Məhkəmə qərarları › İş №1(007)-77/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-77/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-77/2020 12.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclası katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, ünvan 1-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək saxlamışdır. Belə ki, o, naməlum mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarında, şəxsi istehlak miqdarından artıq miqdarda 0.291 qram kustar usulla hazırlanmış narkotik vasitə, heroin əldə edib saxlamış və xx xxxxxx 2019-cu ıl tarixdə saat 13 radələrində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı Nizami rayonu, Nəsimi küçəsi, 32 saylı binanın qarşısında saxlanılaraq 25-ci PŞ-nə gətirilmiş, şöbədə onun üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş, içərisində ümumi təmiz çəkisi 0.291 qram olan həmin narkotik vasitə, heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında xəstə anası və bacısı ilə bir yerdə yaşayır. Əvvəllər dəfələrlə norkotik cinayəti ilə məhkum olunmuşdur, hazırda işləmir və baş verən ağrılarına görə narkotik vasitə istifadə edir. Narkotik vasitəni üzdən tanıdığı, lakin şəxsiyyətini tanımadığı şəxsdən alır. xx xxxxxx 2019-cu il tarixdə o, öz istifadəsi üçün Bakı şəhəri, Nizami rayonu “Neftçilər” metrostansiyası yaxınlığında həmin şəxsdən 10 manata bir büküm narkotik vasitə olan heroin almışdır. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında məhəllədə gəzişmək qərarına gəlmiş, saat 13 radələrində yaşadığı binanın həyətinə düşərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə xidməti otaqların birində əvvəllər tanımadığı iki nəfər hal şahidinin və onun hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Baxış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş maddə və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. O, etiraz etməyib, könüllü olaraq əynindəki gödəkçənin sağ cibindən siqaretin qara kağızına bükülü həmin narkotik vasitə olan heroini təqdim edib bildirmişdir ki, narkotik vasitəni bir gün əvvəl öz istifadəsi üçün “Neftçilər” metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyətini tanımadığı şəxsdən almışdır. Narkotik vasitə onun və baxış zamanı iştirak etmiş şahidlərin iştirakları ilə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə xidmətdə olarkən ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanusuz olaraq narkotik vasitə saxlaması və gəzdirməsi barədə 25ci PŞ-nə məlumat daxil olmuşdur. Məlumat əsasında onun iştirakı ilə əməliyyat qrupu təşkil edilmiş və həmin gün qrup üzvləri tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısında şübhəli şəxs qismində saxlanaraq raportla 25-ci PŞ-nə təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi ilə əlaqədar 25-ci PŞ-nin əməkdaşları kənardan hal şahidi kimi iki nəfər şəxs dəvət etmişlər. Eyni zamanda saxlanılan şəxsin hüquqlarının müdafiəsi üçün şöbənin təhqıqatçısı tərəfindən vəkil dəvət edilmişdir. Hal şahidlərinə hüquq və vəzifələri izah edildikdən sonra saxlanılan şəxsə təklif edilmişdir ki, üzərində dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan olunmuş əşya, yaxud predmet olduğu halda təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngi gödəkçənın sağ yan cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş, narkotik vasitəyə oxşar maddəni təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olduğunu, onu bır gun əvvəl Nizamı rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında öz istifadəsi üçün üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra onun təqdim etdiyi həmin narkotik vasitə hal şahidlərinin iştirakı ilə bölmənin təhqiqatçısı tərəfindən zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, qeyd edilənlərlə bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2, Şahid1lə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 13:30 radələrındə Nizami RPİ-nin 25-ci PŞ-nin yaxınlığından piyada keçərkən mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, qanunsuz olaraq dövriyyəsi qadağan olunmuş narkotik vasitəni saxlamaqda və gəzdirməkdə şübhəli kimi saxlanılmış bir nəfər şəxsin üzərinə keçiriləcək baxışda hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. O, razılaşmış və bundan sonra 25-ci PŞ-nin xidməti otaqlarının birində polis əməkdaşları ona əvvəllər tanımadığı Təqsirləndirilən şəxs təqdim edərək bildirmişlər ki, həmin şəxs şübhəli şəxs qismində şöbəyə gətirilmişdir, onun üzərinə baxış keçiriləcəkdir. Sonra ona və başqa bir hal şahidi kimi dəvət olunmuş şəxsə hüquq və vəzifələri izah edilmişdir. Qabaqcadan polis əməkdaşları hüquqlarını müdafiə edəcək vəkilin iştirakı ilə saxlanılan şəxsə təklif etmişlər ki, üzərində dövriyyəsi qadağan olunmuş əşya və ya predmet olduğu halda könüllü təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən siqaretin kağızına bükülmüş, tund qəhvəyi rəngdə və spesifik iyə malik olan narkotik vasitəyə oxşar maddəni təqdim edərək bildirmişdir ki, narkotik vasitə olan heroindır, həmin narkotik vasitəni oz istifadəsi üçün bir gün əvvəl Nizami rayonu “Neftçilər” metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmadığı şəxsdən almışdır. Bundan sonra təqdim edilən həmin maddə onların iştirakı ilə polis əməkdaşı tərəfindən zərfə qoyulduqdan sonra qablaşdırılaraq möhürlənmiş, qeyd edilənlərlə bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilən Şahid3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ifadəsindən görünür ki, o, Şahid4lə eyni məzmunlu ifadə verərək qeyd olunanları təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: -Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Tutma haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi xx xxxxxx 2019-cu il tarixdə tutulmuşdur. (i.v. 15) -Şəxsi axtarış və götürmə haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə xx xxxxxx 2019-cu il tarixdə 25-ci Polis Şöbəsində baxış keçirilmişdir. Baxış zamanı üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə təqdim etməsinə dair təklifdən sonra o, əynində olan qara rəngi gödəkçənın sağ yan cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş, içərisində tünd qəhvəyi rəngdə və spesifik iyə malik olan narkotik vasitəyə oxşar maddəni təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olduğunu, bir gün əvvəl “Neftçilər” dairəsi yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti haqqında məlumatı olmadığı şəxsdən aldığını bildirmişdir. Həmin maddə götürülərək qablaşdırılmış, protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmış, habelə videçəkilişdən istifadə olunmuşdur. (i.v. 18-19) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 28899 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəyə bənzər maddə” sözləri yazılmış bir ədəd zərfdə təqdim edilmiş bir ədəd ədəd bukumdə təmiz çəkisi 0,291 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi 0,291 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,241 qram qalıq qalmışdır. (i.v. 39- 42) -Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 54-55) -Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx xxxxxx 2019-cu il tarixli 1/6587 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs “sidikdə MOP(+)” aşkar edilmişdir. (i.v. 67) -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 4(007)- 256/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il saat 13:15-dən hesablanmışdır (i.v. 71- 72) -Maddi sübut kimi tanıma haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,291 qram heroinin tədqiqata sərf edildikdən sonra qalan 0,241 qram qalığı maddi sübut kimi tanınmışdır. (i.v. 75) -Bakı şəhəri Nizami RPİ-nin Təminat Hissəsinin kiçik inspektoru tərəfindən imzalanmış xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalan 0,241 qram narkotik vasitə heroin RPİ-nin MSK-da saxlanılması üçün təhvil alınmışdır. (i.v. 76) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3-Narkoloji tibbi yoxlamanın xx xxxxxx 2019-cu il tarixli 2886 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 96-97) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin hissədə cinayət təqibi üzrə icraatın başlanması rədd edilmiş, barəsindəki cinayət işinin materiallarından aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün material ayrılaraq araşdırmanın davam etdirilməsi üçün 25-ci PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı videokamera ilə qeydə alınaraq baxış protokoluna əlavə edilmiş 1 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (i.v. 99-102) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1991-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1 maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxx 1992-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Xalq Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 50-ci maddəsinə əsasən 02 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş, Bakı Şəhər Məhkəməsinin xx xxxxxxx 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-cı maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2000-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Xalq Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 04 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2004-cü il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 04 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2007-ci il tarixli Amnistiya qərarının 1.1-ci bəndində əsasən azad olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxxx 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxx 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 86- 90, 93-95) -Bakı şəhəri 34 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda yaşadığı müddət ərzində dəfələrlə qonşular tərəfindən tufeyli həyat sürdüyünə görə MKİS-ə şikayət və xəbərdarlıq daxil olmuşdur. (i.v. 92) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. X2 xx xxxx 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971ci il tarixli “Psixotrop maddələr haqqında” və xx xxxxxx 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan 0,291 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Yuxarıda istinad edilən xx xxxx 2003-cü il tarixli Plenumun Qərarının 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs ümumilikdə 8 dəfə məhkəmə hökmləri ilə az ağır cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir, bunlardan 7-si üzrə onun məhkumluğu ödənildiyi üçün CM-nin 83.1-ci maddəsinin tələbləri baxımından residivin müəyyən olunması və cəza təyin edilərkən nəzərə alınmır. Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu azad olunmuşdur. Belə olan halda, əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi cəzanı çəkib qurtardığı gündən iki il keçmədən, xx xxxxxx 2019-cu il tarixdə yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur, habelə bu məhkumluq müvafiq qaydada götürülməmişdir, əməlində isə cinayətlərin residivi yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qanunvericiliyin qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivinin olması nəzərə alınmalıdır. Müstəntiq tərəfindən tərtib olunmuş ittiham aktında, Azərbaycan Respublikası CMnin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın müəyyən edilmədiyi göstərilmişdir. Qanunvericiliyin qeyd edilən tələbləri baxımından məhkəmə, ibtidai istintaq orqanının gəldiyi bu nəticə ilə razılaşmayaraq qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin yaranması nəzərə alınmaqla, cəzanı ağırlaşdıran halın olmamasına dair müddəa ittiham aktından xaric edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi isə Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu xx xxxxxx 2019cu il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 0,241 qram çəkidə narkotik vasitə olan heroin məhv olunmalı; 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alınaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, habelə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həminşəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 45 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Vəkil Bürosu vasitəsi ilə 270 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 0,241 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi “xxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 270 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar