Məhkəmə qərarları › İş №1(007)-7/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-7/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-7/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi “BHM və Partniyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana Sovxozu, «Bolluq» marketinin yaxınlığında fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 179.2.3, 179.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ünvan 3 ünvanda fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMCnin 10 fevral 2016-cı il tarixli 00000015-2016 nömrəli əmri ilə sürücü-ekspeditor vəzifəsinə qəbul edilib işləyərkən, MMC ilə onun arasında bağlanmış həmin tarixli 000/2016 nömrəli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən, ona inanılıb tapşırılmış maddi qiymətli əmlakı satış üçün götürməsi, daşıması və gündəlik satışdan topladığı pulu təhtəl hesabla MMC-nin xəzinəsinə təhvil verib üzləşmə aparması səlahiyyətlərinə malik olmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək faktiki işlədiyi müddətdə, yəni 10 fevral 2016-cı il tarixdən 06 iyun 2018-ci il tarixədək olan dövr ərzində qaimələrlə 806.515 manat 76 qəpik dəyərində və ona təhkim edilən ticarət obyektlərindən aktlar əsasında 8.691 manat 79 qəpik dəyərində şirniyyat və ərzaq məhsullarını qəbul etmiş, həmin məhsulların ticarət obyektlərində satışından əldə etdiyi 714.100 manat 15 qəpik məbləğində satış pulunu MMC-nin ünvan 3 ünvanında yerləşən xəzinəsinə ödəmiş, satılmamış və istifadə müddəti keçmiş 67.658 manat 82 qəpik dəyərində məhsulları MMC-nin anbarına qaytarmış, MMC-nin işçilər kollegiyasının 06 iyun 2018-ci il tarixli 52 nömrəli iclas protokolu ilə 2.071 manat 38 qəpik məbləğində pul dükanların qalığı, MMC-nin direktorunun həmin tarixli 53 nömrəli əmri ilə 1.935 manat 40 qəpik dükanlara verilən güzəştlər, 08 iyun 2018-ci il tarixli 54 nömrəli iclas protokolu ilə 11.442 manat 42 qəpik dükanların qalığı hesabına öhdəsindən azaldılmış 07- 08 iyun 2018-ci il tarixli təhvil-təslim aktları əsasında 7.998 manat 90 qəpik dəyərində ticarət obyektlərində öhdəsində olan məhsulları MMC-nin sürücü-ekspeditoru Şahid2 təhvil vermiş, MMC-yə məxsus özgənin əmlakı olan 10.000 manat 48 qəpik məbləğində pul vəsaitini mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-də 10 fevral 2016-cı il tarixdən sürücü-ekspeditor vəzifəsində işləmiş, vəzifəsi MMC-nin anbarından qəbul etdiyi şirniyyat və ərzaq məhsullarını özü tapdığı və MMC tərəfindən təhkim olunmuş ticarət obyektlərinə aparıb təhvil verməkdən ibarət olmuş, məhsulları anbardan sürücülər onun sifarişi əsasında qəbul edib ona təhkim edilmiş ticarət obyektlərinə gətirib çatdırmış, bu barədə qaimələr tərtib edilmiş, nağd satış pullarını sürücülərdən, digər məhsullar isə satıldıqca mağazalardan toplayıb MMC-nin xəzinəsinə təhvil vermişdir. Sürücülərlə onun arasında pul kəsiri ilə bağlı heç bir narazılıq olmamış, sürücülərin ona verdikləri pulların hamısını MMC-nin xəzinəsinə ödəmişdir. İş materiallarında olan qaiməfaktura, kassa mədaxil orderləri, mal-materialların təhvil-təslim aktları, borc aktları, tutuşdurulma aktları və digər nühasibatlıq sənədlərində qeyd olunmuş və qəbul etdiyi mədaxilin borc qalığı 1.579 manat, digər müəssisələrdən qəbul etdiyi borc 7.112 manat 79 qəpik və satış məqsədi ilə anbardan buraxılmış məhsullar 806.515 manat 76 qəpik olmaqla, ümumilikdə 815.207 manat 55 qəpiyə, öhdəsindən etdiyi məxaricin isə, müştərilər üzrə təhvil verilmiş borc 7.998 manat 90 qəpik, bağlı dükanlara verilən güzəştlər 2.071 manat 38 qəpik, dükanlara verilən güzəştlər 1.935 manat 40 qəpik, dükanlarda olan borc qalığı 11.442 manat 42 qəpik, kassaya ödənilmiş satış pulu 714.100 manat 15 qəpik, anbara qaytarılmış məhsullar 67.658 manat 82 qəpik olmaqla, ümumilikdə 805.207 manat 07 qəpiyə bərabər olması doğrudur. Lakin, öhdəsində 10.000 manat 48 qəpik məbləğində çatışmazlığın olması ilə razı deyil, təqdim edilən mühasibatlıq sənədlərində 10.000 manat 48 qəpik məbləğində çatışmazlığın yaranmasının səbəbini bilmir. Onun Zərərçəkmiş şəxs MMC-yə hər hansı məbləğdə borcu qalmamış, çünki satılmamış və vaxtı keçmiş yararsız məhsulların dəyəri MMC tərəfindən tam nəzərə alınmamış, həmin məhsullar MMC-nin anbarına qaytardıqda məhsulun dəyərinin bir hissəsinin onun hesabına borc kimi qeyd olunması şifahi qaydada ona bildirilmiş və həmin borca görə MMC onun hesabında çatışmazlığın olduğunu iddia etmişdir. Məhsulları təhvil verərkən və alarkən qaimələr tərtib olunmuş, mühasibatlıq sənədlərinə və onunla bağlı müqavilələrə şəxsən imza etmişdir. Cinayət əməli törətməməsinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməməsinə baxmayaraq, onun təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin fəaliyyəti müxtəlif növ konditer məhsulların satışı ilə məşğul olmaqdan ibarət olmaqla, məhsullar ticarət obyektlərinə maddi məsul şəxslərin sürücü-ekspeditorların vasitəsi ilə çatdırılmışdır. Təqsirləndirilən şəxs cəmiyyətin 10 fevral 2016-cı il tarixli 00000015-2016 nömrəli əmri ilə sürücü-ekspeditor vəzifəsinə qəbul edilmiş və həmin tarixdə MMC ilə aralarında əmək və tam fərdi maddi məsuliyyət haqqında müqavilələr bağlanmış, hənin müqavilələrə əsasən Təqsirləndirilən şəxs etibar edilib tapşırılmış maddi qiymətli əmlakı satış üçün götürmək, daşımaq və gündəlik satışdan topladığı pulu təhtəl hesabla MMC-nin xəzinəsinə təhvil verib üzləşmə aparmaq səlahiyyətinə malik olmuşdur. 2018-ci ilin sonunda Təqsirləndirilən şəxs qəbul etdiyi məhsulların satışından əldə etdiyi pulu MMC-nin xəzinəsinə tam ödəməməsi və öhdəsində satış pulundan çatışmazlıq aşkar edilməsi barədə MMC-nin aidiyyəti işçiləri tərəfindən məlumat verilmişdir. Dəvət edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının lisenziya üzrə fəaliyyət göstərən «X3» MMC-nin sərbəst auditoru X4 tərəfindən audit yoxlaması aparılmış və bu barədə 08 noyabr 2018-ci il tarixli audit aktı tərtib edilmişdir. Audit zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi müddətdə qaimələrlə 806.515 manat 76 qəpik dəyərində və təhkim edilən ticarət obyektlərindən aktlar əsasında 8.691 manat 79 qəpik dəyərində şirniyyat və ərzaq məhsullarını qəbul etmiş, həmin məhsulların ticarət obyektlərində satışından əldə etdiyi 714.100 manat 15 qəpik məbləğində satış pulunu MMC-nin xəzinəsinə ödəmiş, satılmamış və istifadə müddəti keçmiş 67.658 manat 82 qəpik dəyərində məhsulları MMC-nin anbarına qaytarmış, MMCnin işçilər kollegiyasının 06 iyun 2018-ci il tarixli 52 nömrəli iclas protokolu ilə 2.071 manat 38 qəpik məbləğində pul dükanların qalığı, MMC-nin direktorunun həmin tarixli 53 nömrəli əmri ilə 1.935 manat 40 qəpik məbləğində pul dükanlara verilən güzəştlər, 08 iyun 2018-ci il tarixli 54 nömrəli iclas protokolu ilə 11.442 manat 42 qəpik məbləğində pul dükanların qalığı, habelə 06 iyun 2018-ci il tarixdən 19 oktyabr 2018-ci il tarixədək sərəncam olduğu müddət ərzində 1.071 manat məbləğində pul aldığı əmək haqqı hesabına öhdəsindən azaldılmış, 07-08 iyun 2018-ci il tarixli təhvil-təslim aktları əsasında 7.998 manat 90 qəpik dəyərində ticarət obyektlərində öhdəsində olan məhsulları MMC-nin sürücü-ekspeditoru Şahid2 təhvil vermiş və nəticədə öhdəsində borc aşkar edilmişdir. Sürücü-ekspeditorlar mobil telefonun "xxxx" proqramı ilə elektron qaydada MMC-yə sifariş verdikdən sonra onların adlarına qaimələr tərtib edilmiş, sifarişləri əsasında hənin məhsullar anbardan MMC-nin və ya günəmuzd qaydada dəvət edilmiş sürücülər vasitəsilə sürücüekspeditorlara çatdırılmış, Təqsirləndirilən şəxs da işlədiyi müddət ərzində vermiş olduğu sifarişlər əsasında günəmuzd işə dəvət edilmiş sürücülər tərəfindən anbardan məhsullar qəbul edilmiş və bu barədə tərtib edilmiş qaimələrə həmin sürücülər imza edib məhsulları qəbul etdikdən sonra aparıb Təqsirləndirilən şəxs vermiş, sonuncu isə həmin məhsulları təhkim edilmiş ticarət obyektlərinə təhvil vermiş, məhsullar satıldıqca satış pulllarını toplayıb MMC-nin xəzinəsinə ödəmiş, lakin tam ödəmədiyinə görə öhdəsində borc yaranmışdır. Məhsulların ticarət obyektlərinə çatdırılması, keyfiyyəti, miqdarı və çəkisi barədə Təqsirləndirilən şəxs narazılığı və ya şikayəti olmamış, sonuncunun öhdəsində məhsul deyil, ticarət obyektlərindən topladığı satış pulundan çatışmazlıq yaranmış, buna isə birbaşa Təqsirləndirilən şəxs cavabdeh olmuşdur. Sürücü-ekspeditorlar yararsız və istifadə müddəti keçmiş məhsulları şirkətin anbarına qaytararkən məhsulun müəyyən qisminin onlara borc kimi yazılması haqqında MMC-də hər hansı qayda olmamışdır. MMC tərəfindən verilmiş mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid4 işin faktiki hallarına və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2010-cu ildən 2015-ci ilədək audit, 2015-2017-ci illərdə bölgə müdiri, 2017-ci ildən etibarən baş audit vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs MMC-nin fəaliyyəti müxtəlif növ konditer məhsulların satışı ilə məşğul olmaqdan ibarətdir. Təqsirləndirilən şəxs cəmiyyətin 10 fevral 2016-cı il tarixli, 00000015-2016 nömrəli əmri ilə sürücü ekspeditor vəzifəsinə qəbul edilmiş və həmin tarixdə MMC ilə aralarında əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqavilələrə əsasən Təqsirləndirilən şəxs etibar edilmiş və tapşırılmış maddi qiymətli əmlakı satış üçün götürmək, daşımaq və gündəlik satışdan topladığı pulu təhtəl hesabla MMC-nin xəzinəsinə təhvil verib üzləşmə aparmaq səlahiyyətinə malik olmuşdur. 2018-ci ilin sonunda sürücü-ekspeditor Təqsirləndirilən şəxs öhdəsində borc olduğu məlum olmuş və buna görə Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş lisenziya üzrə fəaliyyət göstərən “X3” MMC tərəfindən audit yoxlaması aparılmış və bu barədə xx.xx.2018-ci il tarixli akt tərtib edilmişdir. Audit yoxlaması zamanı Təqsirləndirilən şəxs işlədiyi müddətdə, xx.xx.2016-xx.xx.2018-ci il tarixədək olan dövr ərzində qaimələrlə 806.515.76 manat dəyərində və ona təhkim edilən ticarət obyektlərindən aktlar əsasında 8.619,79 manat dəyərində şirniyyat və ərzaq məhsullarını qəbul etməsi, həmin məhsulların ticarət obyektlərində satışından əldə etdiyi 714.100.15 manat məbləğində satış pulunun MMC-nin xəzinəsinə ödəməsi, satılmamış və istifadə müddəti keçmiş 67.658,82 manatın MMC-nin anbarına qaytarması müəyyən edilmişdir. Təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə tərtib edilmiş 09 dekabr 2018-ci il tarixli 16928 nömrəli rəydə Təqsirləndirilən şəxs öhdəsində olan faktiki qalıq 8.929 manat 48 qəpik təşkil etməklə həmin məbləğ ümumilikdə çatışmazlıq kimi göstərilmişdir. Lakin, Təqsirləndirilən şəxs 06 iyun 2018-ci il tarixdə faktiki işdən kənarlaşdırılmasından sonra onun əmək haqqı kartına köçürülmüş məbləğ hesabına borcunun azaldılması nəzərə alındıqda, onun işlədiyi dövr ərzində öhdəsində olan satış pulundan ümumi çatışmazlığın məbləğini müəyyən etmək məqsədilə əmək haqqı hesabına öhdəsindən azaldılmış 1.071 manat ilə ekspert rəyinin nəticə hissəsi ilə müəyyən edilmiş 8.929 manat 48 qəpik toplanılmalı, yəni qaimə-faktura, kassa mədaxil orderləri, mal-materialların təhvil-təslim aktları, borc aktları, tutuşdurulma aktları və digər sənədlərə əsasən, Təqsirləndirilən şəxs MMC-dən öhdəsinə qəbul etdiyi məhsullardan əldə etdiyi və MMC-nin xəzinəsinə ödəmədiyi satış pulundan olan çatışmazlığın ümumi məbləği 10.000 manat 48 qəpik (8.929 manat 48 qəpik+1.071 manat) təşkil etmişdir. Rəydə çatışmazlığın ümumi məbləğinin 8.929 manat 48 qəpik kimi göstərilməsinə səbəb, Təqsirləndirilən şəxs 06 iyun 2018-ci il tarixdə MMC-nin əmri ilə işdən kənarlaşdırıldıqdan sonra işdən azad olunduğu 19 oktyabr 2018-ci il tarixədək olan dövr ərzində kassa mədaxil orderləri ilə ümumilikdə 1.071 manatın MMC-nin xəzinəsinə mədaxil edilməklə onun öhdəsindən azaldılması və tərtib edilmiş audit rəyində həmin məbləğin ümumi çatışmazlıq məbləğindən çıxılması olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin sürücü-ekspeditoru kimi vəzifəsi MMC-nin anbarından sifarişi əsasında qəbul etdiyi şirniyyat və ərzaq məhsullarını özü tapdığı və MMC tərəfindən ona təhkim edilmiş ticarət obyektlərinə aparıb təhvil verməkdən və satış pullarını toplayıb MMC-nin xəzinəsinə ödəməkdən ibarət olmuşdur. «Aztrade «MMC-də sürücü-ekspeditoru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ilə münasibəti normal olmuş, sonuncu işdən kənarlaşdırılarkən 07-08 iyun 2018-ci il tarixədək sonuncuya təhkim olunmuş ərazilərdə olan mağazalardakı öhdəsində faktiki aşkar edilmiş 7.998 manat 90 qəpik dəyərində məhsullar ona təhvil verilmiş, Təqsirləndirilən şəxs öhdəsində yaranmış çatışmazlığın əmələ gəlməsindən məlumatı olmamış, sürücü-ekspeditorlar yararsız və istifadə müddəti keçmiş məhsulları şirkətin anbarına qaytararkən məhsulun müəyyən qisminin onlara borc kimi yazılması haqqında MMC-də hər hansı qayda olmamışdır. İşdə olan 08 noyabr 2018-ci il tarixli audit rəyindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin sürücü-ekspeditoru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs öhdəsində 8.929 manat 48 qəpik məbləğində faktiki qalıq aşkar edilmişdir. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 09 dekabr 2019-cu il tarixli 16928 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs öhdəsində 8.929 manat 48 qəpik məbləğində çatışmazlıq müəyyən edilmişdir. İşdə olan 10 fevral 2016-cu il tarixli 000/2016 nömrəli əmək və həmin tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilələrdən görünür ki, Təqsirləndirilən şəxs MMCdən qəbul etdiyi məhsulları ticarət obyektlərinə təhvil vermək və satışdan topladığı pulları MMC-nin xəzinəsinə ödəməyi maddi məsul şəxs kimi öhdəsinə götürmüşdür. İşdə olan Zərərçəkmiş şəxs MMC-nin 6 iyun 2018-ci il tarixli 86/2018 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işdən kənarlaşdırılaraq müəssisənin sərəncamına çıxarılmış və 19 oktyabr 2018-ci il tarixli 00000301-2018 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad olunmuşdur. İşdə olan 07-08 iyun 2018-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, Təqsirləndirilən şəxs təhkim edilmiş ticarət obyektlərində öhdəsində olan 7.998 manat 90 qəpik dəyərində məhsullar MMC-nin sürücü-ckspeditoru Şahid2 təhvil verilmişdir. İşdə olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin işçilər kollegiyasının 06 iyun 2018-ci il tarixli 52 nömrəli iclas protokolu ilə 2.071 manat 38 qəpik dükanların qalığı, MMC-nin direktorunun həmin tarixli 53 nömrəli əmri ilə 1.935 manat 40 qəpik dükanlara verilən güzəştlər, 08 iyun 2018-ci il tarixli 54 nömrəli iclas protokolu ilə 11.442 manat 42 qəpik dükanların qalığı hesabına Təqsirləndirilən şəxs öhdəsindən azaldılmışdır. İşdə olan kassa mədaxil ordeləri və audit rəyindən görünür ki, 18 iyul 2018-ci il tarixdə 250 manat, 09 avqust 2018-ci il tarixdə 236 manat, 07 sentyabr 2018-ci il tarixdə 250 manat 03 oktyabr 2018-ci il tarixdə 250 manat, 08 oktyabr 2018-ci il tarixdə 85 manat olmaqla, ümumilikdə 1.071 manat MMC-nin xəzinəsinə ödənilməklə Təqsirləndirilən şəxs öhdəsində olan çatışmazlıqdan azaldılmışdır. İşdə olan məhkəmə-xəttşünaslıq ekspertizasının 16 yanvar 2020-ci il tarixli 31837 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim oluımuş Təqsirləndirilən şəxs adına olan əmək müqaviləsinin 8.3-cü bəndində «İşçi» qrafasındakı, müqavilənin 11.2-ci bəndinin «İmzası» qrafasındakı, 10 fevral 2016-cı il tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilədə «İşçi» qrafasındakı «Təqsirləndirilən şəxs» yızılarının qarşısındakı, tam fərdi maddi məsuliyyət haqqında əlavə müqavilədə «İmzalar Satış təmsilçisi (ckspcditor)» qrafasındakı, borc aktlarında «Satış nümayəndəsi» qrafasındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İşdə olan 21 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, təhvil-təslim aktları və ödəniş qəbzləri öz xüsusiyyətlərinə, əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşdə olan sənədlədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, 21 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində bir azyaşlı uşağı var. İşə əlavə olunmuş mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, mənimsənilmiş 10.000 (on min) manat 48 (qırx səkkiz) qəpik pulun və mülki iddiaya görə ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 10.030 manat (on min otuz) manat 48 (qırx səkkiz) qəpik pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs MMC-nin hesabına ödənilməsini xahiş etmişdir. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərarından görünür ki, iş üzrə təkrar kompleks məhkəmə-mühasibatlıq və məhkəməxətşünaslıq ekpertizası təyin edilmişdir. İşdə olan və Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 25 may 2021-ci il tarixli 5/424 saylı ekspert rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş xx.xx.2017-ci il tarixli (i.v.180-186) Tutuşdurulma aktlarında hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, üstündən düzəliş etmə, kimyəvi üsulla silmə, sonradan əlavə etmə, ağardıcı maddə ilə pozma və s.) müəyyən edilmədi; 2. Tədqiqata təqdim edilmiş xx.xx.2017-ci il tarixli (i.v.193, 196) Tutuşdurulma aktlarında “Təhvil aldım” qrafalarındakı “Təqsirləndirilən şəxs” sözlərinin və imzanın yerrində “Cəlal Şəmiyev” sözləi, imza olmuş, sonradan üzərinə ağadıcı maddə çəkilərək indiki sözlər, imza ica edilmişdir; 3. Tədqiqata təqdim edilmiş xx.xx.2017-ci il tarixli (i.v.195) Tutuşdurulma aktında olan cədvəlin aşağı sağ hissəsində “1897,94” rəqəmlərinin altındakı düzəlişlə yerli və intensiv olduğu üçün ilkin yazıları müəyyən emək mümkün olmadı; 4. Tədqiqata təqdim edilmiş xx.xx.2017-ci il tarixli (i.v.195) Tutuşdurulma aktında 1897,94 rəqəmlərinin aşağı hissəsində olan ağardıcı maddənin yerində “1897,94” rəqəmləri olub, sonradan üzərlərinə ağardıcı maddə çəkilmişdir; 5. Tədqiqata təqdim edilmiş xx.xx.2017-ci il tarixli (i.v.205) Tutuşdurulma aktında “Təhvil aldı” qrafasındakı “Təqsirləndirilən şəxs” sözlərinin yerində “Cəlal Şəmiyev” sözləri olmuş, sonradan üzərlərinə ağadıcı maddə çəkilərək indiki sözlərə dəyişdirilmişdir;

6. Tədqiqata təqdim edilmiş xx.xx.2017-ci il tarixli (i.v.194, 197-204) Tutuşdurulma aktlarında hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, üstündən düzəliş etmə, kimyəvi üsulla silmə, sonradan əlavə etmə, ağardıcı maddə ilə pozma və s.) müəyyən edilmədi; 7. Tədqiqata təqdim edilmiş xx.xx.2018-ci il tarixli (i.v.227) Tutuşdurulma aktında “Ticarət nöqtəsinin hesabattına görə məbləğ” qrafasındakı “üç” sözünün yerində “altı” sözü olmuş, sonradan üzərlərinə ağadıcı maddə çəkilərək indiki sözlərə dəyişdirilmişdir; 8. Tədqiqata təqdim edilmiş xx.xx.2018-ci il tarixli (i.v.222-226 və 228-238) Tutuşdurulma aktlarında hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, üstündən düzəliş etmə, kimyəvi üsulla silmə, sonradan əlavə etmə, ağardıcı maddə ilə pozma və s.) müəyyən edilmədi. İşdə olan və Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 25 may 2021-ci il tarixli 5/2446 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan cild 1, iş vərəqə 174-179, 187-192, 206-216, 221-də olan Borc aktlarında “Aztrade MMC-nin satış nümayəndəsi” qrafasındakı imzalar – Təqsirləndirilən şəxs tərəfindən icra olunduğu məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixinə Zərərçəkmiş şəxs MMC-nə olan borcu 20.219,18 manat məbləğində müəyyən edilir. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qərarından görünür ki, iş üzrə təkrar kompleks məhkəmə-mühasibatlıq və məhkəməxəttşünaslıq ekpertizası təyin edilmişdir. İşdə olan və Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 12 sentyabr 2022-ci il tarixli 4/195 saylı ekspert rəyindən görünür ki, 2016-2018-ci illərə aid qaimələrdəki imzalar Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də sürücü-ekspeditor vəzifəsində işlədiyi müddətdə MMC-yə heç bir maddi zərər vurmaması haqqında ifadəsini iş materiallarına, işin faktiki hallarına uyğun saymır və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək qəbul etmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış, biri digərinə kifayət qədər uyğun gələn, mötəbərliyi və mümkünlüyü heç bir şübhə doğurmayan sübutları tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CMnin 179.2.3, 179.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə əsas cəza kimi azadlığın məhdudlaşdırılması cəzası, əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin oluna bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. İşdə olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs öhdəsində qalan çatışmazlığın məbləği 8.929 manat 48 qəpik müəyyən edilmişdir. Odur ki, mülki iddia qismən təmin edilməli və ödənilməmiş qalan maddi ziyan 8.929 manat 48 qəpik və mülki iddiaya görə ödənilmiş 30 manat dövlət rüsumu ilə birlikdə cəmi 8.959 manat 48 qəpik Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 772 (yeddi yüz yetmiş iki) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Cinayət işi üzrə ödənilməmiş qalan maddi ziyan 8.929 manat 48 qəpik və mülki iddiaya görə ödənilmiş 30 manat dövlət rüsumu daxil olmaqla cəmi 8.959 manat 48 qəpik Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilsin. İş üzrə ekspertiza tədqiqatlarının ümumi dəyəri 772 (yeddi yüz yetmiş iki) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar