Məhkəmə qərarları › İş №1(007)-73/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-73/2021

01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-73/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi Malıyeviçin, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Afrasiyabovnanın, tərcüməçi - X4, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə gecə saat 03 radələrində yaşadığı ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə sonuncunun xx xxxxxx 2020-ci il tarixdə anası Şahid1 üzərinə stəkan atması səbəbindən aralarında ailə məişət zəminində baş vermiş mübahisə zamanı bir dəfə əli ilə sonuncunun sifət nahiyəsindən qəsdən vuraraq Nailə Afrasiyabovnaya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid sol qaşüstü nahiyənin əzilmiş-cırılmış yarası ilə nəticələnən xəsarət yetirərək Nailə Afrasiyabovnanın sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2002-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi ailə qurmuş həmin vaxtdan anasına məxsus Nizami rayonu, Qara Qarayev prospekti, ev 57, mənzil 11-də yaşamışdır. Birgə nikahdan olan oğlu, 2004-cü il təvəllüdlü Daniil Kabanov, anası və qardaşının arvadı onlarla birlikdə həmin ünvanda yaşayırlar. xx xxxxxx 2020-ci il tarixdə Quba rayonuna getmiş, orada olarkən anası ilə telefonla danışarkən anası arvadı Nailənin onunla dalaşıb ona stəkan atdığını demişdir. O, Quba rayonundan xx xxxxxx 2020-ci il tarixə keçən gecə saat 03 radələrində evə gəlmiş, arvadının yataq otağına keçib işığı yandırıb çarpayıda uzanmış və arvadına nə üçün anası ilə dava salıb ona stəkan atdığını demişdir. Buna görə aralarında mübahisə yaranmışdır. Nailə yataqdan qalxmaq istəyərkən onun üz nahiyəsindən bir dəfə əli ilə vurmuş, onun üzündən qan axmış, Nailə ayağa durub sanitar qovşağa keçmişdir. Hadisə qısa müddət ərzində baş vermiş, hadisə zamanı səs-küy olmamış, otağa kənar şəxs gəlməmişdir. Həmin hadisə zamanı oğlu Daniil də Nailə ilə eyni otaqda olmuşdur. Hadisə zamanı içkili vəziyyətdə olmuşdur. Əməlindən peşmandır. Nailə ilə barışmağa cəhd etmiş, lakin Nailə onunla barışmamışdır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Afrasiyabovna ifadəsində göstərmişdir ki, 2002-ci ildə Təqsirləndirilən şəxslə rəsmi nikaha girmişlər. Andreylə birlikdə ünvan 3 ünvanında yaşayır. Əri Andrey uzun müddətdir ki, spirtli içki qəbul etdiyi üçün, hər dəfə sərxoş vəziyyətdə olarkən onu döyərək dava-dalaş salmış, lakin həmin vaxtlar xəsarəti olmadığı üçün həkimə və polisə müraciət etməmişdir. Son aylarda isə Andrey tez-tez spirtli içki qəbul edərək dava-dalaş salmışdır. xx xxxxxx 2020-ci il tarixdə gecə saat 03 radələrində mənzildə oğlu Daniillə bir otaqda yatarkən əri Andrey mənzilə gəlib onun yatdığı otağa girib ondan nə üçün anasına stəkan atmasını soruşmuşdur. Həmin vaxt o, yataqdan durmaq istəyərkən Andrey qəfildən əli ilə onun sol göz nahiyəsindən zərbə vurmuş, zərbədən sol qaşüstü nahiyəsi cırılmış və güclü qan axdığı üçün təcili yardıma müraciət etmiş, ona ərazi poliklinikasında yardım göstərilərək yarasına tikiş qoyulmuşdur. Bu barədə polisə məlumat vermiş, polis əməkdaşları gəlib əri Andreyi aparmışdır. Təqsirləndirilən şəxslə barışmamışdır, məhkəmədən ona qanunamüvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Andrey, onun arvadı Nailə və nəvəsi Daniil onunla birlikdə ünvan 3 ünvanında yaşayırlar. Nailənin xahişi ilə onu təxminən 6 il əvvəl özünə məxsus mənzilə pasport qeydiyyatına saldırmışdır. Bundan sonra Nailə daima evdə onunla dava-dalaş salmağa, ona məxsus əşyaları tullamağa və dalaşmaq üçün bəhanələr axtarmağa başlamış, hər dəfə də ona edilən xəbərdarlıqlara baxmayaraq daim onları öldürəcəyi və mənzilə sahib çıxacağını demişdir. O, Nailə ilə əvvəllər aralarında olan dava-dalaşa görə dəfələrlə 24-cü Polis Şöbəsinə müraciət etmişdir. Oğlu Andrey 2020-ci ilin fevral ayının əvvəllərində bir neçə günlüyə rayonda olmuşdur. Həmin vaxt yaşadığı mənzildə Nailə ilə aralarında baş vermiş mübahisə zamanı Nailə ona stəkan atmış, stəkan ona dəymiş və o, xəsarət almışdır. x xxxxxx 2020-ci il tarixdə gecə saatlarında Andrey rayondan evə gəlmiş və Nailə ona stəkan atdığından Nailəni uzandığı otaqda əllə vurmuşdur. Həmin mübahisə zamanı Nailənin qaş nahiyəsi qanamış, Nailə bu barədə polisə şikayət etmiş və polis əməkdaşları evə gəlib oğlu Andreyi aparmışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə gecə saat 03 radələrində anası ilə eyni otaqda yatarkən atası Andrey sərxoş vəziyyətdə mənzilə gəlib onların yatdığı otağa girdikdə o, oyanmışdır. Atası Andrey həmin vaxt uzanmış vəziyyətdə olan anasını əli ilə üz nahiyəsindən güclü zərbə ilə vurmuş, anası ağrıdan qışqırıb ayağa duraraq vanna otağına keçmiş, qayıdarkən anasının qaş nahiyəsində zədə və qan olduğunu görmüşdür. O, atasından anasını nə üçün vurduğunu soruşmuş, atası isə ona anasının bir neçə gün əvvəl mübahisə zamanı onun anasına stəkan atdığını demişdir. Həmin vaxt anası təcili tibbi yardım çağırmış, hadisə barədə polisə məlumat vermişdir. Polis əməkdaşları gəlib atasını aparmışlar. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128 -ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair 2/805 saylı, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 04:30 radələrində müayinə olunan Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 99 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs Afrasiyabovnanın sol qaşüstü nahiyənin əzilmiş cırılmış yarası olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Afrasiyabovna zərərçəkmiş şəxs kimi tanınmışdır. - təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CPM-nin 346.1.20 və 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar