Məhkəmə qərarları › İş №1(007)-71/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-71/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-71/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səfəvilər küçəsi, ev 35-də qeydiyyatda olmaqla yaşamış, 22 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 iyul 2022-ci il tarixdə tutmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 13 yanvar 2023-cü il tarixdə haqqında axtarış elan edilmiş və qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 24 yanvar 2023cü il tarixdə tutulmuş, həmin vaxtdan həbsdə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 22 iyul 2022-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında tanışı Şahid1 şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,395 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini sonuncunun ona nömrəsini göndərdiyi bank kartının hesabına 10 manat pul ödəyərək satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 22 iyul 2022-ci il tarixdə saat 20 radələrində Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən 24-cü polis şöbəsinə gətirilib, xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,395 qram olan qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə aydır ki, “kakos” kimi tanınan narkotik vasitə heroin qəbul edir. Heroini siqaretin gümüşü kağızının üzərində yandıraraq tüstüsünü qəbul etməklə istifadə etmişdir. Narkotik vasitəni “İnstaqram”dan tanış olduğu, sonradan tam adını bildiyi Şahid1 almışdır. İlqarın “WhatsApp” nömrəsi ilə əlaqə saxlayıb lazım olan miqdarda narkotik vasitə sifariş etmiş, bundan sonra İlqar ona kart nömrəsi göndərmiş, həmin kart nömrəsinin hesabına müxtəlif məbləğlər köçürdükdən sonra yaşadığı binanın qarşısına getmiş, İlqar pəncərədən narkotik vasitə heroini bükümlərdə yerə atmışdır. O, həmin bükümləri götürərək istifadə etmişdir. 22 iyul 2022-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanının qarşısına getmişdir. Əvvəlcədən İlqara 10 manat məbləğində narkotik vasitə olan heroini satmasını xahiş etmişdir. “Nazlı” sarayın yaxınlığında “Dəniz” restoranının üstündəki binanın qarşısına getmiş, İlqar hansısa pəncərədən ona bir ədəd sellofan bükümdə “kakos” kimi adlandırdıqları narkotik vasitə heroin atmış və o, həmin narkotik vasitəni yerdən götürüb sağ yan cibinə qoymuşdur. Binadan bir az aralandıqdan sonra iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində otaqların birində hüquq və vəzifələri izah olunmuş, vəkil dəvət olunmuş, sonra üzərində şəxsi axtarış aparılacağı izah edilmiş, üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibində olan bir ədəd sellofan bükümü təqdim edərək həmin bükülünün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, İlqar adlı şəxsdən mütəmadi olaraq narkotik vasitə aldığını, həmin narkotik vasitəni də özü istifadə etmək üçün İlqardan aldığını səmimi olaraq etiraf etmişdir. Polislər tərəfindən tərtib olunmuş sənədləri imzalamışdır, saxlanıldığı müddətdə ona qarşı hər hansı təzyiq olmamışdır. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq çəkdiyini, bir daha belə əməllərə yol verməyəcəyini, gəncliyini, atasının müharibə veteranı və ikinci qrup əlil olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 22 iyul 2022-ci il tarixdə ünvan 1 saylı binanın yaxınlığında mütəmadi olaraq görünən 20- 25 yaşlı, orta boylu “Solmaz” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami RPİ-nin 24-cü PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də “Solmaz” adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar keçirilən tədbir zamanı 22 iyul 2022-ci il tarixdə saat 20 radələrində o və 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid2 əməliyyat məlumatındakı əlamətlərə uyğun “Solmaz” adlı şəxsin ünvan 1 saylı binanın qarşısında dayandığını görüb ona yaxınlaşmış və özlərini təqdim etmiş, onu əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi onlara təqdim etmiş və sorğu zamanı narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədilə onlarla 24-cü polis şöbəsinə getməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmiş, zəruri prosessual hərəkətlər həyata keçirildikdən, şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 21:50-də təhqiqatçıya məxsus xidməti otaqda onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, toz şəklində, spesifik iyə malik olan kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, 22 iyul 2022-ci il tarixdə “İlqar” adlı tanışından sonuncunun kartına pul göndərməklə Nizami rayonu, E.Süleymanov küçəsi, 124 ünvanının qarşısında əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş həmin bükülü təhqiqatçı tərəfindən zərfə qoyulub müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, bütün iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərinə axtarış təhqiqatçı Şahid4 tərəfindən aparılmış, saxlanılan zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya digər zorakı hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin təhqiqatçısı Şahid4, Şahid5lə eyni məzmunlu ifadə vermişdir. Bundan başqa, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİnin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun həmin dövrdə verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş, müəyyən edilmişdir ki, o, yuxarıda adları çəkilən şahidlərlə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 22 iyul 2022-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı Namiq İsmayılov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs narkotik vasitə satmış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan “İlqar” adlı şəxsin xx xxxx 1990-cı il təvəllüdlü Şahid1 olduğu tərəflərindən müəyyənləşdirilmiş və 23 iyul 2022-ci il tarixdə saat 09:30-da Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkli Şahid5lə birlikdə ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi “Porshe Cayenne” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib qaçmaq istəyən zaman tərəflərindən saxlanılaraq şübhəli şəxs qismində 24-cü polis şöbəsinə gətirilmişdir. 24-cü PŞ-də üzərinə səxsi axtarış keçirilməzdən öncə Şahid1 üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Şahid1 əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Bükümə baxış keçirilən zaman tünd qəhvəyi rəngli toz şəklində spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Sorğu zamanı Şahid1 həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, 22 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində tanımadığı İran vətəndaşından aldığını və qeyd edilən tarixdə tanıdığı Təqsirləndirilən şəxs 15 manat müqabilində bir büküm satdığını bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində, eyni zamanda özünün barəsindəki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. O, sözügedən ifadəsində göstərmişdir ki, ..üzərindən aşkar edilmiş narkotik vasitəni 30 manata 22 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı İran vətəndaşı “Seyid” adlı şəxsdən onlayn qaydada almış və qeyd edilən tarixdə tanışı Təqsirləndirilən şəxs 15 manat müqabilində satmışdır... O, yalnız Təqsirləndirilən şəxs narkotik vasitəni satmış, başqa heç kimə satmamışdır. Çünki “Seyid” adlı şəxsdən aldığı narkotik vasitəni əsasən özü istifadə etmişdir. Təqsirləndirilən şəxs onun “Leobank” kartına ödəniş etdikdən sonra həqiqətən də E.Süleymanov küçəsi 124 ünvanında yerləşən binanın pəncərəsindən Solmaza narkotik vasitə heroin atmış və bunu səmimi etiraf etmişdir... İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 23 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 22 iyul 2022-ci il və 14 oktyabr 2022-ci il tarixli protokollardan görünür ki, 22 iyul 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli bilinərək Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə həmin gün saat 21:50-də, videoçəkiliş edilməklə, şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi təngli, toz şəklində spesifik iyə malik olan kütləni təqdim edərək həmin kütdənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, narkotik vasitəni 22 iyul 2022-ci il tarixdə “İlqar” adlı tanışından Nizami rayonu, E.Süleymanov küçəsi, 124 ünvanının qarşısında sonuncunun kartına pul köçürdükdən sonra binanın qarşısında əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Hal şahidlərinin iştirakçıları ilə videogörüntülərə baxış zamanı 22 iyul 2022-ci il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 28-29, 242) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 iyul 2022-ci il tarixli 6/3996 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs...” ad, soyad və imzalar qeyd edilmiş 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,395 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,395 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,345 qram qalıq qalmışdır. (i.v. 37-40) - 23 iyul 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid2 rəhbərliyi ilə “Solmaz” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 23 aprel 2022-ci il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 42) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 iyul 2022-ci il tarixli 6/4003 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxs ... Şahid1...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,235 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Şübhəli şəxs ... Şahid1...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə olan və üzərində “Təqsirləndirilən şəxs...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. (i.v. 84-87) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 14 sentyabr 2022-ci il tarixli 5203 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 225-226) - 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,395 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, təhqiqatdan sonra qalıq çəkisi 0,345 qram qalan kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanılmasından ötrü Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (i.v. 235-236) - 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, ********* nömrəli cinayət işinin materiallarından Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ayrıca cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin aparılması rədd edilmiş, Təqsirləndirilən şəxs və Şahid1 barələrində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin aparılması rədd edilmiş, 22 iyul 2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 1 ədəd DVD disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qəbul edilmişdir. (i.v. 247-246) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 22 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 17) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 24 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 141) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 171) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən onun haqqında axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin 24 yanvar 2023-cü il tarixli 3-13- 52-2/2-1257 nömrəli məktubundan və ona əlavə edilən protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdə tutulmuşdur. -Məhkəməyə təqdim edilmiş vəsiqələrin surətindən görünür ki, X1 (təqsirləndirilən şəxsin atası) daxili işlər orqanlarının əməkdaşı kimi vəzifə borcunu yerinə yetirərkən ikinci qrup əlillik dərəcəsi almışdır, müharibə veteranıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını, atasının (yaxın qohumu) birinci Qarabağ müharibəsinin veteranı, həmin döyüşlər zamanı aldığı xəsarətlə bağlı ikinci qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 22 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 iyul 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə 02 gün tutmada saxlanılmış, bundan başqa, o, 24 yanvar 2023-cü il tarixdə axtarışda olan şəxs qismində tutularaq həbs edilmişdir, hal-hazıra, yəni 10 mart 2023-cü il tarixədək 01 ay 14 gün həbsdə saxlanılmışdır. Ona görə məhkəmə hesab edir ki, ümumilikdə həmin 01 ay 16 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının videogörüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər sayılaraq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 22 iyul 2022-ci il tarixdən 24 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 24 yanvar 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 14 (on dörd) gün, cəmi 01 (bir) ay 16 (on altı) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 02 (iki) gün təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,345 qram olan narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar