Məhkəmə qərarları › İş №1(007)-71/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-71/2025

13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-71/2025 13.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 0,423 qram psixotrop maddə- metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 10 iyun 2024-cü il tarixdə, saat 20:50 radələrində Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X3 küçəsi 7 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİnin 23-cü Polis Bölməsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,423 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, 10 iyun 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu ərazisində olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat qarşılığında bir büküm “patı” olaraq tanınan psixotrop maddə metamfetamin almışdır. Onu daha sonra istifadə etmək üçün əynində olan şalvarın sağ yan cibinə qoyaraq özündə saxlamışdır və şəxsi işləri ilə bağlı Keşlə qəsəbəsinə getmişdir. Saat 20:50 radələrində Keşlə qəsəbəsi, M.Hilal küçəsi 7 ünvanının yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin vaxt üzərində metamfetamin olduğu üçün, həyəcanla danışmağa başlamışdır. Ondan narkotik vasitə istifadəçisi olub-olmadığı soruşulduqda o, arada bir “patı" istifadə etdiyini demişdir. Bu zaman polis əməkdaşları ona özləri ilə birlikdə Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə getməli olduğunu bildirmişlər. Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində polis əməkdaşlarının və vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində olan qanunsuz əşyaları verməyi təklif edilmişdir. Bu zaman o, əynində olan şalvarın sağ yan cibində saxladığı bir büküm psixotrop maddə-metamfetamini təqdim etmişdir. Əməlindən peşmandır, tək övladdır, anası onun himayəsindədir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 10 iyun 2024-cü il tarixdə, saat 20:50 radələrində Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə xidməti ərazidə olarkən ünvan 5 ünvanın qarşısında 1 nəfər şəxsə yaxınlaşıb ünvan soruşduqda həmin şəxs həyəcanla cavab vermiş və əli ilə şalvarının üzərindən ciblərini yoxlamağa başlamışdır. Onlar həmin şəxsə özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Həmin şəxs onlara özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə qəbul edib-etmədiyini soruşduqda o, arada bir istifadə etdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması ilə bağlı onlarda şübhə yaranmışdır. Onlar bu şübhəni Təqsirləndirilən şəxs bildirmişlər və özləri ilə birlikdə Nizami RPİ-nin 23-cü Polis Bölməsinə getməli olduğunu demişlər. 23-cü Polis Bölməsində xidməti otaqların birində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərində qanunsuz əşya və maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, içərisində psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, ifadəsi elan edilmiş iş üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 istintaqda Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd kağız bükümü təqdim edərək içərisindəki maddənin psixotrop maddə olan metamfetamin olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-6/3195 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 163” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs-imza,....” yazılar olan bir ədəd kağız zərfdəki 1 ədəd bükümdəki təmiz çəkisi-0,423 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Ayxan Təhməzlinin vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 X1-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 5922 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sintetik opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,423 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq 0,373 qram psixotrop maddə metamfetamin saxlanması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında məlumat aşkar olunmamışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməlini etiraf etməsini, peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,373 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 33 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 198 (bir yüz doxsan səkkiz) manat (33x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,373 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 33 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 198 (bir yüz doxsan səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar