Məhkəmə qərarları › İş №1(007)-81/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-81/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-81/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 06 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda oaln və ünvan 2 ünvanında nömrəsiz fərdi tikilidə yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 avqust 2023-cü il tarixdə, saat 13:30 radəsində "xxxx" MMC-nin mülkiyətində olan, etibarnamə əsasında idarə etdiyi “Chevrolet Nexia CDX” markalı **-AJ-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qaıayev prospekti, 124 ünvanının qarşısında bir tərəfli avtomobil yolunda avtomobilini yolun sağ tərəfində park etmək üçün geriyə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni, idarə etdiyi avtomobillə geriyə hərəkət edərkən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələbləri pozub, avtomobili geriyə hərəkətinə davam edərkən, həmin yolun sol tərəfindən sağ tərəfinə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin arxa sol təkər hissəi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol qamış sümüyünün diafizinin distal 1/3 hissəsinin və sol incik sümüyünün diafizinin distal 1/3 hissəsinin qəlpəli yerdəyişməli sınığından ibarət ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə 13 radələrində etibarnamə əsasında idarə etdiyi “Chevrolet Nexia CDX” markalı **-AJ-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, “Bazar Store" adlanan marketin qarşısındakı bir istiqamətli avtomobil yoluna gəlib, park etmək üçün avtomobili yolun sol kənarında saxlamış, avtomobildən yerə düşüb, ətrafa baxdıqda yolun sağ tərəfində park edilmiş avtomobillərin arasında park etmək üçün boş yer olduğunu gördükdən sonra yenidən avtomobilə oturub, əvvəlcə bir neçə metr irəli sağa hərəkət eldikdən sonra dayanıb, həmin boş yerə avtomobili park etmək üçün, sağ güzgüyə baxaraq avtomobili təxminən 3-5 km/saat sürətlə arxaya hərəkət etdirməyə başlamışdır. Bir neçə metr getdikdə, anidən avtomobilin arxa yan hissəsinə nəyinsə dəydiyini hiss etmiş, avtomobilin sol yan güzgüsünə baxdıqda, orta yaşlı xanımın avtomobilin axra sol təkər hissəsi tərəfdə yerə yıxıldığını görmüşdür. Dərhal avtomobili saxlayıb, həmin xanımı oraya yaxınlaşan şəxslərin köməyi ilə idarə etdiyi avtomobilin arxa oturacağına əyləşdirib, yaxınlıqda yerləşən “Modern Hospital” adlı xəstəxanaya aparmış, orada xanımı rentgene saldıqda sol ayağında sınıq aşkar edilərək sınıq yerinə gips qoyulmuş və ayağı qırıldığı üçün ona xx.xx.2023-cü il tarixdə əməliyyat olunmalı olduğu bildirilmişdir. O, Rövşanə xanıma narahat olmamağını, onun bütün xəstəxana xərclərini ödəyəcəyinə söz verməklə, Rövşanə xanımdan ondan şikayətçi olmamasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Rövşanə xanım “Modern Hospital” adlı xəstəxanada ayağından əməliyyat olunmuş, onun xəstəxana xərclərinə görə təxminən 5.000 manata yaxın pul ödəmişdir. Bundan başqa dərman və digər xərclərinə daha 500 manatdan çox pul xərcləmişdir. Ümumilikdə zərərçəkmiş şəxsin xəstəxana və dərman məsrəfləri üçün 6000 manata yaxın pul xərcləmişdir. Lakin maddi imkanı yaxşı olmadığı üçün sonradan əlavə ödənişlər edə bilməmişdir. Hal-hazırda zərərçəkmiş şəxin onunla barışması üçün əlavə olaraq 1500 manat civarında ödəniş etməyə hazır olduğunu, lakin zərərçəkmiş şəxsin bununla razılaşmadığını bildirmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, 13:30 radələrində işlədiyi mebel salonu ilə üzbəüz olan “Bazarstore” adlı marketə getmək üçün bir istiqamətli avtomobil yolunu keçmək istəmiş, avtomobillər yolun sağ tərəfindən gəldiyi üçün yolun sağ hissəsinə baxaraq yolu keçməyə başlamış, lakin anidən yolun sol tərəfindən ağ rəngli avtomobil geri gəlib ona dəymiş, o da aldığı zərbədən arxası üstə yerə yıxılmışdır. Yıxıldıqdan sonra ayağında bərk ağır hiss etmiş, avtomobilin sürücüsü Təqsirləndirilən şəxs onu həmin avtomobilin arxa oturacağına əyləşdirərək yaxınlıqda yerləşən “Modern Hospital” adlı xəstəxanaya aparmışdır. Xəstəxanada həkimlər onu müayinə etdikdən sonra sol ayağında iki sümüyün sındığını bildirib ayağına gips qoyaraq, xx.xx.2023-cü il tarixdə ayağını əməliyyat edəcəklərini demişlər. xx.xx.2023-cü il tarixdə “Modern Hospital” adlı xəstəxanada ayağından əməliyyat olunmuş, əməliyyat xərclərini Təqsirləndirilən şəxs ödəmişdir. Lakin Təqsirləndirilən şəxs və ailəsi sonrakı müddətdə onunla maraqlamamış, onun digər xərclərini qarşılamamışır. Hadisə nəticəsində ona 10-15 min manat məbləğində ziyan dəymişdir. Belə ki, öze mağaza işlədir, aylıq 5000 manata yaxın gəlir əldə edir, həmçinin kirayədə yaşayır, ayağı sındıqdan sonra isə işə gedə bilməmiş, nəticədə gəlir əldə etməmiş və digər xərclərini də qarşılaya bilməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona maddi və fiziki ziyan vurmuşdur. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona dəymiş 5000 manat məbləğində zərərin ödənilməsini və təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etdi. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 796 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs sol qamış sümüyünün diafizinin distal 1/3 hissəsinin və sol incik sümüyünün diafizinin distal 1/3 hissəsinin qəlpəli yerdəyişməli sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfində verilmiş 25 avqust 2023-cü il tarixli, 8/2463 №-li rəyi ilə müəyyən edilmişdir ki, «Chevrolet Nexia» markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olması Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən cinayət hesab edilir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə və ya islah işləri və ya azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və xx.xx.2019cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinə əsasən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs əməliyyat məsrəfləri üçün 3910.63 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir hissəsinin ödənilməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azadılmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində Təhlükəsizlik şəhər xidmətinin kamerası tərəfindən qeydə alınmış hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il (bir il) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut qismində Təhlükəsizlik şəhər xidmətinin kamerası tərəfindən qeydə alınmış hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar