Məhkəmə qərarları › İş №1(007)-698/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-698/2025

16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-698/2025 16.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Səməd oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs: xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Muradalılı Ə/D, Otuziki kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 iyul 2025-ci il tarixdə saat 20:49-da ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin filialının qarşısında quraşdırılmış bankomata yaxınlaşıb, həmin vaxt Zərərçəkmiş şəxs özünə məxsus kart hesabından qeyd edilən bankomatdan pul çıxarmaq cəhdlərinin alınmadığını görüb, sonuncu bankomatdan uzaqlaşdıqdan sonra Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid 4169 7388 4384 7559 nömrəli kart hesabının bankomatın ekranında açıq vəziyyətdə olduğunu görüb elektron məlumat daşıyıcısı olan bankomatdan istifadə etməklə qeyd olunan bank kartının hesabında olan 3350 manat pulun 1500 manatını özünə məxsus "xxxx" ASC-yə aid 4169 7388 7770 1122 nömrəli bank kartının hesabına köçürdükdən sonra həmin gün Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 62 ünvanında yerləşən "Unibank”ın “Neftçilər” hg filialının binasının qarşısına gedib orada quraşdırılmış bankomata özünə məxsus bank kartını daxil edib saat 20:53-də 500 manat, saat 20:54-də 500 manat və saat 20:55-də 500 manat olmaqla ümumilikdə 1500 manat nağd pul vəsaitini çıxararaq nagdlaşdırıb elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:45 radələrində özünə məxsus "xxxx" tərəfindən adına rəsmiləşdirilmiş 4169 7388 7770 1122 nömrəli bank kartının hesabından 4 manat pul çıxarmaq məqsədilə ünvan 1 ünvanında yerləşən "xxxx"ın filialının qarşısında quraşdırılmış bankomata yaxınlaşmışdır. Növbədə gözləyərkən qarşıda dayanan qadının kartından pul çıxarmaqda çətinlik çəkdiyini görüb onu izləməyə başlamışdır. Qadın, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs bir neçə dəfə kartını bankomata daxil edib cəhd etsə də, bankomatdan pul çıxara bilməyib, bankomatdan uzaqlaşmışdır. O, Zərərçəkmiş şəxs getdiyini görüb bankomata yaxınlaşmışdır. Bu zaman Zərərçəkmiş şəxs kart hesabının bankomatda açıq vəziyyətdə olduğunu görmüşdür. Əvvəlcə ekranda yazılan "balansı göstər" düyməsini basmışdır. Kartın balansında təxminən 3500 manat pul olduğunu görmüşdür. Bundan sonra nağdlaşdırma bölməsinə keçərək 1500 manat pulu özünə məxsus 4169 7388 7770 1122 nömrəli bank kartının hesabına köçürmüşdür. Daha sonra öz kartını bankomata daxil edib 1500 manat pulu çıxartmışdır. Zərərçəkmiş şəxs bank kartının hesabında qalmış digər məbləğə toxunmamış və həmin yerdən uzaqlaşmışdır. Etdiyi əməldən peşmandır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs kart hesabından əldə etdiyi 1500 manat pulu şəxsi əyləncəsi üçün gecə klublarında və digər yerlərdə xərcləmişdir. Əməlindən peşmandır, dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27 iyul 2025-ci il tarixdə saat 20:45 radələrində özünə məxsus "xxxx" tərəfindən adına rəsmiləşdirilmiş, hesabında 3350 manat pul olan bank kartının hesabından pul çıxarmaq məqsədilə ünvan 1 ünvanında yerləşən "xxxx"ın filialının qarşısında quraşdırılmış bankomata yaxınlaşmışdır. Kartını bankomatın üzərində olan “Wi-Fi” guşəsinin üzərinə qoymuş və kartın kodunu daxil etmişdir. Bankomatın ekranında pul nağdlaşdıracağı təqdirdə 2 manat komissiya tutulacağı göstərilmişdir. O, bu şərtlə razılaşaraq müvafiq düyməni basmışdır. Bundan sonra bankomatın ekranında “Bank xətası” yazılmışdır. Bir neçə dəfə kartını “Wi-Fi” guşəsinin üzərinə qoyub cəhd etsə də bankomatdan pul çıxara bilməmişdir. Bundan sonra bank kartından istifadə etməklə müəyyən qədər alış-veriş etdikdən sonra yaşadığı ünvana yollanmışdır. 08 avqust 2025-ci il tarixdə maaş kartına əmək haqqı köçürüldükdə mobil telefonunda olan bank tətbiqinə daxil olub qeyd etdiyi kartdan xərclədiyi pulları həmin kartın hesabına köçürmək istəmişdir. Bu zaman bank kartının hesabından 27 iyul 2025-ci il tarixdə naməlum şəxs tərəfindən 1500 manat pul çıxarıldığını aşkar etmişdir. Dərhal “102” xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş və sonra Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Bundan sonra "xxxx"ın filialına yaxınlaşıb bank kartının hesabından çıxarışı götürmüşdür. Həmin çıxarışı istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilişdir, heç bir şikayəti və tələbi yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-242/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 5 ay 3 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı İmişli rayonu, Muradalılı Ə/D, Otuziki kəndində yerləşən fərdi evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal azad edilməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 165 (bir yüz altmış beş) manat (15x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 5 ay 3 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1(bir) il 7(yeddi) ay 24(iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı İmişli rayonu, Muradalılı Ə/D, Otuziki kəndində yerləşən fərdi evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 165 (bir yüz altmış beş) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar