Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-78/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxx 1957-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Mahmudkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını aldatma və etibardan sui- istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə, heç bir səlahiyyəti olmadığı halda Şahid1 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs övladı Şahid2 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq etibardan sui istifadə edib, bu adla, 16 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 1029 ünvanında yerləşən metronun «Koroğlu» satansiyasının yaxınlığında Zərərçəkmiş şəxs oğlu Şahid2 275 manat, 19 fevral 2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən dərzi sexində Zərərçəkmiş şəxs qohumu onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid1 3.500 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus 3775 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci və 178.2.4-cü maddələri ilə məhkum olunmuşdur. Hal-hazırda işləmir. 2022-ci ilin fevral ayının ortalarında bir neçə dəfə ünvan 3 ünvanda yerləşən dərzi sexinə gedərək şalvarını və geyim əşyalarını düzəltmişdir. O, dərzi sexində işləyən zaman həmin qadına Neft şirkətində işlədiyini bildirişdir. Söhbət zamanı həmin qadın övladını işə düzəltməsini ondan xahiş etmişdir. O, övladının sürücülük vəsiqəsinin olmasını soruşmuşdur. Həmin qadın ona oğlunun sürücülülük vəsiqəsinin olmadığını və almayacağını demişdir. Sonradan həmin qadın qaynının oğlunun sürücülük vəsiqəsi olduğunu və onu düzəltməyini bildirmişdir. O, həmin şəxsi işə düzəldə biləcəyini bildirmiş və 5000 manat pul lazım olduğunu demişdir. Arifə adlı şəxs pulun bir hissəsini verəcəyini, yerdə qalan hissəsini isə iş düzəldikdən sonra verəcəyini bildirmişdir. O, bu təklifi ilə razılaşmamış, lakin bildirmişdir ki, 3500 manat pulu işi düzəldən adama verəcəyini demişdir. Onun bu təklifindən sonra həmin qadın onunla razılaşmışdır. O, xx.xx.2022-ci il tarixdə qadına zəng edərək 275 manat pul lazım olduğunu və həmin pulun sənədlərin təsdiqlənməsi üçün lazım olduğunu bildirmişdir. Həmin gün Arifənin deməsinə əsasən tanımadığı bir şəxslə «Koroğlu» metrostansiyasının yaxınlığında görüşmüş və həmin şəxsdən hərbi bilet, şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsinin surətini və 2754 manat pulu götürmüş və yaxın zamanda işin həll olacağını bildirmişdir. O, oradan ayrılandan sonra sənədlərin surətini atmışdır. xx.xx.2022-ci il o, qadına zəng edərək pulu xx.xx.2022-ci il tarixdə hazır etməsini və gəlib götürəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə o, qadının işlədiyi dərzi sexinə gedərək 3500 manat pulu götürmüşdür. Pulu götürdükdən sonra öz ehtiyaclarını ödəmək üçün bir qismini xərcləmişdir və bir qismini isə borcları olduğu üçün borclarını vermişdir. Pulu aldıqdan sonra qadının qohumu bir neçə dəfə ona zəng edərək işin nə yerdə olduğunu soruşmuşdur. O, həmin şəxsə müxtəlif bəhanələr gətirərək işin yaxın zamanda həll olacağını bildirmişdir. Sonradan həmin qadın ona zəng etmişdir. O, yenidən müxtəlif bəhanələr gətirərək həll olacağını bildirmişdir. Onun pulu almaqda məqsədi həmin şəxsi aldatmaq olmuşdur. Belə ki, maddi imkanı zəif olduğu və borcları olduğu üçün o, həmin şəxsi aldadaraq pulu ələ keçirmişdir. Əldə etdiyi pulla öz borclarını vermişdir. Ona verilər suallar ətrafında cavab olaraq göstərmişdir ki,o, həmin qadından alan zaman yanında heç kim olmamışdır. O, Neft Şirkətində işləmir. Həmin şəxsi aldatmaq üçün özünü Neft şirkətinin işçisi kimi təqdim etmişdir. Onun həmin şəxsdən pulu almağında məqsəd həmin şəxsin pulunu ələ keçirmək olmuşdur. Əldə etdiyi pulu borcları olduğu üçün borclarına və maddi ehtiyaclarına ödəmişdir. O, aldığı pul vəsaitini və sənədləri heç kimə verməmişdir. Onun pula ehtiyacı olduğuna görə də bu cür əmələ yol vermişdir. Etdiyi əməldən peşman olduğunu və bir daha belə əməllərə yol verməyəcəyinə söz vermişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri qismən ödədiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına (o cümlədən istifadəsində olan mobil nömrəsinə sms bildiriş çatdırılmasına) baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, oğlu Sabir Təhməzli təxminən 5 ilə yaxındır ki, işsizdir. xx.xx.2022ci il tarixdə oğlu Sabir evə gələn zaman qohumu Arifənin zəng edərək Neft şirkətində iş olduğunu, tanışı olduğunu və düzəldə biləcəyini dediyini ona bildirmişdir. Arifənin tanışının işin düzəlməsi üçün 5000 manat pul istədiyini ona bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən 5.000 manat pul götürüb Arifənin işlədiyi ünvan 3 ünvanda yerləşən dərzi sexinə getmişdir. O, Arifə ilə söhbət zamanı həmin şəxsi tanımadığını, pulu həmin şəxsə verdiyini və işin alınmayacağı təqdirdə pulu tələb edəcəyini bildirmişdir. Arifə inanmağını, işin alınmayacağı təqdirdə pulu özünün qaytaracağını bildirmişdir. O, bundan sonra həmin adamın nömrəsinin Arifədən almışdır. Həmin vaxtda Arifə ona bildirmişdir ki, onun verdiyi 5000 manatdan 3500 manatını ona vermişdir, 1500 manatı isə iş həll edildikən sonra verəcəyini bildirmişdir. Pulu verdikdən sonra oradan çıxıb evə getmişdir. xx.xx.2022-ci il tarixdə o, həmin şəxslə əlaqə saxlamışdır. Həmin şəxs onunla danışan zaman işin yaxın zamanda həll olacağını, sənədləri imza etdirəcəyini, əlavə olaraq ondan 1000 manat pul istəmişdir. O, həmin şəxslə danışıb qurtardıqdan sonra aldandığı ona məlum olmuşdur. Onun içində şübhə olduğu üçün təxminən 2-3 gün sonra Arifəyə zəng etmişdir. Arifə ilə danışan zaman aldandığı ona məlum olmuş Arifəyə verdiyi 5.000 manat pulu geri istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 6 ildir ki, ünvan 3 ünvanda yerləşən dərzi sexində işləyir. 2022-ci ilin fevral ayının ortalarında işlədiyi dərzi sexinə müştəri qismində bir nəfər şəxs gələrək şalvarını düzəltməsini xahiş etmişdir. Həmin şəxs dəfələrlə işlədiyi dərzi sexinə gələrək özünə məxsus paltarları boyamağı və düzəltməyi bildirmişdir. Həmin şəxs işlədiyi dərzi sexində olan zaman bir nəfərlə danışdığı və iş həll etdiyini görmüşdür. Həmin şəxs mobil telefonla danışdıqdan sonra o, ilk olaraq oğlunu işə düzəldə biləcəyini soruşmuşdur. Həmin şəxs ilk oğlunu Neft şirkətinə düzəldə biləcəyini bildirmişdir. O, oğlunun - sürücülük vəsiqəsinin olmadığını dedikdə həmin şəxs düzəldə bilməyəcəyini bildirmişdir. O, bundan sonra qaynı oğlu Sabir Təhməzlini düzəldə biləcəyini soruşmuşdur. Həmin şəxs sürücülük vəsiqəsinin olduğunu soruşduqda, o, sürücülük vəsiqəsinin olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs qaynı oğlu Sabiri düzəldə biləcəyini demişdir. O, bundan sonra qaynı Zaminə zəng edərək oğlunu işə düzəldə biləcək adamın olduğunu bildirmiş və həmin şəxsin 5000 manat pul istədiyini demişdir. Qaynı Zamin onunla razılaşdığını və pulu həll edəcəyini bildirmişdir. Təxminən 2 gün sonra qaynı oğlu Sabir 275 manat pulu sənədləri ilkin olaraq düzəltməsi üçün həmin şəxslə görüşüb Koroğlu metrostansiyasının yaxınlığında vermişdir. xx.xx.2022-ci il tarixdə həmin şəxs ona zəng edərək pulun hazır olduğunu ondan soruşmuşdur. O, bundan sonra qaynına zəng edərək pulu hazırlamasını və xx.xx.2022-ci il tarixdə verməli olduğunu bildirmişdir. Həmin gün yəni xx.xx.2022-ci il tarixdə qaynı Zərərçəkmiş şəxs işlədiyi dərzi sexinə gələrək 5000 manat pulu ona vermişdir. O, xx.xx.2022-ci il tarixdə 3500 manat pulu həmin şəxsə vermişdir. Digər 1500 manat pulu, isə özündə saxlamışdır. O, həmin şəxslə ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşmuşdur. Həmin şəxs yaxın zamanda həll olacağını ona bildirmişdir. Təxminən 2-3 gün sonra əlaqə saxlayan zaman həmin şəxsə zəng çatmamışdır. O, bundan sonra narahatçılıq keçirtməyə başlamışdır. Həmin şəxsi maraqlanan zaman Neft şirkətində işləmədiyini və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Ona verilər suallar ətrafında cavab olaraq göstərmişdir ki, o, həmin şəxsə pulu verən zaman yanında heç kim olmamışdır.O, həmin şəxsə pulu qaynı oğlu X1 şirkətində işə düzəltməsi üçün vermişdir. Həmin şəxsə 3500 manat pul vermişdir. 1500 manat pulu, isə özümdə saxlamışdır. Onun pulu saxlamaqda məqsədi o imiş ki, iş həll edildikdən sonra ona 1500 manatı verəcəkmiş. İş materiallarında olan baxış keçirilməsi haqqında 02 mart 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri olan ünvan 4 ünvanında yerləşən dərzi sexinə baxış keçirilmişdir. İş materiallarında olan 12 mart 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs dələduzluq yolu ilə əldə edilmiş 3775 manat ziyandan 1400 manat pul ödənilmişdir, ziyanın 2375 manat hissəsi qalmışdır. İş materiallarında olan 12 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs dələduzluq yolu ilə əldə edilmiş ziyandan 1700 manat pul ödənilmişdir, ziyanın 675 manat hissəsi qalmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 07 nömrəli qərarının 3, 4 və 34-cü bəndlərinə əsasən, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş zərəri qismən ödəməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyun 2014-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5 və 66.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 iyul 2017-ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə CM-in 178.2.4-cü maddəsi hökmdən xaric edilməklə, cəzası 06 ay azaldılmış və xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 10 avqust 2022-ci il tarixli məktubundan görünür ki, ********* saylı cinayət işi üzrə barəsində 80501/22 saylı axtarış işi olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Qax rayonu, Güllük kəndində saxlanılmış, xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə gətirilərək, Nizami RPİ-nin MSY-nə saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan 11 avqust 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 09 avqust 2022-ci il tarixdən 11 avqust 2022-ci il tarixədək tutulduğu 02 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla və təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 58 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 348 (6x58) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 09 avqust 2022-ci il tarixdən 11 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunu tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Şərur rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 58 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 348 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-78/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-78/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver