş, bundan sonra Ruslanın otağından çıxıb Urfanın otağına keçmişdir. Orada bütün dolablara baxmış və otağın dibindəki dolabın qapısını açarkən şirkətin otaqlarının açarları olan qara qutunu görmüşdür. Oradan kassanın ikinci açarı olan açarı tanıyıb götürmüşdür. Daha sonra Ruslanın otağına keçmiş, Ruslanın otağındakı stolun ikinci siyirməsindən birinci siyirmənin açarını tapmış və birinci siyirməni açaraq oradan kassanın birinci açarını da götürmüşdür. Daha sonra əldə etdiyi hər iki açarı da kassaya daxil edib eyni anda sağa burmuş və kassa açılmışdır. Kassada olan bütün qəpik və kağız pulların hamısını götürüb, yaddaş batereyasının olduğu “Haşimi” adlı düyü torbasına qoymuş, daha sonra kassanı da bağlayıb hər açarı öz yerinə qoyaraq arxa qapıdan çıxmışdır. Həmin gün oğurluq əməlini törətdikdən sonra arxa qapıdan çıxıb getməsi üçün əvvəlcədən həmin arxa qapının üzərində olan açarını gizlin götürüb cibinə qoymuşdur. Beləliklə, cibindəki arxa qapının açarını qapıya daxil etmiş, lakin qapının açarla deyil, Məzahir tərəfindən əllə bağlandığını bilmişdir. Açarı arxa qapının üstündə qoyub əllə digər kilidini də açdıqdan sonra həyətə çıxmış, sağa dönüb əlindəki içində pullar və yaddaş batareyası olan torba ilə çöldə olan divanda əyləşmişdir. Bir-iki dəqiqə nə etdiyini, düzgün edibetmədiyini düşünmüş və əvvəldən özünə məxsus “Toyota Prius” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilini irəlidə anbarın qarşısında saxladığı yerə getmişdir. Avtomobilə əyləşmiş, torbanı avtomobilin ön oturacağının üzərinə qoyub Ziya Bünyadov və Balaxanı yolu ilə Novxanı qəsəbəsinə, daha sonra isə Sumqayıt şəhər bulvarına getmiş, giriş hissədə adını bilmədiyi yanacaq doldurma məntəqəsinin yanında avtomobilini saxlamışdır. Orada oğurladığı puldan 8000 manat sayıb cibinə qoymuş, sonra içində pullar olan torbanı avtomobilinin arxa yük yerindəki iş açarlarının qara rəngli plastik qutusuna qoymuşdur. Daha sonra evə getmiş və arvadına Özbəkistan Respublikasından dostunun pul göndərdiyini deyib həmin puldan ona 5000 manat vermişdir. Daha sonra evdə çox qalmamış, işi olduğunu deyib evdən çıxmış, avtomobili ilə Azərbaycan prospektindəki “Mərkəzi Poçt”un yanına getmiş, avtomobilii orada saxlayıb arxa yük yerində olan pullardan 12000 manat pul sayıb cibinə qoyaraq "xxxx" MMC ilə üzbəüz “Rafiqin dükanı” adlanan mağazanın qarşısına getmişdir. Rafiqdən “faizə” götürdüyü pulu ödəmək vaxtı olduğuna görə və Rafiq hər gün ondan pulu ödəməyini tələb etdiyi üçün mağazaya daxil olmuşdur. Rafiqə aya 400 manat olmaqla 3 il müddətində ümumi 16000 manat pul verməli olmuşdur, əsas borcunun 11800 manat olmasını bildiyi üçün götürdüyü 12000 manat pulun üzərindən 200 manat pul ayırıb başqa cibinə qoymuş və 11800 manat pulu mağazasında Rafiqə vermişdir. Lakin Rafiqə pulu oğurladığını deməmiş, Rafiq pulu sayıb borcunu siləcəyini, lakin hələ 500 və 600 manat da əvvəldən borclu qalmasını, götürdüyü pul borcu qarşılığında verdiyi qardaşı Ruslanın şəxsiyyət vəsiqəsini sonra gəlib götürə biləcəyini bildirmişdir. Oradan çıxıb avtomobili ilə Azərbaycan prospektindəki Nəsimi heykəlinin yanına getmiş, orada “Milli Ön” terminal aparatı ilə öz istifadəsində olan “Leo bank” kartına təxminən 2000 manat pul köçürmüş, daha sonra həmin terminal aparatı ilə “Xbet” adlı onlayn internet qumar oyuna təxminən 4200 manat pul ödəmiş, oradaca da həmin pulun hamısını uduzmuşdur. Kartından telefonudakı mobil tətbiq vasitəsilə “online” qaydada kreditə götürdüyü avtomobilin sahibinin kart hesabına 1350 manat pul köçürmüşdür. Həmin gecə Sumqayıt şəhəri, 17-ci mikrorayondakı “Qartal” anbarının arxasındakı yerdə ofisi olan qaynaqçı Rövşənin kart hesabına borclu olduğu 90 manat pulu, 125 manat isə 11-ci mikrorayonda “X6”lə üzbəüz reklam yeri olan çap işi ilə məşğul olan Pərvinə borclu olduğu üçün onun kart hesabına köçürmüşdür. Bundan sonra dostu Raminlə danışıb onu yaşadığı “26-lar” adlı yerdən öz evindən götürüb digər dostları Süleymanla görüşmüş, onlara qonaqlıq verəcəyini deyib “Af Otel” adlı restorana getmişlər. Orada yeyib-içmiş və görüşmək üçün özünə bir nəfər qadın çağırmışdır. Dostları Ramin və Süleyman da özləri başqa qadınlarla görüşmüş, gecə təxminən saat 02 radələrində Süleyman və Raminə artıq getmək lazım olmasını deyib onlarla birlikdə restorandan çıxmışdır. Lakin onlara pul oğurlaması barədə heç nə deməmiş, yaxşı iş “tutduğu” üçün pul qazandığını bildirmiş, həmin gün 400-500 manat pul xərcləmişdir. Daha sonra Ramini və Süleymanı öz evlərinə düşürüb “Xəzər bağları” adlı yerə getmiş, zibillik olan yerdə yaddaş batereyasını çıxarıb avtomobilində əvvəldən həmişə olan benzinlə yandırdıqdan sonra evə getmişdir. Həmin gecə iş yoldaşı Elbrusa zəng edib, kartının şəklini ona göndərməsini və ona borclu olduğu 420 manat pulu kartına göndərəcəyini desə də, o sabahı gün verəcəyini demiş, həmin gecə saat 01 radələrində internetdə “Mosbet” adlı mərc oyununda 500 manata yaxın pul uduzmuşdur. 02 avqust 2022-ci il tarixdə səhər saatlarında işə gedərkən borclu olduğu tanışı Elbrusa Sumqayıt şəhərindəki evinin yanında əlbəəl 420 manat pul vermişdir. Oradan işə getmişdir, bir qədər sonra işdə oğurluq olması məlum olmuş və polis əməkdaşları ofisə gəlmişlər, sonra oğurluğun onun tərəfindən edildiyi müəyyən olunmuş, o da əməlini etiraf etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, "xxxx" MMC-yə vurduğu maddi ziyanın tam olaraq ödənildiyini, MMC-nin rəhbərliyinin ona qarşı hər hansı şikayətinin olmadığını, himayəsində iki azyaşlı uşağının olduğunu göstərmiş, həmin halları nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili-“İsmayılbəyli və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə göstərmişdir ki, 02 avqust 2022-ci il tarixdə günorta saatlarında hüquqi xidmətlər göstərdiyi "xxxx" MMC-nin direktoru Emil Məmmədov ona zəng edərək şirkətin kassasından 46444.00 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. Bununla əlaqədar MMC-nin ofisinə getmiş, orada kassa otağında kassanın açılaraq 46444.00 manat pulun oğurlandığını, habelə siqnalizasiya sisteminin sındırıldığını, kameraların yaddaş batereyasının oğurlanıb aparıldığı aşkar edilmişdir. Baş vermiş hadisə barədə polisə məlumat verilmiş, aparılan istintaq-əməliyyat tədbirləri ilə oğurluğun MMC-də sürücü vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Vurulmuş maddi ziyan tam olaraq ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Bu barədə müraciət rəsmi olaraq məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ilin iyun ayından Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki "xxxx" MMC-də xəzinədar-mühasib vəzifəsində çalışır. Onun işi ekspeditorlardan və ya başqa şəxslərdən şirkətə gələn pulları qəbul etmək, onların hesabatını aparmaq və çıxan xərcləri qeydiyyata alıb həmin xərclərin aradan qaldırılması, bu barədə rəhbərliklə danışdıqdan sonra şirkətin ümumi pulundan həmin xərcləri verib qeydiyyat aparmaqdan ibarətdir. O, 09 iyul 2022-ci il tarixdən məzuniyyətə çıxmış və 25 iyul 2022-ci il tarixdə məzuniyyətdən işə qayıtmışdır. Məzuniyyətə çıxarkən otağındakı kassada olan pulu sayıb kassanın açarını direktorun köməkçisi Firqanə Tarverdiyevaya təhvil vermiş, kassanın kodunu da ona bildirmişdir. Təxminən 3 il əvvəl kassanın açarını özü ilə götürərkən bir dəfə açarı itirdiyi üçün müdiriyyət kassanın ikinci açarını da ona vermiş və kassanı bağladıqdan sonra açarını otağındakı yuxarı siyirmənin içinə qoyub, həmin siyirməni bağlamış və həmin açarı da ikinci siyirməyə qoymuşdur. Həmişə otağı bu qaydada bağlamış, lakin otağının qapısını bağlamamış, sadəcə işıqları söndürüb qapısını örtmüşdür. Bunu Firqanəyə də demişdir. Ona görə kassanın açarını narahat olmadan otaqda saxlamışdır ki, kassanın açarını kim götürsə belə açarla kassanı açandan sonra gərək kassanın kodunu da yığsın. Kassanın kodunu yalnız Firqanəyə demişdir. 25 iyul 2022-ci il tarixdə işə gələndə də Firqanədən kassanın açarını və kassada olan pulu sayıb təhvil almışdır. 01 avqust 2022-ci il tarixdə həmişə olduğu kimi kassanı bağlayıb, açarı həmin yerə qoyub qapını örtüb çıxmışdır. Həmin tarixdə saat 17:41-də işdən çıxıb iş yoldaşı, dizayner işləyən Şahid11la öz idarə etdiyi “Land Cruizer” markarlı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə atasının “Nizami” metrosunun yaxınlığındakı “Şərq-Qərb” adlı kafesinin yanına getmiş, İlqarla təxminən 30 dəqiqə söhbət etdikdən sonra İlqar çıxıb getmiş, o isə kafedə yemək yemişdir. Kafedə yemək yeməyini atası da görmüşdür. Kafedə tək yemək yedikdə dostu Ayxana harada olması barədə sms yazmış, Ayxan da həmin vaxt kafedə olduğunu deyib onun yanına gəlmiş və birlikdə kafedən çıxıb həyətdə söhbət etmişlər. Avtomobilinin arxa yük yerinin qapısını açıb orada oturmuş, hətta atası həyətə çıxıb onların avtomobilin arxasında oturduqlarını görüb onlara irad tutmuşdur. Kafedə yemək yeyib daha sonra Ayxanla söhbət etmələri təxminən 2 saat yarım çəkmiş, təxminən saat 10 radələrində Ayxanla birlikdə onun görüşdüyü adını xatırlamadığı qızı götürmək üçün idarə etdiyi avtomobillə “Memar Əcəmi” metrosunun yaxınlığına getmişlər. Orada Ayxan həmin qızla görüşmüş, Ayxan öndə, həmin qız isə arxada əyləşdikdən sonra birlikdə Badamdar qəsəbəsindəki “Hollyvood” sinema klubuna getmişlər. Saat təxminən 24 radələrində həmin sinema klubda birlikdə çay içib qəlyan çəkmişlər, bir qədər sonra birlikdə oradan çıxıb “Nizami” metrosunun yaxınlığına getmişlər, Ayxanla həmin qızı orada düşürüb evinə getmiş, saat təxminən 02:20 radələrində evə çatmışdır. Səhəri gün, yəni 02 avqust 2022-ci il tarixdə səhər saatlarında işə getmiş, otağa daxil olub oturmuşdur. Bir qədər sonra Emin Quliyev 272 manat pul gətirmişdir. Emin getdikdən sonra həmin pulu kassaya qoymaq istəyərkən kassaya açarı daxil etmiş, kodu yığarkən siqnalizasiya işə düşmüş və yenidən kodu tam daxil edərək açarla açıb daha sonra əllə açılan yeri sağa burub kassanın qapağını açmış və kassada olan bütün qəpik və kağız pulların oğurlandığını aşkar etmişdir. Dərhal otaqdan çıxarkən işçiləri Urfanı görüb bu barədə ona bildirmiş, Urfan da həmin vaxt telefonla direktorla danışıb ona məlumat vermişdir. Daha sonra polisə məlumat verilmiş, bir qədər keçmiş polis işçiləri hadisə yerinə gəlmişlər. Araşdırma zamanı oğurluğun MMC-nin işçisi Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki "xxxx" MMC-də sürücü vəzifəsində çalışır, şirkətə məxsus “Ford Transit” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 22 və ya 23 iyul 2022-ci il tarixlərdə şirkətin sürücüsü Təqsirləndirilən şəxs zəng edib ona borca 400 manat pul lazım olduğunu demişdir. O, pulu olmadığını dedikdə Teyyub “Albalı” alış-veriş kartında olan puldan kredit götürüb ona borca verməsini xahiş etmişdir. Cavabında kartdan pul çıxararsa 100 manat üçün 5 manat əlavə ödəniş etməli, yenidən pulu karta köçürməli olduğunu deyərkən Teyyub tez zamanda borcunu qaytaracağını demişdir. Teyyubla razılaşmış və ona guya reklam işləri üçün lazım olan 400 manat pulu kartından çıxarmış və Teyyuba zəng edib bu barədə bildirmişdir. Bir-iki saat sonra Teyyub özü yaşadığı məhəlləyə gəlmiş və o, həmin yerdə Teyyuba 400 manat borca pul vermişdir. Teyyub həmin pulu iki günə, yəni növbəti həftənin 2-ci gününə verəcəyinə söz vermişdir. 01 avqust 2022-ci il tarixdə gecə saat 23 radələrində Teyyub ona zəng edib 420 manat borcunu qaytarmaq istədiyini bildirmişdir. Teyyuba gec olduğunu demiş, lakin Teyyub yenə israr edib gecə də olsa borcunu qaytarmaq istədiyini demişdir. 02 avqust 2022-ci il tarixdə səhər saat 08 radələrində Teyyubla görüşüb işə gedərkən Teyyub ona olan 420 manat borcunu qaytarmışdır. Həmin tarixdə işə gələrkən Teyyubun rənginin ağardığını, onun çox qorxduğunu görmüşdür. Teyyub müdirləri Seymur müəllimə halının çox pis olmasını deyib işdən icazə verilməsini ondan xahiş etmişdir. Seymur müəllim ona bir qədər sonra gedə biləcəyini demişdir. Şirkətdən oğurluq faktı aşkar olunandan sonra Teyyubun halı daha da pişləşmiş, ona “nə üçün belə vəziyyətə düşmüsən, mən səni belə görəndə elə oğurluq əməlini sənin törətməyindən şübhələnirəm” deyə bildirmişdir. Ondan sonra isə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmiş və sorğu-suala başlamışlar. Sonradan məlum olmuşdur ki, şirkətdən oğurluğu həqiqətən Teyyub etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən "xxxx" MMCdə çalışır, onun işi şirkətə lazım olan elektron və digər təyinatlı əşyaların, qablaşdırılmaların şirkətə verilməsi, sıradan çıxmış əşyaların qeydiyyatını aparmaq və s. bu kimi təchizat işlərindən ibarətdir, şirkətin işçilərinin nəyəsə ehtiyacı olarsa ona müraciət edirlər və o, həmin müraciətin əsaslı olması qənaətinə gəldikdə bu barədə şirkətin direktoruna məlumat verir, direktor Emil Məmmədov təsdiq verdikdən sonra pul ayrılması üçün onlar xəzinədar-mühasib işləyən Şahid1 kassadan pul verilməsini bildirirlər, o da öz növbəsində direktordan təsdiq aldıqdan sonra kassadan müəyyən məbləğ pul verir. Şirkətdə sürücülərin rəhbəri kimi çalışan Şahid12 təxminən 5-6 ay əvvəl Şahid14 adlı sürücünü şirkətdə işə düzəltmiş, ondan təxminən 2-3 ay sonra isə Ruslanın qardaşı Təqsirləndirilən şəxs şirkətə sürücü kimi işə qəbul edilmişdir. Təqsirləndirilən şəxs “Ford” markalı avtomobil təhkim olunmuş və o, verilmiş sifarişlərin təyinat yerlərinə çatdırılması ilə məşğul olmuşdur. 02 avqust 2022-ci il tarixdə saat təxminən 09:20 radələrində işə gəlmiş, bundan təxminən 10-15 dəqiqə sonra şirkətin kassir-xəzinədarı Ruslan kassadan oğurluq olmasını demişdir. Əvvəl Ruslana inanmamış, Ruslanın oturduğu otağa keçib kassaya baxarkən həqiqətən də orada pul olmadığını görmüş və dərhal direktor Emil müəllimə zəng edib demiş, daha sonra DİN-nin 102 xidmətinə zəng edib oğurluq hadisəsi barədə məlumat vermişdir. Sonra şirkətdə anbardar işləyən Məzahirə zəng edib şirkətə tez gəlməsini, oğurluq olmasını bildirmişdir. Çünki şirkətin qapılarını çox vaxt Məzahir bağlayıb gedir. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və hadisə yerini müayinə etmişlər. 01 avqust 2022-ci il tarixdə təxminən saat 17 radələrində işdən çıxıb gedərkən anbardar Məzahir ona zəng edib siqnalizasiyanın işləmədiyini bildirmişdir. Ona artıq yolda olduğunu, evə getdiyini, sabah işə gələndə həmin problemi aradan qaldıracağını demişdir. Düşünmüşdür ki, siqnalizasiya işləməsə belə şirkətin binasının dörd tərəfində işlək kamera vardır və problem olmaz. Ziya Bünyadov prospekti ilə üzü “20 Yanvar” istiqamətinə hərəkət edərək, 3-cü mikrorayon dairəsinə gedib, oradan Sumqayıt istiqamətinə getmək istəyən Əsmər adlı qızı avtomobilə götürüb aparmaq istəmişdir. Lakin işdən tez çıxdığı üçün həmin qız orada olmamış və həmin yerdən bir az yuxarı hissədə, “20 Yanvar” metrosunun yaxınlığından tanış olmaq məqsədi ilə digər adını xatırlamadığı bir nəfər qızı avtomobilinə əyləşdirib Sumqayıt şəhərinə aparmışdır. Lakin həmin xanımla tanış olmamış və onun mobil nömrəsini almamışdır. Sumqayıt yolunda düzünə hərəkət edib heç bir yerə dönmədən Sumqayıta getmiş, hətta həmin yolda yanacaq doldurma məntəqəsində avtomobilini saxlamış və həmin qız arxa oturacaqdan enib ön oturacaqda əyləşmişdir. Lakin qızdan xoşu gəlmədiyi üçün onunla tanış olmamışdır. Sumqayıt şəhərində “Sumqayıt Plaza”nın yanında həmin qızı avtomobilindən düşürüb evə getmişdir. Evdə paltarını dəyişdikdən sonra məhləyə enib yenidən avtomobili ilə 45-ci məhəllədə yerləşən “Hicaz” dönərin yanındakı “Tantuni” restoranına getmiş, orada yemək yedikdən sonra saat təxminən 19 radələrində oradan çıxıb Bakı-Sumqayıt yolundakı “Sarı YDM” adlı yerin həyətində yerləşən 50 qəpiklik avtoyuma məntəqəsinə daxil olmuşdur. Orada hərəkət etsin deyə, həm də həmin avtoyuma yeni texnologiya ilə təhciz olunduğu üçün özü avtomobilini yumuşdur. Bundan sonra saat təxminən 19:20 radələrində evə gəlmiş, təxminən 19:30 radələrində iş yoldaşı Şahid1 vatsapp vasitəsi ilə görüntülü zəng edib və nə yeməsini soruşmuşdur. Çünki çox vaxt işdən çıxarkən Ruslanın atasının işlətdiyi “Şərq-Qərb” adlı kafedə yemək yemişlər. Ruslan onun da tanıdığı Ayxan adlı dostu ilə atasının kafesində yemək yeməsini demiş, daha sonra məhəllə dostu Ruslana zəng etmiş, o da evlərində təmir getdiyi üçün onu evlərinə dəvət etsə də, getməmişdir. Daha sonra heç yerə çıxmamış, saat təxminən 22 radələrində yatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 6 ildir əmisi oğlu Təqsirləndirilən şəxs ilə ailə qurmuş, birgə nikahdan 2 azyaşlı övladları vardır. Evlənməmişdən əvvəl Teyyubun müxtəlif adamlara borcları olmuşdur. Həmçinin Teyyubun bir neçə banka da borcu olmuşdur. Hazırda da Teyyubun hansısa banka faizlərlə birlikdə 9000 manat borcu vardır. 2022-ci ilin iyun ayının ortalarında Teyyub ona qızıllarını lombarda qoyub 3000 manat pul götürməsini, həmin 3000 manat pulu kiməsə verəcəyini, həmin şəxsin də Teyyubun deməsinə görə 15 gün sonra ona 5000 manat pul qaytaracağını bildirmişdir. O, Teyyuba inanıb 1-2 gündən sonra, yəni 17 iyun 2022-ci il tarixdə özünə məxsus qızıllarını götürüb Sumqayıt şəhərindəki “Səməd” marketin yanındakı adını bilmədiyi lombarda getmiş, qızılları ora təqdim etsə də, lombardda verdiyi qızıllara görə 3000 manat pul verə bilməyəcəklərini dediyi üçün evə qayıdıb anasının onda olan qızıllarını götürüb yenidən lombarda getmiş və onları oraya girov qoyub 3000 manat pul götürmüşdür. Həmin gün axşam saatlarında Teyyub işdən gəldikdən sonra 3000 manatı ona vermiş, Teyyub səhəri gün həmin 3000 manat pulu tanımadığı adama vermişdir ki, guya həmin adam onda olan məlumata görə nəsə iş görüb Teyyuba 15 gündən sonra 5000 manat pul qaytaracaqdır. Teyyub həmin dövrdə 3 ay olardı ki, Bakı şəhərində "xxxx" şirkətində sürücü işləmiş və ayda 600 və 620 manat maaş almışdır. 2022-ci ilin iyulun ayının əvvəllərində Teyyubun ona deməsinə görə 3000 manat pul verdiyi şəxs xarici ölkəyə getmişdir və oradan pulu ona göndərə bilməmişdir. Səhv etmirsə, 29 iyul 2022-ci il tarixdə Teyyub pul verdiyi şəxsin hansı xarici ölkədə olmasını bilmədiyi, özünün deməsinə Vüsal adlı şəxsin “Tır” sürücüsü ilə ona 5000 manat pulu göndərəcəyini demişdir. Lakin həmin gün Teyyub həmin şəxslə görüşə bilməmiş və pulu ala bilməmiş, öz deməsinə görə özü pulu götürmək üçün Astara rayonuna getməli olmuşdur. Lakin Teyyub həmin “Tır” sürücüsü ilə vaxtını eyniləşdirə bilməmiş və onunla görüşə bilməyərək pulu ondan ala bilməmişdir. Teyyub həmin adamlardan yəni “Tır” sürücüsü və ya Vüsaldan xəbər gözlədiyini, xəbər gələndə Astaraya gedib ondan pulu götürəcəyini bildirmişdir. 01 avqust 2022-ci il tarixdə saat 19-20 radələrində Teyyub onunla telefonda danışarkən həmin şəxsin Bakı şəhərindəki avtovağzal ərazisinə gəlməsini və avtovağzala gedib ondan pulu götürəcəyini bildirmişdir. Həmin gün saat 21-22 arasında Teyyub evə gəlmiş və ona 5000 manat pulu verib səhəri gün gedib lombarddan qızıllarını çıxarmasını, həmin qızılları gələcəkdə yenidən ya satmaq, ya da lombarda qoymaqla banka olan borcunu ödəmək istədiyini bildirmişdir. Daha sonra saat 22:30 radələrində Teyyub ikinci işi olan reklam işi ilə əlaqədar və ya dostları ilə görüşmək üçün evdən çıxıb getmiş o, getdikdən sonra 2-3 dəfə Teyyubla danışmış, Teyyub işlərini görüb gələcəyini bildirmişdir. Artıq gec olduğu üçün yatmış və Teyyubun evə nə zaman gəlməsini bilməmişdir. Çünki Teyyub çox vaxt işdən çıxdıqdan sonra öz avtomobili ilə taksi fəaliyyəti ilə də məşğul olmuşdur. 02 avqust 2022-ci il tarixdə səhər saatlarında Teyyub yuxudan durub onlarla birlikdə yaşayan qardaşı Ruslanla işə getmişdir. Ruslan 01 avqust 2022-ci il tarixdə evə tez gəlib yatmışdır. 02 avqust 2022-ci il tarixdə saat təxminən 14-15 radələrində lombardla telefonla danışıb borcunun nə qədər olmasını soruşarkən, onlar borcunun 3161 manat olmasını dedikləri üçün təkcə lombarda gedib 3161 manat ödəmiş, lakin lombardan qızıllarını 05 avqust 2022-ci il tarixdə geri ala biləcəyini demişlər. Təxminən 2022-ci ilin iyul ayının 27-28-si tarixlərində Teyyubun dostu Süleymanın nənəsi vəfat etdiyi üçün Teyyubdan düyü və çay istəmiş, Teyyub da onlara həmin tarixdə 2 ədəd 5 kq-lıq düyü və 2 ədəd ortaboy çay qutusu gətirmiş, Süleymangil düyünü və çayı bəyənmədikləri üçün Teyyub onları evə qoymuş, 1-ci gün həmin 2 ədəd düyü və 2 ədəd çay qutusunu özü ilə birlikdə işə aparmışdır. Bundan başqa Teyyub ona pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, Təqsirləndirilən şəxslə qonşu olmaqla onunla münasibəti normaldır. 01 avqust 2022-ci il tarixdə saat təxminən 9 radələrində Teyyub ona zəng edib görüşmək istədiyini bildirmişdir, o, dostu Süleymanla görüşəcəyini deyərkən Teyyub onun da gəlməsini demişdir. “X3 2” adlı yerə gəldikdə Teyyub onlara qonaqlıq vermək istədiyini bildirmişdir. Teyyubun Prius markalı **-UK-*** dövlət qeyqiayyat nişanlı avtomobili ilə Novxanı qəsəbəsindəki “AFF” adlı otel yerə getmişlər. Teyyubdan nə üçün onlara qonaqlıq verməsini soruşarkən o, yaxşı reklam işi görəcəyini və pulunun bir qismini əvvəldən aldığını bildirmişdir. Teyyubun həqiqətən reklam işi görməsini bildiyi və hətta əvvəllər ona reklamı quraşdırmaqda kömək də etdiyi üçün şübhələnməmişdir. Bundan sonra həmin oteldə yeyib-içmişlər, Teyyub onların və öz otağının 60 manatdan, ümumi 180 manat pulunu və yeyib içdikləri 130 manat pulunu ödəmişdir. O və Süleyman öz pulları ilə otağa iki qız çağırmışlar, Teyyub da özünə bir qız çağırmışdır. Hərə öz otağında qızlarla görüşərkən 02 avqust 2022-ci il tarixdə saat təxminən 03 radələrində Teyyub ona zəng edib səhər tezdən işdə olmalı olduğu üçün getmələrini demişdir. Yığışıb həyətə düşmüş və Teyyubun avtomobili ilə evə getmişlər. Teyyub birinci onu atasıgilin evinə düşürmüş, Süleymanı da evinə düşürdükdən sonra evinə getmişdir. Bundan sonra nə hadisə baş verməsindən xəbəri olmamışdır. Bir-iki gün sonra Teyyubun işlədiyi yerdən külli miqdarda oğurluq etməsini eşitmiş və həmin gün həqiqətən də Teyyubun oğurluq etdiyi pullarla onlara qonaqlıq verməsini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təxminən 4 il əvvəl Sumqayıt “Azərpoçt”unun rəisinin sürücüsü işləyərkən Teyyubla tanış olmuşdur. Həmin vaxt Teyyub “ADRA” adlı reklam şirkətinin rəisinin sürücüsü işləmişdir. Həmçinin onun uşaqlıq dostu Şahid6lə Teyyub qonşu olduqları üçün yaxın münasibətdə olmuşlar. 22 iyul 2022-ci il tarixdə nənəsi Solmaz rəhmətə getmiş, Teyyub çay və düyü yerində çalışdığı üçün ona 25 iyul 2022-ci il tarixdə səhər saatlarında zəng edib pulunu verməklə 10 kq düyü və yarım kq çayı gətirə bilib-bilməməcəyini soruşmuşdur. Teyyub gətirəcəyini demiş, həmin gün axşam saatlarında 2 ədəd 5 kq-lıq düyü və 2 ədəd 250 qramlıq çay gətirmişdir. Aşpaz həmin çay və düyülərin məclis məhsulları olmamasını dediyi üçün elə həmin axşam onları Teyyuba geri qaytarmışdır. 01 avqust 2022-ci il tarixdə saat təxminən 21 radələrində dostu Ramillə şəxsi işi ilə əlaqədar Sumqayıtda “X3 2” adlı yerdə görüşərkən onun Teyyubla birlikdə olmasını görmüşdür. Teyyub onlara birlikdə gedib yemək yeməyi təklifi emiş, lakin gec qayıdacağını bildirmişdir. İşi olmadığı üçün onlarla razılaşmış və Teyyubun “Prius markalı **-UK-*** dövlət qqydiyyat nişanlı avtomobili ilə Novxanı qəsəbəsindəki “AFF” adlı otelə getmişlər. Teyyubun avtomobilinə əyləşəndə Teyyub ona qızlarla da görüşəcəklərini demiş, o isə Teyyuba üstündə pulunun az olmasını bildirərkən Teyyub narahat olmamağını, hər şeyin pulunu özü verəcəyini bildirmişdir. O, təəccüblənib Teyyubdan birdən-birə pulun haradan peyda olmasını, “haranı oğurlayıb aparmasını soruşarkən, yaxşı reklam işi götürdüyünü və görəcəyi reklam işinin pulunun yarısını əvvəldən götürməsini bildirmişdir. Bundan sonra həmin oteldə yeyib-içmiş, Teyyub onların və öz otağının 60 manatdan ümumi 180 manatı və yeyib-içməklərinin 130 manat pulunu vermişdir. Özü isə öz pulu ilə özü və dostu Ramil üçün iki qız çağırmış, Teyyub da özünə bir qız çağırmışdır. 02 avqust 2022-ci il tarixdə saat təxminən 03 radələrində Teyyub ona zəng edib səhər tezdən işdə olmalı olduğu üçün çıxıb getmələrini demişdir. Teyyub öz avtomobili ilə onları aparıb evə düşürüb getmişdir. Bundan sonra nə hadisə baş verməsindən xəbəri olmamışdır. 1-2 gündən sonra Teyyubun işlədiyi yerdən külli miqdarda oğurluq etməsini eşitmiş və Teyyubun həmin gün oğurluq etdiyi pullarla onlara qonaqlıq verməsini başa düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Şahid1 ilə dostluq edir. Ruslanın atasının “Nizami” metrosunun yaxınlığında “Şərq-Qərb” adlı kafesi vardır, o da hərdən orada yemək yeyir və demək olar hər gün orada Ruslanla görüşür. 01 avqust 2022-ci il tarixdə saat təxminən 19 radələrində o, həmin kafedə çay içərkən Ruslanın da kafeyə daxil olmasını görmüşdür. Lakin Ruslan onu görməmişdir. Daha sonra Ruslan ona sms yazıb harada olmasını soruşmuşdur. O da yanında olmağını deyib, Ruslann stolunun yanına getmişdir. Orada bir qədər söhbət etdikdən sonra birlikdə kafedən çıxıb həyətdə söhbət etməyə başlamışlar. Daha sonra Ruslan idarə etdiyi “Land Cruizer” markarlı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilini yudurtmağa aparmış, o da yaxınlıqdakı işlərini görüb, saat təxminən 21:30 radələrində yenidən kafenin qarşısına gəlmişdir. Ruslan avtomobilinin arxa yük yerinin qapısını açmış və onlar söhbət edə-edə orada oturmuşlar. Bir qədər sonra Ruslanın atası Məzəddin həyətə çıxıb onları avtomobilin arxasında oturan yerdə görərkən oradan düşməklərini, ayıb olmasını bildirmiş və onlar da oradan durmuşlar. Həmin gün saat təxminən 10 radələrində Ruslanla birlikdə görüşdüyü qızı götürmək üçün Ruslanın idarə etdiyi “Land Cruizer” markarlı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillə “M.Əcəmi” metrosunun yaxınlığına getmişlər. Orada o, həmin qızla görüşmüşlər o avtomobildə öndə, həmin qız isə arxada əyləşərək birlikdə Badamdar qəsəbəsindəki “Hollyvood” sinema klubuna getmişlər. Saat təxminən 24 radələrində sinema klubda birlikdə çay içmiş və qəlyan çəkmişlər. Bir qədər sonra, təxminən saat 02 radələrində birlikdə oradan çıxıb “Nizami” metrosunun yaxınlığına gəlmişlər, orada o və görüşdüyü qız Ruslanın avtomobilindən enib hərəsi öz evinə getmişlər. O, 2-3 gün sonra Ruslanın başına gələn hadisəni eşitmişdir. Faktiki olaraq 01avqust 2022-ci il tarixdə saat 19 radələrindən 02 avqust 2022-ci il tarixdə saat 02 radələrinədək Ruslan onunla birlikdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də nəqliyyat sahəsi üzrə mütəxəssis işləyir. İş fəaliyyəti şirkətin nəqliyyat vasitələrinə və həmin avtomobillərlə malların daşınmasına nəzarət etməkdən ibarətdir. Şirkətə sürücü lazım olduğu üçün əvvəldən tanıdığı Şahid14 şirkətə sürücü işinə götürmüşdür. Daha sonra şirkətə əlavə sürücü lazım olduğu üçün Ruslanın qardaşı Teyyubun da şirkətə sürücü işinə götürülməsinə köməklik etmişdir. Şirkətdə iş yerində kassa otağının yanında divarda işçilər işə gələrkən barmaqlarını sıxıb işə gəlməklərini təsdiq edən bildiriş yeri quraşdırılmış, işçilər işə gələrkən, eyni zamanda işdən çıxarkən barmaqlarını ora sıxıb işə gəlib-getmələrini təsdiq etmişlər. Onun tabeliyində 4 işçisi olmuşdur və işçiləri çox vaxt saat 17 radələrində və bəlkə daha tez işləri bitirdikləri üçün evə getmişlər. 01 avqust 2022-ci il tarixdə saat təxminən 17:30 radələrində işini bitirdiyi üçün işdən çıxıb getmişdir. Həmin vaxt Teyyub ofisdə olmuş və onun konkret nə iş görməsini bilməmişdir. İş vaxtı saat 18:00-da bitdiyindən Teyyuba nə üçün çıxıb getməməsini dedikdə, o, işinin olmasını və gedəcəyini bildirmişdir. Lakin Teyyubun qardaşı Ruslan digər işçiləri Elbrusla getmişdir. 02 avqsut 2022-ci il tarixdə saat təxminən 09 radələrində işə gələrkən Teyyubla Ruslanın artıq işdə olduqlarını, Teyyubun rənginin tam qaçmasını, halsız olmasını görmüşdür. Teyyub ondan icazə istəyib, evə getmək istədiyini bildirmiş, ona icazə versə də, Teyyub işdən getməmişdir. Daha sonra saat 10 radələrində ofisin kassasından pul oğurlanması xəbərini eşitmişdir. Təqsirləndirilən şəxs həmin gün işə gələrkən özünü pis hiss etməsini bildirməsinə və özündə olmamasına görə həmin oğurluqda ondan şübhələnmişdir. Sonradan Təqsirləndirilən şəxs həqiqətən ofisin kassasından pul oğurlanması öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/69 ünvanında yerləşən "xxxx" MMC-də sürücü işləməklə “Qazel” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Həmin şirkətə işçi lazım olduğu üçün sonradan qardaşı Teyyubun da şirkətə sürücü kimi işə düzəlməsinə kömək etmişdir. 01 avqust 2022-ci il tarixdə iş yoldaşı Elbrusla işdən çıxmış, Teyyub işinin olmasını, onlarla gedə bilməyəcəyini bildirmişdir. Həmin gün Teyyub ondan 2-3 saat sonra evə gəlmiş və tez də evdən çıxıb getmişdir. Səhəri gün Elbrusla birlikdə işə gedərkən Teyyub Elbrusa olan 420 manat pul borcunu ödəmişdir. İşdə Teyyub özünü pis hiss etmiş, halı pisləşmiş, ondan nə olmasım soruşarkən xəstələnməsini bildirmişdir. Hətta Teyyub işdən çıxıb getmək üçün nəqliyyatın rəisi Seymurdan icazə də istəmiş, bir qədər sonra isə şirkətdə oğurluq olmasını eşitmişdir. Sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, səhərisi günü isə Teyyub şirkətdən oğurluq etməkdə şübhəli şəxs kimi tutulmuşdur. Bundan bir neçə gün sonra, təxminən 05 və ya 06 avqust tarixlərində Teyyubla 3 saylı istintaq təcridxanasında görüşərkən Teyyub ona icarəyə işlətdiyi **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində ona məxsus əşyaları və içində iş alətləri olan qara rəngli qutunu evlərinin damına çıxarmasını demişdir. Teyyubdan bunun səbəbini soruşduqda o, artıq həbs olunduğunu, avtomobilin də icarə haqqını ödəyə bilməyəcəklərinə görə avtomobili sahibinin gəlib aparacağını və buna görə də avtomobildə olan ona məxsus əşyaları evə aparmağını və iş alətləri qutusunu da artıq uzun müddət istifadə edə bilməyəcəyinə görə onu və digər əşyaları dama qoymasını bildirmişdir. Evə gələrkən Teyyubun dediyi kimi edib avtomobilini boşaltmış və digər xırda əşyalarla birlikdə içində iş alətləri olan qara plastik qutunu da evlərinin damına qoymuşdur. Lakin həmin qutunu açmamış və onun içinə baxmamışdır. Həmçinin digər əşyalar bir ədəd sərinkeş, bir ədəd paltarları olan paket və s. bu kimi əşyalar olmuşdur. Bundan sonra evlərinə baxış zamanı həmin içində iş alətləri olan qara plastik qutudan Teyyubun oğurladığı pullar aşkar edilmişdir. O, qardaşı Teyyubun oğurluq etməsinə kömək etməmiş, qara rəngli plastik qutunun içində pul ola biləcəyini düşünməmiş, pullar tapılanadək qardaşının oğurluq etməsinə inanmamışdır, qardaşı da ona və ailə üzvlərinə oğurluq etməsi barədə deməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid10 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. O, sözügedən ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, "xxxx" MMC-də anbardar vəzifəsində işləyir. Onun vəzifəsi anbara gələn malları mədaxil etmək və müvafiq sənəd əsasında anbardan çıxan malları məxaric etməkdən ibarətdir. İşçilər işə gəlib-gedərkən otağının yanında divarda quraşdırılmış bildirişə əl barmaqlarını sıxıb gəlib-gedirlər. 25 iyul 2022-ci il tarixdə sürücü işləyən iş yoldaşı Təqsirləndirilən şəxs ondan borca 2 ədəd 5 kq-lıq “Haşimi” düyüsü və 2 ədəd 250 qramlıq “Pürrəngi” çayı götürüb dostunun nənəsinin yasına aparacağını bildirmiş, o da etiraz etməyərək istədiklərini ona vermişdir. 1-2 gündən sonra Teyyub düyüləri və çayı bəyənmədiklərini deyib qaytaracağını desə də, qaytarmamış, əksinə həmin vaxtlarda, yəni 28-29 iyul tarixlərdə Teyyub ondan 10 manat borc pul almışdır. 01 avqust 2022-ci il tarixdə saat təxminən 9 radələrində işə gəlmiş, saat təxminən 17:45 radələrində işdən çıxmağına az qalmış Teyyub anbara gəlib Sumqayıta sifariş olub-olmamasını soruşmuşdur. Ona Sumqayıta sifariş olmadığını dedikdən sonra təxminən 18 radələrində işdən çıxarkən ofisə arxa qapıdan daxil olub, ofisin qapılarını bağlamağa başlamışdır. Bu zaman həmin arxa dəmir qapının içəri tərəfdən həmişə üzərində olan açarının üzərində olmamasını görmüş, buna görə də qapının dəmirini əli ilə yuxarıya keçirib bağlamışdır. Bu zaman həmin qapını yalnız içəridən əllə açmaq mümkün olur. Daha sonra ön qapıya doğru getmiş, orada divarda olan siqnalizasiya qurğusunu qoşmaq istəmiş, lakin siqnalizasiya qurğusunun işləmədiyini görmüşdür. Şahid3 zəng edib bu barədə demiş, Urfan isə ona niyə zəng etdiyini deyib, səhər problemi həll eləməyə çalışacağını demişdir. Siqnalizasiyanı təmir etmək Urfanın vəzifəsi olmasa da, təmir işinə baxan şirkətin ustalarının nömrəsi onda olur. Bundan sonra bir söz deməyib, ön qapını da bağlayıb evə gedən zaman saat təxminən 18:18-də Teyyub ona zəng edib nə etdiyini soruşarkən evə getdiyini bildirmişdir. Sonra Teyyub yenə ondan Sumqayıta sifarişi olub-olmamasını soruşarkən ona acıqlanmış və bayaq ondan soruşduğu sözü nə üçün təkrar soruşmasını deyib, sifarişin olmamasını bildirib evə getmişdir. Teyyubgil, yəni qardaşı Ruslan, Elbrus Sumqayıta getdikləri üçün işdən tez çıxıb gedirlər. 01 avqust 2022-ci il tarixdə isə saat 18 radələri olmağına baxmayaraq Teyyubun “Prius” markalı avtomobilini anbarın qarşısında görmüşdür. Həmin vaxt Ruslanla Elbrus çıxıb getmişdilər. Halbuki onlar həmişə bir yerdə evə gedirdilər. Həmçinin qapıları bağlayıb gedərkən ofisin otaqlarının qapısı bağlı olmasa da, qapılar örtülü vəziyyətdə olur və otaqların içinə baxmamışdır. 02 avqust 2022-ci il tarixdə saat təxminən 08:40 radələrində işə gəlmiş, arxa qapının açarının hələ də qapının üzərində olmadığını, ofisin server otağında kamera görüntülərini özündə saxlayan “yaddaş kartı”nın çıxarıldığını görmüşdür. Təxminən saat 10 radələrində anbarda olarkən Urfan ona zəng edib kassadan oğurluq olmasını və 46 min manat pulun oğurlanmasını bildirmişdir. Bir qədər sonra Teyyub cibindən qalın formada pullar çıxarıb onun 10 manat borcunu və 2 ədəd düyü və çayı qaytarmışdır. Teyyubun cibində nə qədər pul olmasını dəqiq bilməsə də, çox pul olmasını görmüş, bu ona çox təəccüblü gəldiyindən ondan “dünən sən özün mənə səhəri gün borcumu qaytaracağını deyib, cibində bir manat da olsun pulunun olmamasını demişdin, bu gün bu qədər pul səndən haradandır?” deyə soruşarkən o, reklam işindən pul tutduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və bu zaman Təqsirləndirilən şəxs qorxmasının, özünü şübhəli aparmasının şahidi olmuşdur. 01 avqust 2022-ci il tarixdə işdən gec getməsi, təkrarən ona yersiz yerə zəng etməsi, Elbrus adlı işçilərinə olan 420 manat borcunu 02 avqust 2022-ci il tarixdə qaytarması, oğurluq faktı aşkar olunduqdan sonra özünü pis hiss etdiyinə görə şirkətdən baş vermiş oğurluqda ondan şübhələnmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 03 avqust 2022-ci il tarixli qərardan görünür ki, material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 02 avqust 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Nizami RPİnin ekspert-kriminalistinin, "xxxx" MMC-nin əməkdaşının və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 6-15) - 04 avqust 2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd CD diskə baxış zamanı Təqsirləndirilən şəxs "xxxx" MMC-dən oğurladığı içərisində 46444.00 manat nağd pul vəsaiti olan torba ilə MMC-nin arxa qapısının giriş hissəsində, divarın qarşısında olan divana oturduğu, 1 dəqiqəyə yaxın orada oturduqdan sonra əlindəki oğurlanmış pullarla MMC-nin arxa hissəsindəki dayanacağa gedib avtomobilinə əyləşməsi müşahidə olunmuşdur. (İ cild i.v. 72) - 04 avqust 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin müdafiəçisinin iştirakı ilə yerində yoxlanılması zamanı o, hadisə yerini yani olaraq göstərib, oğurluq əməlini hansı qaydada törətdiyini ifadəsində göstərilən qaydada izah etmişdir. (İ cild i.v. 73-78) - 21 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilərkən evin damından ona məxsus qara rəngli plastik materialdan olan iş alətləri qutusunun içərisində üzərində “Haşimi” sözləri yazılmış sarı rəngli düyü torbasında ümumi 217220.22 manat və 400 ABŞ dolları məbləğində müxtəlif kağız pul əskinasları və metal pul sikkələri aşkar edilərək maddi sübut kimi götürülmüşdür. (İİ cild i.v. 30-31) - 05 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. (İİ cild i.v. 116-117) - 06 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Şahid1 və Şahid14 barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işinin icraatına xitam verilmiş, Şahid14, X2 və Şahid5 barələrində Azərbaycan Respublikası CM-nin 194 və 307-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, 08 ədəd CD disk və Təqsirləndirilən şəxs 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut qismində tanınmış, disklər cinayət işinin materiallarına əlavə edilmiş, mobil telefon hökmlə təyinatı məsələsi həll edilənədək Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (İİ cild i.v. 131-152) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 36) - 05 avqust 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay həddində müəyyən edilməklə, həbsetmənin əvvəli 03 avqust 2022-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 124-127) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (İ cild i.v. 160) -Sumqayıt şəhər 1 saylı MİS-nin 07 sentyabr 2022-ci il tarixli 3344 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri - atası X2, qardaşı Şahid14, bacısı X1, həyat yoldaşı Şahid5, 2017-ci il təvəllüdlü qızı Ayla Əfəndiyeva və 2020-ci il təvəllüdlü qızı Aysu Əfəndiyevadan ibarətdir. (İİ cild i.v. 94) -Sumqayıt şəhər 1 saylı MİS-nin rəisi tərəfindən 07 sentyabr 2022-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ cild i.v. 95) -Məhkəməyə təqdim edilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin direktorunun 28 dekabr 2022-ci il tarixli AÇB/22-84 nömrəli məktubundan, eləcə də MMC-nin nümayəndəsi Nümayəndə həmin tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə vurduğu maddi ziyanı tamamilə ödəmişdir, ona qarşı şikayətləri yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını və zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 03 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 avqust 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, hal-hazıra, yəni 13 yanvar 2023-cü il tarixədək həbsdə saxlanılır. Ona görə məhkəmə hesab edir ki, ümumilikdə həmin 05 ay 10 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış videogörüntülərin əks olunduğu 08 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən 01 ədəd mobil telefon yekun məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra onun özünə qaytarılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 40 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 03 avqust 2022-ci il tarixdən 13 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 10 (on) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Maddi sübut qismində tanınmış 08 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən 01 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi 240 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-69/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-69/2023
13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver