Məhkəmə qərarları › İş №1(007)-76/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-76/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-76/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1966-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 30 saylı evin 39 saylı mənzilində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1 və 304.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 0,323 qram kustar üsulla hazırlamış narkotik vasitə heroin əldə edib daşımaqla, yaşadığı ünvan 1 ünvanında saxlamış və xx xxx 2020-ci il tarixdə, saat 17:40 radələrində Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin mənzildə aparılan axtarış zamanı yataq otağında dolabın içərisindəki dəmir qabdan 2 ədəd siqaret kağızı bükümündə, ayrı-ayrılıqda 0,214 qram və 0,109 qram, ümumilikdə isə 0,323 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd bükümdə şəxsi istehlak miqdarından az, ayrı-ayrılıqda çəkiləri 0,015 qram və 0,134 qram, ümumilikdə isə təmiz çəkisi 0,149 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, içərisində narkotik vasitə heroinin izləri olan bir ədəd şpris və istifadə olunmamış iki ədəd şpris aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs, xx xxxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən 10 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda 0,422 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alıb əldə edərək üzərində saxlamış, daşımış və xx xxxxxxx 2020-ci il tarixdə, saat 17:45 radələrində ünvan 2 ünvanının qarşısında Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 5ci polis bölüyünün əməkdaşları tərəfindən şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə saxlanılıb ünvan 3 73 ünvanda yerləşən Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gətirilərək orada üzərinə keçirilən baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qızılı rəngli kağıza bükülmüş 0,422 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Nizami RPİ-nin İstintaq Şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə xx xxxxxx 2020-ci il tarixdə, saat 18:20 radələrində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Nizami RPİ-nin MSY-nin əməkdaşları tərəfindən mühafizə olunarkən cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə ünvan 4 ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasındakı məhkəmə iclas zalında quraşdırılmış şüşə izolyatorun qapısından məhkəmə iclas zalına, oradan isə dəhlizə keçməklə məhkəmənin inzibati binasını tərk edərək mühafizə altından qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 304.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, təxminən 5-6 il olar ki, narkotik vasitə aludəçisidir, narkotik vasitə heroini və metamfetamin növlərindən əsasən istifadə edir. 2011-ci ildə Nizami Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Lakin cəzadan azad olunduqdan sonra o, yenə də narkotik vasitələrdən istifadə etmişdir. Ülvi Əliyevi təxminən 2 il olar ki, tanımışdır. Ülvi ilə təsadüf nəticəsində tanış olmuş, sonuncunun narkotik vasitə istifadəçisi olub-olmamasını bilməmiş, Ülvi onun evinə gedib-gəlmiş, o, heç zaman Ülvi ilə narkotik vasitə istifadə etməmiş və Ülvi Əliyev də onun narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. O, narkotik vasitəni şəxsi istifadəsi üçün müxtəlif vaxtlarda, müxtəlif yerlərdə və müxtəlif şəxslərdən almışdır. Onun istifadəsində 050- ***-**-** nömrəli, Ülvinin istifadəsində isə ***-***-**-** nömrəli telefonlar olmuş, Ülviyə heç zaman narkotik vasitə satmamış, xx xxx 2020-ci il tarixdə təxminən saat 17:40 radələrində o, yaşadığı evdə olan zaman mənzilin qapısı döyülmüş, qapını açdıqda polis əməkdaşları özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmişlər. O, polis əməkdaşlarına özünü təqdim etdikdən sonra, polis əməkdaşları ona narkotik vasitələri əldə etməsi, saxlaması barədə məlumat daxil olmasını bildirərək ondan evində axtarış və götürmə aparılmasına icazə istəmişlər. Polis əməkdaşları ilə razılaşaraq evində axtarış aparılması barədə razılıq ərizəsi vermiş və bundan sonra polis əməkdaşları onun iştirakı ilə mənzildə axtarış aparmağa başlamışlar. Axtarış aparan zaman mənzilin otağında dolabda olan dəmir qabdan 4 ədəd bükümdə, ikisi heroin, 2-i isə metamfetamin olan bükümlər aşkar edilmişdir. Daha sonra isə otaqda olan masa üzərində 1 ədəd açıq vəziyyətdə və 2 ədəd qablaşdırılmış vəziyyətdə 1 ml-lik şprislər aşkar edilmişdir. O, polis əməkdaşlarına həmin bükümlərdən ikisində narkotik vasitə olan heroin, 2-də isə metamfetamin olmasını bildirmişdir. Şprisləri isə özü narkotik vasitələrin istifadəsində istifadə etdiyini bildirmişdir. Bundan sonra mənzildə bir ədəd qara rəngli çanta aşkar edilmiş və polis əməkdaşları ondan həmin çantanın kimə məxsus olmasını soruşduqda, o, polis əməkdaşlarına çantanın tanışı olan Ülvi Əliyevə məxsus olmasını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən aşkar edilmiş bükümlər və şprislər ayrı-ayrı qablaşdırılmış, o, zərflərin üzərlərini imzası ilə təsdiq etmişdir. Bundan sonra Nizami RPİ-nin 24-cü PŞ-nə gəlmiş və orada protokol tərtib edildikdə, o, da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün almış və yaşadığı mənzildə saxlamışdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/884 saylı rəyi ilə tanış olmuş, lakin heç zaman Ülvi Əliyevə narkotik vasitə satmamış, ekspertin rəyində nə səbəbə belə qeyd edilməsini bilməmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında adını bilmədiyi bir şəxsə 10 manat verərək həmin şəxsdən şəxsi istifadə üçün heroin narkotik vasitə almış və xx.xx.2020-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanın qarşısında yerləşən parkda gəzdiyi zaman qarşıda polis əməkdaşlarının onun istiqamətində gəldiklərini görüb onların üzərində olan dünən aldığı narkotik vasitə barədə məlumatların olduğunu düşünüb qaçmağa başlamış, lakin polis əməkdaşları tərəfindən saxlanılarkən Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş və həmin şöbədə polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən üzərində qanunsuz olan hər hansı bir əşyanın və ya maddənin olub olmaması barədə soruşulduqda əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəxsi istifadəsi üçün aldığı narkotik vasitə olan heroini çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. xx.xx.2020-ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılması üçün Bakı şəhəri, Nizami RPİ-nin MSY-nin polis nəfəri Tural Xanəliyevin müşaiyəti ilə xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində “Mercedes” markalı polis avtomobilində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasına aparılmış, məhkəmənin qaraj hissəsinə avtomobil ilə daxil olduqdan sonra Nizami RPİ-nin MSY-nin əməkdaşı Şahid7 onun əl-qolunu qandal ilə bağlı olmaqla avtomobildən çıxararaq məhkəmənin 2 nömrəli iclas zalına gətirmiş, məhkəməiclas zalında əlindən qandalları açıb onu şüşə izolyatoruna yerləşdirdikdən sonra Tural həmin izolyatorun qaraja açılan qapısının kilidini açar ilə bağlamış və bundan sonra iclas başlamışdır. Məhkəmə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etmiş, həmin qərar ona elan edilmiş və bununla da proses bitmişdir. Polis əməkdaşı Şahid7 onu məhkəmə iclas zalından çıxarmış, o da sonuncuya halının pis olduğunu bildirmiş, Tural da ona məhkəmə-iclas zalının qapısının qarşısında olan stula əyləşməyi təklif etmiş və bir neçə dəqiqə söhbət etmişdir. Həmin zaman məhkəmənin 2 nömrəli zalında proses olnuş, həmin zaldan səs-küy səsləri Şahid7 diqqətini cəlb etmiş, ona görə Tural təxminən bir dəqiqə ərzində həmin iclas zalının qapısını açıb iş yoldaşından nə olduğunu soruşduqda Şahid7 diqqətini başqa yerdə olduğundan istifadə edərək cinayət məsuliyyətindən yayınmaq üçün 1 nömrəli məhkəmə-iclas zalının şüşə izolyatorun qapısını açıq vəziyyətdə olduğunu görmüş və həmin izolyatordan məhkəmə-iclas zalına, oradan isə məhkəmənin inzibati binasının dəhlizinə, oradan da məhkəmənin inzibati binasını tərk edib məhkəmənin yaxınlığında yerləşən avtoyuma məntəqəsinin yaxınlığında olan taksiyə minərək yaşadığı ünvanı, yəni ünvan 6 39 nömrəli mənzilə gələrək mühafizə altından qaçmışdır. Həmin gün, axşam saat 21 radələrində polis əməkdaşları yaşadığı mənzilə gəlmiş, onu saxlayaraq MSY-yə təhvil vermişlər. Tutularkən, MSY-yə gətirildiyi zaman və sonradan heç bir polis əməkdaşı tərəfindən heç bir zorakılığa məruz qalmamışdır. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 304.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, əvvəllər sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs adlı şəxsi tanımamışdır. xx xxx 2020-ci il tarixdə şöbəyə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-da narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat Nizami RPİ-nin 24-cü PŞ-nin rəhbərliyinə raportla məruzə olunaraq əməliyyat tədbirləri keçirilməsinə dair razılıq əldə edildikdən sonra, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar əsasında, əməliyyat qrupu üzvlərinin tərkibi müəyyən edilmiş və həmin gün əməliyyat qrupunun üzvləri ilə birlikdə saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 30 saylı evin 39 saylı mənzilinə gedərək videoçəkilişlə mənzilin qapısını döymüş, mənzilin qapısını açan şəxsə özlərini təqdim edərək Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları olduqlarını bildirib həmin şəxsə özünü təqdim etməsi təklif olunmuş, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, sonra, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı bildirdikdən sonra evində baxış keçirilməsi təklif olunduqda, sonuncu heç bir etiraz etməyərək yaşadığı mənzildə baxış keçirilməsinə icazə verilməsi barədə ərizə yazdıqdan sonra, mənzilə keçirilmiş baxış zamanı mənzilin giriş qapısı ilə paralel otaqda olan dolabda qoyulmuş bir ədəd dəmir qabın içərisində iki ədəd siqaretin qara rəngli kağızına bükülmüş halda içərisində qəhvəyi rəngli toz halında spesifik iyə malik maddə, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda və bir ədəd ağ rəngli şəffaf sellofana bükülmüş halda kristal halında maddə olan ümumilikdə 4 büküm, həmin otaqda olan masanın üzərindən l ədəd açıq və 2 ədəd zavod üsulu ilə qablaşdırılmış vəziyyətdə olan şprislər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərdəkinin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olmalarını, həmin narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə edərək saxlamasını bildirmişdir. Bundan sonra evə baxış zamanı bir ədəd əl çantası müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin çantanın tanışı olan Ülvi Əliyevə məxsus olmasını bildirmişdir. Çantanın içərisinə baxış keçirilən zaman heç bir qanunsuz əşya müəyyən edilməmişdir. Bundan sonra aşkar olunmuş bükümlər və şprislər ayrı-ayrılıqda qablaşdırılmaqla bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin MSY-nin polis nəfəri, polis serjantı X2 ifadəsində bildirdi ki, o, 2005-ci ilin may ayından DİO-da, 2014-cü ilin yanvar ayından tutduğu vəzifədə çalışır, Bakı şəhəri, Nizami RPİ-nin MSY-nin polis nəfəri kimi onun postaçı vəzifəsi vardır, postaçı kimi o, MSY-da yerləşən kameralar vasitəsi ilə tutulmuş və ya həbs edilmiş şəxslərə nəzarət elmək, onları lazimi əşyalarla təmin edilməsinə nəzarət etmək, rəisin göstərişlərini yerinə yetirmək kimi vəzifələri daşımışdır. Müharibə və “COVİD-19” pandemiyası ilə əlaqədar postaçı vəzifəsindən başqa, MSY-nin rəisinin göstərişinə əsasən konvoyda, yəni həbs edilmiş şəxslərin məhkəməyə, istintaq orqanlarına aparılmasını təmin edilməsi, istintaq və digər hərəkətlərində müşaiyət etməkdə iştirak etmişdir. Təqsirləndirilən şəxs qabaqcadan tanımamış, həmin şəxs xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən MSY-nə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində iş yoldaşı Bakı şəhəri, Nizami RPİ-nin MSY-nin polis nəfəri, sürücü Şahid8 ilə birlikdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılması üçün MSY-nin balansında olan “Mercedes” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aparmışdır. Məhkəmənin qaraj hissəsinə avtomobil ilə daxil olduqdan sonra dustağın əl-qolu qandal ilə bağlı olmaqla avtomobildən çıxardaraq məhkəmənin 2 nömrəli iclas zalına gətirmiş, məhkəməiclas zalında Təqsirləndirilən şəxs əlindən qandalları açıb sonuncunu şüşə izolyatoruna yerləşdirdikdən sonra həmin izolyatorun qaraja açılan qapısının kilidini açar ilə bağlamış və bundan sonra iclas başlamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirini seçilməsi barəsində qərar qəbul etmiş və bununla da proses bitmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından çıxarıb, sonuncu da ona halı pis olduğunu bildirmiş, o da Namiqə məhkəmə-iclas zalının qarşısında olan stula əyləşmək təklif edib bir neçə dəqiqə söhbət eləmişdir. Həmin vaxt çıxdığı məhkəmə-iclas zalında digər proses olmuş, həmin zaldan səs-küy səsləri onun diqqətini cəlb etmiş, ona görə təxminən bir dəqiqə ərzində həmin iclas zalının qapısını açıb iş yoldaşı Elməddin Hacıyevdən nə olduğunu soruşmuş, orada səs-küy salan şəxsə iradını bildirib iclas zalının qapısını bağlayıb geriyə baxdıqda Təqsirləndirilən şəxs yerində olmadığını görmüşdür. Qarajdakı sanitar qovşağında və qarajın digər yerlərinə də baxmış, lakin sonuncunu tapa bilməmişdir. Həmin zaman Təqsirləndirilən şəxs məhkəmənin inzibati binasından qaçdığını dərk etmişdir. Məhkəmənin giriş qapısında olan mühafizə polisinə Təqsirləndirilən şəxs xarici əlamətlərini bildirib barəsində soruşduqa ona həmin şəxsin 1-2 dəqiqə qabaq məhkəmənin giriş qapısından çıxdığını bildirmişdilər. Həmin qapıdan çıxdıqda Təqsirləndirilən şəxs məhkəmənin çöl hissəsində hasarın qırağı ilə Ş.Mirzəyev küçəsi istiqamətində piyada getdiyini görərək qaçaraq onun dalınca düşmüş, lakin məsafə uzaq olduğundan sonuncuya çata bilməmiş, Təqsirləndirilən şəxs nömrəsi və markasını görə bilmədiyi taksiyə daxil olaraq naməlum istiqamətdə yayındığını görmüşdür. Bundan sonra məhkəməyə qayıdaraq iş yoldaşları Şahid8 və Elməddin Hacıyevə bu barədə məlumat vermiş və bundan sonra MSY-nın rəisinə Təqsirləndirilən şəxs qaçması barədə məlumat vermişdir. MSY-nin rəisi gələrkən dustağın qaçması barədə təfərrüatlarını soruşaraq bu barədə Nizami RPİ-nin rəisinə məlumat vermişdir. Bundan sonra MSY-nin əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 30 nömrəli binanın qarşısına gedib Təqsirləndirilən şəxs soraqlamağa başlamışlar. Həmin vaxt yaşadığı mənzilin pəncərəsindən Təqsirləndirilən şəxs həmin ünvanda olduğunu görüb ünvana gedərək qapını döymüş, Təqsirləndirilən şəxs qapını açdıqdan sonra sonuncunu yenidən müşayiət altında MSY-nə saat 21:10-da qaytarmışdır. Şahid qismində dindirilmiş Şahid8 məhkəmə iclasında şahid T.H.Xanəliyevlə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon mühafizə idarəsinin polis nəfəri, polis baş serjantı Şahid4 ifadəsində göstərmişdir ki, 2010-cu ilin oktyabr ayından DİO-da, 2018-ci ildən Nizami rayon mühafizə idarəsinin polis nəfəri vəzifəsində işləmiş, gündəlik daxili iş bölgüsü əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasına təhkim edilmiş, məhkəmənin inzibati binasının mühafizəsini təmin etmək, binaya daxil olan vətəndaşların üzərinə baxış keçirmək, qeydiyyatını aparmaq və digər vəzifələri vardır. Həmçinin məhkəmə sədrinin göstərişi ilə məhkəmə-iclas zallarının, habelə həmin zallarda quraşdırılmış şüşə izolyatorların qapılarının örtülü olmasına nəzarət etmək, kənar şəxslərin həmin yerlərə daxil olmasının qarşısını almaq vəzifəsi vardır. İnzibati binanın quruluşuna əsasən barəsində həbs qətimkan tədbiri seçilməsi və ya uzadılması məsələsinə baxılmalı olan şəxslər Nizami RPİnin müvəqqəti saxlama yerinin polis əməkdaşları və Penitensiar Xidmətin əməkdaşlarının mühafizəsi və müşaiyəti ilə konvoy avtomobili ilə məhkəmənin qarajına daxil olurlar. Qarajdan 1 və 2 nömrəli məhkəmə iclas zallarında quraşdırılmış şüşə izolyatorlara açılan qapılar yerləşir. Həmçinin şüşə izolyatorların ikinci qapısı bilavasitə məhkəmə-iclas zalına açılır. Bütün qapıların açarı xidmət vaxtı ərzində polis postunda saxlanılır. Nizami RPİ-nin müvəqqəti saxlama yerinin polis əməkdaşları və Penitensiar Xidmətin əməkdaşları barəsində həbs qətimkan tədbiri seçilməsi və ya uzadılması məsələsinə baxılmalı olan şəxsləri gətirdikdə şüşə izolyatorların hər iki qapılarının açarları olan açar toplularının mühafizə postundan götürülürlər və prosesdən sonra yenidən posta təhvil verirlər. Təqsirləndirilən şəxs tanımamış, xx.xx.2020-ci il tarixdə iş yoldaşı Şahid9 ilə xidmətdə olarkən saat 17 radələrində Nizami RPİ-nin müvəqqəti saxlama yerinin polis nəfəri Tural Xanəliyev postdan açarları təhvil alıb sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin barəsində 2 nömrəli zalda məhkəmə prosesi olacağını bildirmişdir. Saat 18 radələrində adını sonradan bildiyi Təqsirləndirilən şəxs əllərində qandal olmamaqla məhkəmənin inzibati binasının əsas girişindən ona heç bir məlumat vermədən çıxaraq getmişdir. Bir-iki dəqiqə sonra Şahid7 ona yaxınlaşıb həmin şəxsin xarici əlamətlərini təsvir etməklə hara getdiyini soruşmuş, həmin vaxt ona aydın olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs olmuş, onun barəsində həbs qətimkan tədbiri seçildikdən sonra məhkəmənin inzibati binasından mühafizə altından qaçmışdır. Şahid qismində dindirilmiş Şahid9 məhkəmə iclasında Şahid4 ifadəsini ilə oxşar məzmunlu ifadə verdi. İş materiallarında olan “axtarış və götürmə haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığına əsasən sonuncunun yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 30 saylı evin 39 saylı mənzilində axtarış aparılan zaman mənzilin giriş qapısı ilə paralel otaqda olan dolabda qoyulmuş bir ədəd dəmir qabın içərisində iki ədəd siqaretin qara rəngli kağızına bükülmüş halda içərisində qəhvəyi rəngli, toz halında spesifik iyə malik maddə, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda və bir ədəd ağ rəngli şəffaf sellofana bükülmüş halda kristal halında maddə olan ümumilikdə 4 büküm, həmin otaqda olan masanın üzərindən 1 ədəd açıq və 2 ədəd zavod üsulu ilə qablaşdırılmış vəziyyətdə olan şprislər aşkar edilərək götürülmüşdür. İş materiallarında olan “baxış və götürmə aparılması haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 17:00-da DİN-in ƏÇPA-nın 5-ci PB-nün əməkdaşları tərəfindən ünvan 2 ünvanından şübhəli şəxs qismində 1 nəfər vətəndaş saxlanılaraq Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmişdir. PŞ-də şəxsiyyəti müəyyənləşdirilən Təqsirləndirilən şəxs üzərinə baxış keçirən zaman ona təklif edilmişdir ki, üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə təqdim etsin. Həmin vaxt, Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən, könüllü olaraq əynində olm geyim əşyalarına baxışın keçirilməsi üçün şərait yaratmış və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş, içərisində qəhvəyi rəngli olan spesifik iyə malik olan maddə heroin kimi tanıdığı narkotik vasitəni təqdim edərək, həmin narkotik vasitini və xx.xx.2020-ci il tarixdə “Neftçilər” metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun üzərindən bir ədəd alışqan və bir komplekt açar aşkar edildi. Sübut əhəmiyyəti kəsb etmədiyi üçün alışqan və açar komplekti Təqsirləndirilən şəxs qaytarılmışdır. İçərisində narkotik vasitəyə bənzər maddə olan 01 ədəd qızılı rərgli kağız, qablaşdırılıb MHM-nə göndərilməsi üçün Nizami RPİ-nin 24-cü PŞ-nin 164 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/885 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş maddələr ... “ yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,214 qram tünd qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi, 01 ədəd bükümdə təmiz çəkisi 0,109 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi, ümumilikdə 0,323 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,015 qram və 0,134 qram, ümumi təmiz çəkisi 0,149 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 ədəd bükümdəki heroin kütləsi xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə öz aralarında fərqlidirlər. 02 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında uyğunluq təşkil edirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına (Siyahı 1), metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına (Siyahı 1) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/884 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «X4 üzərindən aşkar edilmiş maddə... » əl yazıları olan zərfdəki (№1) 01 ədəd bükümdə təmiz çəkisi 0,101 qram tünd qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,619 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; bu zərfdəki heroin kütləsi ilə 2 №-li zərfdəki təmiz çəkisi 0,174 qram olan heroin kütləsi (Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş) xarici əlamətlərinə və kimyəvi tərkib əlamətlərinə əsasən öz aralarında uyğunluq təşkil edirlər. Heroin və tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/892 saylı rəyindən görünür ki, «Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş...» yazısı olan zərfdəki l (bir) ədəd 1 mllik şprisin içərisində narkotik vasitə olan heroinin izləri vardır. Həmin zərfdə olan tamlığı pozulmamış zavod üsulu ilə qablaşdırılmış kağız qablaşdırmadakı 2(iki) ədəd 2 ml-lik şprislər istifadə edilməmişdir və onlar üzərində tədqiqat aparılmamışdır. Təqdim edilmiş l (bir) ədəd 1 ml-lik şprisin içərisindəki narkotik vasitə heroin iz şəklində olduğu üçün, təqdim edilmiş vət. X3 (xx xxx 2020-ci il tarixli 6/884 saylı ekspert rəyi) və Təqsirləndirilən şəxs oğunlan (xx xxx 2020-ci il tarixli 6/885 saylı ekspert rəyi) götürülmüş heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/1745 saylı rəyindən görünür ki, xx xxx 2020-ci il tarixli 6/885 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək götürülmüş 02 ədəd bükümdəki heroin kütlələri xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə öz aralarında fərqlidirlər, 02 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında uyğunluq təşkil edirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 6/2342 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə» yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,422 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in İ siyahısına daxildir. İş materiallarında olan «videogörüntüyə baxış keçirilməsi haqqında» xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığına əsasən sonuncunun yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 30 saylı evin 39 saylı mənzilinə baxış keçirilən zaman mənzilin giriş qapısı ilə paralel otaqda olan dolabda qoyulmuş bir ədəd dəmir qabın içərisində iki ədəd siqaretin qara rəngli kağızına bükülmüş halda içərisində qəhvəyi rəngli toz halında spesifik iyə malik maddə, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda və bir ədəd ağ rəngli şəffaf sellofana bükülmüş halda kristal halında maddə olan ümumilikdə 4 büküm, həmin otaqda olan masanın üzərindən 1 ədəd açıq və 2 ədəd zavod üsulu ilə qablaşdırılmış vəziyyətdə olan şprislər aşkar aşkar edilərək götürülmüşdür, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 2011 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə ediliməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olunan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan videogörııntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, məhkəmənin inzibati binasının ikinci zalında quraşdırılmış kameranın video görüntülərinə baxış keçirilərkən xx.xx.2020-ci il tarixdə saat l7:43-də Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılmasına dair məhkəmə prosesi başlanması müəyyən edilmişdir. Məhkəmənin inzibati binasının qaraj hissəsinin quraşdırılmış kameranın videogörüntülərinə baxış keçirilərkən saat 18:21:47-də Təqsirləndirilən şəxs müşayiəti altında olduğu Bakı şəhəri, Nizami RPİ-nin MSY-nin polis nəfəri, postaçı, polis serjantı Şahid7 diqqəti məhkəmənin 2-ci zalında gedən prosessə cəlb edildiyindən istifadə edərək məhkəmənin qaraj hissəsindən 1-ci məhkəmə-iclas zalının şüşə izolyatoruna daxil olması müəyyən edilmişdir. Məhkəmənin inzibati binasının birinci zalında quraşdırılmış kameranın videogörüntülərinə baxış keçirilərkən saat 18:21:47-də Təqsirləndirilən şəxs məhkəmənin qaraj hissəsindən 1-ci məhkəmə-iclas zalının şüşə izolyatoruna daxil olması, izolyatorun açıq qapısından boş olan məhkəmə-iclas zalına daxil olaraq məhkəmə-iclas zalının qapısını açaraq həmin zalı tərk etməsi müəyyən edilmişdir. Məhkəmənin inzibati binasının dəhlizində quraşdırılmış kameranın videogörüntülərinə baxış keçirilərkən saat 18:22:07-də Təqsirləndirilən şəxs dəhlizdə məhkəmənin inzibati binasının çıxışı istiqamətində getdiyi müəyyən edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs yaşadığı ünvandan və üzərindən aşkar edilərək götürülmüş 0,323 qram narkotik vasitə heroin, 0,149 qram psixotrop maddə metamfetamin, 0,422 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıq çəkisi 0,243 qram və 0,372 qram narkotik maddə heroin və 0,089 qram psixotrop maddə metamfetamin, 01 ədəd şpris və 4 ədəd CD disk maddi sübut kimi tanınmışdır. Tədqiqatdan sonrakı 0,243 və 0,372 qram narkotik vasitə heroin və 0,089 qram psixotrop maddə metamfetamin və 01 ədəd şpris Nizami RPİ-nin maddi sübutlar otağında saxlanılmaqla, 4 ədəd CD disk cinayət işinə əlavə edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 304.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə münasibətdə cinayətin təkrar törədilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1, 68.1 və 68.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2015-ci il tarixdə cəzasının sonu ilə təyin edilmiş cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 304.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalardan birinin təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 304.1 və 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsi tətbiq edilməklə, həmin cəzalar qismən toplanmalı və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli və xx xxxxxx 2020-ci il tarixli qərarlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 ay müddətinə uzadılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakiminin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmaqla, iş məhkəmə baxışına təyin edilmişdir. Bundan əlavə, iş materiallarında olan xx xxx 2020-ci il tarixli tutma protokolundan, vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan, xalis çəkiləri 0.323 qram və 0,422 qram olan narkotik vasitə - heroin, xalis çəkisi 0,149 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd şpris məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 04 ədəd “CD” disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 866 (səkkiz yüz altmış altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 304.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 304.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 304.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə isə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 866 (səkkiz yüz altmış altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan, xalis çəkiləri 0.323 qram və 0,422 qram olan narkotik vasitə heroin, xalis çəkisi 0,149 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd şpris məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 04 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar