Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-74/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Qurbanov Ramil Firdun oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 19 oktyabr 2017-ci il tarixdə saat 15 radələrində kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 4 saylı evin 38 saylı mənzilində əvvəllər tanıdığı xx xxxxxx 2000-ci il təvəllüdlü Şahid1 intim münasibətdə olduğu X6 ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun kürək nahiyyəsinə bir dəfə bıçaqla vuraraq döş qəfəsinin sol yarısının arxa səthinin plevra boşluğuna nüfuz edən hemopnevmotoroksa və sol tərəfli dərialtı emfizemaya səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vırduqdan sonra cinayəti törətmiş Şahid1 yaxalanmasına, ifşa olunmasına, cəmiyyətdən təcrid olunmasına və pozulmuş hüquqların bərpa olunmasına mane olmaq məqsədi ilə yaşadığı mənzildə hadisə baş vermədiyini göstərmək üçün döşəmədə olan qan ləkələrini silib cinayətin izlərini itirmiş, Şahid1 cinayətin törədilməsində alət kimi istifadə eldiyi bıçağın deşici alət olmaması görüntüsünü yaratmaq üçün tiyəsinin uc hissəsini sındırmaqla mənzilin eyvanına ataraq qabaqcadan vəd etmədən qəsdən sağlamlığa ağır zərər vurma ağır cinayəti gizlətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Əvvəllər qəsdən adam öldürmə və digər maddələr ilə də məhkum olunmuşdur. Məhkum olunmamışdan əvvəl Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrosunun yaxınlığında Tofiq Abbasov küçəsi 4 saylı evin 38 saylı mənzilində Günel adlı qızla kirayədə yaşamışdır. X3 və X6nı əvvəllər tanımamış, onları Esmira adlı qıza görə tanımışdır. Hər iki qız rəfiqə olduqlarına görə arada onun yaşadığı mənzildə görüşmüşlər. Onlar rəfiqə olsalar da lezbian olduqlarına görə aralarında qeyri ənənəvi cinsi orientasiya olmuşdur. Onlar birbirini futbol məşqi zamanı tanımışlar. Hər iki qız futbolçu olmuşdur. Samirə Kurdyokovanı və Fazilə İbrahimovanı 19 oktyabr 2017-ci ildə yaşadığı evə Esmira adlı tanışı dəvət etmişdir. Onlar baş vermiş hadisədən əvvəl onun yaşadığı evdə bir neçə dəfə qalmışlar. Hadisə baş verən gün Bakı şəhəri, Ziya Biinyadov prospektində işdə olmuşdur. Evdən çıxanda Esmira da evdə olmuş, lakin bildiyinə görə Esmira sonradan evdən getmişdir. Həmin gün günorta Samirə ona zəng edib ondan harada olduğunu soruşmuş, sonuncuya işdə olduğunu demişdir. Samirə ardıcıl olaraq ona 2-3 dəfə zəng edib onu evə çağırmışdır. Samirədən nə baş verdiyini soruşduqda sonuncu telefonda heçnə deməmiş, lakin Samirənin səsində narahatlıq hiss edilmişdir. Yaşadığı evə gəldikdə Samirə ona Fazilənin kürəyini şüşə kəsdiyini bildirmişdir. Həmin vaxt yerdə şüşə qırıntıları da qalmışdır. Fazilənin kürəyinə baxıb Samirəyə bunun şüşə kəsiyi olmadığını demiş, Samirə ona Faziləni bıçaqladığını bildirmişdir. Samirədən bıçağın harada olduğunu soruşduqda sonuncu bıçağın balkonda olduğunu bildirmişdir. O isə balkona gedərək bıçağı yerdən götürmüş, sonra bıçağı yuyaraq ucunu kəlbətinlə qırmışdır. Bıçaq əyildiyi və səliqəsiz görsəndiyi üçün bunu etmişdir. Bundan sonra evdə olan zaman Fazilənin kürəyinə bıçaqla vurulan yerə tibbi leykoplastr yapışdırmış, daha sonra yeri təmizləyib silmişdir. Həmin hadisədən sonra Esmiranı da evə çağırmışdır. Fazilənin kürəyində ciddi nəsə olmadığı üçün polisə məlumat verməmişdir. Eyni zamanda onlara evinə təcili yardım maşınının gəlməməsini tapşırmış, qonşuların yersiz narahat olmağını istəmədiyini demişdir. Buna görə də, onlara Esmira evə gəldikdən sonra təcili tibbi yardıma zəng edib xəstəxanaya getmələrini söyləmişdir. Esmira gəldikdən sonra onlar evindən getmişlər. X1 cinayət törətdiyi bıçağı hadisə zamanı deformasiyaya uğrayıb əyilməsi səbəbindən səliqəsiz göründüyü üçün yuyub təmizləyib ucunu qırmış, hadisədən sonra yerdə şüşə qalıqları qaldığına görə döşəməni silib təmizləmiş, yaşadığı mənzildə baş vermiş cinayət hadisəsi ilə bağlı polis əməkdaşlarına məlumat verməyin vacib olmadığını fikirləşmişdir. Sonda Təqsirləndirilən şəxs, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işi üzrə şahidlər Sarıyeva Esmira Şahid qızı və Şahid1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclaslarına gəlmədiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 1(007)-74/2021 saylı qərarı ilə həmin şəxslərin məhkəmə iclasına məcburi qaydada gətirilmələri qərara alınmış, qərarın icrası Bakı şəhəri Sabunçu və Səbail rayon Polis İdarələrinə həvalə edilmişdir. Lakin həmin şahidlərin məhkəmə iclaslarında iştirakları təmin edilmədiyindən məhkəmə iclası təkrarən təxirə salınaraq, həmin şəxslərin məhkəmə iclasında iştirakının təmin edilməsi barədə Polis İdarələrinə məlumat üçün məktub göndərilmiş, lakin həmin şahidlərin iştirakını təmin etmək mümkün olmamışdır. Buna görə də faktiki olduğu yer məlum olmadığına görə, şahidlər Sarıyeva Esmira Şahid qızı və Şahid1 məhkəmə iclasında iştiraklarını təmin etmək mümkün olmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, X6 ilə yaxın münasibətləri olmuş, əvvəllər bir neçə dəfə küsüb barışmışlar. 12.10.2017-ci il tarixdə ümumi rəfiqələri X2 ilə onu barışdırmışdır. Barışdıqdan sonra bir neçə dəfə aralarında sözlə mübahisə baş vermişdir. 19.10.2017-ci il tarixdə saat 11:46-da Esmira ona zəng vuraraq Təqsirləndirilən şəxs evində olduğunu, Fazilə, Günay və Viktorla birlikdə olduğunu, görüşüb söhbətləşmək üçün oraya gəlməyini bildirdikdə razılaşıb Viktorun yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilinə getmişdir. Mənzilə daxil olduqda orada Fazilənin, Esmiranın və Günayın olduğunu görmüş, mənzildə yemək yeyib içki içmişlər. X11 mənzildən çıxmış, onlar getdikdən təxminən 20 dəqiqə sonra Fazilə ondan hansı səbəbə ondan üz döndərdiyini soruşmuşdur. Aralarında mübahisə yarandığı üçün evdən çıxmaq istədikdə Fazilə, evin giriş qapısını açarla bağlamış və ona oradan çıxmağa imkan verməmişdir. Ona belə etməməsini, əyləşib söhbət etməklərini bildirərək otağa qayıtmışlar. Otaqda olan zaman mübahisə davam etmiş, Fazilə onu döyüb təhqir etmiş, o da stolun üzərində olan bıçağı götürmüş, bu zaman Fazilə bıçağı ona alacağından qorxduğu üçün arxa istiqamətdə çevrilmiş, həmin vaxtı bıçaqla bir dəfə onun kürək nahiyyəsindən vurmuş və bundan sonra Fazilə qaçan zaman həmin bıçağı arxası ilə atmış və bıçaq otaq qapısının üzərində olan şüşəyə dəymiş və şüşə qırılmışdır. Faziləni bıçaqla vurduğu üçün özü də qorxmuş, Fazilənin kürəyinə baxdıqda xəsarət izinin olduğunu, qan axdığını gördükdə kürəyini mələfə ilə qanın qarşısını almaq üçün bağlamışdır. Hadisədən sonra Viktoru evə çağırmış, Viktor evə gəldikdən sonra sonuncuya Fazilənin xəsarət aldığını, kürəyini şüşə kəsdiyini demişdir. Viktor təkidlə nə baş verdiyini soruşduqda ona hadisəni danışmış və onun telefonu ilə Esmiraya zəng vurub təcili evə gəlməsini bildirmişdir. Daha sonra Viktor Fazilənin kürəyinə leykoplaster yapışdırmışdır. Esmira evə gəldikdən sonra Fazilə ağrılarının daha da pisləşdiyini, nəfəsinin kəsilmək üzrə olduğunu, ağrılara dözə bilmədiyini görüb Esmira ilə birlikdə 103-xidmətinə zəng etmək istəmişlər. Lakin Viktor hadisənin mənzildə baş verdiyi bilinməsin deyə küçəyə çıxmalarını və həyətdən TTYS-mı zəng vurub məlumat vermələrini istəmişdir. O, Fazilə və Esmira birlikdə küçəyə çıxmış, həyətdə olan zaman o, TTYS-na zəng vurub Esmira ilə birlikdə çağırış etmişdir. TTYS-nın briqadası evin qarşısında olan zaman Esmira ilə onları qarşılayıb 3 saylı ŞKX-na getmişlər. TTYS-sı hadisənin hansı şəkildə baş verdiyini soruşduqda Fazilə küçədə yıxıldığını bildirmişdir. Hadisə zamanı mənzildə onunla Fazilədən başqa heç kim olmamış, mənzilə ilk əvvəl Viktor gəlmiş, sonuncu hadisənin izini itirmək istəmiş, bu səbəbdən də bıçağı qırmış və onlara yerdəki şüşələri təmizləməyi tapşırmışdır. Şahid Sarıyeva Esmira Şahid qızının ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, orta məktəbin 6-cı sinfindən çıxıb kinqboks idman növü ilə məşğul olmuş, X6, Şahid1, Təqsirləndirilən şəxs onun yaxın dostları olmuşlar. Belə ki, Fazilə və Samirə ilə birlikdə bir yerdə yaşamışlar. Samirə ilə Fazilə 3 il sevgili olmuşlar. Onlarla Bakının müxtəlif yerlərində, o cümlədən Səbail, Nərimanov və Qaradağ rayonlarında kirayədə yaşamışlar. Sonuncu yaşayış yeri isə dostu Təqsirləndirilən şəxs Nizami rayonu, T.Abbasov küçəsi, ev 4, 38 saylı mənzili olmuşdur. Samirə ilə Fazilə sevgili olduğu vaxtlarda onlar bir-birinin evinə gedib-gəlmiş, aralarında yaxşı münasibətləri olmuşdur. Samirənin oğlanlara meyli olmamışdır, Fazilənin isə həm oğlanlara həm də ki, qızlara meyili olmuşdur. Son vaxtlar Samirə Lera adında rus milliyyətindən olan qız ilə mobil telefonla mesajlaşmış, Samirənin hərəkəti Faziləyə pis təsir elmiş, bu səbəbdən Samirə ilə Fazilə dalaşıb, barışmışlar. 06 oktyabr 2017-ci il tarixdə ad gününü metronun Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən “Kənan” restoranında qeyd etmək istəmiş, həmin gün Samirəyə zəng edib onu ad gününə dəvət etsə də Samirə ad gününə gələ bilməyəcəyini demiş, şəhərdə Samirə ilə görüşüb biraz gəzişdikdən sonra Samirə ayrılaraq çıxıb getmiş, sonra Fazilə ilə birlikdə Viktorun mənzilinə getmişlər. Viktorun mənzili iki otaqlı olmuş, sonuncu yaşadığı mənzilin bir otağını onlara yaşamağa vermişdir. Həmin otağa ara-sırada gəlmişlər. 12 oktyabr 2017-ci il tarixdə Fazilənin ad günü olmuş, Samirə öz təşəbbüsü ilə onu və Faziləni Nabrana aparmış, orada ad gününü qeyd etmiş və 13 oktyabr 2017-ci il tarixdə Nabrandan qayıtdıqdan sonra onun dəvəti ilə Viktorun mənzilinə gəlmişlər. Bu hadisədən sonra Fazilə ilə Samirənin münasibəti düzəlmişdir. 19 oktyabr 2017-ci il tarixdə Samirə və Fazilə evdə olmuş, o isə səhər tezdən evdən çıxıb getmişdir. Bildiyinə görə Viktor da evdə olmamış, işləməyə getmişdir. Şəhərdə olan zaman Samirə ona zəng edib Faziləni bıçaqla vurduğunu və ona köməklik etməyini xahiş etmişdir. Viktorun mənzilinə gedib Fazilənin yaralı olduğunu görmüş, Faziləni həkimə aparmaq istəmiş, lakin Viktor razı olmamışdır. Çoxsaylı təkidindən sonra Viktor razılaşmış və adının olmaması şərti ilə həkimə getmələrinə icazə vermiş, ona “düşün həyətdən həkimə zəng vurun. Həkim çağırın, mənzilimdə hadisə olması barədə heç kimə məlumat verməyin” demişdir. Fazilə, Viktora hadisənin necə baş verdiyini soruşsalar marketin yanında yıxıldığını deyəcəyini bildirmişdir. Samirə qapının ağzında olarkən Fazilənin vəziyyəti pisləşdiyini görüb öz telefonunu açıb 103 xidmətinə zəng etmiş, o, Samirənin telefonundan 103 xidməti ilə danışmışdır. Sonra Samirə ilə Faziləni 3-cü mərtəbənin pilləkənləri ilə həyətə düşürmüş, Fazilə binanın qarşısında yerləşən skamyada əyləşmiş, onlar da TTYS-mn həkimləri ilə Fazilənin yanına gəlmiş, Faziləni xəstəxanaya aparmışlar. Şahid1 cinayət törətdiyi zaman şəhərdə olmuş, hadisədən sonra o, evə çağırılmış və evə gəldikdən sonra həkimlərə məlumat vermiş, evdə olan zaman ancaq Faziləyə kömək etmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-389/2019 saylı, 26 fevral 2019-cu il tarixli hökmünün surətindən görünür ki, həmin hökmlə Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, tutulduğu 3 (üç) gün müddət nəzərə alınaraq azadlığın məhdudlaşdırılmasının iki günü həbsin bir gününə bərabər tutulmaqla, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə canlı şəxsin ekspertizasının 20 oktyabr 2017-ci il tarixli, 951 saylı rəyinin kserosurətindən görünür ki, X4 döş qəfəsinin sol yarısının arxa boşluğuna nüfuz edərək hemopnevmotoraksa və sol dərialtı emfizemaya səbəb olan 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurmaya aid xəsarətlərə aiddir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə 03-04 noyabr 2017-ci il tarixli üzləşdirmə protokollarının surətlərindən görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı şahidlər Sarıyeva Esmira Şahid qızı və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs üzünə demişlər. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 25 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə ittiham elan edilməsi, Təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə hazırda cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində çəkməsi nəzərə alınmaqla barəsində qətimkan tədbirinin seçilməməsi, X5 əməlində Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsində nəzərdə tutulan cinayətlərin tərkib əlamətləri müəyyən olunmadığından barəsində həmin hissədə cinayət təqibinə xitam verilməsi və icraatın həmin hissəsinə aid sənədlərin kserosurətlərinin çıxarılıb Nizami rayon prokurorluğunun dəftərxanasına verilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2020-ci il tarixli hökmünə əsasən ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi saxlanılan bir ədəd bıçağın məhv edilməsinin nəzərə alınması qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirən hallar müəyyən edilməmişdir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 dekabr 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs, 1) Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 19 noyabr 2001-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin (1960-cı il tarixli redaksiyasında) 94-cü maddəsinin 1, 6, 7-ci bəndləri, 145-ci maddəsinin 2-ci hissəsinin 1, 2, 3, 4, 5, 6 və 8-ci bəndləri, 143-cü maddəsinin 3, 4-cü hissələri, 83-cü maddəsinin 3-cü hissəsi və CM-nin (2000-ci il tarixli redaksiyasında) 228.1-ci maddəsi ilə, həmin Məcəllənin 38-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 may 2014-cü il tarixli qərarına əsasən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 19 noyabr 2001-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 05 ay çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 27 oktyabr 2014-cü ildə cəzasını çəkmiş kimi şöbənin qeydiyyatdan çıxarılmışdır. Sonuncu dəfə, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 24 yanvar 2018-ci ildən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 19 oktyabr 2017-ci il tarixdə, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli hökmündən əvvəl törətməsinə baxmayaraq, onun Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 19 noyabr 2001-ci il tarixli hökmü ilə törətdiyi cinayət əməlinə münasibətdə hazırki əməli cinayətlərin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, xüsusilə ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtında əvvəl azad edildiyi gündən 8 il keçmədən, törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.5 və 66.3-cü maddələri tətbiq edilməklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 09 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzası bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti cəza müəyyən edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasının çəkilmiş hissəsi qəti cəzaçəkmə müddətinə hesablanmalı, onun cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2018-ci il tarixdən hesablanmalı və cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5 və 66.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 09 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzası bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, ona çəkilməsi üçün qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasının çəkilmiş hissəsi qəti cəzaçəkmə müddətinə hesablansın və onun cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2018-ci il tarixdən hesablansın. Azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmaqla, barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-74/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-74/2021
29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver