Məhkəmə qərarları › İş №1(007)-693/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-693/2025

02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-693/2025 02.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X8 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Murad Geiushovun (X1), təqsirləndirilən şəxslərin müdafiəçiləri - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində cəlb edilmiş Qanuni nümayəndə və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyanın məsul katibi X2, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 2006-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs xx xxx 2010-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, yetkinlik yaşına çatmayan, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 23 mart 2025-ci il tarixdə saat 01:17 radələrində Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 119C nömrəli ünvanda yerləşən Murad Geiushovun icarəyə götürüb Zərərçəkmiş şəxs1 ilə şərikli işlətdiyi, həmin vaxt bağlı olan köşkə daxil olub oğurluq etmək niyyəti ilə aralarında olan vəzifə bölgüsünə əsasən kənar şəxsin gəlməsi barədə onlara məlumat vermək üçün o, köşkdən kənarda dayanıb ətrafı müşahidə etmiş, qrup üzvü Şahid1 və Təqsirləndirilən şəxs2 isə qeyri-yaşayış sahəsinin giriş qapısının şüşəsini mişar daşı ilə vurub sındıraraq saxlanc yeri hesab olunan köşkə qanunsuz daxil olmaqla orada vitrinin arxasında olan siyirmədən 700 ədəd 1 manatlıq, 4 ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq, 80 ədəd 5 manatlıq, köşkdəki kassadan 92 ədəd 1 manatlıq, 13 ədəd 20 manatlıq, 31 ədəd 10 manatlıq, 47 ədəd 5 manatlıq, siqaret vitrinindən 1 ədədi 3 manat 82 qəpik olmaqla ümumilikdə 114 manat 60 qəpik təşkil edən 30 ədəd nazik “Winston” markalı siqaret qutusu, 1 ədədi 3 manat 82 qəpik olmaqla ümumilikdə 152 manat 80 qəpik təşkil edən 40 ədəd “kompact “Winston” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 27 qəpik olmaqla ümumilikdə 170 manat 80 qəpik təşkil edən 40 ədəd “kompact Sobranie” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 27 qəpik olmaqla ümumilikdə 213 manat 50 qəpik təşkil edən 50 ədəd nazik “Sobranie” markalı siqaret qutusunu, 1 ədədi 3 manat 28 qəpik olmaqla ümumilikdə 65 manat 60 qəpik təşkil edən 20 ədəd “kompact LD” markalı siqaret qutusunu, 1 ədədi 3 manat 46 qəpik olmaqla ümumilikdə 69 manat 20 qəpik təşkil edən 20 ədəd nazik “LD” markalı siqaret qutusunu, 1 ədədi 65 qəpik olmaqla ümumilikdə 14 manat 95 qəpik təşkil edən 23 ədəd alışqan, 1 ədədi 1 manat 45 qəpik olmaqla ümumilikdə 5 manat 80 qəpik təşkil edən 04 ədəd “Snickers” markalı şokoladı gizli olaraq talayıb zərərçəkmiş şəxslər Murad Geiushova və Zərərçəkmiş şəxs1 ümumilikdə 3404 manat 25 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs1 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 23 mart 2025-ci il tarixdə saat 01:17 radələrində Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 119C nömrəli ünvanda yerləşən Murad Geiushovun icarəyə götürüb Zərərçəkmiş şəxs1 ilə şərikli işlətdiyi, həmin vaxt bağlı olan köşkə daxil olub oğurluq etmək niyyəti ilə aralarında olan vəzifə bölgüsünə əsasən kənar şəxsin gəlməsi barədə onlara məlumat vermək üçün qrup üzvü Təqsirləndirilən şəxs1 köşkdən kənarda dayanıb ətrafı müşahidə etmiş, o isə qrup üzvü Şahid1la qeyri-yaşayış sahəsinin giriş qapısının şüşəsini mişar daşı ilə vurub sındıraraq saxlanc yeri hesab olunan köşkə qanunsuz daxil olmaqla orada vitrinin arxasında olan siyirmədən 700 ədəd 1 manatlıq, 4 ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq, 80 ədəd 5 manatlıq, köşkdəki kassadan 92 ədəd 1 manatlıq, 13 ədəd 20 manatlıq, 31 ədəd 10 manatlıq, 47 ədəd 5 manatlıq, siqaret vitrinindən 1 ədədi 3 manat 82 qəpik olmaqla ümumilikdə 114 manat 60 qəpik təşkil edən 30 ədəd nazik “Winston” markalı siqaret qutusu, 1 ədədi 3 manat 82 qəpik olmaqla ümumilikdə 152 manat 80 qəpik təşkil edən 40 ədəd “kompact Winston” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 27 qəpik olmaqla ümumilikdə 170 manat 80 qəpik təşkil edən 40 ədəd “kompact Sobranie” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 27 qəpik olmaqla ümumilikdə 213 manat 50 qəpik təşkil edən 50 ədəd nazik “Sobranie” markalı siqaret qutusunu, 1 ədədi 3 manat 28 qəpik olmaqla ümumilikdə 65 manat 60 qəpik təşkil edən 20 ədəd “kompact LD” markalı siqaret qutusunu, 1 ədədi 3 manat 46 qəpik olmaqla ümumilikdə 69 manat 20 qəpik təşkil edən 20 ədəd nazik “LD” markalı siqaret qutusunu, 1 ədədi 65 qəpik olmaqla ümumilikdə 14 manat 95 qəpik təşkil edən 23 ədəd alışqan, 1 ədədi 1 manat 45 qəpik olmaqla ümumilikdə 5 manat 80 qəpik təşkil edən 04 ədəd “Snickers” markalı şokoladı gizli olaraq talayıb zərərçəkmiş şəxslər Murad Geiushova və Zərərçəkmiş şəxs1 ümumilikdə 3404 manat 25 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Həmin əməllərinə görə təqsirləndirilən şəxslərin hər ikisinə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 23 mart 2025-ci il tarixdə gecə saat 02 radələrində o, Səyyarə və Gündüzlə birlikdə metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən “Alov” parkında gəzərkən orada olan köşkdən oğurluq etmək qərarına gəlmişlər. Kənar şəxs gəldikdə Gündüzlə Səyyarəyə xəbər vermək üçün o, köşkdən kənarda durmuşdur. Gündüz köşkün giriş qapısında olan şüşəni daşla sındırmış və Gündüzlə Səyyarə köşkə daxil olmuşlar. Köşkdən cəmi 1500 manat pul və 9 blok siqaret oğurlamışlar. Pulu 3 yerə bölmüşlər və hərəyə 500 manat pul düşmüşdür. Siqaretləri isə tanımadıqları şəxsə satmışlar. Əldə etdikləri pulu öz ehtiyaclarına xərcləmişlər. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 23 mart 2025-ci il tarixdə gecə saat 02 radələrində o, Sima və Gündüzlə birlikdə metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən “Alov” parkında gəzərkən orada olan köşkdən oğurluq etmək qərarına gəlmişlər. Sima köşkdən kənarda durmuşdur ki, əgər kənar şəxs gələrsə Gündüzlə ona xəbər versin. Gündüz köşkün giriş qapısında olan şüşəni daşla sındırmış və onlar köşkə daxil olmuşlar. Köşkdən cəmi 1500 manat pul və 9 blok siqaret oğurlamışlar. Pulu 3 yerə bölmüşlər və hərəyə 500 manat pul düşmüşdür. Siqaretləri isə tanımadıqları şəxsə satmışlar. Əldə etdikləri pulu öz ehtiyaclarına xərcləmişlər. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətməkdə təqsirliliyi aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, şəriki Muradla birlikdə metronun “Koroğlu” stansiyasının çıxışında “Alov fəvvarəsi” parkında yerləşən “Alov” köşkünü icarəyə götürüb müxtəlif növ siqaret, şirniyyat və suların satışı ilə məşğul olurlar. Köşk hər gün saat 06:15-də açılmış və saat 23:30-da bağlanmışdır. 23 mart 2025-ci il tarixdə saat 02:20 radələrində parkın mühafizəçisi ona zəng vurub işlətdiyi köşkün giriş qapısının şüşəsinin sındırıldığını demişdir. O tez durub köşkün yanına getmiş, oraya çatdıqda köşkün giriş qapısının sındırıldığını, polis əməkdaşlarının orada olduqlarını görmüşdür. Polis işçiləri ilə birlikdə videomüşahidə kamerasına baxan zaman bir oğlan və bir qızın köşkün giriş qapısının şüşəsini daşla sındırıb köşkə daxil olduqlarını, köşkdən pul, müxtəlif növ siqaret, alışqan və şirniyyat oğurladıqlarını görmüşlər. Sonra polis işçisi ondan ərizə almış, izahat vermişdir. Səhərisi gün o və şəriki Murad mağazada oğurlanmış əşyaları müəyyən etmək üçün yoxlama aparmışlar və ümumilikdə onlara 3404,25 manat dəyərində ziyan dəydiyini müəyyən etmişlər. Onlara dəymiş ziyandan 1000 manat pul Şahid1 tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onlara dəymiş ziyan ödənilməmişdir. Buna baxmayaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti yoxdur, onlara cəza təyin edilməsini istəmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Murad Geiushov (X5) ifadəsində bildirmişdir ki, şəriki Ziya ilə birlikdə metronun “Koroğlu” stansiyasının çıxışında “Alov fəvvarəsi” parkında yerləşən “Alov” köşkünü icarəyə götürüb müxtəlif növ siqaret, şirniyyat və suların satışı ilə məşğul olurlar. Köşk hər gün saat 06:15-də açılmış və saat 23:30-da bağlanmışdır. 23 mart 2025-ci il tarixdə saat 02:20 radələrində Ziya ona zəng vurub işlətdiyi köşkün giriş qapısının şüşəsinin sındırıldığını demişdir. O tez durub köşkün yanına getmiş, oraya çatdıqda köşkün giriş qapısının sındırıldığını, polis əməkdaşlarının orada olduqlarını görmüşdür. Polis işçiləri ilə birlikdə videomüşahidə kamerasına baxan zaman bir oğlan və bir qızın köşkün giriş qapısının şüşəsini daşla sındırıb köşkə daxil olduqlarını, köşkdən pul, müxtəlif növ siqaret, alışqan və şirniyyat oğurladıqlarını görmüşlər. Sonra polis işçisi Ziyadan ərizə almış, Ziya izahat vermişdir. Səhərisi gün o və şəriki Ziya mağazada oğurlanmış əşyaları müəyyən etmək üçün yoxlama aparmışlar və ümumilikdə onlara 3404,25 manat dəyərində ziyan dəydiyini müəyyən etmişlər. Onlara dəymiş ziyandan 1000 manat pul Şahid1 tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onlara dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti yoxdur, onlara cəza təyin edilməsini istəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Yasamal rayon Mühafizə İdarəsinin mühafizəçisi Şahid3 ifadəsində bildirmişdir ki, metronun “Koroğlu” stansiyasının çıxışında “Alov fəvvarəsi” parkının yaxınlığında olan X3 digər mühafizəçi Şahid2la birlikdə saat 23-dən saat 07-dək mühafizə edirlər. 23 mart 2025-ci il tarixdə saat 02:16 radələrində Şahid2la birlikdə xidmət aparan zaman “Alov” köşkünün giriş qapısının şüşəsinin sınıq olduğunu görmüşlər. Rasim mobil telefonu ilə Daxili İşlər Nazirliyinin 102 Zəng Xidmətinə və Bakı şəhəri Yasamal rayon Mühafizə İdarəsinə zəng vurub məlumat vermişdir. O isə “Alov” köşkünü işlədən şəxsin nömrəsini tapıb ona zəng vurub məlumat vermişdir. Hadisə yerinə Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları gəlmişlər, onlar isə xidməti yerlərinə qayıtmışlar. Onlar köşkün qapısının kim tərəfindən sındırıldığını, oradan oğurluq olduğunu görməmişlər. Sadəcə köşkün qapısının şüşəsinin sınıq olduğunu görüb məlumat vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, Bakı şəhərində avtomobil təkərini qaraltmaqla və dilənməklə çörək pulu qazanır. O adətən Bakı şəhəri Nizami rayonu ərazisində metronun “Koroğlu” stansiyasının yaxınlığında Heydər Əliyev prospektində yerləşən “Bravo” marketin qarşısında həm avtomobillərin təkərini qaraldır, həm də dilənir. 22 mart 2025-ci il tarixdə saat 17 radələrində metronun “Koroğlu” stansiyasının yaxınlığında Sima və Kəsiya adlı qızlarla tanış olmuş və ona məlum olmuşdur ki, onlar da Yevlax şəhərində doğulmuşlar, ancaq Bakı şəhəri Suraxanı rayonunda yaşayırlar. O, Sima və Kəsiya ilə söhbət edib Bakı şəhəri Nərimanov rayonunun ərazisinə getmiş və metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında dönər yemişlər. Həmin gün saat 21-22 radələrində metronun “Koroğlu” stansiyasına gəlmişlər. Bundan sonra onlar metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən “Alov” parkında söhbət etmişlər. Sonradan məlum olmuşdur ki, Kəsiya onun ləqəbidir, əsil adı Səyyarədir. Onların siqareti olmadığı üçün Səyyarə demişdir ki, “Alov” parkında köşkün qapısında olan şüşəsini sındırıb köşkdən siqaret və şokolad oğurlasınlar. Bundan sonra o və Sima Səyyarənin təklifi ilə razılaşmışlar. 23 mart 2025-ci il tarixdə saat 02 radələrində o, Sima və Səyyarə ilə birlikdə “Alov” köşkünün qarşısına gəlmişlər və razılaşmışlar ki, o və Səyyarə köşkə girib oğurluq edəcəklər, Sima isə kənarda duraraq kimsə gəlsə onlara xəbər edəcəkdir. Bundan sonra o və Səyyarə köşkün qapısının qarşısına gəlmişlər, Sima isə onlardan 2-3 metr kənarda dayanmışdır. O, köşkün giriş qapısında olan şüşəni Səyyarənin verdiyi daşla qırmış, qırılmamış hissəni isə təpiklə vurub qıraraq köşkə daxil olmuşdur. O, vitrində olan alışqanları götürməyə başlayan zaman Səyyarə köşkə giriş qapısının şüşənin qırılmış yerindən daxil olmuş və köşkdə olan kassaya tərəf getmişdir. O, alışqanları götürüb mağazadan çıxmışdır. Səyyarə isə kassada olan pulları götürmüş və siqaret bloklarını sellofan torbaya yığmağa başlamışdır. Həmin vaxt o, köşkdən çıxmış və Simanın yanına gəlmişdir. Sima ilə birlikdə ətrafa baxmış, heç kim olmadığı üçün o, yenidən köşkə daxil olmuş və vitrində olan şokoladları götürmüşdür. O sonra isə Səyyarə siqaret yığdığı sellofan torba ilə çıxmışlar. Həmin vaxt o, köşkdən qaçan zaman götürdüyü alışqanlar cibindən yerə düşmüş, şokoladları isə yolda yemişdir. Bundan sonra Sima və Səyyarə Suraxanı rayonu Bülbülə qəsəbəsində olan parka getməyi təklif etmişlər. O razılıq vermiş və onlar birlikdə piyada Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən parka getmişlər. Yolda olan zaman Səyyarə köşkdən siqaret və pul oğurladığını demişdir. Səyyarə əynində olan gödəkçənin altından 1 manat, 5 manat, 10 manat, 20 manat, 50 manatdan ibarət pulları çıxarmış və onlar pulları saydıqda 1500 manat olduğunu görmüşlər. Həmin pulu 3 yerə bölmüşlər və hərəsinə 500 manat düşmüşdür. Bundan sonra Səyyarə göy rəngli sellofan torbadan 9 blok siqaret çıxarmış, həmin siqaretləri bölmüşlər və hərəsinə 3 blok siqaret düşmüşdür. Həmin gecəni parkda skamyanın üzərində yatmış və səhər durmuşlar. Bunda sonra o, Sima və Səyyarə Bakı şəhəri Nərimanov rayonuna gedib siqaret bloklarının birini 30 manata satmışlar. Bundan sonra o yaşadığı evə getmiş və köşkdən oğurluq etdiyi barədə heç kimə bir söz deməmişdir. 24 mart 2025-ci il tarixdə anası Əminə ondan oğurluq etdiyini soruşduqda anasına etdiyi oğurluq barədə danışmışdır. Anası onu Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 2.3-cü Polis Bölməsinə aparmaq istəmiş və onlar evdən çıxıb getmək istəyən zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq onun adını soruşmuşlar. Anası onun adını dedikdən sonra həmin iki nəfər şəxs özlərini Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23cü Polis Bölməsinin polis işçiləri kimi təqdim etmiş və onları 23-cü Polis Bölməsinə dəvət etmişlər. Onlar polis işçiləri ilə birlikdə 23-cü Polis Bölməsinə getmiş, o etdiyi oğurluq barədə izahat yazmış və oğurluq etdiyi köşkü göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs1 tərəfindən Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə ünvanlanmış ərizədən görünür ki, 23 mart 2025-ci il tarixdə saat təxminən 01:12-də “Alov” parkında yerləşən ona məxsus mağazanın giriş qapısının şüşəsini 2 nəfər naməlum şəxs sındıraraq mağazaya daxil olmuş, kassadan təxminən 1500-2000 manat pul, 1000 manat dəyərində müxtəlif növ siqaretlər oğurlamışlar. Zərərçəkmiş şəxs1 həmin ərizəsində cinayət törətmiş şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilərək dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 aprel 2025-ci il tarixli məhkumluq haqqında tələbnamələrdən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. - cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 22 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, oğurluq hadisəsinin görüntülərinin əks olunduğu 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Hadisə yerindən götürülmüş 01 ədəd mişar daşı maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. - 01 ədəd diskə köçürülmüş videogörüntüdən görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs2 köşkün qarşısına gəlmiş, Təqsirləndirilən şəxs2 əlində olan mişar daşını Şahid1 vermiş, Şahid1 həmin mişar daşını köşkün şüşə qapısına vurub sındırmış, qırılmayan hissələrini isə ayağı ilə vurub qırdıqdan sonra köşkə daxil olmuşlar. Şahid1 vitrində olan alışqanları götürüb gödəkçəsinin cibinə qoymuş, Təqsirləndirilən şəxs2 isə vitrinin arxasına keçmiş, kassadan pulları götürüb gödəkçəsinin altına qoymuş, Şahid1 vitrində olan şokoladları götürüb gödəkçəsinin cibinə qoyub köşkün qapısından çölə çıxmış, Təqsirləndirilən şəxs2 sellofan torba götürüb siqaret bloklarını sellofan torbaya yığmış, Şahid1 köşkə qapıdan daxil olmuş, vitrində olan şokoladları götürüb gödəkçənin cibinə qoyub köşkdən çıxmışdır. Təqsirləndirilən şəxs2 əlində sellofan torba ilə köşkdən çıxıb qaçaraq gemişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-nin 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət tərkibi vardır, onlara ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməlləri həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli bilərək ifadələrində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzadan azad edilmələri və onların barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edərkən məhkəmə hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraitini, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatları, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almalıdır. Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 52-1-ci maddəsi yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini istisna etmir, Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsi isə onlara bu cəzanın iki aydan iki ilədək müddətə təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, habelə cinayətin törədilməsindən sonra halhazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, o cümlədən cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 29 mart 2025-ci il tarixdə və 22 oktyabr 2025-ci il tarixdə 2 gün tutulması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri Suraxanı rayonu Balandin küçəsi 6 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, hazırda da yetkinlik yaşına çatmamasını, törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul edə bilər. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, habelə cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, o cümlədən yenidən tərbiyə olunması məqsədinə xidmət edəcəyi ehtimalına görə və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 29 mart 2025-ci il tarixdə və 22 oktyabr 2025-ci il tarixdə 2 gün tutulması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.1ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 01 ədəd mişar daşı hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 və Murad Geiushova (X4) vurulmuş maddi ziyan tam ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Murad Geiushov (X5) mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüququ izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkillərin məhkəmədə iştirak etdikləri müddət 30 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hər birinə 330 manat (30x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsilə müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri Suraxanı rayonu Balandin küçəsi 6 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Murad Geiushova (X4) dəymiş 3404,25 manat maddi ziyanın ödənilməmiş qalan 2404,25 manat hissəsi ilə əlaqədar mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 01 ədəd mişar daşı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə məhkəmədə 30 saat göstərdikləri pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə hər birinə 330 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar