Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-80/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxslərin qanuni nümayəndələri: X4 və X1, Təqsirləndirilən şəxslərin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxxxx 2007-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs: xx xxxxx 2007-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində ünvan 4 ünvana gəlib aralarında aparılmış vəzifə bölgüsünə əsasən, qrup üzvü Təqsirləndirilən şəxs1 cinayətkar niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin gələcəyi barədə dərhal məlumat vermək üçün kənarda dayanmış, Təqsirləndirilən şəxs2 isə həmin ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus bir ədəd qara-yaşıl rəngli, 49 sm kub həcmli, LXEFA/402M B21706İ VİN kodlu, “Jianshe NNB-49” markalı, 1200.00 manat dəyərində mopedi əli ilə itələməklə Təqsirləndirilən şəxs1 dayandığı yerə gətirmiş, sonuncu da öz növbəsində həmin mopedin üzərində olan naqillərini birləşdirməklə mopedi hərəkətə gətirib onunla birlikdə hadisə yerindən uzaqlaşmaqla, həmin mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1200.00 manat məbləğində maddi zərər vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində dostu Nazim onun yaşadığı evə gəlmiş, söhbət zamanı Nazimə Nizami rayonu ərazisində binalardan birinin həyətində moped gördüyünü deyib özünün mopedin mühərrikini açarsız işə salmağı bacarmadığından, ona həmin mopedi birlikdə oğurlamağı təklif etmişdir. Bundan sonra onlar birlikdə xx.xx.2023cü il tarixdə, saat 02 radələrində piyada həmin mopedi gördüyü binanın qarşısına gedərək aralarında olan razılığa əsasəm Nazim binanın kənarında dayanmış, o da binanın qarşısında dayanan mopedə yaxınlaşaraq onun sükanının kilidini qırıb itələyərək Nazimin yanına aparmışdır. Nazim də mopedin naqillərini qırıb bir-biri ilə calayıb mühərrikini işə salmış, onlar mopedi idarə edərək oradan uzaqlaşmışlar. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və oğurladıqları mopedi qaytarmışlar. Törətmiş olduğu əməldən səmimi peşmançılıq çəkməsini, törətdiyi əməli etiraf etməsini, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində dostu Muradla onun yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən evinin qarşısında görüşərək söhbət zamanı Nizami rayonu ərazisində binaların birinin həyətində Muradın gördüyü mopedi birlikdə oğurlamaq barədə razılaşmış, həmin tarixdə, saat 02 radələrində Muradla birlikdə piyada Muradın həmin mopedi gördüyü binanın qarşısına gedərək aralarındakı razılığa əsasən, o, binanın kənarında dayanmış, Murad isə gedib mopedi itələyib onun yanına gətirmişdir. O da mopedin naqillərini bir-birinə calayıb mühərrikini işə salmış, bundan sonra Murad mopedi idarə edərək birlikdə oradan uzaqlaşmışlar. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə aparılmışdır. Hazırda oğurladıqları mopedi qaytarmışlar. Mopedin sahibi ilə əvvəlcədən tanışlıqları olmamışdır. Törətmiş olduğu əməldən səmimi peşmançılıq çəkməsini, törətdiyi əməli etiraf etməsini, ilk dəfə cinayət törətməsini, hazırda zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 19 radələrində işini bitirib yaşadığı evə gələrək həmişəki qaydada mopedin mühərrikini söndürərək bloklayıb, binanın qarşısında saxlayıb yaşadığı mənzilə getmişdir. Səhəri günü, yəni xx.xx.2023-cü il tarixdə saat 17 radələrində həyətə düşüb, işlə getmək üçün mopedə minmək istədikdə, mopedi saxladığı yerdə görməmiş, axşam mopedi saxlayarkən yorğun olduğundan başqa yerdə saxladığını düşünərək, binanın axra hissəsinə baxıb, mopedi yenə tapa bilmədikdə, mopedini ya yol patrul xidmətinin əməkdaşları tərəfindən götürüb duracağa yerləşdirildiyini, ya da oğurlandığını düşünmüşdür. Ona görə də bu barədə DİN-nin 102 xidmətinə məlumt vermişdir. Yaşadığı binaya quraşdırılan müşahidə kameralara baxdıqda mopedin tanımadığı şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Təxminən 2-3 gün sonra moped polis əməkdaşları tərəfindən tapılaraq ona geri qaytarılmışdır. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərlə barışıq əldə olunmuşdur, onlardan hər hansı bir şikayət və tələbi yoxdur. İş materiallarında olan məhkəmə-əmtəəşünalıq ekspertizasının 9/6322 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, 49 sm kub həcmli, LXEFAZ402MB217061 VİN kodlu, “Jianshe NNB-49” markalı mopedin istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 1200.00 manat müəyyən olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə tərəfindən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə CM-nin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onların islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barələrində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. CM-nin 85.4-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxslər üçün azadlığın məhdudlaşdırılması növündə cəzanın həddi 2 aydan 2 ilədək müəyyən edilmişdir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları da nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxslərə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. CM-nin 86.2 maddəsinin tələbinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. İş materiallarında olan DİN-in BƏSİİ-nin xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərin törətdikləri əməli etiraf edərək əməllərindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin onlardan şikayət və tələbinin olmamasını, onlarla barışmasını, ilk dəfə cinayət törətmələrini və cinayət törədərkən yetkinlik yaşına çatmadıqlarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışlar. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, bir ədəd NN-49 markalı mopedin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc müştərək qaydada təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd NN-49 markalı mopedin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs1n məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 222 (iki yüz iyirmi iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-80/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-80/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver