Məhkəmə qərarları › İş №1(007)-7/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-7/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-7/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1981-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, R.Gözəlov küçəsi ev 47-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi ev 5, mənzil 7-də yaşayan, xx xxxxxx 2019-cu il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində ictimai yer hesab olunan ünvan 1 ünvanda yerləşən “Diqlas” ticarət mərkəzinin arxasında, sərxoş vəziyyətdə, əvvəllər qeyri-rəsmi nikah münasibətlərində olduğu Zərərçəkmiş şəxs yaxınlaşaraq münasibətlərini bərpa etmək üçün söhbət etmək istədikdə sonuncunun söhbətdən imtina etdiyini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoyaraq, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək digərlərinin gözü qarşısında Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun qolundan tutub özünə tərəf dartmış və bir dəfə boyun nahiyəsindən yumruqla vuraraq ona baş beyin silkələnməsi ilə müşayiət olunan ənsə nahiyəsinin hematoması və sol bazunun qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham elan olunaraq məhkəməyə verilmişdir. Lakin Təqsirləndirilən şəxs “Zərərçəkmiş şəxs münasibətdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etməsi” barədə ibtidai istintaq orqanının gəldiyi nəticə, məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutlarla tam təkzib olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə ona gəlmiş zəng əsasında 24-cü Polis Şöbəsinə yaxınlaşmış, orada ona demişlər ki, barəsində şikayət var ki, o, Zərərçəkmiş şəxs döymüşdür. Sonra bildirilmişdir ki, narkolojiyə aparılmalıdır. Onu narkolojiyə aparmışlar, analiz vermiş, tər-təmiz çıxmış, onu buraxmışlar, evə getmişdir. 20 gün sonra onu yenidən 24-cü Polis Şöbəsinə çağırmışlar, demişər ki, barəsində Şahid1 və Zərərçəkmiş şəxs tərəfindən şikayət edilmişdir. Dayısı oğlu Şahid1 onun barəsində 6 yerə şikayət etmişdir. Müstəntiq ondan ifadə alan zaman demişdir ki, şikayət edən həmin adam, yəni Zərərçəkmiş şəxs deyil, X3r. Eyni zamanda bildirmişdir ki, o, X4 döyməmişdir. xx xxxxxx 2019-cu il tarixdə o, X1 vermiş, zarafatlaşmışlar və o, çıxıb getmişdir. X4 Şahid1 döymüş, onun üstünə atmışdır. İbtidai istintaq zamanı zərərçəkmişlə üzləşdirmə olmamışdır. Müstəntiqə demişdir ki, kimi döymüşdürsə, gətirib üzləşdirsin, o, heç kimi döyməmişdir. 6 ay ərzində müstəntiqə başa sala bilməmişdir ki, bu, Aynurə deyil, Aygündür. Müstəntiq demişdir ki, “sən mənimlə məzələnirsən”. Onun heç bir günahı yoxdur, nə heç kimi söyməmiş, nə də döyməmişdir. İstintaqda da bunu dəfələrlə demişdir. Validə xanım hadisənin bilavasitə şahididir, istintaqa da bildirmişdir ki, o, Aygünü döyməmişdir. O, Aygünü 4 il olar tanıyır, onunla birgə qeyri-rəsmi ər-arvad münasibətində yaşamışlar, Zərərçəkmiş şəxs isə Aygünün bacısı kimi tanıyır. Hansı ki, o, Aynurə adlı şəxsi nə söymüş, nə də ki, döymüşdür. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun xx xxxxxx 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2013-cü ildən tanıyır. Onunla uzun müddət qeyri rəsmi ər-arvad münasibətində yaşamışdır. Münasibətləri daim yaxşı olmuşdur. Lakin sonradan Aynurə ilə aralarında olan bir sıra şəxsi problemlərə görə münasibətləri pozulmuşdur. Həmin müddət ərzində Aynurə onunla artıq münasibət saxlamaq istəmədiyini bildirmişdir. O, Aynurənin dedikləri ilə razılaşmayıb əlaqəni kəsmək istəmədiyini bildirmişdir. Bir qədər sonra Aynurə dayısı oğlu Şahid1 işlətdiyi lombard ofisində işləməyə başlamışdır. Bundan sonra o, Elxan və Aynurə arasında münasibət olduğunu düşünərək onlarla münasibətlərini kəsmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Nizami rayonu 8-ci KM bazarının yaxınlığında olan kafelərdən birində oturub yemək yemiş və həmçinin spirtli içki olan araq qəbul etmişdir. Saat təxminən 19 radələrində o, 8-ci KM bazarının qarşısında olan zaman qəfildən qarşısına Aynurə çıxmışdır. Bu zaman o, Aynurə ilə münasibətlərini düzəltmək istəmişdir. Bu məqsədlə ona yaxınlaşmış və yenidən birlikdə yaşamağı təklif etmişdir. Bu zaman Aynurə onun təklifi ilə razılaşmamış və oradan qaçaraq uzaqlaşmışdır. Aynurə, bazarın giriş hissəsində Səidə adlı tanışının yanında söhbət etməyə başlamışdır. O, yenidən Aynurəyə yaxınlaşıb qolundan tutmuş və onunla söhbət etmək istədiyini bildirmişdir. Aynurə ona etiraz etmiş və yenidən əlindən qaçaraq “Diqlas” ticarət mərkəzi istiqamətində qaçmışdır. Bu zaman o, əsəbiləşmiş və onun arxası ilə qaçaraq “Diqlas“ ticarət mərkəzinin arxasında qolundan tutub özünə tərəf dartmışdır. Bu zaman Aynurə qışqırmağa başlamışdır. O, əsəbi olduğuna görə Aynurəni söymüş və sakit dayanmasını, sözünün olduğunu bildirmişdir. Lakin Aynurə qışqırmağa davam etmişdir. O, Aynurəni sakitləşdirmək üçün boynunun arxasından bir dəfə yumruqla vurmuşdur. Yumruq zərbəsindən sonra Aynurə lap bərkdən qışqırmağa başlamış, bu zaman ətrafda olan tanımadığı şəxslər onlara yaxınlşaşaraq Aynurəni onun əlindən almışlar. Bu zaman o, oradan uzaqlaşmış və Aynurənin işlədiyi Elxanın lombard ofisinə gedərək Elxan ilə söhbət etmək istəmişdir. Lakin həmin zaman lombard bağlı olduğuna görə orada heç kim olmamışdır. Yaxınlıqda olan gözəllik salonundan Elxanı soruşmuş, orada olan bir nəfər qadın Elxanın olmadığını bildirmişdir. Bu zaman o, əsəbi olduğuna görə Elxanın ünvanına nalayiq söyüşlər söymüş və oradan çıxıb getmişdir. Aradan təxminən bir saat sonra yaşadığı evdə olan zaman Nizami RPİ-nin 24-cü PŞ-dən zəng vurub onu polis şöbəsinə dəvət etmişlər. PŞ-nə getdikdən sonra Aynurənin onu döyməsi barədə şikayət ərizəsi yazması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmayaraq, göstərmişdir ki, həmin ifadə onun fikirlərini və həqiqəti əks etdirmir, müstəntiqə dəfələrlə desədə ki, o, Aynurə adlı şəxsi döyməmişdir, onun barəsində şikayət edən şəxsin adı Aynurə deyil, Aygündür, müstəntiq onun sözlərini ciddiyə almamışdır, müstəntiqin sözü ilə ifadəsinin sonunda ifadəni oxuyaraq təsdiq etdiyini yazmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dəvət olunmuş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəldən “Diqlas” ticarət mərkəzindən tanıyır, bazara nəsə almağa gedəndə bir-iki dəfə görmüşdür. Elşadla bir münasibəti və düşmənçiliyi olmamışdır. X8 onun əmisi qızıdır, Aygünlə bir yerdə böyümüşlər, əslində isə onlar bioloji olaraq bacıdırlar, sadəcə uşaq vaxtı əmisi onu övladlığa götürmüşdür. O, öz şəxsiyyət vəsiqəsini telefon almaq üçün 2018-ci ilin dekabr ayında Aygünə vermişdir. Baş vermiş hadisə ilə bağlı heç bir xəbəri yoxdur, Təqsirləndirilən şəxs onu vurmamış, döyməmişdir, o, Elşaddan şikayət etməmişdir. Elşad və Aygünün yaxın münasibəti barədə xəbəri olmamışdır. Təqsirləndirilən şəxs uzaqdan-uzağa tanımışdır, onunla aralarında heç bir yaxın münasibət olmamışdır, Elşad onu döyməmişdir, o, məhkəmə iclasına gələndə bilmişdir ki, belə bir hadisə olmuşdur. Hadisə olan vaxt o, Azərbaycanda olmuşdur, lakin bu hadisə ilə bağlı, yəni Elşadın onu döyməsi barədə Aygün ona heç nə deməmişdir. Xeyli müddətdir ki, Aygünü görmür, iş üzrə dindirilmiş şahidlərdən isə heç birini tanımır. ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3n Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx xxxx 2020-ci il tarixli ərizədə aşağıdakılar göstərilmişdir: “Yazıb Sizə bildirirəm ki, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə əlaqədar onu deyə bilərəm ki, mən Təqsirləndirilən şəxs əvvəllər Diqlas ticarət mərkəzindən tanıyıram, onunla heç bir münasibətim və düşmənçiliyim olmayıb. X8 mənim əmim qızıdır, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə ünvan 4 ünvanda yerləşən Diqlas ticarət mərkəzinin arxasında sərxoş vəziyyətdə zor tətbiq edərək nalayiq ifadələr işlədərkən yumuruqla mənə yüngül bədən xəsarətləri yetirməsi barədə onu deyə bilərəm ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2019-cu il tarixdə mənə qarşı hərəkətlər olmayıb. Mən bu hadisəni xx xxxxxx 2020-ci il tarixdə məhkəmədə iştirak edərkən məni zərərçəkmiş kimi təqdim edərkən bilmişəm. Sonda onu demək istəyirəm ki, Təqsirləndirilən şəxs heç vaxt məni vurmayıb, söyməyib, mənə qarşı xuliqanlıq hərəkətləri etməyib. Bu hadisələrdən də xəbərim olmayıb”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Pənah oğlu ifadəsində göstərmişdir ki, o, Elşad tərəfindən bazarda döyülən xanımı Aygün kimi tanımışdır, döyülən şəxs məhkəmə iclasında iştirak edən xanım, yəni Zərərçəkmiş şəxs deyil. Zərərçəkmiş şəxs onun işçisi olmamışdır. O, Aygünün döyülməsini isə özü görməmiş, camaatdan eşitmişdir. Eşitdiyinə görə Elşad Aygünə zor tətbiq etmişdir. Müstəntiq ona demişdir ki, döyülən Zərərçəkmiş şəxsdır, o da demişdir ki, həmin şəxsi Aygün kimi tanıyır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən xanım Zərərçəkmiş şəxsdır, ekspertiza rəyinin üzərində olan şəkildəki xanım isə X3r. Aygünü “8-ci km” bazarında işləyəndən, 8 il olar ki, tanıyır. Aygün Aynurəni onlara öz bacısı kimi təqdim etmişdir. O, Elşadı Aygünün yanında görmüşdür, münasibətləri olduğunu bilmişdir. Onlar “Diqlas” ticarət mərkəzində birlikdə mağaza işlətmişlər. Onun mağazası “Diqlas”ın düz qapısının yanındadır, səs-küy olan kimi eşidilir. xx xxxxxx 2019cu il tarixdə o, səs-küy eşitməmiş, dava-dalaşı, hadisəni görməmişdir. Yalnız eşitmişdir ki, Elşad Aygünü vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Aygünün bacısı kimi tanıyır. İşdə olan tibbi ekspertiza rəyinin üzərində olan şəkildəki xanım Zərərçəkmiş şəxs deyil, həmin şəxs X3r. Hadisə ilə bağlı onu deyə bilər ki, o, xx xxxxxx 2019-cu il tarixdə “Diqlas” ticarət mərkəzinin arxasında qapıdan çıxanda Aygünün Elşadla salamlaşdığını görmüşdür. Həmin vaxt Elşad Aygünü nə söymüş, nə döymüşdür. Cinayət təqibi zamanı yol verilmiş nöqsanların araşdırılması və zəruri suallara aydınlıq gətirilməsi məqsədi ilə müstəntiq X10 məhkəmə iclasına dəvət olunmuş, o, göstərmişdir ki, fotoşəkili təqdim olunan xanımı (cinayət işində olan məhkəmə-tibbi ekspertizasının rəyinin üzərinə yapışdırılmış X2 fotoşəklini göstərir) dindirmişdir. Dindirmə zamanı həmin şəxs şəxsiyyət vəsiqəsini təqdim etmiş, orada Zərərçəkmiş şəxs adı yazılmışdır. Təqsirləndirilən şəs Təqsirləndirilən şəxs ona demişdir ki, bu şəxs Zərərçəkmiş şəxs deyil, X3r. O da həmin şəxsi dəvət eləmiş, demişdir ki, Elşad deyir ki, sən Aynurə deyilsən, Aygünsən, o da demişdir ki, elə şey yoxdur. İşdə olan Zərərçəkmiş şəxs barədə portal məlumatı Bölmədə çıxarılmış, ona göndərilmişdir, o, şəxsin barəsində DNK analizi təyin eləməli deyildi. Fotoşəkillər arasındakı fərqlə bağlı həmin şəxs ona demişdir ki, əvvəl kök olub, indi arıqlamışdır. İndi müəyyən olunur ki, həmin şəxs Aynurə deyil, Aygün olmuşdur. Ona material şəklində Aynurə ilə bağlı gəlmişdir. O da həmin vaxt baxıb görmüşdür ki, oxşayır, Aynurə kimi dindirdiyi şəxs ona demişdir ki, əvvəl kök olub, indi arıqlayıb. O, Elşadın sözünü ciddi qəbul edib yenidən həmin şəxsi çağırıb araşdırmışdır, Aynurə kimi bildikləri şəxs demişdir ki, Elşad çox şey deyə bilər, o, lombard işi ilə məşğuldur deyə, bəzi adamlar ona Ayka, Aygün də deyirlər. Cinayət işi üzrə məhkəmə-tibbi ekspertizasının keçirilməsi və rəyin verilməsi ilə bağlı zəruri suallara aydınlıq gətirilməsi məqsədi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin məhkəmə-tibbi eksperti X12 məhkəmə iclasına dəvət olunmuş, o, göstərmişdir ki, fotoşəkili təqdim olunan xanımı (cinayət işində olan məhkəmə-tibbi ekspertiza rəyinin üzərinə yapışdırılmış X2 fotoşəkilini göstərir) müayinədən keçirərək rəy vermişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsi olmamışdır. O, demişdir ki, Zərərçəkmiş şəxsdır. Vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd olanda, ya təqdim edən təhqiqatçı, ya istintaq orqanı onu özü gətirirsə, qeydiyyat aparılır ki, bu vətəndaşı filankəs təqdim elədi, yox, əgər, onun şəxsiyyət vəsiqəsi yoxdusa, ondan şəkil tələb edirlər, şəkili alıb sənədin üzərinə yapışdırırlar ki, müayinə elədikləri adam budur. Bu iş üzrə müayinə edib rəy verdiyi adamın şəxsiyyət vəsiqəsi olmamışdır, əgər olsaydı, ondan şəkil tələb eləməzdilər. Tibbi müayinə zamanı həmin gələn şəxsi müayinə etmiş, xəsarətləri qeyd etmişdir. Həmin şəxs özünü Zərərçəkmiş şəxs kimi təqdim etmişdir. Onlara material gəlməmişdir, ancaq şəxsin özü gəlmişdir. Tibbi müayinəni 24-cü Polis Şöbəsinin təhqiqatçısının qərarı əsasında aparmışdır, həmin qərarda da şəxsin adı Zərərçəkmiş şəxs yazılmışdır. Şəxsin deməsinə görə, köhnə bir tanışı onu döymüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Nizami RPİ-nin İŞ-nin müstəntiqi Vüqar Məcidov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Zərərçəkmiş şəxs Nizami RPİ-nin 24-cü PŞ-nə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli ərizədən görünür ki, əvvəllər qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 18:45 radələrində “Diqlas” ticarət mərkəzinin arxa tərəfində heç bir səbəb olmadan onun boyun nahiyəsindən bir dəfə vurmuşdur. Həmin şəxsin barəsində tədbir görülməsini və məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. (i.v. 2) -“ASAN 4” tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və portaldan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs xx xxxx 1982-ci il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda doğulmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. (i.v. 32) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14- Təcrübi və X11 rayon şöbəsinin (tibbi ekspert Şahin Quliyev) xx xxxxxx 2019-cu il tarixli 111 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Y.Günəşli, massiv D, 9c/48 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan ənsə nahiyəsinin hematoması, sol bazunun qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. (i.v. 12-13) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və onun məhkəmə məsuliyyətinə verilməsi qərara alınmış, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə qiymətləndirilməmiş və barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmiş, Şahid1 xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. (i.v. 55-59) -Qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 84-85) -Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 33/1220 nömrəli cavab məktubundan görünür ki, Gürcüstan Respublikasının vətəndaşı X2 xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx xxxxxxx 2014 - giriş; xx xxxxxx 2020 - çıxış. -Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli 33/1141 nömrəli cavab məktubundan görünür ki, Əliyeva Aygün (Alieva Aigiun) Mustafa qızının xx xxxxxx 2020-ci il tarixdən hazırkı vaxtadək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. -Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 04/1257 nömrəli cavab məktubundan görünür ki, xx xxxxxx 1976-cı il təvəllüdlü Gürcüstan vətəndaşı Alıeva Aıgıunun (pasport nömrəsi: 09AP37140) Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. -Gürcüstan Respublikasının vətəndaşı, ünvan 6 ünvanında kirayədə yaşayan X2 məhkəmənin dəftərxanası vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli ərizəsində aşağıdakılar göstərilmişdir: “Yazıb Sizə bildirirəm ki, Təqsirləndirilən şəxs məni döyməsi və pulumun mənimsənməsi barədə başlanmış cinayət işi üzrə mən “Zərərçəkmiş şəxs” kimi adımı istintaqa və məhkəməyə verməyim ondan ibarətdir ki, mən Gürcüstan vətəndaşı olduğumdan və pasportumun müddəti bitdiyindən həmçinin pasportumu itirdiyim üçün məcbur qalaraq bacımın xəbəri olmadan qeyd etdiyim cinayət işi üzrə həqiqətdə X8 olaraq rəsmi sənəd üzrə məcburiyyət qarşısında məndən istintaqda və polis bölməsində rəsmi sənəd tələb olunarkən məcbur qalıb bacımın şəxsiyyət vəsiqəsini təqdim etmişdim, lakin bundan sonra səhətimdə olan bəzi problemlər, həmçinin pasport müddətinin bitməsi və itməsi ilə əlaqədar olaraq Bakı şəhərində yerləşən Miqrasiyya idarəsinə müraciət etdim və mənə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci ilədək Gürcüstan Respublikasında keçidimlə bağlı müvəqqəti pasport aldım və bu barədə tərəfinizdən baxılan cinayət işi üzrə məhkəməyə məlumat verməyi özümə borc bildim. Sənədimi Gürcüstan Respublikasında bərpa edib, müalicəmi alıb qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmağıma baxmayaraq tərəfimdən şikayətçi olduğum Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət işi üzrə məhkəmə baxışının üzürlü səbəblərdən mənim iştirakım olmadan baxılmasını, mənə dəymiş maddi ziyanın ondan alınaraq ödənilməsi ilə bağlı və özünün cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı hökm çıxarmağınızı Sizdən xahiş edirəm”. -Ərizəyə əlavə olunmuş Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən verilmiş GG0128479 nömrəli pasportun surətindən görünür ki, Gürcüstan Respublikasının vətəndaşı, xx xxxxxx 1976-cı il təvəllüdlü Alıeva Aıgıunün adına xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək müddəti olan pasport verilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxs qismində dindirilmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə verilmiş ittiham sübuta yetirilmədiyindən, ona həmin maddə ilə bəraət verilməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində ictimai yer hesab olunan ünvan 1 ünvanda yerləşən “Diqlas” ticarət mərkəzinin arxasında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs qarşı xuliqanlıq etməsi, ümumiyyətlə onun belə bir niyyətinin olması məhkəmə iclasında müəyyən edilməmiş və sübut olunmamışdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa İnsan Hüquqları Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə istintaqı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən hər hansı başqa sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası CM-nin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 10.2 və 10.5-ci maddələrinə əsasən Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur; 33.1 və 33.2-ci maddələrinə əsasən hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. İstər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hazırda baxılan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs münasibətdə ittiham olunduğu Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsində nəzərdə tutulan xuliqanlıq əməlini törətməsi, həmin əməlin törədilməsində təqsirli olması sübuta yetməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, hazırkı iş üzrə cinayət təqibi Azərbaycan Respublikası CPM-nin 37.6-cı maddəsinin tələbinə uyğun olaraq ictimai ittiham qaydasında həyata keçirilmişdir. Cinayət təqibinin həyata keçirilməsinə əsas, Zərərçəkmiş şəxs Nizami RPİ-nin 24-cü PŞ-nə ünvanladığı, əvvəllər qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 18:45 radələrində “Diqlas” ticarət mərkəzinin arxa tərəfində heç bir səbəb olmadan onun boyun nahiyəsindən bir dəfə vurması, həmin şəxsin barəsində tədbir görülməsi və məsuliyyətə cəlb olunması barədə xx xxxxxx 2019-cu il tarixli ərizəsi olmuşdur. Ərizə qəbul edilərkən müraciət edənin şəxsiyyətini təsdiq edən sənəd götürülməmişdir. Hansı ki, cinayət təqibi orqanına müraciət edən şəxs xx xxxxxx 1976-cı il təvəllüdlü Gürcüstan vətəndaşı Alıeva Aıgıun (pasport nömrəsi: 09AP37140), yəni X8 olmuşdur. 24-cü Polis Şöbəsinin təhqiqatçısının xx xxxxxx 2019-cu il tarixli qərarı əsasında özünü Zərərçəkmiş şəxs kimi təqdim edən şəxs məhkəmə-tibb ekspertizasından keçirilməsi üçün göndərilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14-Təcrübi və X11 rayon şöbəsində özünü tibbi müayinəyə təqdim edən şəxsin şəxsiyyətini təsdiq edən sənədi olmadan, şəxsiyyəti müəyyən edilmədən faktiki olaraq X2 tibbi müayinəsi aparılmış, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs müvafiq xəsarətlərin aşkar olunması barədə xx xxxxxx 2021-ci il tarixli rəy verilmiş, ekspertiza rəyinin üzərinə də faktiki müayinədən keçən X5 aid fotoşəkil yapışdırılmışdır. Bundan sonra müstəntiq tərəfindən xx xxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmişdir. Müstəntiq bu zaman Azərbaycan Respublikası CPM-nin 227.4 və 231-ci maddələrinin ziddinə olaraq zərərçəkmiş şəxsin şəxsiyyətini müəyyən etməmiş, şəxsiyyəti təsdiq edən sənədi tələb edərək işə əlavə etməmiş, Təqsirləndirilən şəxs daha əvvəl, xx xxxxxx 2019-cu il tarixdə verdiyi yazılı izahatında onun barəsində şikayət edən şəxsin özünü Aynurə kimi təqdim etsə də, onun adının Aygün olduğu barədə bildirdiyi məlumata aydınlıq gətirmək üçün müvafiq tədbirlər görməmişdir. Bundan başqa tibbi ekspertiza rəyinin üzərinə yapışdırılmış fotoşəkildə (X2 həqiqi fotoşəkilinin) əks olunan şəxslə DİN-nin portalından çıxarışda əks olunan Zərərçəkmiş şəxs fotoşəkili arasında kəskin fərq olması, oxşarlığın olmaması məsələsinə də aydınlıq gətirilməmiş, sübutlar qiymətləndirilərkən xx xxxxxx 2019-cu il tarixli qərarda da bu məsələyə hüquqi qiymət verilməmişdir. Nəzərə alınmalıdır ki, cinayət təqibi orqanına faktiki olaraq müraciət etmiş X8 məhkəməyə ünvanladığı ərizəsində qeyd olunanlara aydınlıq gətirərək izah etmişdir ki, Gürcüstan pasportunun müddəti bitmiş, həmçinin həmin pasportu itirmiş, istintaqda və polis bölməsində rəsmi sənəd tələb olunarkən məcbur qalıb bacısı Aynurənin (əmisinə övladlığa verilmiş) xəbəri olmadan onun şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Nəticə etibarı ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs münasibətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl törətmədiyi halda, özünün həqiqi və ya ehtimal olunan hüquqlarının müdafiəsi üçün cinayət prosesini həyata keçirən orqana müraciət edən şəxs qismində Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, ona münasibətdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan xuliqanlıq əməlini törətməsi ilə bağlı Rəhimov Elşad Əlipənah oğluna əsassız ittiham elan edilərək məhkəmə məsuliyyətinə verilmiş, özünün həqiqi və ya ehtimal olunan hüquqlarının müdafiəsi üçün cinayət prosesini həyata keçirən orqana müraciət edən X5 münasibətdə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əmələ hüquqi qiymət verilməmiş, həqiqi zərərçəkmiş şəxs müəyyən edilməmiş, zərərçəkmiş şəxs qismində tanınaraq hüquqları təmin edilməmişdir. Bununla da, məhkəmə ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən yalnız mülahizə əsasında, süni sübutlar əsasında qanunsuz olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə ittiham verilməsini cinayət-prosessual qanunvericiliyinin müvafiq müddəaları (CPM-nin 8.0.2, 9.1.2, 9.1.3, 10.1, 10.5, 11.1, 12.1, 12.3. 21.1,21.2, 21.3, 28.1, 28.2-ci maddələri) baxımından əsassız hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin müddəlarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir; 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Konstitusiyanın 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-prosessual qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları haqqında Avropa Konvensiyasının presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi “hüquqi təhlükəsizlik konsepsiyasının” baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli digər qərarında qeyd edilmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2008-ci il tarixli başqa bir qərarında qeyd edilmişdir ki, cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq prinsipinin təmin edilməsinə xidmət edir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə, Konstitusiya Məhkəməsinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin eyni kateqoriyadan olan işlər üzrə gəldiyi hüquqi mövqelərinə, istinad edilən maddi hüquq normalarına və işin müəyyən olunmuş faktiki hallarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırda baxılan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs münasibətdə ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsində nəzərdə tutulan xuliqanlıq əməlinə görə təqsirsiz elan edilməli və ona qarşı ittiham irəli sürülmüş həmin maddə ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə bəraət verilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə hesab edir ki, xx xxxxxx 2019-cu il tarixdə özünün həqiqi və ya ehtimal olunan hüquqlarının müdafiəsi üçün cinayət prosesini həyata keçirən orqana müraciət edən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14- Təcrübi və X11 rayon şöbəsinin xx xxxxxx 2019-cu il tarixli 111 nömrəli rəyinə əsasən “baş beyin silkələnməsi ilə müşayiət olunan ənsə nahiyəsinin hematoması, sol bazunun qançırı” xəsarətlərini almış şəxsin, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş həmin əməli törədən şəxsin müəyyən edilərək cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq materiallar aidiyyəti üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 70 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 manat əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə, ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. xx xxxxxx 2019-cu il tarixdə özünün həqiqi və ya ehtimal olunan hüquqlarının müdafiəsi üçün cinayət prosesini həyata keçirən orqana müraciət edən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14-Təcrübi və X11 rayon şöbəsinin xx xxxxxx 2019-cu il tarixli 111 nömrəli rəyinə əsasən “baş beyin silkələnməsi ilə müşayiət olunan ənsə nahiyəsinin hematoması, sol bazunun qançırı” xəsarətlərini almış şəxsin, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş həmin əməli törədən şəxsin müəyyən edilərək cinayət təqibi məsələsinin həll edilməsi üçün, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq materiallar aidiyyəti üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar