Məhkəmə qərarları › İş №1(007)-79/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-79/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-79/2023 12.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1985-ci ildə Rusiya Federasiyası, Vladimir vilayəti, Karabanovo şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-də kredit mütəxəssisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 11 may 2022-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39A ünvanında yerləşən “Rahat” marketin qarşısında Zərərçəkmiş şəxs ilə az əvvəl sonuncunun həmin marketin içərisində onun tanışı Şahid1 ilə mübahisə etməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edərək ictimai yer olan marketin qarşısında Zərərçəkmiş şəxsla mübahisə edib, sonuncuya fiziki zor tətbiq etməklə qəsdən yumruqla üz nahiyyəsindən vurub Zərərçəkmiş şəxs burun sümüyünün distal 1/3 hissəsinin yerdəyişməyən sınığı, burnun şişkinlik halında əzilməsi, burun belinin əzilmiş yarası, sağ gözətrafı nahiyənin qançırı, sağ gözün ağlı qişasının qansızması, sol gözətrafı nahiyənin qançırı, sifətin sol yarısının şişkinlik halında əzilməsi, saç dirsək oynağının sıyrığı, üst dodağın selikli qişa səthinin qansızması və kiçik ölçülü əzilmiş yarasından ibarət dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, "xxxx" ASC-də kredit mütəxəssisi vəzifəsində işləyir. Onu əmisi X1. Əmisinin 4 qızı vardır. X2 qızı onun bacı dediyi şəxsdir. Onun əmisi qızı X3 həyat yoldaşı Yevlax rayonunda yaşayan Şahid1 xx.xx.2022-ci il tarixdə Yevlax rayonundan Bakı şəhərinə gəlmiş və onunla telefon əlaqəsi saxlayaraq görüşmək istədiklərini bildirmişdir. O isə işdə olduğunu, işdən çıxan zaman görüşə biləcəyini bildirmişdir. Pərviz ortaq tanışı olan Etibar adlı şəxslə birlikdə olduğunu və onu gözlədiklərini, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekrində yerləşən “Təbiət” restoranında oturacaqlarını bildirmişdir. O, 11 may 2022-ci il tarixdə işdən çıxaraq, təxminən saat 19:30-da “Təbiət” restoranına getmiş və qohumu Pərviz, Etibar və Pərvizin tanışı olan Aynur adlı xanımın oturduqları restoranın kabinetinə girərək orda oturmuşlar. Orda olan zaman hər üçü spirtli içki qəbul etmiş və oradan təxminən saat 22:20-də çıxmışlar. Restorandan çıxandan sonra o, Pərviz və Aynur ilə birlikdə yaxınlıqda olan “Rahat” marketə girmişlər. Marketə girməkdə məqsədləri bir az bazarlıq edib yaşadıqları ünvanlara getmək olmuşdur. Onlar marketdə olan zaman aldıqları ərzaqlarla birlikdə kassaya ödəniş edib oradan çıxmaq üçün marketin çıxışında qoyulmuş kassaya yaxınlaşmış, həmin zaman kassa boş olmuş, onlardan başqa heç kəs olmamışdır. Onlar kassanın qarşısında olan zaman 2 nəfər şəxs də kassaya gəlmişdir. Marketin kassasının qarşısında ilk öncə Pərviz olduğundan həmin şəxslərdən biri Pərvizə toxunduğundan, Pərviz həmin şəxsə kənara çəkilməsini söyləmişdir. Bundan sonra həmin şəxs olduğu yerdən çəkilmədiyindən Pərviz özü bir az kənara çəkilmiş və kassaya pul ödənişi etdikdən sonra həmin şəxsin olduğu istiqamətdə çıxmaq istəyən zaman şəxs sonuncu Pərvizə icazə vermədiyindən onlar ilk öncə bir-birilərini itələməyə başlamış və bunun nəticəsində hər ikisi də marketin içərisində giriş qapısının qarşısında yerə yıxılmışlar. Onları aralayan zaman Pərvizlə mübahisə edən şəxs nalayiq söyüşlər söyməyə başlamışdır. Bu söyüşlər Pərvizə ünvanlanmış olduğundan o, əsəbləşərək həmin şəxslə əlbəyaxa dava etməyə başlamışdır. Onlar dava nəticəsində marketdən çölə çıxmış və mübahisələri marketin qarşısında davam etmişdir. Əlbəyaxa dava zamanı o, həmin şəxsə iki yumruq zərbəsi vurmuşdur. Zərbə nəticəsində həmin şəxs yerə yıxılmışdır. O, bundan sonra həmin şəxsə yaxınlaşmamış və onları ətrafda olan şəxslər aralamışdır. Daha sonra isə həmin şəxsə yaxınlaşaraq bir dəfə də həmin şəxsin sifət nahiyyəsindən əlinin arxası ilə vurmuşdur. Daha sonra onlarla birlikdə olan Etibar marketə gəlmiş və onları oradan çıxararaq taksi vasitəsi ilə uzaqlaşdırmışdır. O, Pərvizi qalması üçün otelə yerləşdirdikdən sonra Etibar ilə birlikdə yenidən hadisə baş vermiş marketə yaxınlaşmışlar. Oraya yenidən gəlməkdə məqsədi orada olan hadisələrlə bağlı üzrxahlıq etmək və marketə hər hansı bir ziyanları dəymişdirsə ziyanı aradan qaldırmaq olmuşdur. Hadisə zamanı ona hər hansı bir xəsarət yetirilməmişdir. O, həmin şəxsi qabaqcadan tanımamış, ilk dəfə görmüşdür. Hadisə ümumi olaraq təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə zamanı orada olan, yəni mağazada olan şəxslər olmuşdur. Kənardan başa şəxslər gəlməmişdir. Mağazanın içərisində və çölündə vurduğu digər şəxsləri tanımır, sadəcə olaraq onların mübahisəsi zamanı həmin şəxslər onun ünvanına nalayiq söyüş söydüyündən o, həmin şəxsləri vurmuşdur. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödədiyini bildirdi və barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, habelə istifadəsində olan mobil nömrəsinə zəng edilib ona məhkəmə iclaslarında iştirakının vacibliyi bildirilərkən, o, təqsirləndirilən şəxsin ona dəymiş maddi ziyanı tam olaraq ödədiyini, buna görə də sonuncuya qarşı heç bir şikayət və tələblərinin olmadığını və ziyan ödənildiyinə görə də məhkəməyə gəlməyinin lüzumsuz olduğunu bildirərək məhkəməyə gəlməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, 11 may 2022-ci il tarixdə, təxminən saat 22:40-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Rahat” marketə alış-veriş etmək üçün getmişdir. Marketdə olan zaman tanımadığı iki nəfər şəxsin marketin kassasında olduğunu, onların kassada aldıqları malların pulunu ödəmək istədikləri görmüş və öz növbəsinin çatması üçün kassanın qarşısında tanımadığı iki nəfər şəxsin yanında durmuşdur. Sonradan həmin şəxslərin Şahid1 və Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Həmin şəxslər ona yaxın olan kassada pul ödədikdən sonra marketin çıxış qapısı istiqamətinə deyil, onun üzərinə tərəf gəlmişlər. O, həmin anda əks tərəfə çıxmasını, çıxışın qarşıda olduğunu söyləmiş və göstərmişdir. Şahid1 sərxoş olduğundan aralarında sözlə mübahisə olmuş və təkidlə əks istiqamətə çıxmaq istədiyini bildirərək üstünə gələrək onu itələmişdir. O isə Pərvizi geri itələmişdir. Sonra isə Pərvizin bir dəfə əli ilə sifət nahiyyəsindən vurmuşdur. Pərvizlə arasında marketin içərisində kassanın qarşısında dava düşmüş, dava nəticəsində birlikdə ikisi də yerə yıxılmış və ayağa qalxmışdır. O, yerə yıxıldığına görə əsəbləşərək Pərvizin ünvanına nalayiq söyüş söymüşdür. İlkin olaraq mühabisə etdiyi şəxsin yanında olan Təqsirləndirilən şəxs marketin qarşısında onun üzərinə hücum çəkmiş və ona yumruqla sifət nahiyyəsindən iki zərbə vurmuşdur. Zərbə nəticəsində o, yerə yıxılmışdır. Həmin vaxt onun dirsək nahiyyəsi zədələnmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs onun sifət nahiyyəsindən bir dəfə yumruqla vurmuş, sifət nahiyyəsindən əli ilə vurmuşdur. Həmin vaxt orada olan şəxslər onları aralamışdır. O, özünü müdafiə etməyə çalışmışdır. O, həmin şəxsləri vuraraq qəsdən xəsarət yetirməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs verilən suallar ətrafında cavab olaraq göstərmişdir ki, hadisə 11 may 2022-ci il tarixdə, saat 22:40-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Rahat” marketin içərisində və marketin qarşısında baş vermişdir. Onun burnu üzərində olan xəsarət Təqsirləndirilən şəxs tərəfindən yetirilmişdir. Şahid1 ona xəsarət yetirməmişdir. Pərviz ona davanın sonunda əl atmış, lakin əli ona dəyməmişdir. O, həmin şəxsləri əvvəldən tanımamış, ilk dəfə görmüşdür. Hadisə baş verən zaman ətrafa insanlar toplaşmış, marketdə tanımadığı şəxslər olmuş və həmin şəxslər onları ayırmışlar. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Şahid1la Yevlax rayonundan tanışdır, Pərvizlə sinif yoldaşı olmuşdur. 2012-ci ildən Yevlax rayonunda Bakı şəhərinə gəlmiş və daimi olaraq həmin tarixdən ünvan 3 ünvanında yaşayır. 11 may 2022-ci il tarixdə Şahid1 onunla telefon əlaqəsi saxlayaraq övladının təhsil məsələsi ilə bağlı Bakı şəhərinə gəldiyini və onunla görüşmək istədiyini bildirmişdir. O, Şahid1la Bakı şəhəri, Yasamal rayonunda yerləşən metronun “20 Yanvar” stansiyası yaxınlığında görüşərək Pərvizi Q.Qarayev prospektinə gətirmiş, orada yerləşən “Təbiət” adlı restoranda oturub yemək yemiş və orada spirtli içki qəbul etmişlər. Daha sonra restorandan durub Pərvizi otelə yerləşdirmək məqsədilə taksi çağırmışdır. O, taksiyə yolu izaha etdiyindən Emil və Pərviz yaxınlıqda olan “Rahat” marketə, Şahid1 oteldə qalacağından, özü üçün alış-veriş etmək istədiyi üçün getmişlər. Onlar marketdə olan zaman o, restoranın qarşısında taksini gözləmişdir. Taksi gəldikdən sonra onların marketdən gec çıxdığı üçün narahat olduğundan onların arxası ilə marketə girmiş və o, orada olan zaman marketda dava-dalaş olub-bitdiyini görmüşdür. Marketdə mübahisə edən şəxslərin Emil və Pərviz olduğunu o, marketə girən zaman bilmiş və ordan onları çıxararaq taksi mindirərək oradan uzaqlaşdırmışdır. Marketdə baş vermiş mübahisə zamanı o, orada olmamışdır. O, marketdə mübahisə yaşanmasını marketə girən zaman bilmişdir. Onun Pərviz və Emili oradan uzaqlaşdırmaqda məqsədi dava-dalaşın daha da böyüməsini əngəlləmək olmuşdur. Baş vermiş hadisənin şahidi olmamış və qarşı tərəfi heç görməmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə 11 may 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 4 ünvandır və hadisə yerinin foto şəkilləri çəkilərək iş materiallarına əlavə olunmuş, həmçinin ünvan 4 ünvanda yerləşən “Rahat” marketdən götürülmüş, hadisəni özündə əks etdirən 01 ədəd “CD” disk protokol tərtib edilməklə götürülüb iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan canlı şəxsin ekspertizasının 14 may 2022-ci il tarixli, 361 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün distal 1/3 hissəsinin yerdəyişməyən sınığı, burnun şişkinlik halında əzilməsi, burun belinin əzilmiş yarası, sağ gözətrafı nahiyənin qançırı, sağ gözün ağlı qişasının qansızması, sol gözətrafı nahiyənin qançırı, sifətin sol yarısının şişkinlik halında əzilməsi, sağ dirsək oynağının sıyrığı, üst dodağın selikli qişa səthinin qansızması və kiçik ölçülü əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 26 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 1-ci fayla baxdıqda video görüntü xx.xx.2022-ci il tarixdə, saat 22:33 radələrinə təsadüf edir. Həmin video görüntüyə baxış keçirilən zaman görüntüdən müəyyən olunur ki, marketin kassasının qarşısında ilk olaraq əynində qara rəngli gödəkcə olan Şahid1 kassaya pul ödədikdən sonra marketin çıxışının əks istiqamətinə çıxmaq istədiyindən əynində tünd göy rəngli gödəkcə olan Zərərçəkmiş şəxs üstünə doğru gedir və bu zaman onlar bir-birilərini itələyir, sonradan kassadan kənarda olan əynində göy rəngli gödəkcə, cins şalvar və telefonla danışan şəxs onlara yaxınlaşıb ayırmaq istəyən zaman kassanın qarşısından əynində boz rəngli gödəkcə olan Təqsirləndirilən şəxs onlara yaxınlaşır, Şahid1 onu itələyir və onun əlindən tutub itələşirlər. Daha sonra isə Zərərçəkmiş şəxs Şahid1 ilə itələşir, bir-birilərinə əlləri ilə vururlar. Daha sonra isə Təqsirləndirilən şəxs kassanın qarşısından əynində boz rəngli gödəkcə olan şəxsi vurub yerə yıxaraq sifət nahiyyəsindən yumruq zərbəsi vurur. 2-ci faylda marketin qarşısında quraşdırılmış müşahidə kamerasına keçirilən baxış zamanı Bakı şəhəri, Nizami rayonu Q. Qarayev prospekti 39A ünvanında səkinin üstündə ictimai yerdə 3 nəfər şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Şahid1 qarşı-qarşıya durur, sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vuraraq yerə yıxır. Daha sonra isə bir dəfə də yumruqla onun sifət nahiyyəsindən vurur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X10 xx.xx.2011-ci ildə, X11 xx.xx.2014-cü ildə, X7 isə xx.xx.2016-cı ildə doğulmuşlar. Ataları Təqsirləndirilən şəxsdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər etmiş, gediş-gəlişin gur olduğu yerdə, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39A ünvanında yerləşən “Rahat” marketin qarşısında Zərərçəkmiş şəxsla mübahisə edib, sonuncuya fiziki zor tətbiq etməklə qəsdən yumruqla üz nahiyyəsindən vurub Zərərçəkmiş şəxs burun sümüyünün distal 1/3 hissəsinin yerdəyişməyən sınığı, burnun şişkinlik halında əzilməsi, burun belinin əzilmiş yarası, sağ gözətrafı nahiyənin qançırı, sağ gözün ağlı qişasının qansızması, sol gözətrafı nahiyənin qançırı, sifətin sol yarısının şişkinlik halında əzilməsi, saç dirsək oynağının sıyrığı, üst dodağın selikli qişa səthinin qansızması və kiçik ölçülü əzilmiş yarasından ibarət dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, əxlaq normalarını kobud surətdə pozmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində cərimə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 48 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 282 manat (48x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1.000 (min) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 48 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 282 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar