Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-78/2021 06.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəkərəliyev Amin Qəhrəman oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmiş və həbs qətimkan tədbiri seçilmiş, 29.06.2021-ci il tarixdə tutulmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə 08 fevral 2018-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 76 ünvanında yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığında tanışı Zərərçəkmiş şəxs xəstə olan ailə üzvləri ilə telefon əlaqəsi saxlamaq bəhanəsi ilə aldadaraq, sonuncunun etibarından sui-istifadə edərək 1 ədəd 15 manat dəyərində ***-***-**-** və 10 manat dəyərində ***-***-**-** mobil telefon nömrələri ilə işləyən 731 manat dəyərində **********99058 (**********99066) imei kodlu “Hisense” markalı mobil telefon aparatını ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs 756 manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs 2012-ci ildən tanıyır. Belə ki, o, müxtəlif xətt marşrut avtobuslarında sürücü işləmişdir. Zərərçəkmiş şəxs 2012-ci ildə onun idarə etdiyi avtobusda pul yığan köməkçi kimi çalışmışdır. 2018-ci ilin əvvəllərində o, 22 saylı xətt marşrut avtobusunda sürücü işləmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs Nizami rayonu ərazisində yerləşən metronun “Neftçilər” stansiyasının giriş-çıxış hissəsində yerləşən dayanacaqda marşrut avtobuslarına müştəri çağıran və tənzimləyici kimi çalışmışdır. Şahid2 isə 2018-ci ilin yanvar ayının sonlarında tanımışdır. Avtandil onunla eyni marşrut xəttində olan avtobuslardan birini idarə etmişdir. 08 fevral 2018-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs görmüş və ondan istifadəsində olan mobil telefonu danışmaq üçün almış, dəqiq xatırlamadığı tanışlarından biri ilə danışmışdır. Danışıb qurtardıqdan sonra mobil telefonu Zərərçəkmiş şəxs qaytarmışdır. Bundan sonra “8-ci km” bazarı deyilən yerin yaxınlığında olan kafelərdən birində yemək yemiş və spirtli içki qəbul etmişdir. Həmin gün saat 18 radələrində yenidən Zərərçəkmiş şəxs çalışdığı yerə gəlmişdir. Həmin vaxt Şahid2 orada görüb sonuncu ilə görüşmüş və bir qədər hal-əhval tutmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs görüb ondan mobil telefonunu yenidən danışmaq üçün istəmişdir. Zərərçəkmiş şəxs öz mobil telefonunu ona vermiş, o, telefonla danışa-danışa bir qədər ondan uzaqlaşmışdır. Rzanın başının qarışıq olmasını görüb oranı tərk edərək yaşadığı mənzilə getmişdir. Səhəri gün spirtli içkinin təsiri getdikdən sonra mobil telefonun özündə olmadığını görmüşdür. Mobil telefonu Avtandil Rzadan almamış, o, özü Rzadan mobil telefonu danışmaq üçün alımışdır. Zərərçəkmiş şəxs telefon alıb verməyi, hissə-hissə ödəməyi təklif etmiş, qəbul etməmişdir. Sonra qolu sınmış, hazırda da həbsdədir, ziyanı ödəyə bilmir. Bir uşağı var, uşağın anası yoxdur. Məhkəmədən qeyd olunanları və xəstəliyini nəzərə alaraq qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ilin yanvar ayının ortalarında "xxxx" MMC-dən bir ədəd “Hisense” markalı mobil telefonu kreditlə 731 manata almışdır. 08 fevral 2018-ci il tarixdə “Neftçilər” metrostansiyasının yaxınlığında olarkən 22 nömrəli marşrutun sürücüsü Şahid2 ona yaxınlaşıb telefonunu istəmiş, o, telefonunu nə səbəbə istəməsini soruşduqda, Avtandil demişdir ki, tanıdığı 22 saylı marşrutun sürücüsü Təqsirləndirilən şəxs həyat yoldaşı xəstələnib sonuncu ilə əlaqə saxlamaq üçün telefonu Dəyanətə verəcəkdir. Bundan sonra o, telefonu Avtandilə vermiş, Avtandil də telefonu Dəyanətə vermişdir. Bir qədər sonra işlədiyi 60 saylı marşrut gəlmiş, onun başı qarışdığı üçün Avtandildən və Dəyanətdən xəbəri olmamışdır. İşlədiyi marşrut getdiyi üçün o, yaxınlaşıb Dəyanətdən telefonu almaq istəmiş, lakin ətrafa baxdıqda Dəyanət və Avtandilin orada olmadığını görmüşdür. Daha sonra iş yoldaşı Təvəkkülün yanına gedib hadisə barədə məlumat vermişdir. Təvəkküldən telefonunu alıb özünə məxsus ***-***-**-** və ***-***-**-** saylı telefon nömrələrinə zəng etmiş, telefon nömrələri açıq olsa da cavab verən olmamışdır. O, Təvəkkülə DİN-nin 102 xidmətinə zəng edib məlumat verməsini xahiş etmişdir. Təvəkkül DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir qədər sonra onu və Təvəkkülü polis bölməsinə dəvət etmişlər, o, polis bölməsinə gedib hadisə barədə ərizə yazıb izahat vermişdir. O, “Hisense” markalı mobil telefonu kreditlə 731 manata, ***-***-**- ** saylı nömrəni 15 manata, ***-***-**-** saylı nömrəni 10 manata almış, mobil telefonun ekranına 5 manata qoruyucu şüşə çəkdirmiş, 8 manata isə telefona üzlük almışdır. Həmin gün telefonun kreditini ödəyəcəyi üçün arxasına 100 manat pul qoymuşdur. Təqsirləndirilən şəxs neçə ildir ona dəymiş ziyanı ödəmir, ona dəymiş ziyanın ödənilməsini istəyir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata götürülməsi haqqında 17.05.2018-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata götürülmüşdür. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 18.05.2018-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs kimi tanınmışdır. - cinayət işinin icraatının dayandırılması haqqında 03.07.2018-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. - axtarışda olan şəxsin tutulması haqqında 29.09.2020-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 29.09.2020-ci il tarixdə, saat 09:30 radələrində saxlanılmışdır. - cinayət işi üzrə icraatın təzələnməsi haqqında 30.09.2020-ci il tarixli qərardan görünür ki, cinayət işinin icraatının dayandırılmasına əsas verən hallar aradan qalxdığı üçün cinayıt işinin icraatı təzələnmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - şəxsin tutulmaqdan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə 01 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmaqdan azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB tərəfindən məhkəməyə ünvanlanmış 09.03.2021-ci il tarixli, 100-1766-1221 saylı məktubdan görünür ki, Əhədov X2 rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi ev 4-də qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır və heç zaman yaşamayıb. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli , 1(007)-78/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. - axtarışda olan şəxsin tutulması haqqında 29.06.2021-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 29.06.2021-ci il tarixdə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs dələduzluq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24.02.2020ci il tarixli tələbnamədən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-333/2015 saylı, 18.11.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15.06.2016-cı il tarixdə Azərbaycan Respublikası MM-in 20.05.2016-cı il tarixli Amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 29.09.2020-ci il tarixdən 01.10.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20 və 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 29.06.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 28 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 45 iş saatı, cəmi 73 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 438 (dörd yüz otuz səkkiz) manat (73x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29.09.2020-ci il tarixdən 01.10.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29.06.2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs istintaqda 28 saat, məhkəmədə 45 saat, cəmi 73 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızına 438 (dörd yüz otuz səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-78/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-78/2021
06.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver