Məhkəmə qərarları › İş №1(007)-73/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-73/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-73/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx 1997-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşqul olan, Cəlilabad rayonunun, Ləkin kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyalaradan istifadə elməklə vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərə yol verərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 avqust 2021-ci il tarixdə saat 01 radələrində ictimai yer olan Bakı şəhəri, Nizami rayonu, Q.Qaraya prospekti 31 ünvanda yerləşən «Nəbz» klinikasının qarşısında bacısının əri Zərərçəkmiş şəxs ilə 03 avqust 2021-ci il tarixdə öz yaşadığı evdə aralarında ailə məişət münasibəti zəminində baş vermiş mübahisəni cüzi səbəbdən bəhanə edərək özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub cəmiyyətə qarşı açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib ətrafda olan digər şəxslərin dincliyini pozmaqla Zərərçəkmiş şəxsla mübahisə edərək sonuncuya qarşı fiziki zor tətbiq edib qəsdən əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən vuraraq və üzərində olan silah qismində istifadə etdiyi mətbəx bıçağını qəsdən Zərərçəkmiş şəxs üzərinə ataraq həmin bıçağın sonuncunun alın nahiyəsinə dəyməsi nəticəsində Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid alının sol yarısının ön səthinin kəsilmiş yarası, hər iki yanaq və sağ baldırın ön səthinin sıyrıqlarından ibarət xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 avqust 2021-ci il tarixdə saat təxminən 22 radələrində bacısı Günay, sonuncunun həyat yoldaşı Elşən azyaşlı qızları ilə onlara gəlmişlər. Elşən və Günayın onlara gəlməsinə səbəb qadınlar arasında olan ailə daxili söz-söhbət olmuşdur. Elşən evdə Günayla mübahisə etdiyinə görə Elşənə iradını bildirmiş, bu zaman Elşən ona qarşı nalayiq hərəkətlər etmiş və bacısı Günay Elşəni evdən çıxarıb öz evlərinə yola salmışdır. X13 zəng etmiş, Günayın telefonu səslidə olduğundan Elşənin onu və ailəsini təhqir etdiyini eşitmişdir. Buna görə, 04 avqust 2021-ci ildə saat 01 radələrində qardaşı Aqillə evdən çıxıb Elşənin yaşadığı Q.Qarayev Metrosunun yaxınlığındakı «Nəbz» klinikasının qarşısına getmişdir. Bacısı Günay onların arxasınca gəlmiş, həmin yerə çatdıqda Elşənin yanında bir neçə şəxsin olduğunu görmüş və sonuncuya yaxınlaşan zaman Elşən onun üzərinə hücum etmiş, bu zaman əlində olan telefonla Elşənin alnından və əli ilə bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Sonuncunun sifətinin qanadığını görüb oradan uzaqlaşıb getmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslə barışmış və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, dövlət ittihamçısının və müdafiəçinin təklifini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 avqust 2021-ci ildə saat təxminən 21-22 radələrində Nizami rayonu, Q.Qarayev metosunun yaxınlığında «Nəbz» klinikasının yanında yerləşən kafedə yemək yeyib iki bakal pivə içmişdir. Həmin vaxt həyat yoldaşı Günay ona zəng edərək, ailə söhbəti ilə əlaqəli qardaşı Amilgilə getməli olduqlarını demişdir. Əvvəl getmək istəməmiş, lakin həyat yoldaşı Günay qızları ilə gəlmiş və onlar Amilgilə getmişdir. Amilgildə olan zaman sonuncu ilə aralarında mübahisə yaranmış və Amil qızının gəlinciyini onun üzərinə atmışdır. Sonra kauçuk formalı beş barmağa oxşayan əşya ilə ona hücum etmək istədikdə, həyat yoldaşı Günay onu çölə çıxarıb öz evlərinə yola salmışdır. Evə gedərkən Amil onun mobil telefonuna zəng edib nalayiq sözlər demişdir. 04 avqust 2021-ci ildə saat 01 radələrində «Nəbz» klinikasının qarşısında təsadüfən rastlaşdığı tanışı Rasim və bacısı oğlu Fərasimlə birlikdə dayanarkən Amilin qardaşı Aqillə birlikdə ona tərəf gəldiyini görmüşdür. Hənim vaxt həyat yoldaşı Günay uşaqla həmin yerə yaxınlaşmışdır. Gecə qaranlıq olduğundan Amilin ona yaxınlaşarkən atdığı və alnının soltərəfinə dəyib yerə düşən əşyanın bıçaq və ya telefon olduğunu dəqiq bilməmişdir. Həmin vaxt Aqil onları ayırmaq üçün tutduqda Amil əli ilə bədəninin müxtəlil nahiyələrinə vurmuşdur. Lakin, sonradan hadisə yerindən mətbəx bıçağı tapılaraq götürülmüşdür. Təqsirləndirilən şəxsla barışımış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 03 avqust 2021-ci ildə saat təxminən 22 radələrində bacısı Cünay həyat yoldaşı Elşən və azyaşlı qızları ilə birlikdə onların yaşadığı evə gəlmişlər. Sonuncuların onlara gəlməsinə səbəb qadınlar arasında olan ailə daxili söz-söhbət olmuşdur. Onlarda Elşən həyat yoldaşı ilə mübahisə etdiyinə görə sonuncuya iradlarını bildirmişlər. Bu vaxt Elşən onlara qarşı nalayiq hərəkətlər etmiş və bacısı Günay Elşəni evdən çıxarıb öz evlərinə yola salmışdır. X13 zəng etmiş və Günayın telefonu səslidə olduğu üçün Elşənin onları və ailə üzvlərini təhqir etdiyini eşitmişdir. 04 avqust 2021-ci ildə saat 01 radələrində qardaşı Aqillə evdən çıxıb Elşənin yaşadığı Q.Qarayev Metrosunun yaxınlığındakı «Nəbz» klinikasının qarşısına getmişlər. Onların arxasınca bacısı Günay da gəlmişdir. Elşənin yanına çatdıqda sonuncunun bir neçə şəxslə dayandığını görmüşdür. Elşənə yaxınlaşan zaman sonuncu Amilin üzərinə hücum çəkdiyinə görə Amil özünü müdafiə etmək üçün əli ilə Elşənin bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Amil və Elşəni ayırıb dalaşmağa qoymamış və Elşənin sifətinin qanadığını görmüşdür. Məhkəmə istintaqı zamanı şahid X6 ifadəsində göstərmişdir ki, 03 avqust 2021-ci ildə saat təxminən 21-22 radələrində qardaşının həyat yoldaşı Lamiyənin zəngindən sonra azyaşlı qızı və həyat yoldaşı Elşənlə birlikdə qardaşı Amilgilə getmişdir. Qardaşıgildə təxminən saat 00:30 radələrində yaranmış mübahisə zəminində Amil qızının gəlinciyini Elşənin üzərinə atmışdır. Mübahisənin qarşısını almaq məqsədilə Elşəni evdən çıxarıb öz evlərinə yola salmışdır. Elşən getdikdən sonra zəng vurub onun evə gəlməsini demiş, bundan sonra Amil evdən mətbəx bıçağı götürərək Elşənlə söhbət etməyə getmişdir. Həmin vaxt qardaşı Aqil də Amilin arxasınca çıxmış, narahat olduğu üçün azyaşlı qızını götürüb qardaşlarının arxasınca getmişdir. Q.Qarayev Metrosunun yaxınlığındakı «Nəbz» klinikasının qarşısına çatdıqda, Amil və Elşən dava etməyə başlamış, sonuncuları Aqil ayırmağa çalışmış və orada olan şəxslərin köməyi ilə Elşənlə Amili ayırmışlar. Amil uzaqlaşıb getmiş, Elşənin xəsarət aldığını, alnının sol tərəfinin qanadığını görmüşdür. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, 04 avqust 2021-ci il tarixdə saat təxminən 01:00 radələrində qardaşı Elşənin həyat yoldaşı Günay zəng edərək qardaşı Amilin Elşəni vurduğunu demişdir. Dərhal “Nəbz” klinikasının qarşısına getmiş və Elşənin alnının sol tərəfinin qanadığını görmüşdür. Elşən qaynı Amilin onu bıçaqla vurduğunu bildirmişdir. Hadisə barədə DİN-nin “102” zəng xidmətinə məlumat vermiş və Nizami RPİ-nin 25-ci PŞ-nin qarşısında Amilgilə qarşı qanunazid hərəkətlər etməmişdir. Məhkəmə istintaqı zamanı şahidlər - Şahid3 Füzuli oğlunun, Şahid4 və Şahid5 qızının ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunaraq tədqiq edilmişdir. İş materiallarında olan 06 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 04 avqust 2021-ci il tarixli «Baxış keçirilməsi barədə» protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən «Nəbz» klinikasının qarşısında yerləşir və hadisə yerindən 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 10 avqust 2021-ci il tarixli 674 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs alının sol yarısının ön səthinin kəsilmiş yarası, hər iki yanaq nahiyəsi və sağ baldırın ön səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlərdən kəsilmiş yara kəsici kənara malik əşyanın, ola bilsin ki, bıçağın; sıyrıqlar isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 04.08.2021-ci il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 23.09.2021-ci il tarixli 3/1555 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir, üzərinə təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. İş materiallarında olan 22 noyabr 2021-ci il tarixli qərardan görünür ki, 1 ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmış və Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarında olan 04 avqust 2021-ci il tarixli 2/10451 №-li “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, tibbi müayinə zamanı Zərərçəkmiş şəxs orta alkoqol sərxoşluq dərəcəsi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və qızı - X11 09.04.2020-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə olunmuş Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Ləkin kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10.12.2021-ci il tarixli 464 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası- X1, anası – X3, arvadı – X4 və qızı – X7 ibarətdir. İş materiallarına əlavə olunmuş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 14.01.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 29.09.2020-ci il tarixdən 09.01.2021-ci il tarixədək qismən səfərbərliklə əlaqədar hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 25.12.2020-ci tarixli 274 nömrəli əmri əsasında ehtiyata tərxis olunmuşdur. İş materiallarına əlavə olunmuş 3 nömrəli şəhər X9 Hüquqi Şəxs tərəfindən verilmiş 13.10.2021-ci il tarixli USM müayinəsindən görünür ki, Lamiyə Hadiyeva 15-16 həftəlik hamilədir. İş materiallarına əlavə olunmuş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 03.03.2022-ci il tarixli 166 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi xidmətə cəlb edilmiş, 29.09.2020-ci il tarixdə aidiyyəti hərbi hissəyə təhvil verilmiş və 09.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 25.12.2020-ci tarixli 274 nömrəli əmri əsasında ehtiyata tərxis olunmuşdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N1 2004-cü il 23 mart tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmçinin Qərarın 8 və 9-cu bəndlərində qeyd olunur ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmə, Təqsirləndirilən şəxs məlum hadisə zamanı əlində olan mobil telefonu Zərərçəkmiş şəxs üzərinə atması və sonuncunun alın nahiyəsinə dəyməsi nəticəsində xəsarət alması hissədə ifadəsinin iş materialları, habelə zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri ilə təkzib olunduğunu nəzərə alaraq qəbul etmir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, arvadının hamilə olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı qismən səfərbərliklə əlaqədar hərbi xidmətdə olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd olunur ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə işin hallarını, qanunvericiliyin tələblərini və Plenum qərarlarında qeyd olunan xüsusatları nəzərə alaraq, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, ona törətdiyi cinayəti nəzərdə tutan maddənin sanksiyasında müəyyən edilmiş həddə təyin olunacaq azadlıqdan məhrumetmə cəzası sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq olunmaqla onun üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Мəhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti olaraq tətəbiq edilməsini «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da əsaslı hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsaslar müəyyən edilməmişdir. İş üzrə maddi sübut – bir ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 28 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 42 iş saatı, cəmi 70 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 420 (dörd yüz iyirmi) manat (70x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X5 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmaq və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - bir ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X5 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 (dörd yüz iyirmi) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar