Məhkəmə qərarları › İş №1(007)-76/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-76/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-76/2025 22.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx xxxxxxxx 1987-ci ildə Ermənistan Respublikası Yexeqnadzor (Keşişkənd) rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 may 2024-cü il tarixdə işlədiyi Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən “Alov” restoranında olarkən iş yoldaşı X1 özünə məxsus “Samsung'” markalı mobil telefonunda yaranmış nasazlığı aradan qaldırmaq üçün “1974” saylı giriş kodunu yazaraq telefonun ekranını açıb ona verməklə telefonda nasazlığa səbəb olmuş artıq yüklənmiş şəkilləri silərək telefonu Naibə Həsənovaya geri qaytardıqdan sonra o həmin gün saat 14:46 radələrində qeyd edilən restoranda Naibə Həsənova tərəfindən masa üzərinə qoyulmuş telefonu götürüb kodu daxil edərək “Leobank” mobil tətbiqinin yadda saxladığı giriş kodunu yazıb mobil tətbiqə daxil olub Naibə Həsənovanın adına olmaqla övladı Zərərçəkmiş şəxs2 istifadəsində olmuş “Leobank” tərəfindən verilmiş 4098-5844-6564-7871 nömrəli plastik kart hesabından sonuncuya məxsus 510 manat məbləğində pul vəsaitini özünün istifadəsində olmaqla onun cinayətkar niyyətindən xəbərsiz olan arvadı Şahid1 adına olan 4098-5844-9269- 5125 nömrəli kart hesabına köçürərək elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs2 510 manat məbləğində pul vəsaitini gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 may 2024-cü il tarixdə işlədiyi Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən “Alov” restoranında olarkən saat 12:22 radələrində masa üzərinə qoyulmuş, iş yoldaşı X2 məxsus “Samsung” markalı mobil telefonu götürüb telefonda olan “Leobank” mobil tətbiqinin əvvəlcədən bildiyi “1974” saylı giriş kodunu yazıb mobil tətbiqə daxil olaraq Naibə Həsənovanın adına olmaqla övladı Zərərçəkmiş şəxs2 istifadəsində olmuş “Leobank” tərəfindən verilmiş 4098-5844-6564- 7871 nömrəli plastik kart hesabından sonuncuya məxsus 204 manat məbləğində pul vəsaitini özünün istifadəsində olmaqla onun cinayətkar niyyətindən xəbərsiz olan arvadı Şahid1 adına olan 4098-5844-9269-5125 nömrəli kart hesabına köçürərək elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs2 204 manat məbləğində pul vəsaitini gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 24 may 2024-cü il tarixdə işlədiyi Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən “Alov” restoranında olarkən saat 09:17 radələrində masa üzərinə qoyulmuş, iş yoldaşı X2 məxsus “Samsung” markalı mobil telefonu götürüb telefonda olan “Leobank” mobil tətbiqinin əvvəlcədən bildiyi “1974” saylı giriş kodunu yazıb mobil tətbiqə daxil olaraq Naibə Həsənovanın adına olmaqla övladı Zərərçəkmiş şəxs2 istifadəsində olmuş “Leobank” tərəfindən verilmiş 4098-5844-6564- 7871 nömrəli plastik kart hesabından sonuncuya məxsus 600 manat məbləğində pul vəsaitini özünün istifadəsində olmaqla onun cinayətkar niyyətindən xəbərsiz olan arvadı Şahid1 adına olan 4098-5844-9269-5125 nömrəli kart hesabına köçürərək elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs2 600 manat məbləğində pul vəsaitini gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 iyul 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Sevinc” kinoteatrının qarşısında Zərərçəkmiş şəxs1 ilə görüşüb onu “Emiland” oteldə aşpaz kimi işə düzəldəcəyinə dair yalan vəd verib zəhmət haqqı kimi Zərərçəkmiş şəxs1 tərəfindən 20 manat pul vəsaitinin köçürüldüyü hesabı öyrənmək istəyini bildirərək mobil bank tətbiqinə daxil olub baxmaq üçün xahiş edərək sonuncudan istifadəsində olan mobil telefonu almaqla həmin gün saat 11 radələrində cəmi 670 manat pul vəsaitini Zərərçəkmiş şəxs1 "xxxx"a aid 5239-xx-xx-3710-9341 nömrəli kart hesabından özünün istifadəsində olmaqla onun cinayətkar niyyətindən xəbərsiz olan arvadı Şahid1 adına olan “Leobank”a aid 5411-2498-0709-7485 nömrəli kart hesabına köçürərək elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs1 670 manat məbləğində pul vəsaitini gizli olaraq talayıb oğurluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, “Alov” restoranında fırınçı kimi işlədiyi vaxt 22 may 2024-cü il tarixdə işdə olarkən iş yoldaşı aşpaz kimi fəaliyyət göstərən Naibə xanım telefonundan şikayət edərək tez-tez donduğunu bildirərək ondan kömək istəmişdir. Naibə xanım telefonun parolunu yazanda o, parolu görmüşdür. Naibə xanım parolu yazdıqdan sonra telefonu ona vermişdir. Telefonda bank tətbiqlərini görüb onlardan biri olan “Leobank”ın tətbiq proqramına daxil olmuşdur. Kartın hesabında təxminən 720 manat məbləğində pul olduğunu görmüş və 500 manat pulu özünün istifadəsində olan həyat yoldaşı Şahid1 aid kartın hesabına köçürmüşdür. Köçürmək üçün kartdan 10 manat xidmət haqqı çıxılmışdır. Sonra telefonu Naibə xanıma vermişdir. 23 may 2024-cü il tarixdə işdə olarkən Naibə xanımın telefonunu stolun üstündən onun xəbəri olmadan götürərək “Leobank” tətbiqinə daxil olub tətbiqin balansından 200 manat pulu özünün istifadəsində olan həyat yoldaşı Aygülə aid kartın hesabına köçürmüşdür. Köçürmək üçün kartdan 4 manat xidmət haqqı çıxılmışdır. 24 may 2024-cü il tarixdə yenə Naibə xanımın telefonunu stolun üstündən onun xəbəri olmadan götürmüşdür. "xxxx"a aid “Birbank” tətbiqinin balansından 600 manat pulu özünün istifadəsində olan, lakin həyat yoldaşı Aygülə aid kartın hesabına köçürmüşdür. Sonra istifadəsində olan plastik kartı itirdiyi üçün Naibə xanımın kartından çıxartdığı pulları qardaşının həyat yoldaşı Şahid2 məxsus kartın hesabına göndərmişdir. Göndərdikdən sonra kartdan pulu yaşadığı evin ünvanına yaxın bankomatdan çıxartmışdır. 16 iyul 2024cü il tarixdə “WhatsApp” iş qrupunda Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs1 onu “Emiland” oteldə gecə növbəsində aşpaz kimi işə düzəldə biləcəyini demişdir. Rəna onu işə düzəldəcəyinə görə istifadə etdiyi “Leobank”a məxsus karta 20 manat pul göndərmişdir. 17 iyul 2024-cü il tarixdə saat 11 radələrində Rəna ilə metronun “Qara Qarayev” stansiyasının çıxışında yerləşən “Sevinc” kinoteatrının yanında görüşüb kafedə oturmuşlar. Rəna ona mobil telefonunu uzadaraq mobil tətbiq vasitəsilə 20 manat pul göndərdiyini göstərərək mobil telefonu ona vermişdir. Rənanın telefonunda olan mobil tətbiqdən kart hesabında pul olduğunu görüb borcu olduğundan Rənanın xəbəri olmadan kartından özünün “Leobank”a məxsus kartına ilk olaraq 600 manat, sonra isə 70 manat pul göndərmişdir. Pulu kartına göndərdikdən sonra telefonda olan mobil tətbiqi silmiş və mobil telefonu Rənaya qaytarmışdır. Təxminən 3-5 dəqiqədən sonra su alıb gələcəyini bəhanə edərək Rənanın yanından uzaqlaşmışdır. 600 manat pulu borclu olduğu şəxsə vermiş, 70 manatı isə şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir, əməlindən peşmandır. Məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 16 iyul 2024-cü il tarixdə iş qrupunda tanış olduğu Təqsirləndirilən şəxs onu işə düzəldəcəyi vədini verərək ondan görəcəyi işin müqabilində 20 manat pul istəmiş və səhərisi gün onunla görüşüb birbaşa işə aparacağını bildirmişdir. O da razılaşmış və Təqsirləndirilən şəxs verdiyi “Leobank” aid karta özünə məxsus olan "xxxx"a aid kartdan 20 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs ilə 17 iyul 2024-cü il tarixdə saat 10-11 radələrində “Sevinc” kinoteatrının yanında görüşməyə razılığa gəlmişlər. O, saat 12 radələrinə kimi gözləmiş, Elməddin gəlməmiş, onunla əlaqə saxladıqda kafedə əyləşib gözləməyini bildirmişdir. Bir qədər sonra Elməddin gəlmiş, söhbət əsnasında ona köçürdüyü pulun hara getməsini bəhanə edərək mobil telefonunun kart olan hissəsini açmağını və telefonu ona verməyini istəmişdir. O, telefonunu Elməddinə vermiş, Elməddin telefonu ondan alandan sonra 15-20 saniyə müddətində nə isə qurdalamış, sonra telefonu geri qaytarmışdır. Sonra Elməddin getməyi təklif etmiş, onunla birlikdə oturduqları yerdən bir qədər kənarlaşmışlar. Elməddin ona parkda gözləməyini, su alıb qayıdacağını bildirmişdir. Elməddinin dediyi yerdə bir qədər gözlədikdən sonra onun gəlmədiyini görüb aldandığını başa düşmüş və zəng etmək üçün telefonunu açmaq istədikdə telefonu açılmamışdır. Yaxınlıqda yerləşən telefon təmiri yerinə müraciət etdikdə orada telefonun kodunun dəyişildiyini bildirmişlər. Bundan sonra şübhələnərək dərhal "xxxx"a getmiş və bankdan ona məxsus kartdan ümumilikdə 670 manat pulun çıxarıldığını bildirmişlər. Bundan sonra Elməddinin 670 manat pulu kartından oğurladığını başa düşmüşdür. Daha sonra hadisə barədə polisə ərizə ilə müraciət etmişdir. O, telefonunu düzəltdirməyə görə əlavə 70 manat pul vermişdir. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, anası Naibə bir müddət Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Alov” restoranında aşpaz kimi fəaliyyət göstərmişdir. Anası Naibənin adına olan “Leobank” və "xxxx"a aid plastik kartların içərisindəki pul vəsaitləri ona məxsusdur. “Leobank” və "xxxx"a aid kart hesablarının mobil tətbiqləri anasının telefonunda olmuşdur. 25 may 2024-cü il tarixdə “Leobank” və "xxxx"a aid plastik kartlardan bankomatdan pul çıxarmaq istəyəndə kartlarda pulun olmadığını görmüşdür. Dərhal anasına zəng edib kartlarda pul vəsaitinin olmadığını dedikdə anası kartdan pul çıxartmadığını bildirmişdir. Anası telefonda olan həmin kartların bank tətbiqlərinə daxil olub baxdıqda kart hesablarında pul olmadığını görmüşdür. Anası 25 may 2024-cü il tarixdə günorta saatlarında "xxxx" kartından 600 manat, 22 may 2024-cü il tarixdə “Leobank” kartından 510 manat, 23 may 2024-cü il tarixdə 204 manat pul çıxarıldığını demişdir. Anası telefonunda olan problemi həll etmək üçün telefonunu iş yoldaşı Elməddin adlı şəxsə verdiyini və pulu oğurlayanın Elməddin olduğundan şübhələndiyini bildirmişdir. Ona ümumilikdə 1314 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təxminən 2 il əvvəl "xxxx"dan öz istifadəsi üçün kart sifariş etmişdir. Qaynı Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə bir evdə yaşayırlar. Evdə olarkən özünə məxsus olan plastik kartı Elməddin öz istifadəsi üçün istədiyindən kartdan istifadə etməsi üçün razılıq vermişdir. Elməddin kartdan istifadə etdikdən sonra ona geri qaytarmışdır. Elməddin öz istifadəsində olan həyat yoldaşı Aygülə məxsus “Leobank” kartını itirmişdir. Elməddinin mobil telefonunda “Leobank”ın mobil tətbiqi olmuş, mobil tətbiq vasitəsilə ona məxsus "xxxx"a məxsus karta pul vəsaiti göndərmiş, bankomatdan pul vəsaitini xaric etmişdir. Elməddin may ayının 22, 23, 24 tarixlərində işlədiyi “Alov” restoranında olan zaman iş yoldaşı Naibə Həsənovaya məxsus bank kartlarından pul vəsaitlərini istifadəsində olan həyat yoldaşı Aygülə aid “Leobank” kartına, daha sonra ona məxsus olan "xxxx"a aid karta köçürməsi barədə ona heç bir məlumat verməmişdir. Elməddin şəxsiyyət vəsiqəsini itirdiyi üçün bankdan yeni kart ala bilmədiyindən pulu köçürmə yolu ilə ona məxsus olan "xxxx" kartına köçürüb daha sonra "xxxx"ın bankomatından kart vasitəsi ilə həmin pulu məxaric etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. 4098-5844-9269-5125 nömrəli plastik kart onun adına olsa da, Elməddinin istifadəsində olmuşdur. Elməddin şəxsiyyət vəsiqəsini itirdiyinə görə özünə bank kartı ala bilmədiyindən onun adına olan kartı istifadə etmişdir. Elməddin yanvar ayında həmin plastik bank kartını itirdiyindən kartın hesabını öz telefonunda “Leobank” tətbiqini yükləyərək istifadə etmişdir. O, iyun ayının əvvəllərində yeni “Leobank” kartı almışdır. Plastik kartı dəyişməyinə baxmayaraq kart hesabı dəyişilmədən qalmışdır. Buna görə də əvvəlki plastik kartın pul köçürülmələri yeni kartda eyni olaraq qalmışdır. Elməddinin oğurladığı pul vəsaitlərini ona məxsus olan kart hesabına köçürməsi barədə heç bir məlumatı və xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs1 tərəfindən Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə ünvanlanmış 17 iyul 2024-cü il tarixli ərizədən görünür ki, 17 iyul 2024-cü il tarixdə iş qrupunda tanış olduğu adını Murad kimi təqdim edən şəxsin ona məxsus olan "xxxx"a aid 5239-1517- 3710-9341 saylı katından ümumilikdə 670 manat pulu başqa karta köçürdüyünü bildirmiş və qanuni tədbir görülməsini xahiş etmişdir. - X3 tərəfindən Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nə ünvanlanmış 25 may 2024-cü il tarixli ərizədən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən “Alov” restoranında olan zaman Elməddin adlı şəxsin ondan xəbərsiz mobil telefonundan istifadə edərək 22 may 2024-cü il tarixdə mobil tətbiq vasitəsilə ona məxsus “Leobank” tərəfindən verilmiş 4098 5844 6564 7871 nömrəli bank kartından “Leobank” tərəfindən verilmiş 4098 58** **** 5125 nömrəli karta 204 manat, 23 may 2024-cü il tarixdə 540 manat, 24 may 2024-cü il tarixdə ona məxsus "xxxx" tərəfindən verilmiş 5239 1517 3253 6050 nömrəli “Birbank” kartından “Leobank” tərəfindən verilmiş 4098 58** **** 5125 nömrəli karta 600 manat pulun göndərdiyini bildirmiş və həmin şəxsin müəyyən olunaraq barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. - "xxxx" ASC tərəfindən verilmiş Zərərçəkmiş şəxs1 məxsus 5239 1517 3710 9341 nömrəli "xxxx" kartının çıxarışından görünür ki, həmin kartdan 17 iyul 2024-cü il tarixdə 50 manat, 20 manat və 600 manat pul vəsaiti məxaric edilmişdir. - "xxxx" KB ASC tərəfindən verilmiş Şahid1 məxsus 5411 2498 0709 7485 nömrəli “Leobank” kartının çıxarışından görünür ki, həmin karta 17 iyul 2024-cü il tarixdə saat 11:12:41-də 600 manat, saat 12:16:10-da 70 manat pul vəsaitləri mədaxil olmuşdur. - "xxxx" KB ASC tərəfindən verilmiş X2 məxsus 4098 5844 6564 7871 nömrəli “Leobank” kartının çıxarışından görünür ki, həmin kartdan 22 may 2024-cü il tarixdə saat 14:46:58-də 500 manat və 10 manat komissiya olmaqla cəmi 510 manat, 23 may 2024-cü il saat 12:22:29-da 200 manat və 4 manat komissiya olmaqla cəmi 204 manat “Aygül Q.” adlı istifadəçiyə köçürülmüşdür. - "xxxx" ASC tərəfindən verilmiş X2 məxsus "xxxx"ın “Birbank” mobil tətbiqinin **********9 nömrəli qəbzindən görünür ki, 24 may 2024-cü il tarixdə saat 09:17-də 523915******6050 nömrəli kartdan 409858******5125 nömrəli karta 600 manat köçürülmüşdür. - "xxxx" KB ASC tərəfindən verilmiş Şahid1 məxsus 54****7485 nömrəli “Leobank” kartının çıxarışından görünür ki, 22 may 2024-cü il tarixdə saat 14:46:58-də 500 manat, 23 may 2024-cü il tarixdə saat 12:22:29-da 200 manat, 24 may 2024-cü il tarixdə 09:17:01-də 600 manat pul “Birbank” tətbiqi vasitəsilə karta köçürülmüşdür. - "xxxx" KB ASC tərəfindən verilmiş 02 iyul 2024-cü il tarixli HTİD-OUT-04815-2024 saylı məktubdan görünür ki, 409858******5125 nömrəli kart xx.xx.2000-ci il təvəllüdlü Şahid1 məxsusdur. - şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 06 oktyabr 2020-ci il təvəllüdlü Nurəddin Quliyev və 03 fevral 2022-ci il təvəllüdlü Tunar Quliyev adlı iki azyaşlı uşağı vardır. - zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş zərərin əvəzi ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Siyəzən Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 1(059)-38/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02 gün müddət nəzərə alınmaqla, üzərində qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində təqsirləndirildiyi maddələrin aşağı həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilindiyi əməli Siyəzən Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 1(059)-38/2024 saylı hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Siyəzən Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 1(059)-38/2024 saylı hökmü ilə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Siyəzən Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli hökmü üzrə cinayət işinin ibtidai istintaqı dövründə 01 iyun 2024-cü il tarixdə tutulmuş, 03 iyun 2024-cü il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Siyəzən RPŞnin MSY-dən azad edilmişdir. Həmçinin, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 iyun 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Nizami RPİ-nin MSYdən azad edilmişdir. Bununla da, o, ibtidai istintaq dövründə 04 gün müddətində tutulmuşdur. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək, həmçinin 01 iyun 2024-cü il tarixdən 03 iyun 2024cü il tarixədək, cəmi 04 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablamaqla nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20 və 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 02 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 90 manat (15x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Siyəzən Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 1(059)-38/2024 saylı hökmü ilə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza – 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək, həmçinin 01 iyun 2024-cü il tarixdən 03 iyun 2024-cü il tarixədək, cəmi 04 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində 02 (iki) il 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 90 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar