Məhkəmə qərarları › İş №1(007)-71/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-71/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-71/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 04 may 2021-ci il tarixdə, saat 12:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 32 saylı evin 116 saylı mənzilində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 47-48/23 saylı evin 883 saylı mənzilində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 16 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,120 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 100 manata əldə edib daşıyaraq üzərində saxlamış və 16 sentyabr 2020-ci il tarixdə saat 19:15 radələrində Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 65 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 B ünvanda yerləşən Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,120 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 3 il olar ki, narkotik vasitələrdən istifadə edir və qəbul etmədikdə bədənində ağrılar olur. 16 sentyabr 2020-ci il tarixdə bədənində ağrılar başlandığı üçün narkotik vasitə almaq qərarına gəlmişdir. Odur ki, 16 sentyabr 2020-ci il tarixdə günün birinci yarısında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gedərək üzdən tanıdığı bir-iki şəxsdən narkotik vasitənin olub-olmamasını soruşmuşdur. Nəhayət bir nəfər tanımadığı şəxs bildirmişdir ki, onda yaxşı narkotik vasitə heroin var və onu 100 manata satır. O, razılaşmışdır və həmin şəxsdən bir ədəd şəffaf selofan bükümdə olan narkotik vasitə heroini 100 manata alaraq çıxıb getmiş və düşünmüşdür ki, münasib vaxtda onu qəbul edər. Lakin, 16 sentyabr 2020-ci il tarixdə saat 19:15 radələrində o, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 65 ünvanının qarşısında olarkən Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və ona elan olunmuşdur ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhə edilir, bununla bağlı onu 24-cü PŞ-nə dəvət etmişlər. O, könüllü olaraq həmin polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 B ünvanda yerləşən Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə getmişdir. Daha sonra orada, dəvət olunmuş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir və üzərində şəxsi axtarış keçirilmiş, bu zaman ona təklif olunmuşdur ki, üzərində qanunsuz saxladığı əşyaları təqdim etsin. O, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf selofan bükümdə olan narkotik vasitə heroini təqdim edərək etiraf etmişdir ki, bu bükümdə narkotik vasitə heroindir. Sonra onun təqdim etdiyi bir ədəd şəffaf selofan bükümdə olan heroin götürülmüş, zərfdə qablaşdırılmış və bu barədə protokol yazılmış, o, və digər iştirakçılar tərəfindən imza edilmişdir. Narkotik vasitələri hər hansı bir şəxsə satmamışdır və ya verməmişdir. X5 onun tanışıdır, onu təxminən 2-3 il olar ki, tanıyır, lakin onunla yaxın münasibəti yoxdur, nə ona nə də digər şəxsə heç vaxt narkotik vasitə satmamışdır. Həmin cinayəti tək törətmişdir və heç kim ona köməklik etməyib. Başqa cinayət əməli törətməmişdir. Nizami RPİ-nin 24-cü PŞ-də X2 aşkar edilmiş narkotik vasitənin onun tərəfindən Elman Məmmədova satılması barədə dediklərini təsdiq etmir və bildirir ki, o, ona və ya digər şəxsə narkotik vasitə satmamışdır. Qeyd etmək istəyir ki, 15 sentyabr 2020-ci il tarixdə Elmanı görməmişdir və həmin tarixdə öz üzərində narkotik vasitə də olmamışdır. O, narkotik vasitəni 16 sentyabrda almışdır və bundan sonra da tutulmuşdur, yəni onun heroini istifadə etmək və ya satmağa imkanı ola bilməzdi, bunu etməmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olmasını bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nizami RPİ-nin 24cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayoru rütbəsindədir. Xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Ərazidə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. 15 sentyabr 2020-ci il tarixdə “Elman” adlı şəxsin qanusuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı raportla rəsmiləşdirilərək şöbə rəhbəliyinə məruzə edilmişdir. Həmin məlumatın yoxlanılması və “Elman” adlı şəxsin ifşa olunması məqsədi ilə şöbə rəhbərliyi tərəfindən 15 sentyabr 2020-ci il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə təsdiq olunmuş qərara əsasən əməliyyat qrupunun yaradılmışdır. Əməliyyat məlumatı işlənilərkən həmin tarixdə əlavə olaraq müəyyən olunmuşdur ki, “Elman” adlı şəxs 09 may 1977-ci ildə ünvan 6 ünvanında yerləşən inzibati binada qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südcülük Sovxozu, X9 fərdi evdə yaşayan X4r. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 15 sentyabr 2020-ci il tarixdə saat 19:45 radələrində X5 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 ünvanının yaxınlığında saxlanılaraq 24-cü PŞnə gətirilmişdir. Bundan sonra X3 üzərində şəxsi axtarış və götürmə aparılarkən onun üzərində qanunsuz əldə edib saxladığı 0,297 qram narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. İlkin araşdırma zamanı X5 həmin narkotik vasitəni “Hikmət” adlı şəxsdən aldığını bildirmişdir. Bu barədə şöbə rəhbərliyinə raportla məruzə edilmiş və “Hikmət” adlı şəxsin ifşa olunması məqsədi ilə şöbə rəhbərliyi tərəfindən 16 sentyabr 2020-ci il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə təsdiq olunmuş qərara əsasən baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Zöhrab Məmmədovdan və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Qeyd olunan əməliyyat məlumatı işlənilərkən həmin tarixdə “Hikmət” adlı şəxsin xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 32, mənzil 116-da qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 47-48/23, mənzil 883-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Keçirilmiş tədbir nəticəsində 16 sentyabr 2020-ci il tarixdə saat 19:15-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 65 ünvanın qarşısında tərəflərindən saxlanılaraq 24-cü PŞ-nə gətirilmişdir və bu barədə şöbə rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması 24-cü Polis şöbəsinin baş təhqiqatçı, polis mayoru Ramil Mehdiyevə həvalə olunmuşdur. Daha sonra Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasında yerləşən xidməti otaqların birində müdafiəçi dəvət olunmaqla və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl iştirakçılara və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan hər-hansı qanunsuz maddə və ya əşya varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli idman şalvarın sol yan cibindən bir ədəd şəffaf selofan bükümdə, içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddəni təqdim edərək bildirmişdir ki, onun təqdim etdiyi maddə narkotik vasitədir, uzun müddətdir ki, onu qəbul edir. Həmin narkotik vasitəni 16 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 100 manata əldə edib daşıyaraq üzərində saxlamışdır. Aşkar edilmiş, içərisində qəhvəyi rəngli, spesifik iyə malik maddə olan həmin bükülü sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək iştirakçılar və vəkilin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanaraq tərkibinin müəyyən edilməsi məqsədilə məhkəmə-kimyəvi ekspertizasına göndəriləcəyi bildirilmişdir, tədbirin nəticəsinə dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Faktla bağlı aparılmış istintaq zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 1,120 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmuşdur. İfadəsində qeyd etdiyi kimi Elman Məmmədov 15 sentyabr 2020-ci ildə yaxalanarkən bildirmişdir ki, üzərində aşkar edilmiş narkotik vasitəni Hikmət adlı şəxsdən almışdır. Əməliyyat təqdiri zamanı məlum olmuşdur ki, Elman Məmmədovun Təqsirləndirilən şəxs ilə tanışlığı var və sonuncunun narkotik vasitələrin istifadəçisi olması təsdiq olunur. Odur ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilərək yaxalanmış və onun öz üzərində narkotik vasitə aşkar olunmuşdur. Lakin ilkin araşdırma zamanı həmin məlumatı X5 və Təqsirləndirilən şəxs inkar etmişlər. Təqsirləndirilən şəxs tərəfindən 15 sentyabr 2020-ci ildə digər narkotik vasitə əldə etməsini və onu Elman Məmmədova satmasını təsdiq edən hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs digər cinayət əməllərini törətməsi barədə məlumat daxil olmamışdır. Şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2019-cu ildə faktiki evlənmişdir, lakin rəsmi nigahları 2020-ci ilin mart ayında sənədləşdirib, nigahdan bir uşağları anadan olub və onlar Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 47-48/23, mənzil 883-də faktiki yaşayırlar. Onlardan başqa bu mənzildə digər ailə üzvləri və qohumları yaşamırlar. Hikmət fərdi əməklə məşğul olaraq sifariş ilə santexnik və elektrik işlərini yerinə yetirir. Hikmətin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsindən onun heç bir xəbəri olmayıb, belə vasitə və maddələrdən evə gətirməyib, kiməsə verməyib və ya satmayıb, evdə tərəzi, iynə və ya şprits olmayıb, Hikmət evdə özünə iynə vurmayıb. Hikmətin dost və tanışları onların mənzilinə gəlməyiblər, ancaq yaxın qohumları arabir qonaq kimi gəlib-getmişlər. Yalnız Təqsirləndirilən şəxs 16 sentyabr 2020-ci il tarixdə Nizami rayonu, Babək prospekti, 65 ünvanında tutulduqdan sonra istintaq zamanı ona məlum olmuşdur ki, Hikmət qanunsuz olaraq narkotik vasitəni haradansa əldə edərək özündə saxlayıb. Bu hadisə ilə bağlı digər ifadəsi və ya məlumatı yoxdur. İş materiallarında olan 16 sentyabr 2020-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:15 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 65 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə haqqında 16 sentyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişin qeydə alındığı diskdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan narkotik vasitəni qanunsuz olaraq əldə edib, üzərində daşıyaraq, saxlayıb istifadə etməsi faktı təsdiq olunmuşdur. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 17 sentyabr 2020-ci il tarixli, 6/1903 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” və.s. qeydlər olan zərfdəki 1 ədəd bükümdəki təmiz çəkisi 1,120 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Həmin maddənin 0,050 qram hissəsi tədqiqata sərf edilmiş, 1,070 qram hissəsi tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 oktyabr 2020-ci il tarixli, 2855 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 19 noyabr 2020-ci il tarixli, 6/2515 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs və X1 aşkar edilmiş narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə müxtəlifdir. Həmin maddənin 0,02 qram hissəsi tədqiqata sərf edilmiş, 1,050 qram hissəsi tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan baxış keçirilməsi haqqında 24 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunaraq üzərində şəxsi axtarışın aparılmasını əks etdirən videogörüntülər yazılmış 01 ədəd DVD diskə təqsirləndirilən şəxsin özünün və müdafiəçisinin iştirakları ilə baxış keçirilərkən, o, etiraf etmişdir ki, videogörüntülərdə olan şəxs özüdür, videogörüntü düzgün çəkilmişdir, şəxsi axtarışlar zamanı onlara qarşı heç bir təzyiqə yol verilməmişdir, üzərilərində aşkar olunmuş narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir. Həmin 01 ədəd DVD diski cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır və iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 1,120 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və onun ifşa olunmasını özündə əks etdirən videogörüntü yazılmış 01 ədəd «DVD» diski, telefon məlumatları yazılmış 01 ədəd “CD” diski cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmışlar, 01 ədəd “DVD” diski və 01 ədəd “CD” diski cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 1,050 qram qalıq hissəsi bir ədəd möhürlənmiş zərfdə istintaq tamamlandıqdan sonra saxlanılması üçün Nizami RPİ-nin MSSK-na təhvil verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 485194 saylı doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X6 27.07.2020-ci il tarixdə anadan olmuşdur və ata qrafasında “Təqsirləndirilən şəxs” qeyd edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 sentyabr 2020ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 16 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 16 sentyabr 2020-ci il tarixdən 04 may 2021-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı, 07 (yeddi) ay 18 (on səkkiz) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Habelə, Azərbaycan Respublikası CM-nin 52-1.3.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsini müəyyən edə bilər. Bununla əlaqədar, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və bununla yanaşı, ona təyin edilmiş narkomaniyadan məcburi müalicə kursunu keçmək həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən əlavə vəzifə kimi də onun üzərinə qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs Fikrət oğlunun üzərində aşkar olunmuş bir ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 1,120 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməlidir. Habelə, Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 sentyabr 2020-ci il tarixdən 04 may 2021-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 7 (yeddi) ay 18 (on səkkiz) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutularaq təyin edilmiş cəzadən çıxmaqla üzərində 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və üzərinə narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifəsinin qoyulması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,120 qram narkotik maddə heroinin tədqiqatdan sonra qalıq 1,050 qram hissəsi dəyəri olmadığına görə məhv edilsin. İş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 222 (iki yüz iyirmi iki) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk və 01 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar