Məhkəmə qərarları › İş №1(007)-74/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-74/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-74/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1989-cu il tarixdə Rusiya Federasiyası, Kalininqrad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-də komendant işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 29-cu Binə küçəsi ev 212-də qeydiyyatda olmaqla yaşayan, 24 oktyabr 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 03 iyun 2023-cü il tarixdə saat 11 radələrində adına verilmiş etibarnamə və “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi “Kia Ceed minik” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanda yerləşən 5 saylı Bakı “ASAN xidmət” məkəzinin qarşısında olan avtodayanacaqda arxaya doğru hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə əsasən sürücü olaraq avtomobili arxaya doğru hərəkət etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili arxaya manevr etdirməməli, lazım gəldikdə avtomobili arxaya doğru hərəkət etdirərkən digər şəxslərin köməyindən istifadə etməli olduğu halda, göstərilən yol hərəkəti qaydalarını pozaraq markası və dövlət qeydiyyat nişanı qeyd olunan avtomobili həmin avtodayanacaqda saxlamaq məqsədilə saatda 3-5 kilometr sürətlə arxaya doğru hərəkət etdirdiyindən, avtomobilin arxa hissəsi avtomobilin arxasında hərəkətdə olan piyada Zərərçəkmiş şəxs çırpılmış, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi piyada Zərərçəkmiş şəxs mil və dirsək sümüklərinin distal hissələrinin qəlpəli yerdəyişmiş sınıqları, sağ qaşın quyruq hissəsinin əzilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “Kia Ceed” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə, sürücülük hüququ olmaqla idarə etmiş, 2023-cü ilin iyul ayında isə avtomobili etibarnamə verən şəxsə geri qaytarmışdır. Bundan əvvəl, yəni 03 iyun 2023-cü il tarixdə saat 11 radələrində idarə etdiyi həmin avtomobillə ünvan 3 ünvanda yerləşən 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə getmişdir. Həmin vaxt avtomobilin qabaq sağ oturacağında atası İslam, arxa oturacaqda isə anası Vəfa oturmuşlar. Mərkəzin qarşısına çatandan sonra onun qarşısında olan avtodayanacaqda avtomobili saxlamaq məqsədilə güzgülərə baxanda arxada maneənin olmadığını görüb avtomobili asta sürətlə, yəni təxminən 3-5 km/saat sürətlə üzü Heydər Əliyev prospekti istiqamətində arxaya doğru hərəkət etdirmişdir. Avtomobili arxaya verib saxlayan zaman tappıltı səsi eşitdiyindən, dərhal aşağı düşərək avtomobilin arxasına keçmişdir. Həmin vaxt, sonradan tanıdığı Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə olduğunu görmüş və avtomobilin arxasının həmin şəxsə toxunmasını bilmişdir. Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən xəsarətlər aldığından, ora təcili tibbi yardım briqadası çağırmış, təcili tibbi yardım briqadası gəlib Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərəndən sonra onu Sabunçu tibb mərkəzinə aparmışlar. Həmin tibb mərkəzində Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində deyil, yıxılaraq xəsarət aldığını bildirmişdir. Sonradan Zərərçəkmiş şəxs müalicəsi Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda davam etdirilmiş, yol-nəqliyyat hadisəsi zamanı sağ qolu sındığından, orada həkimlər onun sağ qolunu əməliyyat etmişlər. Zərərçəkmiş şəxs 2 həftə orada müalicə alandan sonra evə buraxılmış, müalicəsini ev şəraitində davam etdirmişdir. Törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs aldığı xəsarətlərə görə ona göstərilmiş tibbi xidmətlərin xərclərini tam şəkildə qarşılayaraq buna görə 1000 manata yaxın xərc çəkmişlər. Zərərçəkmiş şəxs ilk öncə ondan şikayətçi olmasa da, sonradan ondan 6000 manat pul tələb etdiyindən və o da Zərərçəkmiş şəxs 1000 manat pul verə biləcəyini deyib 6000 manat pula imkanlarının olmadığını dediyindən, Zərərçəkmiş şəxs bununla razılaşmayıb onun barəsində polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs daha sonra maddi imkanı olmadığına görə Zərərçəkmiş şəxs tələb etdiyi 6000 manat pulu ödəyə bilmədiyini, yalnız barışıq əldə etmək üçün 1000 manat düzəldib ödəməyi təklif etdiyini, lakin zərərçəkmiş şəxsin bununla razılaşmadığını göstərmiş, həmin halların və əməlindən səmimi peşman olduğunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 03 iyun 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 3 saylı Bakı DOST mərkəzindən qayıdıb Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı Bakı “ASAN xidmət” məkəzinin qarşısında olan avtodayanacaqdan keçən zaman sonradan tanıdığı Təqsirləndirilən şəxs onun avtomobilin arxasında təkbaşına piyada hərəkət etməsinə fikir verməyib idarə etdiyi avtomobili həmin avtodayanacaqda arxaya hərəkət etdirdiyindən, avtomobilin arxa tərəfi ona çırpılmış, nəticədə yol-nəqliyyat hadisəsi baş verərək o, yerə yıxıldığından, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Bundan sonra avtomobildən aşağı düşən sürücü Təqsirləndirilən şəxs, sonradan tanıdığı atası Şahid və anası Vəfa Musayeva onun xəsarətlər almağını görüb ora təcili tibbi yardım briqadası çağırmışlar, hadisə yerinə gələn təcili tibbi yardım briqadası ona ilkin tibbi yardım göstərəndən sonra onu Sabunçu tibb mərkəzinə aparmışlar. Təqsirləndirilən şəxs və onun valideynlərinin xahişi ilə o, tibb mərkəzində yol-nəqliyyat hadisəsi nəticəsində deyil, yıxılaraq xəsarətlər aldığını demişdir. Sonradan onun müalicəsi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda davam etdirilmiş, sağ qolu sındığı üçün orada həkimlər onun sağ qolunu əməliyyat etmişlər. 2 həftə orada müalicə alandan sonra evə buraxılaraq müalicəsini ev şəraitində davam etdirmişdir. Xəstəxanada olan zaman Təqsirləndirilən şəxs və ailə üzvləri onun müalicə xərclərini qarşılasalar da, evə buraxılandan sonra onunla maraqlanmadıqlarından həmin şəxsin barəsində şikayət etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarətlər alması ilə yanaşı, hazırda da müalicəsi davam etdiyi üçün bununla bağlı ümumilikdə ona 6000 manat ziyan dəymişdir. Hazırda həmin pulu ödəməsini təqsirləndirilən şəxsdən tələb edir. Təqsirləndirilən şəxs ona vurduğu həmin maddi ziyanı ödəmədiyinə görə cəzası nədirsə, onu çəksin, barışıq yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid, təqsirləndirilən şəxslə (oğlu Təqsirləndirilən şəxslə) eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 06 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1-2) - 18 avqust 2023-cü il tarixli protokoldan, sxemdən və fotoşəkillərdən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi ünvan 3 ünvanda yerləşən 5 saylı Bakı “ASAN xidmət” məkəzinin qarşısında olan avtodayanacağa baxış keçirilmişdir, hadisə yerinin sxemi tərtib olunmuşdur. (i.v. 9-17) -Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 23 avqust 2023cü il tarixli 3-13-16/2-115274-2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına 12 may 2014-cü il tarixdə (12 may 2024-cü il tarixədək etibarlı olan) AD 036702 nömrəli, “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Sürücülük hüququndan məhrum olunması barədə məlumat X1 qeydə alınmamışdır. (i.v. 31) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 28 avqust 2023-cü il tarixli 794 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş - mil və dirsək sümüklərinin distal hissələrinin qəlpəli yerdəyişmiş sınıqları, sağ qaşın quyruq hissəsinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 03 iyun 2023-cü il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərər vurmaya aiddirlər. (i.v. 33-35) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 18 sentyabr 2023-cü il tarixli 3-16-16/2- 8/2559 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Ceed” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 36-39) - 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə “Kia Ceed minik” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və qanuni sahibində olması nəzərə alınmışdır. (i.v. 64) - 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, onun barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. (i.v. 92-101) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin Xİİİ hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Sözügedən maddənin “Qeyd”inin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cinayət işinin 04 noyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmasından sonra hal-hazıradək icraatda olduğu müddətdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmamış və ona dəymiş ziyanı ödəməmişdir, ona görə təqsirləndirilən şəxsin bu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 30) - 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 85-86) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsini təmin etməsini və müalicə xərcləri məqsədilə qismən ödəniş etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.1, 59.1.11 və 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmin maddənin tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş ziyan tam ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdiyi halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış avtomobilin məhkəməyədək icraat zamanı sahibinə qaytarılmış hesab edilməsi nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış “Kia Ceed” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəməyədək icraat zamanı sahibinə qaytarılmış hesab edilməsi nəzərə alınsın. Məhkəmə məsrəfi olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 24 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 144 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar