Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-76/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, onun nümayəndəsi (bacısı) X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1995-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Aralıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, bir uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Yuxarı Aralıq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi ev 45, mənzil 89-da yaşayan, 18 sentyabr 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına agır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 14 iyun 2023-cü il tarixdə saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi “Ravon Nexia R3” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi ilə 30 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda yolun hərəkət hissəsinin sağ kənarı ilə piyadanın onunla eyni istiqamətdə hərəkətdə olmasını nəzərə almalı və həmin piyadadan təhlükəsiz yan məsafə seçərək hərəkətini davam etdirməli olduğu halda bu tələbləri pozub yolun hərəkət hissəsinin sağ kənarı ilə onunla eyni istiqamətdə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurub yerə yıxaraq sonuncunun sağ baldırın hər iki sümüyünün aşığı 1/3-nin açıq qəlpəli yerdəyişən sınığı ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa agır zərər vurmaya aid edilən bədən xəsarətləri almasına səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilmiş, hazırda Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin onunla barışdığını, ona qarşı heç bir tələb, şikayət və iddiası olmadığını göstərmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmiş, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs məhkəmənin ilkin iclasında iştirak edərək ifadə vermiş, növbəti iclaslarda nümayəndəsi ilə təmsil olunmuşdur, 17 aprel 2024-cü il tarixdə onun adından məhkəməyə təqdim edilən ərizə ilə müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam olaraq ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını göstərmiş, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi X3 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını nəzərə alaraq, cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 21 iyun 2023-cü il tarixli 587 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər - sağ baldırın hər iki sümüyünün aşağı 1/3-nin açıq qəlpəli yerdəyişən sınığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna olunmur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2023-cü il tarixli 8/2017 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən verilən məlumatlara əsasən “Ravon Nexia R3” markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 02 oktyabr 2023cü il tarixli 3-13-13/2-133714/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. - 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib və proses iştirakçılarını dinləyərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, belə olan halda Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə uyğun olaraq onun cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yaranmışdır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə qeyd edir ki, işə baxılarkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş digər məsələləri həll edərək qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Məhkəmə məsrəfi olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 50 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-76/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-76/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver