Məhkəmə qərarları › İş №1(007)-77/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-77/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-77/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Heydərov Müdafiəçi Tərcüməçi: X4 iştirakları ilə, Təqsirləndirilən şəxs: 02 sentyabr 1962-ci ildə Tacikistan SSR-in Leninabad (indiki Xudcand) şəhərində doğulmuş, vətəndaşlığı olmayan, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, nömrəsiz fərdi tikilidə yaşayan və barəsində Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 avqust 2024-cü il tarixdə saat 09:15 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Dəmogül” stansiyası istiqamətində hərəkətdə olan qatarın “Koroğlu” stansiyasında dayanmasından və sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən Zərərçəkmiş şəxs belindən asılmış çantasından sonuncuya məxsus içərisində dəyəri 700 (yeddi yüz) manat təşkil edən 585 əyarlı, 3,5qram çəkili qızıl boyunbağı, dəyəri 50 (əlli) manat təşkil edən gümüş boyunbağı, balansı 28 (iyirmi səkkiz) manat təşkil edən “Oba market”ə məxsus kart və 83 (səksən üç) manat nağd pul vəsaiti olan 12 (on iki) manat dəyərində pul kisəsini gizli olaraq çıxarmaqla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 873 (səkkiz yüz yetmiş üç) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təsbit olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 avqust 2024-cü il tarixdə saat təxminən 09 radələrində metronun platformasında olan sərnişinlərin cibindən mobil telefonlarını oğurlamaq niyyəti ilə "xxxx" QSC-nin “Koroğlu” stansiyasına gəlmişdir. Həmin vaxt platformada dayanmış adını istintaq araşdırması zamanı bildiyi Zərərçəkmiş şəxs belindən asılmış çantanın içindəki pul kisəsi diqqətini cəlb etmişdir. Platformada dayanan Dəməgül” stansiyası istiqamətində hərəkət edən qatara minmək istəyən sərnişinlərə yaxınlaşdıqdan sonra Zərərçəkmiş şəxs arxa tərəfinə keçmiş və digər sərnişinlər qatarın vaqonuna minməyə başlamışlar. O, Zərərçəkmiş şəxs arxasınca gedib onu təqib etməyə başlamışdır. Platformada olan sərnişin sıxlığından istifadə edərək vaqona minən anda, saat 09:15 radələrində onun belindən asılmış çantanın içindəki pul kisəsini oğurlamışdır. O, qatarın vaqonuna minmədən, yəni giriş qapısından geri qayıtmaqla vaqondan düşmüş və bir qədər gözlədikdən sonra növbəti “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatara minib getmişdir. O, “Qara Qarayev” stansiyasından çıxdıqdan sonra oğurladığı pul kisəsinin içinə baxmaqla orada üzərində “Damla” yazısı olan bir ədəd qızıl boyunbağı, bir ədəd gümüş boyunbağı, 83 manat nağd pul vəsaiti, bank kartları və şəxsiyyət vəsiqəsinin olduğunu görmüşdür. Həmin pul kisəsinin içində olan nağd pul vəsaitini və qızıl boyunbağını götürməklə pul kisəsini içində olan digər əşyalarla birlikdə Q.Qarayev prospektində olan səkinin üzərinə qoymaqla kənar bir şəxsin götürüb sahibinə qaytaracağını güman etməklə həmin yerdən uzaqlaşmışdır. Həmin tarixdə tanışı olan X1 ilə əlaqə saxlayıb tapmış olduğu qızıl-zinət əşyasını satmaq istədiyini, lakin özünə məxsus şəxsiyyət vəsiqəsi olmadığından onun vasitəsilə satmaq qərarına gəldiyini bildirmişdir. Konstantin də onun xahişi ilə razılaşıb özünə məxsus pasport ilə həmin qızıl-zinət əşyasını sata biləcəyini qeyd etmişdir. 20 avqust 2024-cü il tarixdə saat 18 radələrində Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən “Lombard”a yaxınlaşmışlar və Konstantin “Lombard”a tək daxil olmaqla qızıl-zinət əşyasını 230 manat müqabilində satmış və kağız üzərində müvafiq qeydiyyat aparmışdır. Konstantin oradan çıxıb ona yaxınlaşmaqla pul vəsaitini təqdim etmişdir. O da həmin pul vəsaitini götürdükdən sonra öz ehtiyaclarına xərcləmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, azadlıqda qalacağı təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyəcəyini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 20 avqust 2024-cü il tarixdə saat 09 radələrində “Koroğlu” stansiyasına daxil olmuşdur. Bu zaman qatar dayanmış və o, “Dəməgül” xətti ilə hərəkətdə olan qatarın vaqonuna daxil olub “Nizami” stansiyasına qədər gəlmişdir. Həmin stansiyada sərnişinlərin sayı azaldığından o, əyləşməyə imkan tapmış və oturarkən çiynində olan əl çantasının zəncirbəndinin açıq olduğunu görüb düşünmüşdür ki, o, çantasının zəncirbəndini bağlamışdır. O, çantasına baxmış və aşkar etmişdir ki, içərisində dəyəri 700 (yeddi yüz) manat təşkil edən 585 əyarlı 3,5 qram çəkili qızıl boyunbağı, dəyəri 50 (əlli) manat təşkil edən gümüş boyunbağı, balansı 28 (iyirmi səkkiz) manat təşkil edən “Oba market”ə məxsus kart və 83 (səksən üç) manat nağd pul vəsaiti olan 12 (on iki) manat dəyərində pul kisəsi yoxdur. O, dərhal şübhələnmişdir ki, onun pul qabısını qatarda sərnişin sıxlığından istifadə edən naməlum şəxs və ya şəxslər oğurlamışdır. Hadisə nəticəsində ona ümumilikdə 873 (səkkiz yüz yetmiş üç) manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş maddi ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxslə barışmamışdır və ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən özünə məxsus “Lombard”da mal qəbul edən vəzifəsində işləyir. 20 avqust 2024-cü il tarixdə saat 18:40 radələrində işlədiyi lombarda bir şəxs yaxınlaşaraq özünə məxsus qızıl-zinət əşyasını pula ehtiyacı yarandığından satmaq istədiyini bildirmiş, odur ki, o, həmin şəxsdən həmin üzərində “Damla” yazısı olan 585 əyarlı 3,5 qram çəkili qızıl boyunbağının özünə məxsus olub-olmadığını, oğurluq olmasını bir daha maraqlandıqda həmin qızıl- zinət əşyasının özünə məxsus olduğunu bildirmiş və ona təqdim etmiş, o, həmin qızıl-zinət əşyasına baxıb çəkisini ölçməklə 230 manat dəyərləndirmiş, həmin şəxs də onunla razılaşaraq üzərində olan pasportundan anket məlumatlarını dəqiqləşdirməklə surətini kağıza çıxarmaqla üzərində qeydiyyat aparmaq üçün həmin şəxsə təqdim etmiş və həmin şəxs də pasportunun surəti çıxarılmış kağızı ondan götürməklə üzərində satmaq istədiyi qızıl-zinət əşyasının özünə məxsus olması barədə qeyd aparıb imza etməklə ona geri qaytarmışdır. Sonra o, 230 manat pul vəsaitini həmin şəxsə təqdim etdikdə həmin şəxs 230 manat pulu götürməklə oradan uzaqlaşmışdır. Bundan sonra o, həmin şəxsi bir daha görməmiş, almış olduğu qızıl-zinət əşyasını isə Moskva Univermağının yaxınlığında tanımadığı şəxsə satmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.5-ci-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iş üzrə cinayətlərin residivini cəzanı ağırlaşdıran hal nəzərə alır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, eyni tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-802/2024 nömrəli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə o, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qızıl-zinət əşyalarının satıldığı “Lombard”ın video görüntüləri, həmçinin qızıl-zinət əyşalarının satılması zamanı üzərində qeydiyyat aparılmış qəbzin sürəti cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində tanınmış qızıl-zinət əşyalarının satıldığı “Lombard”ın video görüntüləri, həmçinin qızıl-zinət əyşalarının satılması zamanı üzərində qeydiyyat aparılmış qəbzin sürəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar