Məhkəmə qərarları › İş №1(007)-74/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-74/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-74/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 34, mənzil 93-də qeydiyyatda olmaqla yaşamış, 31 iyul 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 iyul 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, C.ünvan 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən Şahid1 məxsus qeyri-yaşayış sahəsinə həmin obyektin arxa pəncərəsinin şüşəsini sındırmaq yolu ilə qanunsuz olaraq binaya daxil olub Zərərçəkmiş şəxs müvəqqəti saxlanc yeri kimi orada saxladığı sonuncuya məxsus kompüterə aid 01ədəd 500 manat dəyərində “Sonc” markalı monitor, 01 ədəd 1000 manat dəyərində sistem bloku, 01 ədəd 200 manat dəyərində səsgücləndirici, 01 ədəd 50 manat dəyərində klaviatura və 01 ədəd 50 manat dəyərində siçanı, 22 iyul 2022-ci il tarixdə saat 16 radələrində həmin qeyri-yaşayış sahəsinə pəncərənin sınmış şüşəsinin yerindən qanunsuz olaraq binaya daxil olub 01 ədəd 900 manat dəyərində “Siemens’’ markalı qaz pilətəsini və 26 iyul 2022-ci il tarixdə saat 16 radələrində həmin qeyri-yaşayış sahəsinə pəncərənin sınmış şüşəsinin yerindən qanunsuz olaraq binaya daxil olub 01 ədəd 740 manat dəyərində elektrik sobası və 01 ədəd 50 manat dəyərində təkərli yük çemodanını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilkdə 3490 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayətinə görə məhkumluq həyatı yaşamışdır, azadlıqda olduğu vaxtlarda küçə və zibilliklərdə metal və plastik materiallarından olan məmulatları toplayıb sataraq dolanmışdır, son bir neçə ildə isə narkotik vasitədən istifadə etmişdir. 19 iyul 2022-ci il tarixdə təxminən saat 20 radələrində Nizami rayonu, C.ünvan 1 saylı binanın ətrafında piyada gəzən zaman təsadüfən həmin binanın 1-ci mərtəbəsində arxa tərəfdən pəncərəsinin şüşəsinin olmadığını aşkar etmişdir. O, pəncərəyə yaxınlaşıb içəri baxan zaman orada evə aid məişət əşyaları, o cümlədən kreslo, oturacaq, yataq dəsti, yataq döşəkləri, paltaryuyan, televizor, soba, qaz pilətəsi, masa üstü kompüter, monitor və digər əşyaları görmüşdür. Ətrafda kimsənin olmamasına əmin olduqdan sonra oğurluq məqsədilə həmin pəncərədən obyektə daxil olmuşdur. Obyektdə olan televizor altlığı kimi istifadə olunan mebelin üzərindəki qara rəngli masa üstü kompüter, qaz pilətəsi və soba kimi əşyalar diqqətini cəlb etmişdir. O, masa üstü kompüterə aid 01 ədəd monitor, 01 ədəd sistem bloku, 01 ədəd klaviatura və 01 ədəd kompüter siçanını götürüb obyektə daxil olduğu yerdən çıxıb oranı tərk etmişdir. Həmin yerdən Nizami rayonu, “8-ci km bazarı” istiqamətində piyada gedən zaman tanımadığı bir nəfərə həmin kompüterin dəstini təklif edib 50 manata sataraq evinə getmişdir. 22 iyul 2022-ci il tarixdə təxminən saat 16 radələrində yenidən C.Naxçıvanski 81 saylı binanın 1ci mərtəbəsində yerləşən həmin obyektin pəncərəsinin şüşə olmayan çərçivəsindən boylanıb orada olan əşyaların yerində olduğunu görüb yenidən oğurluq məqsədilə ora daxil olmuşdur. Obyektə daxil olduqda paltaryuyan maşının üzərində olan qara rəngli dörd gözlü qaz pilətəsini götürüb daxil olduğu pəncərədən çıxmış, həmin tarixdə “8-ci km bazarı”nda kafelərin birinə girib kafeni işlədən, əvvəllər tanımadığı bir qadına pilətəni 50 manata təklif etmişdir. Həmin qadın pilətəni ondan 35 manata almışdır. O, qadına demişdir ki, bir neçə günə onda satlıq elektron soba da olacaqdır. 26 iyul 2022-ci il tarixdə saat 16 radələrində oğurluq məqsədilə yenidən həmin obyektə getmiş, əvvəlki kimi pəncərədən daxil olaraq orada olan elektron sobanı götürüb çıxmaq istəmişdir. Lakin sobanın ölçüsü böyük olduğu üçün pəncərədən çıxara bilməmişdir. Obyektdə masanın üzərindən qaşıq götürüb obyektin giriş qapısının açar yerinə salaraq qapını açmışdır. Soba ağır olduqundan obyektdə olan qırmızı rəngli təkərli yük çamadanının içərisində olan paltarları çıxarıb orada olan oturacaqların üzərinə qoymuş və sobaya aid boru və elektron kabellərini həmin çamadanın içərisinə, üzərinə də sobanı qoyaraq obyektin qapısından çıxmışdır. Soba ağır olduğu üçün yol ilə gedən ağ rəngli, marka və dövlət qeydiyyat nişanını xatırlamadıqı bir taskiyə əyləşib qaz pilətəsini satdığı kafeyə yollanmışdır. Kafeyə çatıb sürücünü yola saldıqdan sonra sobanı kafedə işləyən həmin qadına 45 manata satıb evinə getmişdir. 29 iyul 2022-ci il tarixdə günorta saatlarında yaşadığı məhəllədə olan zaman polis əməkdaşları ona yaxınlaşıb Nizami RPİ-nin 24-cü polis şöbəsinə aparmışlar. Polis şöbəsində törətdiyi cinayətini etiraf etmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, 29 iyul 2022-ci il tarixdə günorta saatlarında 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra 31 iyul 2022-ci il tarixdə məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilənədək polisdə saxlanılmış, azad edilməmişdir. Zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəmişdir, törətdiyi əməldən peşmandır. Bundan başqa oğlu üç aydır ki, hərbi xidmətdən qayıtmışdır, lakin onunla görüşə bilməmişlər. Bir daha belə əmələ yol verməyəcəkdir. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının ortalarında yaşadığı Nizami rayonu, C.ünvan 1 ünvanında təmir işləri ilə əlaqədar mənzilində olan məişət əşyalarını müvəqqəti saxlamaq üçün həmin binanın sabiq komendantı Elçindən binanın 1-ci mərtəbəsində yerləşən fəaliyyətsiz boş obyektin açarını alıb həmin əşyaları obyektə yığmışdır. Sonradan arada obyekti yoxlayıb əşyalarına nəzarət etmişdir. 27 iyul 2022-ci il tarixdə yaşadığı binanın komendantı ona telefonla zəng edib həmin obyektin qapısının açıq olduğunu bildirmişdir. O, təcili olaraq obyektə getmiş və görmüşdür ki, obyektdə olan ona məxsus bəzi əşyalar oğurlanmışdır. Hadisə barədə dərhal DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Hadisə zamanı ona məxsus 01 ədəd 500 manat dəyərində “Sonc” markalı monitor, 01 ədəd 1000 manat dəyərində sistem bloku, 01 ədəd 200 manat dəyərində səsgücləndirici, 01 ədəd 50 manat dəyərində klaviatura və 01 ədəd 50 manat dəyərində siçanı, 01 ədəd 900 manat dəyərində “Siemens” markalı qaz pilətəsi, 01 ədəd 740 manat dəyərində elektrik sobası və 01 ədəd 50 manat dəyərində təkərli yük çemodanı oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumulikdə 3490 manat miqdarında maddi ziyan dəymişdir. Ekspertiza tərəfindən həmin əşyaların ümumi qiymətinin 1140 manat kimi müəyyən edilməsinin əsası olmamışdır. Polislər tərəfindən aparılmış araşdırma ilə oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edildiyi müəyyən olunmuşdur. Ona vurulmuş maddi ziyan ödənildiyinə görə həmin şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, uzun müddətdir ünvan 2 ünvanında yerləşən kafeni icarə müqaviləsi əsasında işlədir. 22 iyul 2022-ci il tarixdə saat 12 radələrində kafedə olan zaman əvvəllər tanımadığı bir nəfər kafeyə daxil olub nahar sifariş etmişdir. Həmin müştəri nahar etdikdən sonra ona demişdir ki, evini təmir edir, evindəki qaz sobasını yenisi ilə əvəz edib köhnəsini satmaq istəyir. Kafedə qaz sobaları tez-tez sıradan çıxdığı üçün müştəridən barəsində söyədiyi soba barədə soruşmuşdur, lakin konkret alacağını deməmişdir. Bir neçə gün sonra istintaq zamanı adını bildiyi Sərdar adlı həmin şəxs kafeyə gəlib ona söylədiyi qaz sobasını demiş və sobanı ona 150 manata təklif etmişdir. O, Sərdardan həmin qaz pilətəsini haradan əldə etdiyini soruşan zaman o, pilətənin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra o, Sərdarla razılaşaraq həmin qaz pilətəsini 80 manata almışdır. Bundan 3-4 gün sonra Sərdar yenidən kafeyə gəlib özü ilə gətirdiyi qırmızı rəngli təkərli çemodanın üzərindəki elektrik sobasını göstərmiş, demişdir ki, evində təmir gedir, həmin elektrik sobasını satmaq istəyir. Həqiqətən də Sərdarın gətirdiyi soba toz-torpaqlı olmuşdur və o, sobanın təmir gedən evdən gətirildiyinə inanmışdır. Buna görə inanıb sobanı almaq qərarına gəlmişdir. Sərdar gətirdiyi sobanı ona 150 manata təklif etsə də sonda o, 100 manata razılaşıb sobanı almışdır. Təqsirləndirilən şəxs ona qaz pilətəsini 35 manata, sobanı isə 45 manata satması barədə göstərdikləri yalandır, polisdə üzləşmə zamanı da bunu həmin şəxsin üzünə qarşı demişdir. O, Sərdarın ona satdığı əşyaların oğurluq olması barədə yalnız polislər tərəfindən araşdırma aparılarkən bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, C.ünvan 1 saylı yaşayış binasında əvvəllər komendant kimi fəaliyyət göstərmişdir, həmin binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.metrlik qeyriyaşayış sahəsi ona məxsusdur. Həmin qeyri-yaşayış sahəsi işlək vəziyyətdə olmamış, boş olmuş, lakin qapı və pəncərələri normal olmuş, obyekt kameralarla təmin edildiyi üçün orada hər hansı bir əşya saxlanması üçün yaralı olmuşdur. 2022-ci ilin may ayında həmin binanın 361-ci mənzilində yaşayan Coşqun ondan xahiş etmişdir ki, mənzilində təmir işləri apardığı üçün mənzilinə aid əşyaları müvəqqi olaraq ona məxsus qeyri-yaşayış sahəsində saxlamaq istəyir. O, razılıq vermiş və Coşqun mənzilinə aid əşyaları ona məxsus qeyriyaşayış sahəsinə daşımışdır. 2022-ci ilin iyul ayının sonlarında Coşqundan eşitmişdir ki, əşyaları onun obyektindən oğurlanmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 30 iyul 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ona məxsus əşyaların oğurlanması barədə müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 27 iyul 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 7-9) - 29 iyul 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Şahid2 təqdim etdiyi 01 ədəd elektrik sobası, 01 ədəd qaz pilətəsi və 01 ədəd qırmızı rəngli yük çemodanına baxış keçirilmiş və ondan götürülmüşdür. Şahid2 qeyd edilən əşyaları Sərdar adlı şəxsdən aldığını bildirmişdir. (i.v. 17-18) - 29 iyul 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş 01 ədəd elektrik sobasını, 01 ədəd dördgözlü qaz pilətəsini və 01 ədəd qırmızı rəngli yük çemodanını tanıyaraq həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. (i.v. 32-33) - 01 avqust 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin müdafiəçisinin iştirakı ilə yerində yoxlanılması zamanı o, oğurluq etdiyi hadisə yerini əyani olaraq göstərmiş və oğurluğu hansı qaydada etdiyi barədə ifadəsində göstərilənləri bir daha təsdiq etmişdir. (i.v. 73-76) - 20 oktyabr 2022-ci il tarixli qəbzdən görünür ki, 01 ədəd istifadədə olmamış “Arçelik” markalı elektrik sobası, 01 ədəd istifadədə olmuş, üzəri qara şüşəli 04 gözlü “Siemens” markalı qaz pilətəsi və 01 ədəd istifadədə olmamış təkərli, qırmızı rəngli çemodan saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. (i.v. 95) - 22 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 186.1-ci maddələri cinayət təqibinin başlanması rədd edilmiş, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd istifadədə olmamış “Arçelik” markalı elektrik sobası, 01 ədəd istifadədə olmuş, üzəri qara şüşəli 04 gözlü “Siemens” markalı qaz pilətəsi və 01 ədəd istifadədə olmamış təkərli, qırmızı rəngli çemodan maddi sübut kimi tanınmış və onların saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır. (i.v. 100-104) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Zöhrab Məmmədovun həmin şöbə rəisinə ünvanladığı 29 iyul 2022-ci il tarixli raportdan görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətmiş Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdə müəyyən edilərək saxlanılmış və 24-cü PŞ-nə gətirilmişdir. (i.v. 10) -Təqsirləndirilən şəxs 24-cü polis şöbəsinin təhqiqatçısı Mir-Ülfət Abbasova verdiyi yazılı izahatdan görünür ki, o, əməlini etiraf etməklə yanaşı, 29 iyul 2022-ci il tarixdə saat təxminən 13 radələrində yaşadığı evin qarşısında olarkən 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin şöbəyə aparıldığını göstərmişdir. (i.v. 13-14) - 30 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həmin tarixdə saat 17:00-da tutulmuşdur. (i.v. 46) - 31 iyul 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 30 iyul 2022-ci il tarixdən hesablanmışdır. (68-72) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Məhkəməsinin 14 aprel 1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 145-ci maddəsinin 2-ci hissəsinin 1,2,6 və 7-ci bəndləri ilə təqsirli bilinib, əmlakı müsadirə olunmaqla 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 fevral 2001-ci il tarixdə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinib, 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 may 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 78-80) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, istənilən azadlıqdan məhrum edilmə üçün hüquqi əsasların mövcud olması haqqında tələb azadlıqdan məhrum etmənin bütün müddətinə şamil olunur. Bir sıra hallarda bu şərtin pozulduğu müəyyən edilmişdir. Belə ki, azadlıqdan məhrum etmənin hüquqi əsasları öncə qanuni olsa da, müəyyən müddət keçdikdən sonra həmin əsaslar öz qanuniliyini itirmiş olur. Məsələn, Kuin Fransaya qarşı məhkəmə işində (Kuin Fransaya qarşı iş üzrə 22 mart 1995-ci il tarixli qərar) daxili məhkəmə Fransa qanunları əsasında həbsə alınmış şəxsin azad edilməsi haqqında qərar çıxarmışdır. Azad edilmə haqqında qərar qəbul olunduqdan sonra ərizəçi daha 11 saat həbsdə saxlanmış və qərarın icrası üçün heç bir hərəkət edilməmişdir. Görünür həmin müddət prokurorluğa ərizəçinin təhvil verilməsi barədə məhkəmə icraatına başlaya bilməsi üçün lazım idi. Bu halda həmin icraat azad edilmə haqqında məhkəmə qərarını qabaqlayaraq onun icrasını dayandırmış olurdu. Avropa Məhkəməsi həmin işdə qeyd etdi ki, bu halda müddətin süni surətlə uzadılması Konvensiyanın 5-ci maddəsinin (Maddə 5. Azadlıq və şəxsi toxunulmazlıq hüququ) tələblərinə cavab vermir. Cinayət işinin materiallarından göründüyü kimi, Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 30 iyul 2022-ci il tarixdə saat 17:00-da tutulması barədə protokol tərtib edilsə də, Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətmiş Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdə saat təxminən 13 radələrində müəyyən edilərək saxlanılmış və 24-cü PŞ-nə aparılmış, 30 iyul 2022-ci il tarixdə saat 17:00-da barəsində tutma haqqında protokol tərtib edilənədək polislər tərəfindən saxlanılmış, azad edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 24-cü polis şöbəsinin əməkdaşı tərəfindən 29 iyul 2022-ci il tarixdə saat təxminən 13 radələrində saxlanıldıqdan sonra, 30 iyul 2022-ci il tarixdə saat 17:00-da barəsində tutma protokolu tərtib olunduğu vaxtadək olan müddət azadlığının faktiki məhdudlaşdırıldığı müddət hesab olunmaqla onun həbsdə saxlanılma müddətinə daxil edilməli, onun cəzaçəkmə müddətinin başlanğıcı məhz 29 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış əşyaların məhkəməyədək icraat zamanı sahibi olan zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 29 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 01 ədəd istifadədə olmamış “Arçelik” markalı elektrik sobasının, 01 ədəd istifadədə olmuş, üzəri qara şüşəli 04 gözlü “Siemens” markalı qaz pilətəsinin və 01 ədəd istifadədə olmamış təkərli, qırmızı rəngli çemodanın məhkəməyədək icraat zamanı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar