Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-694/2025 18.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclas katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, şikayət vermiş şəxs X2 nümayəndəsi Nümayəndə, barəsində şikayət verilmiş şəxsin müdafiəçisi – Bakı şəhərinin 06 saylı Vəkil bürosunun vəkili – Müdafiəçi iştirakları ilə, Xüsusi ittihamçı X2 X9 barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi əsasında Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 Günel Həbib qızı barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X9 30 oktyabr 2025-ci il tarixində özünün şəxsi video və fotolarının paylaşıİdığı https://www.instagram.com/.gl.agaeva/ web ünvanında, instagram sosial şəbəkəsində xüsusi ittihamçı ilə özəl mesaj qutusunda olan yazışmanın və xüsusi ittihamçıya məxsus sosial şəbəkə hesabının ekran görüntülərini paylaşaraq və birinci görüntünün, yəni şəxsi mesajlaşma qutusunun görüntüsünün üzərinə “©malakhanimcurlmaster”, “Bu qadın deleduzdur, yazdıqlarını silib. Kart atıb ki, beh at. Adres yox, elaqe nömresi yox. Aldanmayın”, “©polisazerbaycan”, “©patrul.az. official" “©siqnal.az” sözlərini, ikinci görüntünün, yəni sosial şəbəkə hesabının üzərinə isə “©malakhanimcurlmaster”, “atıb meni bloka maşşenik", “©polisazerbaycan” sözlərini yazmışdır. Bu paylaşım hər kəsə açıq olan hesabdan paylaşılmışdır. Həmin paylaşıma 23 nəfər reaksiya vermişdir. 23500 izləyicisi olan hesabdan belə bir paylaşımın edilməsi geniş kütlələrə çatımlılıq deməkdir. Təqsirləndirilən şəxsə məxsus hesabdan edilən paylaşımda xüsusi ittihamçının ünvanına yazılan '‘dələduz” və “maşşenik’’ ifadələri həm təhqir, həm böhtandır. Tərəflər arasında olan yazışmada təqsirləndirilən şəxs xüsusi ittihamçıdan müəyyən tarixə özü üçün yer rezerv etmək istəyir. Bunun qarşılığında xüsusi ittihamçı ondan beh ödəməsini tələb edir. Təqsirləndirilən şəxs isə “tamam elaqe nömresi de qeyd edin. Men sizi tanımıram. Behs isteyirsiz. Hardan bilim behden sonra bloka atılıb atılmayacağımı. İlk defedi bele salon bele saç ustası görürem. Elaqe nömresi yox, adres yox beh atın düzgündür?” məzmununda mesaj yazır. Daha sonra xüsusi ittihamçı təqsirləndirilən şəxsdən daha mesaj almamaq üçün onu əngəlləyir. Mülki Məcəllənin 491.1. maddəsinə əsasən Beh müqavilənin bağlanmasım təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Göründüyü kimi beh istəmək qanunla qadağan edilməyən və əksinə müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək üçün hüquqi vasitədir. Pulun kart hesabına göndərilməsi və onun şəxsi yazışma şəklində tələb edilməsi bu müqavilənin rəsmi şəkildə yazılı formada bağlanması demək olmasa da gələcək sübut kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs özü də lazımi diqqət göstərsəydi görərdi ki, xüsusi ittihamçı öz sosial şəbəkə hesabında ünvan qeyd etmişdir, hesab 22100 izləyiciyə malikdir, bütün videolar real insan çəkilişləridir, hesab rəsmi təsdiq olunma işarəsinə malikdir. Bütün bunlar təqsirləndirilən şəxsi qane etmirdisə o sadəcə olaraq beh kimi tələb olunan ödənişi etməyərək müqavilədən imtina edə bilərdi. Dələduz Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta və Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən cinayət törətmiş şəxslərə deyilir. Məbləğindən asılı olmayaraq dələduz şəxslər dövlət və cəmiyyə tərəfindən xoş qəbul edilməyən şəxslərdir. Azərbaycan Dilinin izahlı lüğətinə əsasən dələduz - fırıldaqçı, adamaldadan, hiyləgər, bic anlamına gəlir. Azərbaycan Respublikasının qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan heç kim hansısa cinayətin törədilməsində ittiham edilə bilməz. Xüsusi ittihamçının yazısında yalan heç bir məlumat olmadığı, bu yazışma barədə qanuni qüvvəyə minmiş və xüsusi ittihamçını dələduzluq əməlinin törədilməsində ittiham edən heç bir məhkəmə qərarı olmadığı üçün təqsirləndirilən şəxsin ona dələduz deməsi xüsusi ittihamçıya qarşı böhtan xarakterli məlumatdır. Bu məlumatın 23500 izjləyicili və hər kəsə açıq bir sosial şəbəkə hesabında paylaşılması isə kütləviliyin göstəricisidir. Təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin bütün tərkib əlamətləri mövcuddur. Bundan əlavə təqsirləndirilən şəxs digər ekran şəklində xüsusi ittihamçının rəsminin aydın görüldüyü görüntünü üzərinə maşşenik yazmaqla onu təhqir etmişdir ki, bu da 148.1-ci maddənin tərkib əlamətini yaradır. Bütün bunları nəzərə alaraq məhkəmədən təqsirləndirilən şəxsin CM-nin 147.1 və 148.1-ci maddəsində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinməsini və onun barəsində cinayətlərin məcmusu qaydasında 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X2 nümayəndəsi X8 məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində şikayət verilmiş X5 müdafiəçisi Müdafiəçi məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə şikayət verən şəxs barədə məlumatlar (doğulduğu il, məşğuliyyət növü, vəzifəsi) dəqiqliyi ilə qeyd olunmamışdır. Həmçinin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs, yəni X9 barəsində məlumatlar, şəxsiyyətini təsdiq edən sənəd, yaşayış, qeydiyyat yerini təsdiq edən sənədlər və əməlin məhz həmin şəxs tərəfindən törədilməsini təsdiq edən sənəd və sübutlar materiala əlavə edilməmişdir. Eyni zamanda, məlumatların paylaşıldığı “İnstagram” sosial şəbəkəsi xaricdə qeydiyyata alındığından hazırkı xüsusi ittiham qaydasında şikayətə təhqir və böhtan xarakterli məlumatları kütləvi informasiya vasitəsində yaymaqda ittiham olunan X5 axırıncı yaşayış yeri üzrə birinci instansiya məhkəməsində baxılmalıdır ki, şikayət ərizəsində sonuncunun yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, Nəsimi küçəsi, ev 14, mənzil 15 kimi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 12-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 X9 barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi əsasında Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 03 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 33 manat (3x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 X9 barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi əsasında Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 məhkəmə icraatı dövründə 03 iş saatı müddətində göstərdiyi pulsuz hüquqi yardıma görə müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 33 (otuz üç) manat əmək haqqı Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan 20 gün müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №1(007)-694/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-694/2025
18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver