Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-8/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, xüsusi ittihamçı-X2, təqsirləndirilən şəxs-X10, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs - 08 dekabr 1983-cü il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi qaydada vəkillik fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ev 65, mənzil 18-də qeydiyyatda olmaqla yaşayan - X10 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X7, X10 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 1(007)-8/2022 nömrəli qərarı ilə xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilmiş, X15 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrlə məhkəməyə verilmiş və iş məhkəmə baxışına təyin edilmiş, X7 iş üzrə xüsusi ittihamçı qismində tanınmışdır. X7 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir Azərbaycan mətbuatında çalışır. Lider tv-də aparıcı və analitik qrupun redaktoru olmuşdur, hazırda 8 dildə fəaliyyət göstərən AzVision.az saytının baş redaktorudur. Eyni zamanda, Real TV-də müəllif verilişi aparır. Dövlət başçısı tərəfindən “əməkdar jurnalist” fəxri adına və “Tərəqqi” medalına layiq görülmüşdür. 24 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Aqil Layıc facebook sosial şəbəkəsindəki özünə məxsus profilində onun şəxsiyyətinə təhqir və böhtanla dolu məlumatlar, ictimaiyyət arasında nüfuzuna xələl gətirən status paylaşmışdır. Həmin vaxt cavabdehin bu hərəkətlərinə bir o qədər də önəm verməyərək, məsələni şişirtmək istəməsə də, cavabdeh cəzasız qalmasından istifadə edərək “Facebook” sosial şəbəkəsinin özünə aid “Aqil Layic” səhifəsində barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymaqda davam etmişdir. Şikayət olunan şəxs həmin səhifəsinin 24 oktyabr 2020-ci il tarixdə şəklini paylaşmaqla statusunda onun barəsində aşağıdakı sözləri yazmışdır: Jurnalistikada paça arasından çıxa bilməyən, paçaarası jurnalist olan bunun kimi insanların Qarabağ müharibəsindən və vətəndən danışması qədər ikrah doğuran nəsə ola bilməz. Bunun kimilərə əsas paça arasıdır, erməni olsa da onlara da yamanacaqlar. Cavabdeh elə həmin səhifədə onun guya kiminsə intim videosunu çəkib yaymağı haqqında həqiqətə uyğun olmayan məlumat verməklə böhtan atmışdır. Belə ki, qeyd edilən paylaşımda şikayət olunan şəxs onun barəsində “porno-jurnalist”, “oğraş”, “şərəfsiz”, “yal müqabilində”, “alçaq”, “murdar”, “simasız” sözləri öz rəylərində işlətməklə törətdiyi cinayəti (təhqir və böhtan) davam etdirmişdir. Qeyd edilənləri təsdiq etmək üçün şahidlər də var. Həmin paylaşıma səbəb isə cavabdehin özü qeyd edib ki, onun “Meydan TV” haqqında yazdığı material olub. Çox qəribədir. Çünki həmin material müharibə dövründə Azərbaycana qarşı həyata keçirilən ideoloji təxribat cəhdlərinin ifşasına həsr olunub. Orada heç kimin haqqında heç bir təhqir yoxdur ki, belə bir reaksiya doğursun. X11 əsasən kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə X4ndə (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Şikayət verilən şəxs Aqil Layic MAPS arayışına əsasən ünvan 1 ünvanda qeydiyyatdadır. Facebook sosial şəbəkəsi kütləvi nümayiş etdirilən informasiya resursudur ki, Aqil Layıc bu informasiya resursu vasitəsi ilə ona qarşı təhqirə yol vermiş və böhtan atmışdır. Göstərdiklərinə əsasən hesab edir ki, X15 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi üçün o, cinayət məsuliyyətinə cəlb edilərək barəsində hökm çıxarılmalıdır. 05 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinə Aqil Layıcə qarşı xüsusi ittiham qaydasında ərizə ilə müraciət etmiş, məhkəmə 23 noyabr 2020-ci il tarixli qərarı ilə şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.1- 293.7-ci maddələrinin tələbinə cavab vermədiyi üçün məhkəmə baxışının keçirilməsindən və ərizənin icraata qəbulundan imtina etmişdir. Təqsirləndirilən şəxs X15 tərəfindən “Facebook” sosial şəbəkəsinin ona aid olan “Aqil Layic” profilindəki 24 oktyabr 2020-ci il tarixdə yazmış olduğu status və rəylərə əsasən onun Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək məsuliyyətə cəlb edilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X7 şikayətini elan edərək eyni məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, o, jurnalistlik fəaliyyətini həyata keçirmiş, hansısa oteldə başqa şəxslə bağlı çəkilmiş bir intim video inernetdə yayılandan sonra bunun ictimai əxlaqsızlıq olması barədə efirdə material vermişdir. Aqil Layıcın qeyd etdiyi hansısa bir xanımın intim videosu onun tərəfindən efirdə yayılmamışdır, onun özü elə bir videoya baxmamışdır. Aqil Layıc qanunsuz və əsassız olaraq özünün “Facebook” sosial şəbəkəsi vasitəsi ilə onun barəsində təhqir və bötan dolu məlumatlar yaymış, haqqında “paçaarası jurnalist”, “porno-jurnalist”, “oğraş”, “şərəfsiz”, “yal müqabilində”, “alçaq”, “murdar”, “simasız” sözlərini işlədərək onu təhqir etmiş, intim video yayması barədə böhtan atmışdır. Məhkəmədə etdiyi çıxışında xüsusi ittihamçı X7 təqsirləndirilən şəxs X10 onun barəsində təhqir və böhtanla bağlı məlumatları yaydığı “Facebook” sosial şəbəkəsi vasitəsi ilə ondan üzr istədiyi halda onunla barışması barədə təklifini nəzərə almadığını göstərmiş, X10 törətdiyi cinayət əməlinin tam sübuta yetirildiyini nəzərə alıb, onun Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək barəsində hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X15 xüsusi ittiham qaydasında şikayət əsasında cəlb edildiyi Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə özünü təqsirli bilməmiş, ifadəsində göstərmişdir ki, əvvəla işin hazırlıq iclasında o, iştirak etmək imkanında olmamışdır, hakim isə daha əvvəl şikayəti icraata qəbul etməkdən imtina etdiyi halda əsassız və qərəzli olaraq şikayəti icraatına götürmüşdür. Həmçinin, şikayət icraata götürülərkən istinad olunan maddələrin Amnistiya Qərarının təsiri altına düşməsi nəzərə alınmamışdır. 09 mart və 17 mart 2022-ci il tarixlərdə özü və vəkili məhkəmə baxışı iclaslarında iştirak etsələr də, xüsusi ittihamçı X7 üzürsüz səbəblərdən prosesə gəlməmiş, yayınmışdır. CPM-nin 43.2 və 315.5-ci maddələrinin tələbləri baxımından, eyni zamanda onun israrlı tələblərinə əhəmiyyət vermədən hakim tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməmiş, qanunsuz olaraq cinayət təqibinə məruz qoymuşdur. İşin mahiyyətinə gəldikdə, o, xüsusi ittihamçının porno video çəkməsi ilə bağlı məlumatları internet resurslarından götürmüşdür. Videonun yayılması ilə bağlı isə heç nə deməmişdir. Xüsusi ittihamda qeyd olunan məlumatlar onun şəxis ifadəsi deyildir. Hələ 2016-cı ildə alınmış müsahibə zamanı Vüsal Məmmədova porno videoları çəkib efirə verməsi ilə bağlı sual verilmiş və o da həmin sualı cavablandırmışdır. Vüsal Məmmədovla onun polemikası isə 2020-ci ildə olmuşdur. Sonradan həmin statusları silmişdir, heç mətnlərini xatırlamır. Mövcud olan statuslarda qeyd olunan məlumatlarda xüsusi ittihamçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsini təsdiq edən ifadələrin olmasını müəyyən etmək üçün məhkəmə-linqvistik ekspertizası keçirilməlidir. Bundan başqa, törədilməsi ehtimal edilən və iddia olunan cinayət hadisəsi Bakı şəhəri Nizami rayonu ərazisində deyil, Balakən rayonu ərazisində baş vermişdir, təqdim etdiyi və işdə də olan sənədlərdən görünür ki, onun qeydiyyatı və olduğu yer Balakən rayonu olmuşdur. Yalnız “Asan imza” alarkən ünvanı Bakı şəhəri Nizami rayonunun ərazisi göstərilmişdir, həmin rayonun ərazisində fəaliyyət göstərməmişdir. Məhkəmədə etdiyi çıxışında təqsirləndirilən şəxs X15 əlavə olaraq göstərmişdir ki, əslində xüsusi ittihamçı X1 üzrxahlıq edərək onunla barışmışdır, indi də ondan üzrxahlıq edir. Lakin məsələni ictimailəşdirib “Facebook” sosial şəbəkəsi vasitəsi ilə ondan üzr istəyərək köhnə xatirələrə qayıtmaq istəmir. Bəzən insan çılğınlaşır, Vüsal bəyi tanıyandan sonra isə hərəkətindən peşman olmuşdur. X14 heç bir problemi yoxdur, gələcəkdə də olmayacaqdır. İş üzrə mübahisələndirdiyi məsələ işin ərazi aidiyyəti ilə bağlıdır, ifadəsinin əvvəlində göstərdiyi kimi hesab edir ki, məhkəmə işi icraatına qəbul edərkən ərazi aidiyyəti qaydalarını pozmuşdur. Barəsində olan xüsusi ittiham qaydasında şikayətə dair işin aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X10 müdafiəçisi Müdafiəçi2 eyni mövqedən çıxış edərək, xüsusi ittiham qaydasında şikayətə dair işin aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş X10 “Facebook” sosial şəbəkəsində qeydə alınmış “Aqil Layic” səhifəsində 24 oktyabr 2020-ci il tarixdə (Oct 24 at 10:16 PM) X2 şəkli paylaşılmaqla aşağıdakı məzmunda status paylaşılmışdır: “Jurnalistikada paça arasından çıxa bilməyən, paçaarası jurnalist olan bunun kimi insanların Qarabağ müharibəsindən və vətəndən danışması qədər ikrah doğuran nəsə ola bilməz. Bunun kimilərə əsas paça arasıdır, erməni olsa da onlara da yamanacaqlar”. Həmin statusa X5 tərəfindən cavab yazılaraq etirazı ifadə edilmiş, digər şəbəkə istifadəçiləri tərəfindən isə müxtəlif formalarda münasibət bildirilmişdir. “Aqil Layic” səhifəsinin istifadəçisi X15 isə fikirlərini davam etdirməklə, paylaşımlarında X2 barəsində “porno-jurnalist”, “oğraş”, “şərəfsiz”, “yal müqabilində”, “alçaq”, “murdar”, “simasız” sözlərindən istifadə etmişdir. (İ cild i.v. 17-27, 32-94) İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 02 noyabr 2020-ci il tarixli arayışından görünür ki, 08 dekabr 1983-cü il təvəllüdlü X15 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 65, mənzil 18 ünvanında qeydiyyatdadır, 07 fevral 2019-cu il tarixdə ona şəxsiyyət vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra-CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin şərəf və ləyaqəti onun fundamental dəyəridir. Bu səbəbdən, şərəf və ləyaqət milli və beynəlxalq hüquqla qorunur və şərəf və ləyaqətə qəsd cinayət və ya mülki məsuliyyətə səbəb olur. Yuxarıda qeyd edildiyi kimi, təqsirləndirilən şəxs X15 “Facebook” sosial şəbəkəsində qeydə alınmış “Aqil Layic” səhifəsində 24 oktyabr 2020-ci il tarixdə paylaşdığı və çoxsaylı sosial şəbəkə istifadəçisi tərəfindən izlənilməklə yanaşı rəylər bildirilmiş xüsusi ittihamçı X7 ilə bağlı paylaşımında və əlavə rəylərində onun barəsində “paça arasından çıxa bilməyən”, “paçaarası jurnalist”, “bunun kimilərə əsas paça arasıdır”, “porno-jurnalist”, “oğraş”, “şərəfsiz”, “yal müqabilində”, “alçaq”, “murdar”, “simasız” sözlərindən istifadə etmişdir. Hansı ki, bu sözlər və ifadələr, barəsində işlədilmiş X3 münasibətdə təhqir və böhtan xarakterli olmaqla, həmin şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələmişdir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Bu baxımdan məhkəmə qeyd edir ki, işə baxılarkən ekspertiza təyin edilməsi zərurəti o zaman yarana bilərdi ki, araşdırılan məsələlərin müəyyən edilməsi xüsusi bilik tələb edilən sahəyə aid olsun. Hazırkı halda məhkəmə törədilmiş əməldə cinayətin əlamətlərinin olmasını müəyyən edərkən, məhkəmə təcrübəsinə müvafiq olaraq, toplanmış sübutları tədqiq etməklə yanaşı, “Azərbaycan dilinin izahlı lüğəti”nə də nəzər salmış, təqsirləndirilən şəxs X10 xüsusi ittihamçı X2 barəsində ifadə etdiyi, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaydığı məlumatların məzmun və ifadə tərzi baxımından X2 şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsini xüsusi bilik tələb edilmədən, məhkəmə-linqvistik ekspertizasının keçirilməsinə hər hansı zərurət görmədən, yəni cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla müəyyən etmişdir. “Azərbaycan dilinin izahlı lüğəti”nə görə aşağıda qeyd edilən sözlərin mənaları göstərilən qaydada başa düşülür: -“paça” sözünün mənası - bədənin, iki qıçın arasındakı hissə; -“porno” (“pornoqrafiya”) - əxlaqsız və ədəbsiz səhnələri təsvir edən ədəbiyyat və ya şəkillər; -“şərəfsiz” - “şərəfi, heysiyyəti olmayan, namussuz, vicdansız, alçaq, rəzil”; -“yal” - “itə verilən yemək”; -“simasız” - “siması, şəxsiyyəti, özünə məxsus sifətləri, fərdi xasiyyətləri olmayan, şəxsiyyətsiz”; Digər “oğraş”, “alçaq” və “murdar” sözləri də cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirildikdə, məlum olur ki, həmin sözlərdən başqa şəxsin təhqir edilməsi, alçaldılması mənasında işlədilir. İstər qeyd edilənlər, istərsə də təqsirləndirilən şəxs X10 xüsusi ittihamçı X2 şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsində ifadə olunan həmin sözləri işlədərək əməlindən peşmançılığını bildirməsi baxımından məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-linqvistik ekspertizasının keçirilməsinə əsaslar yoxdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Eləcə də, İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə və 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda da həmin qaydada fikir ifadə edilmişdir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, “…mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, …qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, p. 28/46). İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. “Mülki və Siyası Hüquqlar haqqında” Beynəlxalq Paktın müqəddiməsinə əsasən bu hüquqlar insan şəxsiyyətinə xas olan ləyaqətdən irəli gəlir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına əsasən şəxsi həyat sirrinin qorunması hüququ ailədə, qohumlar, dostlar arasında əlaqələrdə, insanlar arasında azadlıqda ifadəsini tapır. Düşüncə tərzi, siyasi və sosial dünyagörüş, məşğuliyyət və yaradıcılıq da şəxsi həyatın təzahürlərinə aiddir. İnsanın şəxsi həyatı, şəxsi və ailə sirri, şərəf və təmiz adı qanunun müdafiəsi altındadır. Qanunda nəzərdə tutulduğu hallardan başqa insanın hüquqlarından istifadəsinə müdaxilə edilməsinə yol verilmir. “X4” Haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə “rəsmi, mötəbər olmayan mənbə adı altında şayələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq yaxud digər qanunsuz əməllər törətmək məqsədi ilə X4ndə istifadə olunmasına yol verilmir”. Həmin Qanunun “Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi”ndən bəhs edən 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə X4ndən istifadə olunmasına yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bodroşıçin Serbiyaya qarşı işi üzrə” 23 iyun 2009-cu il tarixli 32550/05 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmə demokratik cəmiyyətdə mətbuatın yerinə yetirdiyi mühüm funksiyanı xüsusi olaraq qeyd edir ki, baxmayaraq ki, mətbuat üçün də müəyyən sərhədlər vardır. Xüsusilə, başqalarının reputasiyası və hüquqlarına münasibətdə, mətbuat həmin sərhədləri aşmamalıdır. Mətbuatın vəzifəsi hər bir halda ictimai maraq kəsb edən bütün məlumatları özünün hüquq və vəzifələri ilə bir araya sığan tərzdə ötürməkdir. Jurnalist azadlığı həmçinin şişirtmə və ya təxribatın da müəyyən həddə mümkünlüyünü əhatə edir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmə qeyd edir ki, həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusudur, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Halbuki, təqsirləndirilən şəxs X15 xüsusi ittihamçı X3 münasibətdə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayaraq ona böhtan atmış, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmiş, X2 cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi, mədəni keyfiyyətlərini alçaltmış, onun cəmiyyətdə tutduğu mövqeyini ləkələmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi baxımından insan ləyaqəti qorunur və ona hörmət edilir. Bu, hər bir insana münasibətdə belədir, xüsusi ittihamçı X7 da cəmiyyətdə kifayət qədər tanınmış şəxsdir, Azərbaycanın müstəqil mətbuatının nümayəndəsidir, “Lider” TV-də aparıcı və analitik qrupun redaktoru olmuşdur, 8 dildə fəaliyyət göstərən “AzVision.az” saytının baş redaktorudur, “Real" TV-də müəllif verilişi aparır, Dövlət başçısı tərəfindən “Əməkdar jurnalist” fəxri adına və “Tərəqqi” medalına layiq görülmüşdür. Təqsirləndirilən şəxs X15 tərəfindən isə həmin şəxsin barəsində qeyd edilən məlumatlar məhz kütləvi formada, “Facebook” sosial şəbəkəsinin özünə aid “Aqil Layıc” səhifəsində yayılmışdır, hansı ki, “Facebook” sosial şəbəkəsi kütləvi nümayiş etdirilən informasiya resursudur, onun kifayət qədər izləyicisi, təqibçisi vardır. Təqsirləndirilən şəxs X10 xüsusi ittihamçı X2 barəsində ifadə etdiyi böhtan və təhqir xarakterli həmin sözlər, ifadələr “Facebook” soaial şəbəkəsində şoxsaylı istifadəçilər tərəfindən izlənilmiş, hətta onlar tərəfindən şərhlər yazılaraq müxtəlif formalarda (mənfi və ya müsbət olmasından asılı olmayaraq) münasibət bildirilmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X15 məhkəmə iclasında verdiyi ifadələrdə xüsusi ittihamçı X3 qarşı cinayət törətməkdə təqsirini etiraf etmiş və əməlindən peşman olduğunu bəyan etmişdir. X10 cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən məhkəmə onun həmin etirafını ona qarşı ittihamın əsaslarından biri kimi qəbul edir. Təqsirləndirilən şəxs X10 cinayət hadisəsinin Bakı şəhəri Nizami rayonu ərazisində deyil, Balakən rayonu ərazisində baş verdiyi, ona görə barəsində olan xüsusi ittiham qaydasında şikayətə dair işin aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə göndərilməli olduğu barədə göstərdiklərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, ilk növbədə məhkəmə Azərbaycan Respublikası CPM-nin 293 və 302-ci maddələrinin, eləcə də digər maddi hüquq normalarının tələbləri baxımından, xüsusən uzunmüddətli araşdırmalardan və sübutların toplanılmasından sonra şikayətin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid olmasını, digər prosessual pozuntulara yol verilmədiyini təsbit edərək, xüsusi ittiham qaydasında şikayəti icraatına qəbul etmiş, X12 təqsirləndirilən şəxs qismində cəlb edərək onu məhkəməyə vermişdir. Bundan başqa, məlumdur ki, X15 fərdi qaydada vəkillik fəaliyyəti göstərir, onun özünün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iş üzrə məhkəməyə təqdim etdiyi, 04 dekabr 2021-ci il tarixdə müvafiq müvəkkilinin hüquqlarını həyata keçirmək üçün bağladığı müqavilə üzrə ******* nömrəli orderin surətindən görünür ki, onun ünvanı kimi ünvan 4 Eyni zamanda, hazırda baxılan iş üzrə xüsusi ittiham qaydasında şikayəti müvafiq əsaslar üzrə daha əvvəl icraata qəbul etməkdən imtina etmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin digər hakiminin 29 yanvar 2021-ci il tarixli qərarını ləğv edən Bakı Apellyasiya Məhkəməsi özünün 16 mart 2021-ci il tarixli qərarında həmin və digər məsələlərə toxunaraq qeyd etmişdir ki, ...sözügedən məlumatlar A.Layıca məxsus Facebook sosial şəbəkəsində olan səhifəsində edildiyindən və elektron mənbədən götürüldüyündən, həmçinin sözügedən paylaşımın edilməsi A.Layıc tərəfindən etiraf edildiyindən hər hansı əlavə təsdiqə ehtiyac olmamışdır. Digər tərəfdən qərarda istinad olunan cinayətin edilmə yerinin Bakı şəhəri deyil, ehtimal edilən cinayət əməlinin törədildiyi vaxt A.Layıcın Balakən rayonu ərazisində olduğundan Balakən rayonu olduğuna dair məhkəmə kollegiyası hesab edir ki, şikayət verilərkən məhkəmə aidiyyətinə əməl edilmişdir. Belə ki, paylaşımların edildiyi Facebook sosial şəbəkə olduğundan və xaricdə qeydiyyatdan keçməklə hüquqi ünvanı Azərbaycan Respublikası ərazisi olmadığından müvafiq paylaşımın hansı ərazidən edilməsindən asılı olmayaraq şikayət aidiyyəti üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin sonuncu yaşayış ünvanına uyğun verilməli olduğundan hazırki işdə A.Layıcın rəsmi qeydiyyat ünvanı Nizami rayonu olduğu nəzərə alınaraq şikayət aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmışdır. Bu mövqe “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarı”nın 12-ci bəndində birmənalı əks edilmişdir. “Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə X4ndə (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır...”. Kassasiya şikayəti üzrə işə baxan Azərbaycan Respublikasının Ali Məhkəməsi də həmin mövqe ilə razılaşaraq özünün 29 oktyabr 2021ci il tarixli qərarı ilə apellyasiya instasniyası məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Azərbaycan Respublikası CPM-nin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndində məhkəmələrin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam vermələri və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırkı cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyindən, həmin xarakterli işlər isə Amnistiya aktının tətbiqi dairəsinə aid olmadığından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X10 barəsində həmin qərarın müddəaları tətbiq oluna bilməz. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X10 mübahisəli hissədə irəli sürdüyü dəlillərin əsası yoxdur. Bununla da, məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, X10 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün qismən etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən xüsusi ittihamçının ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Xüsusi ittihamçı X2 şikayəti əsasında X10 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrlə məhkəməyə verilməsi qanuni və əsaslı olmuşdur, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Bununla bağlı məhkəmə qeyd edir ki, baxılan icraat üzrə məhkəmə müşavirə otağına getməzdən əvvəl xüsusi ittihamçı X7 təqsirləndirilən şəxs X10 onun barəsində təhqir və böhtanla bağlı məlumatları yaydığı “Facebook” sosial şəbəkəsi vasitəsi ilə ondan üzr istədiyi halda onunla barışmasının mümkün olduğunu bildirmiş, təqsirləndirilən şəxs X15 isə əslində xüsusi ittihamçı X7 ilə barışdıqlarını, onu tanıyandan sonra peşman olduğunu, lakin məsələni ictimailəşdirib “Facebook” sosial şəbəkəsi vasitəsi ilə ondan üzr istəyərək köhnə xatirələrə qayıtmaq istəmədiyini bildirmiş, bununla da xüsusi ittihamçının barışıq təklifindən imtina etmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxs X10 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 147.1 və 148-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, X10 məhkumluğu haqqında məlumat yoxdur; -Azərbaycan Respublikası Vəkillər X6 tərəfindən 29 mart 2022-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, X15 29 may 2012-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilərək, fərdi qaydada fəaliyyət göstərmək üçün Balakən rayonuna göndərilmiş, barəsində başlanılmış intizam icraatının nəticəsi kimi fərdi qaydada vəkillik fəaliyyətinə xitam verilərək 01 sentyabr 2019-cu il tarixdən fəaliyyətini Bakı şəhəri 20 saylı vəkil bürosunda davam etdirməsi barədə qərar qəbul olunmuş, 05 iyun 2020-ci il tarixdə isə ərizəsinə əsasən “Kredo” vəkil bürosuna keçirilmişdir. 01 sentyabr 2021-ci il tarixdən vəkillik fəaliyyətini fərdi qaydada davam etdirir. Vəkillik fəaliyyəti müddətində Rəyasət Heyətinin qərarlarına əsasən 22 yanvar 2018-ci il tarixdə ona töhmət verilmiş, 11 iyun 2018-ci il tarixdə xəbərdarlıq edilmiş, 06 sentyabr 2018-ci il tarixdə irad tutulmuş, 29 oktyabr 2018-ci il tarixdə isə vəkillik fəaliyyəti intizam qaydasında 6 ay müddətində dayandırılmışdır. X15 vəkillik fəaliyyəti ilə bağlı mükafatlandırılmamışdır. Hazırda fərdi qaydada fəaliyyət göstərdiyindən onun şəxsi keyfiyyətləri, kollektivdə iş xüsusiyyətləri barədə məlumat vermək imkan xaricindədir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə törətdiyi əməllər, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X10 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxs X10 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən peman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X10 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə təqsirləndirilən şəxs X10 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, təqsirləndirilən şəxsə əməllərinin tövsif olunduğu maddələrin sanksiyası hüdudlarında cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin ediləcək həmin cəzalar qismən toplanılmalıdır. Sözügedən maddənin tələbinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X15 hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X13 təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Məhkəmə qeyd edir ki, X10 təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrlə məhkəməyə verilməsi zamanı və sonrakı mərhələdə onun barəsində qətimkan tədbiri seçilməmişdir, ona görə hazırda da qətimkan tədbiri ilə bağlı məsələ müzakirə və həll edilmir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır, iş üzrə məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X10 məhkəmədə hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün məhkəmənin qərarı əsasında dövlət hesabına vəkil təyin edilmiş, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iş materialları ilə tanış olub və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmişdir. İş materiallarına əsasən vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 24 iş saatı müddətində olmuşdur, ona görə məhkəmə hesab edir ki, Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla həmin müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X15 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 147.1-ci maddəsi ilə 1000 (bir min) manat məbləğində cərimə cəzasına, CM-nin 148-ci maddəsi ilə 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə X13 qəti olaraq 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. X13 məhkəmə icraatı zamanı 24 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi2 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 144 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-8/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-8/2022
21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver