Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-81/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında artıq miqdarda narkotik vasitəni əldə edərək daşımaqla saxlamışdır. Belə ki, o, 20 sentyabr 2022-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu ərazisində “28 May” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1.265 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 21 sentyabr 2022-ci ildə, saat 14:40 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü Polis Bölməsinə gətirilib, orada xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində saxladığı təmiz çəkisi 1.265 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs, 13 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri. Yasamal rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1.386 qram narkotik vasitə olan heroini əldə edib, üzərində saxlamaqla daşımış, 13 oktyabr 2022-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 5 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində saxladığı təmiz çəkisi 1.386 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, təxminən 10 ilə yaxındır ki, narkotik vasitə olan heroin istifadəçisidir və həmin narkotik vasitəni inyeksiya yolu ilə qəbul etmişdir. Əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmiş, sonuncu dəfə etdiyi oğurluq cinayətinə görə 2 il azadlıqdan məhrum edilmiş və 2020-ci il tarixdə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən 17 saylı cəza çəkmə müəssisəsindən azadlığa buraxılmışdır. 21 sentyabr 2022-ci il tarixdə, saat 14:40-da o, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsində olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu qeyd edərək onu polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə 23-cü polis bölməsinə gəlmişdir. Polis şöbəsində otaqların birində olarkən ona hüquq və vəzifələri izah olunmuş, daha sonra hüquqlarının müdafiəsi məqsədilə onun üçün vəkil dəvət edilmişdir. Daha sonra həmin otaqda hər kəsin iştirakı ilə videoçəkiliş edilməklə ona təklif olunmuşdur ki, üzərində olan qeyri-qanuni əşyaları təqdim etsin. O, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir büküm olan şəffaf sellofana bükülmüş narkotik vasitə heroini təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitə heroini bir gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, ünvan 8 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, ərazisində mütəmadi olaraq qanunsuz narkotik vasitələri, psixotrop maddələri əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə, 21 sentyabr 2022-ci il tarixdə o, və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaranmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni 21 sentyabr 2022-ci il tarixdə, saat 14:40 radələrində ünvan 2 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə bölməyə gəlmiş və bölmənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, göy rəngli cins şalvarının sağ cibindən çıxararaq təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroindir, o, həmin heroini Bakı şəhəri, Nəsimi rayonu, “28 May” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata alıb əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoyaraq öz istifadəsi üçün üzərində saxlamışdır, o, narkotik vasitəni özü istifadə etdiyi üçün alıb, həmin narkotik maddəni yalnız özü istifadə edəcəkdir. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 163 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmış və toplanmış material baxılmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin İŞ-nə göndərilmişdir. Sonradan məlum olmuşdur ki, Nizami rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək azadlığa buraxılmışdır. Bundan sonra yenidən ünvan 10 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində mütamadi olaraq qanunsuz narkotik vasitələri, psixotrop maddələri əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 13 oktyabr 2022-ci il tarixdə Şahid1 və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaranmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni 13 oktyabr 2022-ci il tarixdə saat 19:00 radələrində ünvan 5 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gəlməyə dəvət etmişlər. Orada eyni qaydada, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin 01 ədəd şəffaf rəngli sellofana bükümün içərisinə baxdıqda həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, göy rəngli cins şalvarının sol yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroindir, o, həmin heroini 13 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manata alıb əynində olan göy rəngli şalvarının sol yan cibinə qoyaraq öz istifadəsi üçün saxlamış, o, narkotik vasitəni özü istifadə etdiyi üçün almışdır. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 163 nömrəli möhürii ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 21 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən göy rəngli cins şalvarının qabaq sağ yan kiçik cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 1.265 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 14 oktyabr 2022-ci il tarixli, 6/5935 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 163” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)....” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1.386 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına (Siyahı İ) daxildir. Heroinin 0.050 qram hissəsi tədqiqata sərf edilmiş, 1.336 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 21 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 1,386 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 21 sentyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Elnur Əvəzlinin xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və polis baş leytenantı Şahid1 iştirakları ilə, Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etdi. Həmin 01 ədəd şəffaf rəngli sellofana bükümün içərisinə baxdıqda həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, göy rəngli cins şalvarının sağ cibindən çıxararaq təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroindir, o, həmin heroini Bakı şəhəri, Nəsimi rayonu, “28 May” metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata alıb əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoyaraq öz istifadəsi üçün üzərində saxlamış, o narkotik vasitəni özü istifadə etdiyi üçün alıb, həmin narkotik maddəni yalnız özü istifadə edəcəkdir. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Diskdə yazılmış videoçəkiliş 03 dəqiqə 45 saniyə davam etmişdir. DVD diskə baxış keçirildikdən sonra protokol tərtib olunmuşdur. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 6/5403 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 163” dairəvi möhür əksi, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)....” sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1.265 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına (Siyahı İ) daxildir. Heroinin 0.05 qram hissəsi tədqiqata sərf edilmiş, 1.215 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan cinayət işlərinin birləşdirilməsi barədə 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan 20 oktyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X1 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və polis kapitanı Şahid2 və polis leytenantı Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etdi. Həmin 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, göy rəngli cins şalvarının sol yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroindir. O, həmin heroini 13 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manata alıb əynində olan göy rəngli şalvarının sol yan cibinə qoyaraq öz istifadəsi üçün saxlamış, o, narkotik vasitəni özü istifadə etdiyi üçün alıb. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Diskdə yazılmış videoçəkiliş 03 dəqiqə 04 saniyə davam etmişdir. DVD diskinə baxış keçirildikdən sonra protokol tərtib olunmuşdur. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 oktyabr 2022-ci il tarixli, 5736 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 31 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertizadan sonra qalan 1.215 qram və 1.336 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışınadək saxlanılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin “maddi sübutların saxlanılması otağına” təhvil verilmiş, istintaq zamanı Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-si tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində xx.xx.2022-ci il tarixdə şəxsi axtarış keçirilməsi barədə videoçəkiliş görüntüləri olan gümüşü rəngli üzərində “İmation” sözü yazılmış DVD formatlı disk və Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-si tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində xx.xx.2022-ci il tarixdə şəxsi axtarış keçirilməsi barədə videoçəkiliş görüntüləri olan gümüşü rəngli üzərində “Ahuang” sözü yazılmış DVD formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti təkrar törətməsini məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 oktyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 08 sentyabr 2018-ci il tarixdən hesablanmış, 08 sentyabr 2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cinayət qanunvericiliyinin tələbindən göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, 13 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərarından isə görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilməsi və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin qüvvəsində saxlanılması qərara alınmışdır. Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan 21 sentyabr 2022-ci il tarixli tutma protokolundan, vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 23 sentyabr 2022-ci il tarixli qərardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, 21 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 sentyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və həmin tarixdə, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 21 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkiləri 1.215 qram və 1.336 qram olan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 50 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 21 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 13 oktyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkiləri 1.215 qram və 1.336 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-81/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-81/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver