Məhkəmə qərarları › İş №1(007)-72/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-72/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-72/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami Rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 179.2.3, 179.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ünvan 2 ünvanda fəaliyyət göstərən Zərərçəkmiş şəxs (MMC) 16 avqust 2013-cü il tarixli 225.1/K nömrəli əmri ilə merçendayzer vəzifəsinə, 18 avqust 2014-cü il tarixli 242.1/K nömrəli əmri ilə satış təmsilçisi vəzifəsinə qəbul edilib işləyərkən, MMC ilə onun arasında bağlanmış 16 avqust 2013-cü il tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilə və 18 avqust 2014-cü il tarixli əmək müqaviləsinə əlavəyə əsasən, ona inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımasına baxmayaraq öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 24 aprel 2015-ci il tarixdən 29 yanvar 2016-cı il tarixədək olan dövr ərzində öz dislokasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün Zərərçəkmiş şəxs MMC-nin ünvan 2 ünvanda yerləşən anbarından post terminal vasitəsilə verdiyi sifarişlər əsasında qaimələrlə 206.918 manat 71 qəpik dəyərində, ona təhkim edilmiş ticarət nöqtələrindən isə 24 aprel 2014-cü il tarixədək 16.124 manat 11 qəpik dəyərində qida mallarını öhdəliyinə qəbul etmiş, onların satışından əldə etdiyi 217.139 manat 49 qəpik məbləğində pul vəsaitini MMC- nin kassasına ödəmiş, 770 manat 18 qəpik məbləğində vaxtı keçmiş və yararsız halda olan malları MMC-nin anbarına qaytarmış, ona təhkim edilmiş 2002 saylı mal anbarında olan 9.847 manat 54 qəpik dəyərində mallardan 6.430 manat 01 qəpik dəyərində mallar MMC-nin anbarına təhvil verilmiş, öhdəsində olan ümumilikdə 8.550 manat 68 qəpik dəyərində mallardan 93 manat 93 qəpik dəyərində mallar ticarət obyektlərində qalıq qalmış, həmin malların satışından əldə edilərək ona etibar edilmiş özgə əmlakı olan 8.456 manat 75 qəpik məbləğində pul vəsaitini isə mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləmiş, onunla rəsmi qaydada əmək və tam maddi məsuliyyət barədə müqavilələr bağlanmışdır. MMC-nin fəaliyyəti xarici ölkələrdən gətirilən və özünün istehsal etdiyi qida məhsullarının ölkə ərazisində satışını həyata keçirmək olmuşdur. Satış təmsilçisi kimi vəzifəsi tapdığı və MMC tərəfindən ona təhkim olunmuş ticarət obyektlərinin sifarişini ona təhkim olunan terminal vasitəsilə MMC-nin anbarına yönəltmək, sifarişləri MMC-nin anbarından qəbul edib ticarət obyektlərinə çatdırmaq, həmin ticarət obyektlərində məhsullar satıldıqca, pullarını toplayıb MMC-nin xəzinəsinə ödəmək olmuşdur. Sifarişi ona təhkim edilmiş terminal vasitəsilə Zərərçəkmiş şəxs MMC-nin anbarına vermiş, bundan sonra həmin məhsulları qaimələr əsasında anbardan qəbul edib ona təhkim olunmuş ticarət obyektlərinə çatdırmışdır. Ticarət obyektlərinə məhsulları təhvil verərkən hər hansı qeydiyyat aparmamış, məhsulları təhvil verdikdən sonra satış pullarını mağazalardan toplayıb MMC-nin xəzinəsinə ödəmişdir. Zərərçəkmiş şəxs MMC-də keçirilmiş 08 iyun 2017-ci il tarixli audit aktına və mühasibatlıq sənədlərinə əsasən 29 yanvar 2016-cı il tarixə öhdəsində 8.456 manat 75 qəpik məbləğində çatışmazlıq qalmışdır. Öhdəsində olan məhsulların satışından topladığı ümumilikdə 8.456 manat 75 qəpik məbləğində satış pullarını hissə-hissə şəxsi ehtiyaclarına və həyat yoldaşının əməliyyatı ilə bağlı xərclərə ödəmişdir. MMC-yə dəymiş ziyanı tam ödəməsinin nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin 16 avqust 2013-cü il tarixli 225.1/K nömrəli əmri ilə merçendayzer vəzifəsində və 18 avqust 2014-cti il tarixli 242.1/K nömrəli əmri ilə isə satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs öhdəsində satış pulundan 2016-ci ilin əvvəllərində çatışmazlığın olduğu məlum olmuşdur. Bu barədə MMCnin əməkdaşları tərəfindən daxili təftiş aparılmış və audit yoxlamasının keçirilməsi ilə 08 iyun 2017-ci il tarixdə tərtib olunmuş audit aktı və rəyi nəticəsində Təqsirləndirilən şəxs öhdəsində satış pulundan 8.456 manat 75 qəpik məbləğində çatışmazlığın olduğu aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-də satışa nəzarət-təftiş şöbəsinin müdiri vəzifəsində çalışır. MMC-nin 16 avqust 2013-cü il tarixli 225.1/K nömrəli əmri ilə merçendayzer vəzifəsində və 18 avqust 2014-cti il tarixli 242.1/K nömrəli əmri ilə isə satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs öhdəsində satış pulundan 2016-ci ilin əvvəllərində çatışmazlığın olduğu müəyyən edildiyindən MMC-nin əməkdaşları tərəfindən daxili təftiş aparılmış, daha sonra audit yoxlamasının keçirilməsi nəticəsində 08 iyun 2017-ci il tarixli audit aktı və rəyi ilə Təqsirləndirilən şəxs öhdəsində satış pulundan 8.456 manat 75 qəpik məbləğində çatışmazlığın olduğu aşkar edilmişdir. İşdə olan Zərərçəkmiş şəxs MMC-nin 16 avqust 2013-cü il tarixli 225.1/KL nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə MMC-nin Ticari marketinq şöbəsinin Merçendayzerlər bölməsinə merçendayzer vəzifəsinə qəbul edilmişdir. İşdə olan Zərərçəkmiş şəxs MMC-nin 18 avqust 2014-cü il tarixli 242.1/K nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən MMC-nin Satış departamentinin Salış şöbəsinə satış təmsilçisi vəzifəsinə keçirilmişdir. İşdə olan Zərərçəkmiş şəxs MMC-nin 16 avqust 2013-cü il tarixli tam fərdi maddi məsuliyyət haqqında müqaviləsindən və 18 avqust 2014-cü il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Təqsirləndirilən şəxs MMC-dən qəbul etdiyi məhsulları ticarət obyektlərinə təhvil vermək və satışdan topladığı pulları MMC-nin xəzinəsinə ödəməyi maddi məsul şəxs kimi öhdəsinə götürmüşdür. İşdə olan Zərərçəkmiş şəxs MMC-nin 08 fevral 2016-cı il tarixli 036.2K nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Zərərçəkmiş şəxs MMC-nin 11 yanvar 2016-cı il tarixli əmrindən çıxarışdan görünür ki, satış təmsilçisi Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılması, ona etibar edilmiş maddi vəsaitlərin müəyyən edilməsi, həmin maddi vəsaitləri üzrə hesabatın hazırlanması və təhvil-təslim işlərinin aparılması məqsədilə MMC-nin əməkdaşlarından ibarət Təftiş komissiyası yaradılmaqla yoxlama aparılmışdır. İşdə olan Zərərçəkmiş şəxs MMC-nin 29 yanvar 2016-cı il tarixli aktından görünür ki, təftiş komissiyası tərəfindən Təqsirləndirilən şəxs təhkim edilmiş müştəri borc qalıqlarının 24 aprel 2015-ci il tarixdən 29 yanvar 2016-cı il tarixədək dövr ərzində təftişi aparıldıqda sonuncunun öhdəsində 8.456 manat 75 qəpik məbləğində çatışmazlıq aşkar edilmişdir. İşdə olan 08 iyun 2017-ci il tarixli audit prosedurlarının aparılması dair akt və həmin tarixli 01/06 nömrəli rəydən görünür ki, sərbəst auditor tərəfindən aparılmış yoxlama zamanı Təqsirləndirilən şəxs öhdəsində 8.456 manat 75 qəpik məbləğində çatışmazlıq aşkar edilmişdir. İşdə olan Zərərçəkmiş şəxs MMC-nin 25 noyabr 2021-ci il tarixli 25 N-4 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs öhdəsində olan 8.456 manat 75 qəpik məbləğində çatışmazlıqdan 5.712 manat 31 qəpik məbləğində MMC-yə ödəniş etmiş və hal-hazırda MMC-yə vurduğu maddi ziyandan 2.744 manat 44 qəpik borcu qalmışdır. İşə əlavə olunmuş və Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş 01 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən şirkətə vurulmuş maddi zərər tam miqdarda ödənildiyindən, ona qarşı hər hansı iddia və tələb yoxdur. İşdə olan sənədlədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, 25 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış, biri digərinə kifayət qədər uyğun gələn, mötəbərliyi və mümkünlüyü heç bir şübhə doğurmayan sübutları tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CMnin 179.2.3, 179.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə əsas cəza kimi azadlığın məhdudlaşdırılması cəzası, əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin oluna bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin ibtidai istintaq zamanı 30 saat, məhkəmədə iştirak etdiyi 95 saat, cəmi 125 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 750 (yeddi yüz əlli) manat (125x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Saatlı rayonunu tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatlarının ümumi dəyəri 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs 125 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 750 (yeddi yüz əlli) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar