Məhkəmə qərarları › İş №1(007)-74/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-74/2022

21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-74/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 12 avqust 1981-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi ev 14/1, mənzil 24-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 iyul 2021-ci il tarixdə saat 17:46-da ünvan 1 ünvanın qarşısında dayanmış 81 saylı marşurut xətti üzrə işləyən avtobusda sərnişin olan Zərərçəkmiş şəxs Əlibala qızının əlində tutduğu çantasından içərisində 3 manat dəyərində «Bakı kart» kartı və 220 manat pul olan 15 manat dəyərində pul kisəsini çıxarmaqla gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 238 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuş və 29 aprel 2021ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 27 iyul 2021-ci il tarixdə təsadüf nəticəsində 81 nömrəli xətt avtobusunda olmağına baxmayaraq, hər hansı bir qadının çantasından oğurluq etməmişdir. Həmçinin o bildirdi ki, mütəmadi olaraq, 81 nömrəli xətt avtobusundan istifadə edir və onun həmin vaxt həmin avtobusda olması tamamən təsadüfdir. Bakı şəhəri Nizami rayonu 25-ci Polis Bölməsində ona təyziqlər olduğu üçün o məcbur olaraq, cinayət əməlini etiraf etmişdir. Qeyd olunları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, habelə iş üzrə toplanmış mümkün sübutlarla və işdə olan digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27 iyul 2021-ci il tarixdə təxminən saat 14 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi «Bakıxanov bazar»nın qarşısında 81 saylı marşurut avtobusa minmişdir. Avtobusda sıxlıq olmuş və oturacaqlarda yer olmadığına görə ayaqüstə dayanmışdır. Həmin vaxt arxa tərəfində üzdən tanıya biləcəyi bir nəfər əvvəllər tanımadığı şəxs dayanmışdır. Həmin şəxsin cibgirlik edəcəyindən şübhələnməmişdir. ünvan 2 ünvanda avtobusdan düşdükdən sonra çantasının açıq vəziyyətdə olduğunu və çantasından içərisində 3 manat dəyərində «Bakı kart» kartı və 220 manat nağd pul olan 15 manat dəyərində pul kisəsinin oğurlandığını aşkar etmişdir. Pul kisəsinin oğurlanması nəticəsində ona ümumilikdə 238 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ona ödənilməmişdir. İşdə olan 24 sentyabr 2021-ci il tarixli «Baxış keçirilməsi barədə» protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanın qarşısında yerləşir. İşdə olan 24 sentyabr 2021-ci il tarixli «Şəxsin tanınması haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınması üçün ona təqdim edilmiş şəxslər arasından Təqsirləndirilən şəxs tanıyaraq oğurluq hadisəsi zamanı avtobusda ondan arxada dayanmış şəxsin həmin şəxs olduğunu bildirmişdir. İşdə olan 24 sentyabr 2021-ci il tarixli «Təqdim edilmiş CD diskə baxış keçirilməsi və götürmə aparılması haqqında» protokoldan görünür ki, 1 ədəd «WhatsApp Video 2021-09- 25 at 10.12.02» adlı fayl vardır. Faylda olan videogörüntü 27.07.2021-ci il tarixi əhatə edir. Videogörüntünün avtobusda quraşdırılmış müşahidə kamerası tərəfindən əks olunması müəyyən edilir. «WhatsApp Video 2021-09-25 at 10.12.02» adlı faylda Təqsirləndirilən şəxs avtobusa daxil olması müşahidə olunur. İşdə olan 24 sentyabr 2021-ci il tarixli «CD diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 1 ədəd «WhatsApp Video 2021-09-25 at 10.12.02» adlı fayl vardır. Hər iki faylda olan videogörüntülər 27.07.2021-ci il tarixi əhatə edir. Videogörüntünün avtobusda quraşdırılmış müşahidə kamerası tərəfindon əks olunması müəyyən edilir. «WhatsApp Video 2021-09-25 at 10.12.02» adlı faylda Təqsirləndirilən şəxs avtobusa daxil olması müşahidə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin şəxsin onun əmlakını oğurlayan şəxs olduğunu bildirmişdir. İşdə olan qərardan görünür ki, 27 iyul 2021-ci il tarixli oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır. İşdə olan məhkəmə sənədlərindən və Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.5, 29,180.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 29 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan 24 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 25 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini işin fakitiki hallarına uyğun hesab edir və onun təqsirini etiraf etməməsini özünü müdafiə kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət işini hərtərəfli tam və obyektiv araşdırıb, iş üzrə toplanmış sübutları müqayisəli şəkildə təhlil və tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən cinayət qanunvericiliyinin aşağıda qeyd olunan prinsip və müddəalarını nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin, 42.1-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59-cu maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən. cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.5, 29,180.1 və 69.3-cü maddələri ilə təyin olunmuş 01 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının sonu ilə 29 aprel 2021-ci il tarixdə azad edilmişdir. Belə olan halda, cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəasına görə, Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət işinə və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli hökmünə münasibətdə onun əməlində cinayətin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxsə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla azadlıqdan məhrumetmə cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə və «Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli 2 saylı qərarının tövsiyyəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut 27 iyul 2021-ci il tarixli oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 35 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 35 iş saatı, cəmi 70 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 420 (dörd yüz iyirmi) manat (70x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X3 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 (dörd yüz iyirmi) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut - 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar