Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-75/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1995-ci ildə Kürdəmir rayonu, Ərəbqubalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuş, Kürdəmir rayonu, Ərəb Qubalı Ərazi Dairəsi, Çöl Qubalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, nömrəsiz evdə yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 avqust 2024-cü il tarixdə saat 04:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus və ünvan 3 yaşayış evinin qarşısında saxlanılan 1.200 manat dəyərində olan “TUFAN M50” markalı mopedi gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 1.200 (min iki yüz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 avqust 2024-cü il tarixdə saat 03:19 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 55 nömrəli yaşayış evinin qarşısında saxlanılan 1.500 manat dəyərində olan “MİNSK D4 50” markalı mopedi gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 1.500 (min beş yüz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 avqust 2024-cü il tarixdə saat 21 radələrində Nizami rayonu “8-ci kilometr” bazarına işləmək məqsədilə getmişdir. 16 avqust 2024-cü il tarixdə saat 4 radələrində bazarda işini qurtardıqdan sonra ünvan 1 ünvanda binanın həyətində olan “Tufan” markalı mopedi oğurlamışdır. Oğurladığı mopedi satmış və əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 21 avqust 2024-cü il tarixdə saat 3 radələrində evə qayıdan zaman ünvan 2 ünvanda binanın həyətində olan mopedi görmüş və “Minsk” markalı mopedi gizlincə oğurlamış, oğurladığı mopedi Yasamal rayonu, Alatava qəsəbəsi yaxınlığında olan parkinqdə saxlayıb qazanc, yəni fəhləlik edib pul qazanmaq üçün “Sədərək” bazarına getmişdir. 22 avqust 2024-cü il tarixdə saat 15 radələrində “20 Yanvar” metrostansiyası yaxınlığında olan zaman Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir, ikinci qrup əlildir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri özünün ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, heç bir şikayətinin olmadığını bildirmiş və məhkəmə iclaslarında üzürlü səbəbdən iştirak edə bilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 istintaqda verdiyi və məhkəmə baxışında elan edilmiş ifadəsində göstərmişdir ki, 2024-cü ildə tanışından 2021-ci il buraxılışlı “Tufan M50” markalı mopedi 200 manata boş vaxtlarında sürmək üçün almış və hər gecə yaşadığı evin həyətində saxlamışdır. ünvan 3 ünvanda yaxın dostları yaşayır və vaxtaşırı həmin ünvana gedir, hətta bir neçə dəfə həmin ünvanda qalmış, həmin ünvanda qaldığı ərəfədə özünə məxsus “Tufan M50” markalı mopedi həmin blokun qarşısında saxlamışdır. 15 avqust 2024-cü il tarixdə saat 23 radələrində ünvan 3 ünvana getmiş və özünə məxsus “Tufan M50” markalı mopedi blokun qarşısında saxlamış, lakin mopedi orada bağlamamışdır. 16 avqust 2024cü il tarixdə saat 12 radələrində binanın qarşısına yaxınlaşan zaman mopedin yerində olmadığını görmüş, əvvəl dostlarının onunla zarafat etdiklərini ehtimal etdiyi üçün axtarmağa başlamış, lakin tapa bilmədiyinə görə naməlum şəxs tərəfindən oğurlandığını müəyyən edib DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, hadisə nəticəsində 1200 manat maddi ziyan dəyməsini, hadisəni törətmiş şəxsi tanımamasını və əvvəllər görməməsini bildirmişdir. O, əlavə ifadəsində, ilkin ifadəsində “Tufan M50” markalı mopedin oğurlanması nəticəsində 1200 manat maddi ziyan dəyməsini bildirməsi, lakin iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/7196 nömrəli rəyində “Tufan M50” markalı mopedin dəyərinin 600 manat hesablanması barədə suala cavab olaraq, ekspertizanın rəyində qeyd olunmuş 600 manat ilə razı olmamasını, həmin mopedi yeni almasını, heç bir zədəsinin olmamasını və ona dəymiş maddi ziyanın 1200 manat olmasını bildirərək həmin məbləğin əsas götürülməsini xahiş etmişdir. Məhkəmə iclaslarına gəlmədiyindən barəsində məcburi gətirilmə haqqında qərar çıxarılmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Zərərçəkmiş şəxs2 istintaqda verdiyi və məhkəmə baxışında elan edilmiş ifadəsində göstərmişdir ki, o, valideynləri ilə birlikdə yaşayır. Təxminən 1 ay əvvəl 2022-ci il buraxılışlı “MİNSK D4 50” markalı mopedi kreditlə 1500 manata almışdır. O, “Wolt” şirkəti üzrə “Neftçilər” metrostansiyası ərazisində kuryer işləyir və hər gün gecə evə qayıdanda mopedi yaşadığı binanın qarşısında açıq vəziyyətdə saxlayır. 21 avqust 2024-cü il tarixdə saat 10 radələrində işə getmək məqsədi ilə yaşadığı evdən bayıra çıxan zaman mopedin yerində olmadığını aşkar etmiş və əvvəlcə tanışlarının onunla zarafat etdiklərini ehtimal etdiyi üçün soraqlaşmış, lakin tapa bilmədiyinə görə yaşadığı binanın birinci mərtəbəsində yerləşən “AL” marketin müşahidə kameralarına baxan zaman tanımadığı bir nəfər şəxsin 21 avqust 2024-cü il tarixdə saat 03:30 radələrində mopedi oğurladığını müəyyən etmiş və dərhal DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, sonra 24-cü Polis Şöbəsinə gedərək şikayət ərizəsi ilə müraciət etmişdir. 22 avqust 2024-cü il tarixdə günorta saatlarında polis əməkdaşları ona zəng edərək hadisəni törədən şəxsi saxladıqlarını və mopedi 24-cü Polis Şöbəsinə apardıqlarını bildirmişdir. O, baş vermiş oğurluq hadisəsi nəticəsində mopedə heç bir maddi ziyanın dəyməməsinə görə heç bir mülki iddia və başqa tələbinin olmamasını, hadisə nəticəsində ona 1500 manat maddi ziyanın dəyməsini, hadisəni törətmiş şəxsi tanımamasını və əvvəllər görməməsini bildirmişdir. Zərərçəkmiş şəxs2 istintaq zamanı ərizə ilə müraciət edərək, ona məxsus mopedə heç bir ziyan dəymədiyini, mülki iddiası və tələbinin olmadığını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə xx.xx.2024-cü il tarixdə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-234/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-935/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-234/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmış, həbsdə saxlama yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/7196 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mopedlərin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1.800 manat müəyyən edilir: 2021-ci il buraxılışlı, 49 m3 həcm mühərrikli “TUFAN M50” markalı moped - 600,00 manat; 2022-ci il buraxılışlı, 49 m3 həcm mühərrikli “MİNSK D4 50” markalı moped - 1200,00 manat. 2021-ci il buraxılışlı 49 m3 həcm mühərrikli “TUFAN M50” markalı mopedin və 2022-ci il buraxılışlı 49 m3 həcm mühərrikli “MİNSK D4 50” markalı mopedin yenisinin qiymətinə dair məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 X2 Məhkəmə Psixiatrik Ekspertizasının kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3072 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda isterik tipli şəxsiyyət pozuntusu kompensasiya vəziyyətində qeyd olunur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, hazırki psixi vəziyyətinə görə bu iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, fərdi-psixi xüsusiyyətlərində eqosentrizm, nümayişkaranəlik, diqqət mərkəzində olmağa can atmaq, yalan danışmağa meyillilik, emosional qeyri-sabitlik aşkar olunur, başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar olunmur. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir, cinayəti törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır, məlum cinayət əməlini törədən zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. - maddi sübut qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə “TUFAN M50” markalı moped maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs1 qaytarılmış, cinayət işi üzrə “MİNSK D4 50” markalı moped maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs2 qaytarılmış, Təqsirləndirilən şəxs törətdiyi oğurluq hadisəsinin görüntülərinin qeydə alındığı 1 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, oğurlanmış mopedlər zərərçəkmiş şəxslərə təhvil verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...18.Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus əmlakı gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslərin şikayətinin olmamasını, dəymiş ziyanın ödənilməsini, ikinci qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan “TUFAN M50” markalı moped Zərərçəkmiş şəxs1 və “MİNSK D4 50” markalı moped Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 33 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 198 (bir yüz doxsan səkkiz) manat (33x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan “TUFAN M50” markalı moped Zərərçəkmiş şəxs1 və “MİNSK D4 50” markalı moped Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 33 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 198 (bir yüz doxsan səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-75/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-75/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver