Məhkəmə qərarları › İş №1(007)-82/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-82/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-82/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1999-cu ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2 saylı evin 15 saylı mənzilində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, tanışı yetkinlik yaşına çatmayan Şahid1 ilə bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 42 ünvanında yerləşən ictimai yer olan avtobus dayanacağının arxasında taksi sürücüsü kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs müştəri kimi yaxınlaşan, əvvəllər tanımadığı, şəxsiyyəti istintaqa məlum olmayan qadınla sonuncunun söhbət etməsini bəhanə edib Zərərçəkmiş şəxs ilə mübahisəyə başladıqdan sonra heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla zor tətbiq edərək əlləri ilə Zərərçəkmiş şəxs arxadan tutub saxlamaqla Şahid1 şərait yaratdıqdan sonra sonuncu əvvəl yumruqla Zərərçəkmiş şəxs sifətinə vurub sağ almacıq nahiyəsinin səthi əzilmiş yarası ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət, sonra isə mənbəyi istintaqa məlum olmayan, silah qismində istifadə etdiyi deşici-kəsici əşya ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə vuraraq sonuncuya qarnın ön divarının sol qabırğaaltı nahiyəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirərək qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Şahid1 2018-ci ilin oktyabr ayından tanıyır, sonuncu ilə əvvəllər Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən “Rahat” marketdə mühafizəçi işləyən zaman tanış olmuşdur. Sonralar işdən çıxsa belə Hikmət ilə münasibətini davam etdirmiş, onunla dostluq edib boş vaxtlarında bir yerdə olmuşdur. xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Hikmətlə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Rahat” marketin qarşısında dayanıb söhbət edən zaman təxminən 29-30 yaşlarında olan bir qadının bir kişi ilə marketin qarşısında söhbət etdiklərini görmüşlər. Az keçmiş həmin qadın yanında dayanan, sonradan adını bildiyi Zərərçəkmiş şəxs ayrılıb Q.Qarayev prospektinin o biri tərəfinə keçib avtobus dayanacağında dayanmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs öz avtomobilinə əyləşib sürmüş və prospektlə bir qədər irəli gedib işıqfordan dönərək köməkçi yol ilə geri qayıdıb qadının dayandığı avtobus dayanacağının arxasında dayanmışdır. Murtuz avtomobilindən düşüb qadına yaxınlaşan zaman Hikmət ona söyləmişdir ki, həmin qadın onun yaşadığı məhəllənin adamıdır və yəqin Murtuz qadınla tanış olmaq istəyir, onu narahat edir. Bunları söyləyib demişdir ki, “yaxınlaşaq görək o qadından nə istəyir”. Həmin vaxt o Hikmətlə bir yerdə yolu keçib onlara yaxınlaşmışlar. Hikmət Murtuza yaxınlaşıb onunla söhbət etmək istədiyini demişdir. O qadının yanında dayanan zaman görmüşdür ki, Hikmət dayanacağın arxasına keçən kimi əli ilə arxadan Murtuzun kəmərindən tutub. Murtuz ilə Hikmətin arasdında mübahisə başlamışdır. Murtuz əlində telefon söyləmişdir ki, “sən kimsən ki, mənim kəmərindən tutmusan, indi polisə zəng vurub deyəcəm”. Murtuz ilə Hikmətin mübahisəsi davaya keçmişdir. Həmin vaxt Hikmət yumruqla Murtuzun sifətindən vurmuş, sonra isə Murtuz yumruqla Hikməti vurmuşdur. Hər ikisi bir-birlərinin ünvanlarına söyüş söyüb əlbəyaxa olmuşlar. O Hikmət ilə Murtuzu sakitləşdirmək üçün aralarna girərək hər iki tərəfi əlləri ilə bir-biirlərindən kənarlaşdırmağa çalışmışdır. Hikmətə demişdir ki, “get rədd ol”, özü də Murtuzu kənara çəkməyə çalışmışdır. Həmin vaxt Hikmət onun sağ və sol tərəfindən dayanmadan yumruq və təpiklə Murtuzu vurmuşdur. Hətta zərbələrdən birinin təsirindən Murtuz dizi üstə yerə dəymişdir, lakin tam yıxılmayıb ayağa qalxmışdır. Həmin vaxt Murtuzun əlində tutduğu mobil telefonu yerə düşmüşdür. O mobil telefonunu yerdən qaldırıb Murtuza qaytarmışdır. Lakin buna baxmayaraq onları sakitləşdirə bilməmişdir, belə ki, birini tutub kənara çəkən zaman o birisi hücum etmişdir. Nəhayət səs-küyə “Rahat” marketdə mühafizəçi işləyən Rəşad adlı tanışı gəlmişdir. Murtuz fiziki cəhətdən güclü olduğu üçün o Rəşadla bir yerdə çətinliklə Murtuzu avtomobilinə tərəf çəkmişlər. Orada hiss etmişdir ki, Murtuz içkilidir. Həmin qadın Murtuz barəsində demişdir ki, “o mənim uşağımın sürücüsüdür, ondan nə istəyirsiniz?”. Murtuz avtomobilinə əyləşən zaman Hikmət yolun o biri tərəfindən qayıdıb onlara yaxınlaşmış və Murtuzdan telefon nömrəsini istəyib söyləmişdir ki, “get, ayılanda söhbət edərik”. Xatırlamışdır ki, Hikmət ilə Murtuz birbirlərinə telefon nömrələrini vermişlər və bundan sonra həmin qadın Murtuzun avtomobilinin arxa oturacağına əyləşmiş və Murtuz avtomobilini sürüb getmişdir. Sonda Təqsirləndirilən şəxs, təqsirinin olmadığını nəzərə alaraq, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs bildirmişdir ki, o, “SOCAR Petrolium” şirkətində mühafizə xidmətində işləyir, eyni zamanda işdən sonra özünə məxsus avtomobili ilə taksi kimi fəaliyyət göstərir. xx.xx.2019-cu il tarixdə saat 23 radələrində avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə metronun “Neftçilər” stansiyası istiqamətindən “Q.Qarayev” stansiyası istiqamətinə gədərkən yol kənarındakı “Rahat” marketə girmək üçün avtomobilini həmin marketin qarşısında dayandırmışdır. Avtomobildən düşən zaman marketdən bir az kənarda dayanmış tanmadığı orta yaşlı bir qadın ondan taksinin boş olduğunu soruşub, 5-10 dəqiqə onu gözləməsini, onunla gedəcəyini bildirmişdir. O razılaşmış və marketə girməyib avtomoblinin yanında dayanaraq həmin qadını gözləmişdir. Eyni zamanda marketin yaxınlığında iki nəfərin dayanıb söhbət etdiyini, sonradan onların bir yerdə onun yanından keçib 3-4 metr kənarda dayandıqlarını və aradan bir ona tərəf baxdıqlarını hiss etmişdir. Həmin qadın ona demişdir ki, oğlanlar ona baxırlar, yolu keçib o biri tərəfində gözləsin. Sonra qadın özü də yolu keçmişdir. O avtomobilnə əyləşib bir qədər irəlidən geri dönərək köməkçi yolda, avtobus dayanacağının arxasında dayanmışdır. Avtomobildən düşüb qadına yaxınlaşaraq həmin qadından onunla gedib-getməyəcəyini soruşanda qadın ona bir qədər gözləməsini xahiş etmişdir. Həmin vaxt marketin qabağında dayanmış həmin oğlanlar, sonradan adlarını bildiyi Şahid1 və Təqsirləndirilən şəxs ona tərəf gəlmiş, onlardan Hikmət ona yaxınlaşıb onun kəmərinin arxasından tutub dayanacağın arxa tərəfinə çəkməyə başlamışdır. Orada Hikmət cibindən dəqiq görmədiyi bir sənəd çıxarıb özünü polis əməkdaşı kimi təqdim etdikdən sonra onunla getməsini tələb etmişdir. O Hikmətin əlindən çıxıb avtomobilinə tərəf gedib orada mobil telefonunu götürdükdən sonra telefonla DİN-nin 102 xidmətinə zəng edib onun kimliyini öyrənəcəyini demişdir. Həmin vaxt Hikmət onun üzərinə hücum etmiş və onlar əlbəyaxa olmuşlar. Nəticədə onun mobil telefonu əlindən yerə düşmüşdür. Tural onun Hikmətə müqavimət göstərə bilməməsi üçün onu arxadan qucaqlamış, Hikmət isə yumruqla bir dəfə onun sifətinə vurmuşdur. Tural onu arxadan tutduğu üçün Hikmətə müqavimət göstərə bilməmişdir. Səs-küyə gələn sonradan adını bildiyi Şahid2 onları sakitləşdirməyə çalışmış və ona avtomobilinə əyləşməsini xahiş etmişdir. Eyni zamanda oradakı qadın Hikmət ilə Turala yaxınlaşıb “siz kimsizniz, camaatdan nə istəyirsiz?” demişdir. Hikmət onun ünvanına nalayiq söyüş söyən zaman o, Turalın əlindən çıxıb Hikmətin üzərinə gedəndə yenidən Rəşad onun qolundan tutaraq sakitləşməsini, gedib avtomobilində əyləşməsini tələb etmişdir. Tural yenə onu arxadan tutub saxlamaqla Hikmətə şərait yaratmış və nəticədə Hikmət ona yaxınlaşıb bıçaqla bir dəfə onun qarın nahiyəsindən vurmuşdur. O, qadının qışqırmasını görüb səs-küy yaranmasın deyə yerdən mobil telefonunu götürüb avtomobilinə əyləşmişdir. Qadın da avtomobilə əyləşmiş və o avtomobilini metronun “Neftçilər” stansiyası istiqamətinə sürmüşdür. Yolda xəsarət aldığını, qarın nahiyəsindən qan gəldiyini görüb qadından salfetka alıb yarasına sıxmışdır. Qadın onun yaralandığını görüb avtomobili saxlamasını, onu bu işlərə qatmamasını xahiş edib avtmobildən düşüb getmişdir. Hikmətlə aralarında olan mübahisə zamanı Rəşad onu vurmamış, mübahisə zamanı Tural onu tutub saxlamaqla Hikmətin bıçaqla onun qarın nahiyəsindən vurmasına şərait yaratmışdır. Hadisə zamanı içkili olmamışdır, oradakı qadını tanımır. Sonda Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsi etdiyi əmələ görə bağışladığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində bildirmişdir ki, o, əvvəllər Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən “Rahat” marketdə mühafizəçi işləmişdir. xx.xx.2020-ci il tarixdə saat 23 radələrində həmin marketə meyvə-tərəvəz qəbul edən zaman marketin qapısının sağ tərəfində üzlə tanıdığı, marketin daimi müştəriləri olan Şahid1 ilə Təqsirləndirilən şəxs dayanıb söhbət etdiklərini, marketin sol tərəfində isə tanımadığı bir qadının tək dayandığını görmüşdür. Az sonra isə bir avtomobil gəlib orada dayanmışdır. Marketə mal qəbul etdiyi üçün baş verənlərə dəqiq fikir verə bilməmişdir. 5-10 dəqiqədən sonra marketin qarşı tərəfində, prospektin o biri tərəfindəki avtobus dayanacağının arxasından mübahisə səslərini eşitmişdir. Orada baş verənləri görməmiş, lakin hər bir halda kömək məqsədilə dayanacağa yaxınlaşmışdır. Dayanacağın arxasında Hikmətlə Turalın başqa bir şəxslə, sonradan adını bildiyi Zərərçəkmiş şəxs ilə mübahisə etdiklərini görmüşdür. Bir qədər əvvəl marketin qarşısında dayanmış, şəxsiyyətini tanımadığı həmin qadın da orada olmuşdur və sonuncu Hikmət ilə Turala “Murtuz mənim tanışımdır, uşağımı aparıb-gətirir” deyib mübahisənin qarşısını almağa çalışmışdır. Həmin vaxt tərəflər bir-birlərinə təhqiredici söyüşlər söyürmüşlər. O, Hikmət ilə Turala acıqlanmışdır ki, çıxıb getsinlər. Murtuzun qolundan tutub demişdir ki, avtomobilinə əyləşsin. Lakin Murtuz ona qulaq asmayaraq yüksəkdən mübahisə etmiş, Hikmətə demişdir ki, “mənə bıçaq atdın, sənin başına oyun gətirəcəm”. Çətinliklə Murtuzu avtomobilinə ötürmüş, həmin qadın da avtomobilə əyləşdikdən sonra Murtuz avtomobilini sürüb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində bildirmişdir ki, o, xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən “Rahat” marketin qarşısında tanışı Təqsirləndirilən şəxs ilə dayanıb söhbət edən zaman əvvəllər tanımadığı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs tanımadığı bir qadınla söhbət etdiyini görmüşdür. Az sonra həmin qadın Murtuzdan ayrılıb avtomobil yolunun o biri tərəfinə keçmişdir. Həmin vaxt Murtuz avtomobilinə əyləşib Q.Qarayev prospekti istiqamətində sürmüş və bir qədər irəlidən dönüb həmin qadının dayandığı avtobus dayanacağının arxasında saxlayaraq yenidən həmin qadına yaxınlaşmışdır. O güman etmişdir ki, Murtuz həmin qadını narahat edir. Murtuza yaxınlaşaraq qoluna girib kənara çəkmiş, qadını nə səbəbə narahat etdiyini soruşmuşdur. Murtuz ondan kimliyini soruşaraq DİN-nin 102 xidməti zəng mərkəzinə zəng vuracağını demişdir. Həmin vaxt qadın onlara yaxınlaşıb Murtuzu çağırmışdır ki, gedib maşınına əyləşsin. Bundan sonra Murtuzla aralarında mübahisə başlamışdır. Murtuz onu söyüb təhqir edən zaman dostu Tural onların arasına girib sakitləşdirməyə çalışmışdır. O, mübahisə zamanı hiss etmişdir ki, Murtuz içkilidir, buna görə öz telefon nömrəsini Murtuza verib demişdir ki, ayılanda ona zəng etsin. Oradan uzaqlaşmaq istəyərkən Murtuz onun arxası ilə gəlib ünvanına söyüş söymüşdür. Bu səbəbdən o əvvəl yumruqla Murtuzun sifətindən, sonra isə təpiklə sonuncunun qarın nahiyəsindən vurmuşdur. Murtuz zərbənin təsirindən arxa-arxaya gedib ağaca dəyərək üzü üstə yerə yıxılmışdır. Həmin vaxt “Rahat” marketdə işləyən Rəşad adlı mühafizəçi gəlib Tural ilə birlikdə onların arasına girib hər birini kənara çəkmişdir. Murtuz yerə yıxılan zaman əlindəki telefonu yerə düşmüşdür. Tural telefonu götürüb Murtuza verərək onu maşınına ötürmüşdür. Mübahisə zamanı özünü Murtuza polis əməkdaşı kimi təqdim etməmiş, sonuncu onun ünvanına söyüş söydüyü üçün əvvəl yumruqla sifətindən, sonra isə təpiklə qarın nahiyəsindən vurmuşdur, hər hansı bir kəsici, yaxud da deşici əşya ilə Murtuzu vurmamışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, hadisə xx.xx.2019-cu il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 42 ünvanında yerləşən avtobus dayanacağının arxasında baş vermişdir. İş materiallarında olan ********* saylı cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 22/1287 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarnın ön divarının sol qabırğaaltı nahiyəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası; sağ almacıq nahiyəsinin səthi əzilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlərdən deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın, ola bilsin ki, bıçağın; səthi əzilmiş yara isə bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə yarana bilər, dərəcəsinə görə qarnın ön divarının sol qabırğaaltı nahiyəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya; sağ almacıq nahiyəsinin səthi əzilmiş yarası sağlamlığa zərər vurmayan dərəcəsi təyin olunmayan xəsarətlərə aid edilir. Lokalizasiya və xarakterlərini nəzər alaraq demək olar ki, qarnın ön divarının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən üzü üstə yıxılması nəticəsində yaranması inandırıcı deyil. İş materiallarında olan Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması barədə tərtib edilmiş xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə xx.xx.2019-cu il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti 42 ünvanında yerləşən avtobus dayanacağının arxasında baş vermişdir. Şahid1 onun şəxsiyyəti istintaqa məlum olmayan qadına yaxınlaşıb narahat etməsini bəhanə edib əvvəl yumruqla onun sifətinə, sonra isə mənbəyi istintaqa məlum olmayan, silah qismində istifadə etdiyi əşya ilə qarın nahiyəsinə bir dəfə vuraraq xəsarəti yetirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzləşdirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq etməklə hadisə zamanı Turalın əlləri ilə onu arxadan tutub saxlamaqla Hikmətə şərait yaratmasını, nəticədə Hikmətin bıçaqla bir dəfə onun qarın nahiyəsindən vurduğunu bildirmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 205/2020-ci il tarixli xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Şahid1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tanışı yetkinlik yaşına çatmayan Şahid1 ilə bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 42 ünvanında yerləşən ictimai yer olan avtobus dayanacağının arxasında taksi sürücüsü kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs müştəri kimi yaxınlaşan, əvvəllər tanımadığı, şəxsiyyəti istintaqa məlum olmayan qadınla sonuncunun söhbət etməsini bəhanə edib Zərərçəkmiş şəxs ilə mübahisəyə başladıqdan sonra heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla zor tətbiq edərək əlləri ilə Zərərçəkmiş şəxs arxadan tutub saxlamaqla Şahid1 şərait yaratdıqdan sonra sonuncu əvvəl yumruqla Zərərçəkmiş şəxs sifətinə vurub sağ almacıq nahiyəsinin səthi əzilmiş yarası ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət, sonra isə mənbəyi istintaqa məlum olmayan, silah qismində istifadə etdiyi deşici-kəsici əşya ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə vuraraq sonuncuya qarnın ön divarının sol qabırğaaltı nahiyəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirərək qərəzli hərəktləri ilə xuliqanlıq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs mübahisə zamanı Şahid1 ilə Zərərçəkmiş şəxs arasına girib onları sakitləşdirmək istəməsi, həmin vaxt Şahid1 bıçaqla Zərərçəkmiş şəxs vurmasından xəbərsiz olması barədə ifadəsi iş üzrə sübutlarla təkzib edildiyinə görə özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini və zərərçəkmiş şəxsin onu bağışlamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınan yuxarıda sadalanmış halların məcmusunu rəhbər tutaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, habelə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx xxxxxxxx 2020-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında və qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum növündə cəza müddətinə hesablanmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 40 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 02 (iki) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək, qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 (üç yüz altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar