Məhkəmə qərarları › İş №1(007)-72/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-72/2021

03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-72/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 sentyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, həmin məhkumluğu ödənilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib, 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 01 il sınaq müddəti təyin edilmiş, 12 sentyabr 2020-ci il tarixdə sınaq müddəti başa çatmış, Bakı şəhəri, Nizami rayonu, Maarif küçəsi, ev 9-da qeydiyyatda olmaqla yaşamış, 29 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 oktyabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla, soyğunçuluq etmişdir. Belə ki, o, 19 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanının qarşısında tamah, özgənin əmlakını açıq talama məqsədi ilə Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq sonuncunun sağ əlində olan içərisində hər biri 4 manat dəyərində ***-***-**-** və ***-***-**-** GSM nömrələri ilə işləyən 40 manat dəyərində **********34006 və **********34014 imei kodlu “Hoffman” markalı “T110” modelli telefon aparatı və 111 manat nağd pul olan 5 manat dəyərində pul kisəsini dartıb alaraq açıq talayıb Zərərçəkmiş şəxs 164 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası 2011-ci ildə vəfat etmişdir, evin tək övladıdır, anası dayəlik edir. Özü narkotik vasitə aludəçisidir. Heç bir yerdə işləmədiyi üçün maddi ehtiyacları çox olmuşdur. 19 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında piyada evə gedən zaman qarşıda əvvəllər tanımadığı yaşlı bir qadının tək getdiyini, həmin vaxt qadının sol əlində sarı rəngli qızılı dəridən hazırlanmış pul kisəsinin olmasını görmüşdür. Həmin vaxt o, qadının əlindən pul kissəsini alıb qaçmaq qərarına gəlmiş, bunun üçün ətrafda adamların olmadığına əmin olduqdan sonra gizlin arxadan həmin qadına, yəni sonradan tanıdığı Zərərçəkmiş şəxs yaxınlaşmış və onun sağ əlindən açıq qəhvəyi rəngli süni dəridən hazırlanmış pul kisəsini alıb dərhal yaxınlıqda olan dar küçə istiqamətində qaçmağa başlamışdır.O, arxaya baxmadan oradan qaçaraq uzaqlaşmışdır. Həmin vaxt qorxduğu üçün küçə boyunca qaçmış və orada dayanmış vəziyyətdə olan yük avtomaşının altına uzanaraq gizlənmişdir. Uzanıqlı vəziyyətdə qadının əlindən götürərək oğurladığı açıq qəhvəyi rəngli süni dəridən hazırlanmış pul kisəsinin gümüşü rəngli zəncirbəndini açmış, içərisində bir ədəd “Hoffman T110” markal mobil telefon, eyni zamanda 111 manat nağd pulun olmasını aşkar etmişdir. O, 111 manat pulu pul kisəsindən götürmüş, mobil telefonu isə pul kisəsi ilə birlikdə yerə atmış, oradan qaçaraq uzaqlaşmışdır. Yolda əlini cibinə saldıqda özünə məxsus olan üst hissəsi gümüşü rəngli “Samsung” markalı mobil telefonunun olmadığını aşkar etmiş, başa düşmüşdür ki, mobil telefonu yük maşının altında uzanıqlı vəziyyətdə olan zaman cibindən düşmüşdür. O, soyğunçuluq yolu ilə əldə etdiyi 111 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Hadisə zamanı o, zərərçəkən şəxsə qarşı heç bir fiziki güc və zor tətbiq etməmişdir. Pul kisəsinin içərisində olan 111 manat pulu götürdükdə mobil telefonunun pul kisəsinin içərisindən kənara yerə düşməsini görmüş, lakin telefonu istifadə və ya satan zaman tutulacağından qorxduğu üçün özü ilə götürüb aparmamışdır. Təqsirləndirilən şəxs daha sonra pula ehtiyacı olduğundan bu əməli törətdiyini, əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 19 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində nəvələrinə ərzaq məmulatları almaq üçün yaşadığı Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 33 ünvanında yerləşən “Al” marketə getmək üçün evdən çıxmış, həmin vaxt açıq qəhvəyi rəngli, süni dəridən hazırlanmış, üzərində “kəpənək” emblemi olan, kənar hissələrinin bir tərəfində gümüşü rəngli metaldan ibarət naxış olan, zərcirbəndlə bağlanan parıltılı materialdan olan pul kisəsini özü ilə götürmüşdür. Pul kisəsinin içərəisində özünə məxsus üzərində ***-***-**-** və ***-***-**-** nömrəsi olan “Hoffman T110” markalı mobil telefon və 111 manat nağd pul olmuşdur. Küçə boyunca piyada hərəkət edən zaman ətrafda az sayda adamlar olmuşdur. O, içərisində mobil telefonu olan pul kisəsini sağ əlində saxlamışdır. Sabir küçəsi 33 ünvanında piyada gedən zaman qəfildən bir nəfər əvvəllər tanımadığı cavan bir şəxs arxadan ona yaxınlaşaraq sağ əlində olan pul kisəsini əlindən oğurlayıb yaxınlıqda olan dar küçə ilə qaçmışdır. O, dərhal həmin naməlum şəxsin arxasınca qaçaraq dayanmasını və onun pul kisəsini qaytarmasını tələb etmişdir. Lakin həmin naməlum şəxs ona heç bir məhəl qoymaraq oradan qaçaraq uzaqlaşmışdır. O da yaşı ilə əlaqədar həmin şəxsin arxasınca qaça bilməmiş, orada olan azyaşlı uşaqlara naməlum şəxsin onun pul kisəsini oğurlayıb qaçıb getməsi barədə demişdir. Həmin uşaqlarla orada axtarsalar da dediyi şəxsi tapa bilməmişlər, o, yaxınlıqdakı mağazaya gedərək evinə zəng edib baş vermiş hadisə haqqında məlumat vermişdir. Bir az keçmiş oğlu oraya gəlmiş, hadisə haqqında Nizami RPİ-nin 23-cü PB-nə məlumat vermiş , bundan sonra hadisə yerinə polislər gəlmişlər. Polislər hadisə yerini müayinə edən zaman yaxınlıqda ona məxsus pul kisəsinin və “Hoffman T110” markalı mobil telefonun yerdə olmasını aşkar etmişlər. O, pul kisəsini və mobil telefonunu görəndə özünə məxsus olduğunu polislərə bildirmiş, baxanda pul kisəsinin içərisində olan 111 manat pulunun yerində olmadığını aşkar etmişlər. Onun pul kisəsinin yanında özünə məxsus olmayan 1 ədəd “Samsung” markalı mobil telefon da olmuşdur. Soyğunçuluq nəticəsində ona ümumilikdə 174 manat maddi ziyan vurulmuşdur. Lakin soyğunçuluq edən şəxs hadisə zamanı ona heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 29 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 29 sentyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, hadisə ünvan 1 ünvanının qarşısında baş vermişdir, hadisə yerində **********34006 və **********34014 imei kodlu “Hoffman T110” markalı mobil telefon, açıq qəhvəyi rəngli, süni dəridən hazırlanmış, üzərində “Kəpənək” emblemi olan, kənar hissələrinin bir tərəfində gümüşü rəngli metaldan ibarət naxış olan, zərcirbəndlə bağlanan pul kisəsi və “Samsung GTC 3322” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Zərərçəkmiş şəxs **********34006 və **********34014 imei kodlu “Hoffman T110” markalı mobil telefonun ona məxsus olmasını bildirmişdir. (i.v. 10-16) - 29 sentyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, 19 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq sonuncunun sağ əlində olan içərisində **********34006 və **********34014 imei kodlu “Hoffman” markalı mobil telefon və 111 AZN olan pul kisəsini açıq talamaqla soyğunçuluq etdiyi yeri əyani olaraq göstərmişdir. (i.v. 37-39) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 15 oktyabr 2020-ci il tarixli 2864 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 99-100) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 16 oktyabr 2020-ci il tarixli 2062 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, anamnezində kəllə-beyin tramvası müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 102-103) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 noyabr 2020-ci il tarixli 9/4348 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş malların istifadə olunduğunu nəzərə alaraq 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti aşağıdakı kimi müəyyən olunur: təqdim edilmiş 1 ədəd “Hoffman” markalı “T110” model mobil telefon - 40,00 manat, 1 ədəd açıq qəhvəyi rəngli, süni dəridən hazırlanmış, üzərində “Kəpənək” emblemi olan, kənar hissələrinin bir tərəfində gümüşü rəngli metaldan ibarət naxış olan, zərcirbəndlə bağlanan pul kisəsi - 5,00 manat. Nəzəri qaydada ***-***-**- ** saylı GSM nömrə - 4,0 manat, mobil operatora aid olan ***-***-**-** saylı GSM nömrə - 4,0 manat müəyyən olunur. (i.v. 111-115) -Sübutların qiymətləndirilməsi haqqında 19 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsinin tərkibi olmadığından Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Hoffman” markalı “T110” modelli telefon aparatı, 1 ədəd açıq qəhvəyi rəngli, süni dəridən hazırlanmış, üzərində “Kəpənək” emblemi olan, kənar hissələrinin bir tərəfində gümüşü rəngli materialdan ibarət naxış olan, zəncirbəndlə bağlanan pul kisəsi iş üzrə maddi sübut kimi tanınmışdır. (i.v. 118-123) - 22 noyabr 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 1 ədəd “Hoffman” markalı telefon aparatını və 1 ədəd açıq qəhvəyi rəngli pul kisəsini müstəntiqdən təhvil almışdır. (i.v. 143) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 180.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 30 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs dəymiş 111 manat məbləğində zərər Təqsirləndirilən şəxs qohumu tərəfindən ödənilmişdir. (i.v. 40) - 29 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 50) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 29 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. (i.v. 79-81) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 oktyabr 2020-ci il və 18 dekabr 2020-ci il tarixli tələbnamələrdən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 sentyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib, 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 01 il sınaq müddəti təyin edilmiş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. (i.v. 85-86, 107-110) -Qanuni qüvvəyə minmiş hökmün icrası barədə göstərişin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli hökmünun qanuni qüvvəyə minməsi ilə əlaqədar onun icrası barədə 12 sentyabr 2019-cu il tarixdə göstəriş verilmişdir. -Zərərçəkmiş şəxs 19 mart 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məlum olduğu kimi, Təqsirləndirilən şəxs 29 sentyabr 2018-ci il tarixdə 01 may 2018-ci il tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmişdir, qanunvericiliyin yuxarıda istinad edilən tələbləri baxımından məhkəmə hesab edir ki, əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi cəzanı çəkib qurtardığı gündən iki il keçmədən, 19 sentyabr 2020-ci il tarixdə yenidən qəsdən cinayət törətdiyinə görə təqsirləndirilən şəxsin həmin məhkumluğu ödənilməmiş hesab olunur, onun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. Azərbaycan Respublikası CM-nin 18.4.1 və 83.3.1-ci maddələrinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 22 avqust 2019-cu il tarixli hökmlə təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət olduğundan, cinayətlərin residivinin müəyyən olunması zamanı nəzərə alınmır, o cümlədən şərti cəzaya məhkum olunmuş şəxs kimi ona təyin edilmiş sınaq müddəti 12 sentyabr 2020-ci il tarixdə başa çatdığından, həmin vaxtdan etibarən məhkumluğu ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla, qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulduğu 29 sentyabr 2020-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs kimi və əməlində cinayətlərin residivi olduğundan, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və maddi tələbi olmamışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 1 ədəd “Hoffman” markalı “T110” modelli telefon aparatının, 1 ədəd açıq qəhvəyi rəngli, süni dəridən hazırlanmış, üzərində “Kəpənək” emblemi olan, kənar hissələrinin bir tərəfində gümüşü rəngli materialdan ibarət naxış olan, zəncirbəndlə bağlanan pul kisəsinin qəbz əsasında zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 50 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 29 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 1 ədəd “Hoffman” markalı “T110” modelli telefon aparatının və 1 ədəd açıq qəhvəyi rəngli, süni dəridən hazırlanmış, üzərində “Kəpənək” emblemi olan, kənar hissələrinin bir tərəfində gümüşü rəngli materialdan ibarət naxış olan, zəncirbəndlə bağlanan pul kisəsinin 22 noyabr 2020-ci il tarixli qəbzlə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 75 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 450 manat əmək haqqı “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar