Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-81/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatında olan, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən naməlum şəraitdə və vaxtda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,569 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd bükümdə əldə edərək üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 26 iyul 2021-ci il tarixdə saat 15:05 radələrində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına gətirilmiş və üzərində aparılmış axtarış zamanı əynində olan dama-dama şortun sağ yan cibindən bir ədəd bükümdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,569 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, psixotrop maddənin istifadəçisidir. Lakin 26 iyul 2021 -ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddə metamfetamin olmamış və həmin maddə polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “... 2018-ci ildən narkotik vasitələrin istehlakı ilə məşğul olur. O, narkotik vasitə və psixotrop maddələri bədənində olan dözülməz ağrılara görə qəbul edirmiş. Hər dəfə narkotik vasitəni müxtəlif vaxtlarda, müxtəlif qiymətlərə tanımadığı şəxslərdən alırmış. 25 iyul 2021-ci il tarixdə tez-tez narkotik vasitə və psixotrop maddələri əldə etdiyi, anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı şəxsdən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində 20 manata 01 ədəd bükümdə 0,569 qram psixotrop maddə metamfetamini əldə etmişdir. 26 iyul 2021-ci il tarixdə, saat 15:00 radələrində yaşadığı ünvandan əmisi oğlu X2 ilə birlikdə çölə çıxmışdır ki, yaşadığı binanın qarşısında mülki geyimdə vətəndaşlar onlara yaxınlaşmış və vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxslər onlara polis əməkdaşları ilə birlikdə Nizami RPİnin 23-cü PB-nə getməyi təklif etmişlər. O, nə baş verdiyini soruşan zaman həmin şəxslər ona şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri saxlayıb daşınmasında şübhəli olduğunu bildirmişlər. O, həmin şəxslərlə razılaşaraq Nizami RPİ-nin 23-cü PB-nə gəlmişdir. Polis Bölməsində inzibati otaqların birində video çəkiliş aparılaraq onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində dövriyyəsi qadağan olunmuş predmet olduğu halda təqdim etməyini bildirmişlər. O, bundan sonra əynində olan dama-dama qısa şalvarın sağ yan cibindən bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərindən aşkar olunan psixotrop maddə qablaşdırılaraq 163 nömrəli möhürlə möhürlənmişdir...”. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməməsinə baxmayaraq, onun təqsiri iş üzrə dindirilmiş şahid ifadələri, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami RPİ-nin 23-cü polis bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 iyul 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən “Rahil” və "Faiq” adlı şəxslərin müəyyən edilərək yaxalanması ilə əlaqədar Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsi tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində həmin gün saat 15:05 radələrində ünvan 2 ünvanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən X2 və Təqsirləndirilən şəxs saxlanılmış və onlar Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinə dəvət edilmişlər. Sonuncuların şəxsiyyəti müəyyən edildikdən sonra videoçəkilişdən istifadə edilməklə əməliyyat tədbirinin digər iştirakçıları ilə Rahil Tarverdiyevin üzərində axtarış aparılmışdır. Axtarış zamanı Rahil Tarverdiyev mavi rəngli şalvarının sağ yan cibindən 1 bükümü təqdim edərək həmin bükümün içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olduğunu bildirmişdir. Sonuncu qeyd etdiyi psixotrop maddəni 25 manata şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Həmin maddə sübut əhəmiyyətinə malik olduğundan Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 163 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə əməliyyat tədbirinin digər iştirakçıları ilə axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs dama-dama qısa şalvarın sağ yan cibindən 01 büküm təqdim edərək həmin bükümün içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olduğunu bildirmişdir. Sonuncu həmin psixotrop maddəni 20 manata şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin maddə sübut əhəmiyyətinə malik olduğundan Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 163 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən qanuna zidd hərəkətlərə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 işin faktiki hallarına və Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli (şəxsi axtarış və götürmə aparılması haqqında) Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla baxış zamanı Təqsirləndirilən şəxs kletkalı şortikinin sağ yan cibindən çıxardaraq təqdim etdiyi 01 ədəd bükümdəkinin psixotrop maddə metamfetamin olduğunu və öz istifadəsi üçün əvvəllər tanımadığı şəxsdən aldığını bildirmişdir. İş materiallarında olan “DVD” diskə baxış keçirilməsi haqqında 10 avqust 2021 -ci il tarixli protokoldan görünür ki, 26 iyul 2021-ei il tarixdə Təqsirləndirilən şəxs kletkalı şortikinin sağ yan cibindən çıxardaraq təqdim etdiyi 01 ədəd bükümdəkinin psixotrop maddə metamfetamin olduğunu və şəxsi istifadəsi üçün əvvəllər tanımadığı şəxsdən aldığını bildirmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 iyul 2021-ci il tarixli 6/3117 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 163” dairəvi möhür əksi olan soyad və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi – 0,569 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2583 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 1859 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd zərfdə təmiz çəkisi 0,569 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,519 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd DVD disk iş üzrə maddi sübut hesab edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Protokoldan (şübhəli şəxsin tutması haqqında) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə daxili inamına əsaslanaraq, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini, özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin işdə olan və biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunduğunu nəzərə alaraq, işin faktiki hallarına uyğun hesab edir və nəzərə alır. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 59 və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun azadlıqdan məhrum edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona real cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 26 iyul 2021-ci il tarixdən 28 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət onun cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1.3.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsini müəyyən edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və bununla yanaşı, ona təyin edilmiş narkomaniyadan məcburi müalicə kursunu keçmək həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən əlavə vəzifə kimi də onun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və təhqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,519 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, digər maddi sübut - bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (saltmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi 40 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 240 manat (40x6) məbləğində əmək haqqı Bakı şəhəri 21 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi oğluna dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan 0,519 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 21 saylı Vəkil Bürosu vasitəsi ilə 240 (iki yüz qırx) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-81/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-81/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver