Məhkəmə qərarları › İş №1(007)-75/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-75/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-75/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs: xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Abşeron rayon məhkəməsinin 17 mart 2020-ci il tarixli hökmü ilə 5 il 8 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda ƏN-in PX-in 16 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anakişin küçəsi ev 10-da qeydiyyatda olan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs1 övladı Şahid2 Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda ekoloq vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, 15 yanvar 2019-cu ildə saat 12 radələrində Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanında yerləşən “X13” ticarət mərkəzində Zərərçəkmiş şəxs1 oğlu Şahid2 vasitəsi ilə göndərdiyi 2000 manat pulu, bundan başqa, Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirməyə yönəlmiş hərəkətlərini davam etdirərək sonuncuya, övladı Şahid1 “Bos Shelf şirkətinin Maliyyə Departamentində mütəxəssis vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib bu adla 17 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti 151 ünvanında yerləşən “X13” ticarət mərkəzinin içərisində Zərərçəkmiş şəxs1 oğlu Şahid1 vasitəsi ilə göndərdiyi 3500 manat pulu, daha sonra eyni niyyətlə Zərərçəkmiş şəxs1 5 fevral 2019-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu Heydər Əliyev prospekti 117 ünvanında yerləşən “Alov fəvvarəsi” parkının yaxınlığında 400 manat və 7 fevral 2019-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 34/67 ünvanının yaxınlığında 500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 6400 manat, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 “Bos Shelf” şirkətinin Maliyyə Departamentində mütəxəssis vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla 21 yanvar 2019-cu ildə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti 34/67 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs2 tanışı Şahid1 vasitəsiylə göndərdiyi, sonuncunun da öz növbəsində onun cinayətkar niyyətindən xəbərsiz olan şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsünə verdiyi 2500 manat pulu həmin taksi sürücüsündən alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 2500 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs X5 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs1 vəfat etmiş X2 vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs1 onunla telefon əlaqəsi yaradaraq özünü təqdim etmiş və onu ona Vaqif Novruzovun məsləhət bildiyini demiş, oğlu Şahid2 işlə təmin olunmağa ehtiyacı olduğunu bildirib, bununla bağlı ondan məsləhət almış, ona oğlu X12 adına Bakı Dərin Özüllər Zavodunda mütəxəssis vəzifəsinə düzəldə biləcəyini bildirmişdir. Bir gün sonra Xanəhməd onunla telefon əlaqəsi yaradaraq oğlu Əfqanın razı olduğunu bildirmiş, Əfqanın həmin işə düzəlməsi üçün şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının surətini, ali təhsil haqqında diplomun surətini və 3 ədəd 3x4 ölçüdə fotonu və özünə aid təcümeyi- halı, 2000 (iki min) manat pul ilə birlikdə ona çatdırmasını bildirmişdir. 2019-cu ilin yanvar ayının ortalarında tanımadığı nömrə vasitəsi ilə onun əlaqə yaradaraq, özünü Zərərçəkmiş şəxs1 oğlu Şahid2 kimi təqdim etmiş, atasına dediyi pulun və sənədlərin onda olduğunu bildirmiş, Bakı şəhəri, Neftçilər pospektində yerləşən “X14” adlı ticarət mərkəzində onunla görüşmüş, atası Zərərçəkmiş şəxs1 ilə razılaşdığı pulu və sənədləri ona vermişdir. Bundan bir-iki gün sonra Zərərçəkmiş şəxs1 ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq, Zərərçəkmiş şəxs1 Heydər Əliyev adına Bakı X6 vakansiya ilə bağlı problem olduğunu, Şahid2 “Bos shelf” şirkətinə dövlət qurumları ilə xidmət departamanetinə mütəxəssiz vəzifəsinə düzəldə biləcəyini bildirmişdir. Xanəhməd ona oğlu Turaldan danışmış, onun işlə təmin edilmə məsələsini açmış, o da öz növbəsində Turalı “Bos Shelf” şirkətinə maliyyə departamentinə mütəxəssis vəzifəsinə düzəldə biləcəyini bildirmişdir. Bir gün sonra onunla əlaqə yaradaraq Turalın buna razılıq verdiyini demiş, o da işə düzəlmə prosesləri başlanarkən əlavə ona 1000 ( bir min) manat pul verməli olduğunu bildirmiş, Xanəhməd də bununla razılaşmış, Zərərçəkmiş şəxs1 Turala aid şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında diplomun surətini, CV (tərcümeyi-hal), 3 ədəd 3x4 foto və 3500 manat pul göndərməsini bildirmişdir.Növbəti gün özünü Tural kimi təqdim edən şəxs ona zəng edib atası Zərərçəkmiş şəxs1 onunla görüşməli olduğunu bildirdiyini demiş, Bakı şəhəri, Neftçilər prospektində yerləşən “X13” Ticarət mərkəzində onunla görüşərək, ona özünə məxsus sənədlərin surətlərini və konvertə qoyulmuş 3500 (üç min büş yüz) manat pulu vermiş, bundan sonra ondan şirkətin onunla əlaqə yarada bilməsi üçün email, yəni elektron poçt ünvanı almış, daha sonra Şahid1 ilə telefon əlaqəsi yaradarkən ona “Bos shelf” şirkətində mütəxəssis vəzifəsinə vakansiya olduğunu əgər dost-tanışı varsa həmin vəzifəyə onu düzəldə biləcəyini bildirmiş, bir neçə gün sonra Tural onunla əlaqə yaradıb Əfqan adlı tanışının həmin işdə işləyə biləcəyini bildirmişdir. Turala Əfqan adlı tanışına məxsus ali təhsil haqqında diplomun və digər sənədlərin surətlərini verməli olduğunu bildirmiş, növbəti günlərdə Bakı şəhəri, Babək prospektində yerləşən “Sərin” adlı şadlıq sarayının yaxınlığında Tural və onun dostu Əfqan ilə görüşmüş, Tural Əfqana məxsus sənədləri ona vermiş, növbəti gün Turalın nömrəsinə zəng edərək təcili olaraq 2500 (iki min beş yüz) manat pulu “Nizami” metrostansiyasının yaxınlığına gətirməyini bildirmişdir. Daha sonra Tural onunla əlaqə yaradıb oraya gəldiyini bildirdikdən sonra, ona özünün gələ bilməyəcəyini, şirkətin avtomobilini göndərcəyini deyib, hazırda xatırlamadığı bir kuryer şirkətindən sürücü sifariş etmiş, daha sonra həmin şirkətin sürücüsü Turaldan aldığı 2500 manat pulu “Nizami” metrostansiyasının yaxınlığında ondan alıb Nizami rayonunda yerləşən “Qara Qarayev” metrostansiyasının yaxınlığında ona çatdırmışdır. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs1 ilə əlaqə yaradaraq danışığa uyğun olaraq sonda ona verməli olduğu 1000 manat pulu da ondan istəmiş, razılığa əsasən 2019-cu ilin fevral ayının ilk günlərində Zərərçəkmiş şəxs1 ilə “Koroğlu” metrostansiyasının yaxınlığında görüşmüş və ona 400 manat pul vermiş, bir neçə gün sonra isə onunla Bakı şəhəri “Qara Qarayev” metrostansiyasının yaxınlığında görüşmüş, bu zaman isə ona 500 manat pul vermişdir. Pulları öz şəxsi istifadəsi üçün xərclədiyini qeyd edərək, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 öz ifadəsində bildirmişdir ki, Şahid1 və Şahid2 adlı iki övladı var. Tural və Əfqanın 2019-cu ildə daimi iş yeri olmadığından onları işlə təmin etmək məqsədi ilə onların ixtisaslarına uyğun iş axtarırmış. Bununla əlaqədar tanışı X4 müraciət edərək ondan bu işdə ona kömək etməsini xahiş etmişdir. Bu zaman Vaqif Novruzov ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, onun bu işlərdə ona kömək edə biləcəyini bildirmişdir. Daha sonra X10 nömrəsini tapıb ona vermişdir. O, Raminin hazırda xatırlamadığı nömrəsinə zəng edib Vaqif Novruzovun tanışı olduğunu, oğlunu işə düzəltmək istədiyini, bu barədə ona necə kömək edə biləcəyini və bununla bağlı məsləhət verməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə ona bu işləri özünün həll edə biləcəyini bildirmişdir. Ramin ona hazırda Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda ekoloq vəzifəsinə oğlunu vəzifəyə təyin etdirə biləcəyini bildirmiş, həmin vəzifə onun oğlu Əfqanın ixtisasına uyğun olduğundan o, Ramin ilə razılaşmışdır. Bundan sonra Ramin ona bildirmişdir ki, həmin vakant yerə namizədlər çoxdur, bu səbəbdən tez bir vaxtda oğluna aid şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, ali təhsil haqqında diplomun surətlərini, 3x4 ölçüdə 3 ədəd fotoşəkili, oğluma aid tərcümeyi-hal sənədini götürüb konvertə qoyulmuş 2000 (iki min) manat pul ilə birlikdə ona çatdırsın. O da öz növbəsində oğluna Raminin ona dediyi sənədləri toplamasını və özü haqqında tərcümeyi hal-yazmasını bildirib, kovertdə Əfqana verdiyi 2000 (iki min) manat ilə birlikdə Raminə çatdırmasını tapşırmışdır. Daha sonra ona məlum olmuşdur ki, Əfqan həmin gün yəni 2019-cu ilin yanvar ayının 15-i Ramin ilə Bakı şəhəri, Neftçilər prospektində yerləşən “Port Baku” ticarət mərkəzində görüşərək qeyd edilən sənədləri və konvertdə olan 2000 (iki min) manat pulu Raminə vermişdir. Bundan sonra Ramin ona işinin qısa bir müddətdə həllini tapacağını bildirmişdir. Bir neçə gün sonra o, Ramin ilə telefon vasitəsi ilə danışarkən Ramin “Bos shelf” şirkətində Maliyyə departamentinə mütəxəssis vəzifəsinə vakant yer olduğunu bildirmiş və bura da əlinin çatdığını, həmin vəzifəyə kimisə təyin etdirməyi bacaracağını bildirmişdir. Ramin oğlu Turala məxsus şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, ali təhsil haqqında diplomun surətlərini, 3x4 ölçüdə 3 ədəd fotoşəkili, tərcümeyi-halı və 3500 manat pulu ona çatdırmağını bildirmiş və işin qısa müddətdə həll olunacağını qeyd etmişdir. Söhbət zamanı o, ona bildirmişdir ki, oğulları Tural və Əfqanın işə düzəlmə prosesi başladıqda isə ona əlavə olaraq 1000 manat pul verməlidir, o da bunun problem olmadığını, pulu ona verəcəyini bildirmişdir. Daha sonra o, Turala Raminin qeyd etdiyi sənədləri hazırlamasını bildirib ona 3500 (üç min beş yüz) manat pul vermişdir. Daha sonra ona məlum olmuşdur ki, oğlu Şahid1 17 yanvar 2019-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Neftçilər prospektində yerləşən “Port Baku” ticarət mərkəzində Ramin ilə görüşərək, qeyd etdiyi sənədləri və pulu ona vermişdir, daha sonra Ramin ilə telefonla danışan zaman o da bunu təsdiqləmişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, Turaldan sonra onun dostu Zərərçəkmiş şəxs2 da işə düzəlmək üçün Raminə 2500 manat pul vermişdir. Bir neçə gün sonra Ramin onunla əlaqə yaradaraq Tural və Əfqanın işə düzəlmək prosesinin başladığını bildirmiş və ona söz verdiyi 1000 manat pulu istəmişdir. O, həmin pulları hissəhissə verəcəyini bildirmiş və 5 fevral 2019-cu il saat 14 radələrində, Bakı şəhəri, Nizami rayonunda yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığında görüşərək, ona 400 manat, 7 fevral 2022-ci il saat 14 radələrində onunla Bakı şəhəri, Nizami rayonu Q.Qarayev metrostansiyasının yaxınlığında görüşüb ona əlavə 500 manat pul vermişdir. Daha sonra isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldadaraq pulların ələ keçirmişdir və oğulları Şahid2 və Şahid1 işə düzəltmək üçün hər-hansı bir iş görməmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkən şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, ona dəymiş zərərin ödənildiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində cəlb edilmiş Şahid2 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində cəlb edilmiş Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadələri elan edilmiş şahidlər Şahid2 və Şahid1 Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verdikləri müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin X5 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X1 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü üzrə olan şərti məhkum edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilmişdir. X3 təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.11,2016-cı ul tarixli hökmü ilə ona təyin edilmiş və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə həmin hökm “Azərbaycan Respublikasının Cinayət ailəsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il Qanununa uyğunlaşdırıldıqdan sonra müvafiq qaydada endirilərək müəyyən edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, qismən birləşdirilmiş və ona qəti olaraq 05 (beş) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X3 təyin edilmiş həmin 05 (beş) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası, Azərbaycan (Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işlərinin üç günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) ay müddət qismən birləşdirilmiş və ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edildiyi Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli qanununa uyğunlaşdırılmış və o, həmin hökmlə ona qəti olaraq təyin edilmiş 500 (beş yüz) manat miqdarında cərimə cəzasından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən azad edilmişdir. X1 həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə onun ibtidai araşdırma həbsdə saxlanıldığı cəmi 03 (üç) ay 01 (bir) gün müddət ona təyin olunmuş həmin 06 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 05 (beş) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin başlanğıcı onun təkrarən həbsə alındığı xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Qeyd olunmalıdır ki, R.Abdıyev hazırkı iş üzrə CM-nin 178.1.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli 21 yanvar 2019-cu il tarixdə törətmişdir. Belə ki, R.Abdıyev hazırkı cinayəti əvvəlki hökm olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən, CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. İş üzrə müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. R.Abdıyev xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona AR-sı CM-nin 178.2.2 və 178.2.4 cü maddələri ilə ittiham elan edilmişdir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən X3 Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 05 il 08 ay 29 gün (beş il səkkiz ay iyirmi doqquz gün) müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq 06 il 06 ay (altı il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli əvvəlki hökm üzrə təkrarən həbsə alındığı vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən hesablansın. X1 əvvəlki hökmə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. X5 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 228 (iki yüz iyirmi səkkiz manat) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar