Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-75/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs-Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 21 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 2003-cü il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Marxiyevka küçəsi, ev 28də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 15, mənzil 15-də yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 1(007)-284/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 1(103)-734/2021 nömrəli qərarı ilə təyin edilmiş 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası yeni hökmlə təyin edilmiş 01 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla qəti olaraq 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 16 iyul 2021-ci il tarixdən hesablanmış, hazırkı iş üzrə 22 noyabr 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi digər cinayət əməlinə görə Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin icraatında olan cinayət işi üzrə 08 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 4(007)-64/2022 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yetkinlik yaşına çatmadığı dövrdə, 17 avqust 2021-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında yerləşən Bakı şəhəri 145 nömrəli tam orta məktəbin pəncərəsini əli ilə mexaniki təsir edib açaraq binaya qanunsuz daxil olub, məktəbin 8 nömrəli ibtidai sinif otağının tavanına quraşdırılmış dəyəri 1000 manat təşkil edən “Optoma” markalı proyektoru gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə 1000 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayının əvvəllərində pula ehtiyacı yarandığından məktəblərdən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə Nizami rayonu ərazisində rastına çıxan məktəbə daxil olaraq həmin məktəbin sinif otağında olan proyektoru oğurlayıb satmağı və bu yolla pul əldə etməyi qət etmişdir. 17 avqust 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı ünvandan çıxıb piyada “Q.Qarayev” metrostansiyasının yaxınlığında Ə.Kürçaylı küçəsi 17 ünvanında yerləşən 145 nömrəli məktəbə yaxınlaşmışdır. Məktəbdə sakitçilik olduğunu, kənar şəxs olmadığını müəyyən etmiş, mühafizə olmadığına əmin olduqdan sonra birinci mərtəbədə yerləşən sinif otağının plastik materialdan olan pəncərəsinin dəmir barmaqlığının olmadığını, tavana isə proyektorun bərkidildiyini görüb pəncərəni əli ilə itələyib sinif otağına daxil olmuş, həmin vaxt pəncərənin şüşəsi qırılıb sinif otağına tökülmüşdür. Proyektor sinif otağında tavanın ortasına bərkidildiyindən şagird stolunun üstünə qalxaraq əllə proyektoru həmin yerdən açmışdır. Sonra qapının yanında yerləşən dolaba baxdıqda orada hər hansı dəyərli əşya tapmamış, proyektoru özü ilə gətirdiyi sellofan paketə qoyub daxil olduğu pəncərədən çölə çıxmışdır. Oradan məktəbin həyətinə çıxmış, sonra isə pəncərənin qarşısında yerləşən daş hasarı keçmişdir. Bundan sonra yaşadığı mənzilə getmiş, proyektoru mənzildə dolabda gizlətmişdir ki, ailə üzvlərindən kimsə onu görməsin. Bir neçə gün sonra proyektoru dolabdan götürüb “28 May” metrostansiyasının yaxınlığında yerləşən proyektorların alış-satışı ilə məşğul olan mağazaya yaxınlaşıb özünə məxsus proyektoru satmaq istədiyini bildirmişdir. Mağazada işləyən şəxs proyektoru 220 manata ala biləcəyini demişdir. O, həmin məbləğlə razılaşmış və özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Mağazanı işlədən şəxs 220 manat pulu ona verdikdən sonra oradan uzaqlaşmışdır. Əldə etdiyi pulu öz şəxsi tələbatları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşman olduğunu, ailə vəziyyətinin ağır olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə göstərmişdir ki, 18 avqust 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən, direktoru olduğu 145 nömrəli tam orta məktəbin ibtidai sinif otağından 1000 manat dəyərində proyektor oğurlanmışdır. Müraciətləri əsasında polis idarəsində araşdırma aparılmış, nəticədə oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edildiyi müəyyən olunmuşdur. Oğurlanmış proyektorun yeri müəyyən edildikdən sonra tanınma üçün ona təqdim edilmiş, o, məktəbdən oğurlanmış proyektoru tanımış, bundan sonra proyektor ona təhvil verilmişdir. Məhkəməəmtəəşünaslıq ekspertizasının proyektorun dəyərinin 560 manat olması barədə rəyi ilə razı deyil, əmlakın dəyəri 1000 manat olmuşdur. Dəymiş ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, qanuna uyğun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid iştirakının təmin edilməsi mümkün olmadığından məhkəmə iclasında onun ifadəsi elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, “28 May” metrostansiyasının yaxınlığında yerləşən mağazada proyektorların pərakəndə alışı və satışı ilə məşğul olur. 21 avqust 2021-ci il tarixdə saat 12 radələrində işlədiyi mağazaya sonradan adı ona Fərid kimi məlum olan şəxs yaxınlaşaraq bir müddət öncə proyektor aldığını, lakin sonradan həmin proyektora ehtiyacı olmadığından satmaq istədiyini bildirmiş, odur ki, o, həmin şəxsdən “Optoma” markalı proyektorun özünə məxsus olub-olmadığını, oğurluq olmasını bir daha maraqlandıqda həmin avadanlığın özünə məxsus olduğunu bildirmiş və əlində olan sellofan paketdən həmin avadanlığı çıxararaq ona təqdim etmiş, o, proyektora baxıb 220 manat dəyərləndirmiş, həmin şəxs də onunla razılaşaraq şəxsiyyət vəsiqəsinin surətinin üzərində qeydiyyat aparmaqla pulu ondan götürüb oradan uzaqlaşmışdır. Bundan sonra o, həmin şəxsi bir daha görməmiş, almış olduğu proyektoru isə satmamışdır, sonradan polis əməkdaşlarının çağırışı ilə 25-ci PŞ-nə yaxınlaşmış və ona Fərid adlı şəxsin satmış olduğu avadanlığın oğurluq olması barədə məlumat verilmişdir. Həmin şəxsin ona satmış olduğu avadanlığı istintaqa təqdim edə bilər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 04 senyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 18 avqust 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, ünvan 3 ünvanında yerləşən 145 nömrəli tam orta məktəbin 8 nömrəli ibtidai sinif otağının pəncərəsinin mexaniki təsir edilməklə açılaraq tavana bərkidilmiş bir ədəd proyektorun oğurlanması müəyyən edilmişdir. (i.v. 3-8) - 07 sentyabr 2021-ci il tarixli protokoldan, fotoşəkil və vəsiqənin surətindən görünür ki, Şahid könüllü olaraq təqdim etdiyi bir ədəd üzərində qeydlər aparılmış Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti və bir ədəd “Optoma” markalı proyektor hal şahidlərinin iştirakı ilə ondan götürülmüşdür. (i.v. 26-28) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 oktyabr 2021-ci il tarixli 9/6521 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində tədqiqata təqdim edilmiş əvvəllər istifadə edilmiş “Optoma” markalı proyektorun hazırki işlənmiş vəziyyətdə, 2021-ci ilin avqust ayına, köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 560,00 manat müəyyən edilir. (i.v. 52-54) - 17 noyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurluq zamanı ələ keçirilmiş və sonra tərtib edilmiş protokolla Şahid götürülmüş “Optoma” markalı proyektor zərərçəkmiş şəxs Nümayəndə tanınmaya təqdim edilmişdir, Nümayəndə həmin proyektorun markasından, üzərində olan yazısından və digər əlamətlərindən məktəbin 8 nömrəli ibtidai sinif otağından oğurlanmış proyektor olduğunu bildirmişdir. (i.v. 65-66) - 21 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmlakının ələ keçirilməsi cinayəti üzrə təqsirkar şəxsə ittiham elan edilərkən ittihamın məzmununda zərərçəkmiş şəxsə vurulan ziyanın miqdarının 1000 manat nəzərə alındığı doğru hesab edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respubılikası CM-nin 157, 180 və 186-cı maddələrinin tərkibi olmadığından həmin faktla bağlı barəsində cinayət təqibi üzrə icraatın başlanması rədd edilmiş, Şahid barəsində Azərbaycan Respublikası CM-nin 177 və 194-cü maddələrinin bütün tərkib əlamətləri üzrə cinayət işinin başlanması rədd edilmiş, bir ədəd üzərində qeydlər aparılmış Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti, bir ədəd “Optoma” markalı proyektor cinayət işi üzrə maddi sübut hesab edilmiş, vəsiqənin surəti cinayət işinə əlavə edilmiş, proyektor məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Nümayəndə təhvil verilmişdir. (i.v. 77-81) - 22 noyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdə saat 20 radələrində ünvan 4 ünvanda yerləşən 145 nömrəli tam orta məktəbin pəncərəsini əli ilə mexaniki təsir edib açaraq binaya qanunsuz daxil olub, məktəbin 8 nömrəli ibtidai sinif otağının tavanına quraşdırılmış “Optoma” markalı proyektoru gizli talamaqla cinayət törətdiyi yeri göstərmişdir. (i.v.102-106) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 sentyabr 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 1(007)-284/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 1(103)-734/2021 nömrəli qərarı ilə təyin edilmiş 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası yeni hökmlə təyin edilmiş 01 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla qəti olaraq 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 16 iyul 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 30-32, 68-76) -Bakı probasiya idarəsinin 12 aprel 2022-ci il tarixli 21-1/3-311228 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 iyul 2021ci il tarixdən hesablanmışdır, Nizami Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetməsinin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablanmışdır, 08 fevral 2022-ci il tarixədək məhkum cəzasının 06 ay 23 gününü çəkmiş, çəkilməmiş hissəsi 01 il 05 ay 07 gün təşkil edir. - 22 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 107) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 4(007)-64/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi digər cinayət əməlinə görə Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin icraatında olan cinayət işi üzrə 08 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablanmış, həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarına və verilmiş ittihama uyğun olaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qəti cəzanın təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməlidir. Həmin maddənin tələbinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, yeni hökmlə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində nəzərdə tutulduğu qaydada, ona Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 noyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 06 ay 23 günü qəti cəza müddətinə hesablanmalı, çəkilməmiş cəza Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmalı, CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəzanı hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə tutulmadığına görə onun cəzaçəkmə müddətinin başlanğıcı hazırkı hökmün çıxarıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin icraatında olan cinayət işi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 4(007)-64/2022 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd üzərində qeydlər aparılmış Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, bir ədəd “Optoma” markalı proyektorun məhkəməyədək icraat zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, qərar əsasında dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 23 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa, qərar əsasında dəvət edilmiş Bakı şəhəri 21 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutulduğundan, yuxarıda istinad olunan qaydada nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 1(007)- 284/2021 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 06 (altı) ay 23 (iyirmi üç) günü qəti cəza müddətinə hesablansın, cəzanın çəkilməmiş 01 (bir) il 05 (beş) ay 07 (gün) hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəzanı hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin icraatında olan cinayət işi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 4(007)- 64/2022 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Maddi sübut qismində tanınmış bir ədəd üzərində qeydlər aparılan Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, bir ədəd “Optoma” markalı proyektorun məhkəməyədək icraat zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 75 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs 23 saat göstərdiyi pulsuz hüquqi yardıma görə müdafiəçi X2 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 138 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Məhkəməyə icraatı dövründə Təqsirləndirilən şəxs 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 21 saylı vəkil bürosu vasitəsi ilə 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-75/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-75/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver