Məhkəmə qərarları › İş №1(007)-71/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-71/2022

18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-71/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2a yaşayan, barəsində '‘polisin nəzarəti altına vermə’' qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 aprel 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanın qarşısındakı dayanacaqda duran avtobusda 01 ədədini 1 manat qiymətə tibbi maska satan zaman həmin avtobusa tibbi maska satmaq niyyəti ilə daxil olan Zərərçəkmiş şəxs tibbi maskanın 01 ədədini 50 qəpiyə satdığını görüb avtobusdan düşdükdən sonra ictimai yer olan həmin dayanacaqda sonuncuya yaxınlaşaraq tibbi maskaları ucuz qiymətə satmasına irad bildirməklə Zərərçəkmiş şəxsla heç hir əsaslı səbəb olmadan mübahisə edib özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq, uca səslə nalayiq ifadələrlə söyüb təhqir edərək içtimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirib, içtimai qaydaları və içtimai maraqları, habelə əxlaq normalarını pozaraq xuliqanlıq niyyəti ilə qəsdən sonuncunun üz nahiyəsinə yumruqla vurduqdan sonra yerə yıxıb təpiklə bədəninin müxtəlif nahiyələrindən vurub Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olmayan sağlamlığa az ağır zərər vurmaya aid sol said sümüyünün distal ucunun qəlpəli yerdəyişmiş sınığı, sağ qaşın bayır bucağı nahiyəsinin qançırı ilə nəticələnən xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq elmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08.04.2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, “Lotos” ticarət mərkəzinin qarşısında dayacaqda avtobuslarda tibbi maskanın 1 ədədini 1 manata satmışdır. Həmin vaxt sonradan tanıdığı Zərərçəkmiş şəxs avtobusa daxil olaraq maskanın 1 ədədini 50 qəpiyə satmağa başlamışdır. Buna görə avtobusdan düşərək gözləmiş və Zərərçəkmiş şəxs avtobusdan düşdükdə avtobusun arxasında sonuncuya öz iradını bildirmişdir. Bu səbəbdən aralarında sözlü mübahisə yaranmış və mübahisə zaman Zərərçəkmiş şəxs ona yumruq atıb söyüş söydüyünə cavab olaraq sonuncunu əvvəlcə yumruqla, daha sonra fənd işlədib yerə yıxaraq 1 dəfə belindən təpiklə vurmuşdur. Həmin vaxt ətrafındakı şəxslər onları ayırmışdır. Hadisədən sonra avtobusda maska satmağa davam etmiş və təxminən 2 saat sonra polis əməkdaşları onun barəsində şikayət olduğunu bildirərək 24-cü PŞ-nə dəvət etmişlər. Hazırda zərərçəkmiş şəxslə barışmış, törətdiyi cinayət əməlindən səmimi peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi dinləyib, habelə dövlət ittihamçısının və müdafiəçinin təkliflərini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanda dayanacaqda dayanmış avtobuslarda qoruyucu tibbi maska sataraq gün ərzində 20 manat pul qazanmışdır. 08 aprel 2021-ci il tarixdə saat 16:00 radələrində həmin ünvanda avtobusda tibbi maska satmaq istəyərkən əvvəllər tanımadığı Qələmirzənin avtobusda tibbi maska satdığını görmüşdür. Avtobusda bir qədər maska satıb avtobusdan düşdükdən sonra avtobusun arxa tərəfində Qələmirzə ona yaxınlaşaraq bu ərazidə özünün maska satdığını bildirərək onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Qələmirzə onun sifətinə bir sillə, daha sonra yerə yıxaraq belinə bir neçə təpik vurmuşdur. Hadisəni görən ətrafdakı şəxslər onları ayırmış və Qələmirzə hadisə yerindən getmişdir. Baş vermiş hadisə barədə Nizami rayon polis idarəsinin 24-cü PŞ-nə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışımış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan 04.09.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə keçirilmiş üzləşdirmə zamanı ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 08 aprel 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr 81 ünvanda yerləşən “Lotos” ticarət mərkəzinin yaxınlığında yerləşən “Phardi” ticarət mərkəzinin qarşısıdır. İş materiallarında olan 25 iyun 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr 81 ünvanda Zərərçəkmiş şəxs qarşı törətdiyi hadisəni əyani şəkildə göstərib təsvir etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 aprel 2021-ci il tarixli 267 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol said sümüyünün distal ucunun qəlpəli yerdəyişmiş sınığı, sağ qaşın bayır bucağı nahiyəsinin qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törədilmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 08.04.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aiddir. Xəsarətin lokalozasiyasına və xüsusiyyətlərinə əsasən, şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 04 sentyabr 2021-ci il tarixli 2045 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir, qeyd olunan cinayət əməlini törədən zaman onda müəyyən edilən emosional davamsız tip şəxsiyyət pozuntusu kompensasiya vəziyyətində olduğundan, onun öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etmir. Qeyd edilən əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hazırda ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Onda emosional davamsız tip şəxsiyyət pozuntusu aşkar edilir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin arxivindən alınan məlumatlardan aydın olur ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada stasionar müalicədə olmuşdur. Xəstəxanada müalicə aldığı xəstəliyin nəticəsində cinayət törətmə ehtimalı yoxdur. Onun əqli-intellektual imkanları normaya uyğundur. Əqli-intellektual imkanlarına görə hadisə zamanı öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosioanl reaksiyalara meyillilik, emosional dayanıqsızlıq, kobudluq, impulsivlik kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosianal vəziyyətdə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 22 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 25 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2021-ci il tarixdə axtarışla tutulmuş və 04 sentyabr 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına” vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışımış, sonuncuya qarşı heç bir tələbi yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaq zamanı tam sübuta yetirilmiş, onun cinayət məsuliyyətindən və eləcə də cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 17.2-ci maddəsinə əsasən, bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N1 2004-cü il 23 mart tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 5-ci bəndində qeyd edilir ki, xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə alınmalıdır ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətməsini, habelə zərərşəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 127.2.3-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında isə min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi az ağır cinayətlər kateqoriyasına, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Sənədlərə əsasən, Təqsirləndirilən şəxs axtarışla tutularaq saxlandığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsasların olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi 45 saat, məhkəmədə iştirak etdiyi 35 saat, cəmi 80 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 480 manat (80x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X2 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 80 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 480 (dörd yüz səksən) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar